Çingiz Əlioğlu "Qonşunun iti" kitabını imzalayıb

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun "Qonşunun iti" adlı yeni kitabının imza günü keçirilib.

 

Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq müəllifi təbrik edib və Çingiz Əlioğlunun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb.

 

AYB-nin mətbuat xidmətinin rəhbəri, layihənin müəllifi Xəyal Rza bildirib ki, "Qonşunun iti" adlı şeirlər toplusu "aybkitab" layihəsi çərçivəsində işıq üzü görən 11-ci kitabdır.

 

Tədbirdə iştirak edən Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç ölkəsinin prezidenti adından Çingiz Əlioğluya mükafat təqdim edib.

 

Tədbirdə milət vəkili Nizami Cəfərov, yazıçı Natiq Rəsulzadə, Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs və başqaları çıxış edərək Ç. Əlioğlunun yaradıcılığı ilə bağlı fikirlərini bildiriblər. Çıxış edənlər "aybkitab" layihəsinin əhəmiyyətini vurğulayıblar.

 

Sonda Çingiz Əlioğlu oxucular üçün kitabını imzalayıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 1 may.- S.7.