70 yaşlı qələbənin 91 yaşlı şahidi

 

 

Tarix onu oxuyub öyrənənlərdən ötrü vur-tut xronologiya statistikadan ibarətdir. Amma o tarixin canlı şahidləri Vətənin məğrurluğunu, əzəmətini, vüqarını şərəflə üzərində daşıyır, qələbəyə aparan yolu keçmişin qaranlığında gözdən itməyə qoymur, özləriylə bərabər yaşatmağa davam edirlər.

 

Ona görə tarixin əsl həqiqətlərini onu yaşayanların dilindən öyrənmək daha yaxşıdır. Haqqında söz açacağım qəhrəman Birinci Dünya müharibəsinin iştirakçısı, 91 yaşlı Rəşid Qasımovdur.

 

Tarixin ən dəhşətli savaşında bəzilərinə həyatda deyil, yalnız yaddaşlarda yaşamaq, böyük itki olaraq yad edilmək qismət olub. Onların ölməz xatirələrini, müharibədə göstərdikləri böyük şücaətləri, əvəzsiz fədakarlıqları isə cəbhə yoldaşları qədər heç kəs yaşadıb tarixin bir parçasına çevirə bilməzdi.

 

1924-cü ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində anadan olan Rəşid Qasımov İkinci Dünya müharibəsinə 18 yaşında - 1942-ci ildə gedib. O, Krım, Kerç Kuban istiqamətində gedən döyüşlərdə iştirak edib. 1944-cü ildə Krımda faşist qoşunlarıyla ağır mübarizələrin birində ayağını itirdiyi üçün döyüş səngərlərini tərk etmək məcburiyyətində qalıb. Hazırda 91 yaşında olan müharibə veteranı qazandığı mükafatların hər birinin indi ona iştirak etdiyi döyüşləri xatırlatdığını deyir.

 

Müharibədən sonrakı illərdə doğma kəndində təsərrüfat işləri ilə məşğul olub, 88 yaşına kimi at belində gəzib. Müxtəlf vəzifələrdə çalışıb, təsərrüfatla məşğul olub. Rəşid kişi 16 il müdiri olduğu fermanın mal-qarasını hər il yaylağa  - Füzulidən Ermənistanın Sisyan rayonuna qədər özü aparırmış ki, ermənilər hər hansı bir hücum törətməsinlər. Çünki döyüşlərdən, müharibələrdən çıxan Rəşid kişinin mərdliyi kənd əhalisi kimi, ermənilərə yaxşı məlum idi.

 

Doğma Böyük Pirəhmədli kəndinin işğalından sonra  - 1993-cü ildə Rəşid kişi məcburi köçkün düşmək məcburiyyətində qalıb. Doğma el- obasını bir an belə unutmayan, torpaq, yurd itkisi ilə barışa bilməyən Rəşid kişi o vaxtdan bəri Göyçay rayonunun Xalidli kəndində məskunlaşıb. Doğma torpaqlara qayıdacağı günü səbrsizliklə gözləyən müharibə veteranı zəfər gününün çox uzaqlarda olmadığını deyir. O, Dağlıq Qarabağ müharibəsini xatırlayaraq bildirir ki, səngərlərə yollanaraq hər Azərbaycan əsgərinə bir güllə verərdi. Hesab edir ki, bir güllə bir düşmən deməkdir, artıq israf etmək olmaz. Eyni zamanda o böyük qələbə üçün hər bir azərbaycanlının buna inanmasını vacib sayır. Çünki inam hər dərdin dərmanıdır, deyir.

 

Vətənpərvər ruhda 8 övlad böyüdən Rəşid kişiyə göyçaylılar da böyük hörmət bəsləyir, ağsaqqal kimi məsləhətinə daim önəm verirlər. Rayonun icra hakimiyyəti, kənd icra nümayəndəliyi, bələdiyyə orqanları, eləcə digər dövlət strukturlarının rəhbərləri əməkdaşları vaxtaşırı qocaman veterana baş çəkərək onun səhhəti, məişət qayğıları ilə yaxından maraqlanırlar. Rəşid kişiyə göstərdikləri diqqət  qayğıya görə Göyçay rayon əhalisindən, dövlət strukturlarının nümayəndələrindən razılığını bildirir. Xalqımızın göstərdiyi diqqət, qayğı hörmət onu yaşamağa daha da ilhamlandırdığını deyən qocaman qəhrəmanımız məhz Qələbə gününü özünə doğum günü kimi qeyd edir.

 

Nəvələrindən üçü Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit kimi ön cəbhədə vətənə şərəflə xidmət edirlər. Ümumiyyətlə, onun nəslindən çıxan 20-dən çox zabit hazırda Azərbaycan ordusunda çalışır, bir neçəsi isə yüksək xidmətlərinə görə general rütbəsinə qədər yüksəlib.

 

Rəşid kişinin mübarizələrlə, qələbələrlə zəngin həyat yolu təkcə övladlarına deyil, hər bir azərbaycanlıya, xüsusilə vətənpərvər ruhda yetişməkdə olan gənc nəslə örnək sayılmalıdır. Ona görə yox ki, Vətən uğrunda yaşamaq, ölməkdən daha şərəflidir. Ona görə ki, Vətən uğrunda ölməyə hazırsansa, deməli Vətən uğrunda yaşamağa da layiqsən. Rəşid kişi bunu İkinci Dünya müharibəsində şərəf və ləyaqətlə iştirak edərək, ölümün gözünə dik baxıb vətəninin, xalqının adını yüksəklərə qaldıraraq sübut edib. Bu amil bizi böyük qələbəyə - Dağlıq Qarabağa aparan yola daha da yaxınlaşdırır. Vətənin bütöv, işıqlı sabahı üçün ölməyə hazır yaşayanlarımız çox olsun!

 

Biz də Rəşid kişini 9 May - Qələbə günü münasibəti ilə təbrik edir, uzun ömür, cansağlığı, doğma Qarabağa yenidən qayıtmağı arzu edirik.

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2015.- 9 may.- S.30