Şair Nazim Əhmədli Gənc Ədiblər Məktəbinin qonağı olub

Mayın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib.

 

Görüşün budəfəki qonağı AYB-nin Ədəbiyyat Təbliği Bürosunun direktoru şair Nazim Əhmədli olub.

 

Tədbiri giriş sözü ilə GƏM-nin koordinatoru, şair Emin Piri açıb. Qonağı gənc yazarlara təqdim edərək, Nazim Əhmədlinin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatı üçün gördüyü işlərdən söz açıb:

 

Nazim Əhmədli istedadlı şair olmaqla yanaşı, həm ədəbiyyatımızın uğurlu təbliğatçısıdır. Azərbaycan ədəbiyyatını, ədəbi düşüncəsini yaymaqla məşğuldur. Paralel olaraq, özü şeirlər yazır, ədəbi mühitdə fəal iştirak edir. Bir neçə kitabı artıq çap olunub, hazırda üç kitabı çapa hazırlanır.

 

Nazim Əhmədli görüş iştirakçılarına öz yaradıcılığından danışıb, gənc yazarlara tövsiyələrini verib:

 

İstedad Allah vergisidir. Bu vergidən elə yararlanmalıyıq ki, ilahiliyi, göylərə məxsusluğu itməsin. Əgər diqqət etmisinizsə, şeirlərimdə göy anlayışı mühüm yer tutur:

 

Ötən dərdin bir anıyam,

Xatirələr dumanıyam.

Göy üzünün adamıyam,

Göy özünə çəkir məni.

 

Yaradıcılıqda özünəməxsusluğu qorumağı əsas şərt hesab edən N.Əhmədli gəncləri təsirə düşməkdən qaçmağa çağırıb:

 

Şair, yazıçı elə yazmalıdır ki, hətta imzası olmasa belə, hər sözü, hər cümləsi onu ələ versin. Əgər yaddaşlarda yaşamaq, unudulmaq istəmirsizsə, hər vəchlə təkrardan, təsir altına düşməkdən qaçmalısız.

 

Qonaq heç kəsi təkrarlamamağı, yalnız özü olmağı, öz adıyla, öz sözüylə irəliləməyi qarşısına məqsəd qoyduğunu bildirib:

 

Soruşanlar olur ki, niyə daha çox heca vəzninə, gəraylıya üstünlük verirsən. Düşünürəm ki, bu, mənim yolumdur. Sərbəst şeirdə yazıram. Düzdür, kifayət qədər sərbəst vəzndə yazılmış şeirlərim var, amma mən daha çox özümü heca vəznində, gəraylıda tapıram. Bu da var ki, gəraylını hər adam yaza bilmir, onun yazı texnikası bir qədər çətindir.

 

Açığını deyim ki, mən heç kəsi təkrarlamaq istəmirəm. Bunu da nəzərə almaq lazımdır ki, şeir, poeziya üçün ölçü önəmli deyil. Əsas önəmli olan mətn mətndə döyünən ürəkdir. Təbiət etibarilə ənənələrə sadiq adamam, ancaq yeniliklərə həmişə açığam:

 

Anamın

hələ dil açmamış

beş körpəsi böyümədi

elə uşaq qaldılar.

Bir az anama,

bir az atama

bir az da

torpağa oxşayırdılar...

özləri böyüdü, dərdləri,

paltarları...

 

Azərbaycan ədəbiyyatının dünyada yetərincə tanınmaması ilə bağlı məsələyə toxunan Nazim Əhmədli gələcəyə nikbin baxır:

 

Mən sizi əmin edirəm ki, çağdaş Azərbaycan poeziyasının ən üzdə olan istedadlı nümayəndələrini beynəlxalq səviyyədə lazımınca təbliğ edə, tanıda bilsək, hətta Nobel ala bilərik. Çünki Azərbaycan ədəbiyyatı düşündüyümüzdən, göründüyündən çox dərindi.

 

Şairə Fərqanə Mehdiyeva Nazim Əhmədli yaradıcılığının fərqli nöqtələrinə toxunub:

 

Hələ orta məktəbdə oxuyanda Yaşıl budaqlar almanaxını alıb oxumuşdum. Nazim Əhmədlinin imzasını ilk dəfə həmin almanaxda görmüşdüm. Şeirləri çox xoşuma gəlmişdi. Bu vaxta qədər həmin duyğu məni tərk etməyib. Amma Nazim Əhmədli öz enerjisini daha çox ədəbiyyatın təbliğatına yönəldib.

 

Bu yolda da kifayət qədər uğurla addımlayır. Keçirdiyi görüşlərdə, tədbirlərdə dəfələrlə iştirak etmişəm. Mənə elə gəlir ki, hər adam bu yükü qaldıra bilməz.

 

Dayandur Sevgin, Yafəs Türksəs, Qəşəm Nəcəfzadə N.Əhmədli yaradıcılığı ümumilikdə Azərbaycan ədəbiyyatı, onun problemləri barədə danışıblar.

 

Bundan sonra N.Əhmədli sualları cavablandırıb, öz şeirlərini oxuyub, gənclərin yaradıcılıq nümunələri ilə tanış olub.

 

Cavid QƏDİR

525-ci qəzet.- 2015.- 16 may.- S.16.