"Yurdundan didərgin olanlardanam..."

 

Dağ - qoynunda Şamili, Şamil - sevgisində dağı yaşatdı...

 

Kəlbəcər anamdır, Dəlidağ atam,

Atasız, anasız qalanlardanam.

Necə tablaşıram bu dərdə, matam,

Yurdundan didərgin olanlardanam.

 

O, Dəlidağın qoynunda dünyaya gəlmişdi. Bələyi keybir bulaqların suyunda yuyulmuşdu, sanki buz baltası kimiydi. Qundaqda ana laylasına qarışan qartal səsi oyatmışdı onu yuxudan. İllər ötdükcə özüdə qumrallaşmış səslə elə şeir deyərdi ki, döşəmə yerimdə silkələnirdi...

 

Uşaqlıqda quzu otarmışdı, hodaqlıq eləmişdi, kotanla xış sürməyi öyrənmişdi. Mis kasaya qoyunu sağıb, doğramac eləmişdi, içinə də qaymaqçiçəyi və dağ kəklikotusu qatıb çobansayağı şirin-şirin çoban naharı eləmişdi.

 

Südü sağıb, qabda qoyduq bulağa,

Addımladıq çiyələyi yığmağa.

Yaxınlaşdı sərin məlhəm dodağa,

Çox içsək də, ləzzətindən doymadıq,

Belə işdə gözdə arzu qoymadıq.

 

... Qara avtofada qaynadılan çayı qantəpər otuyla dəmləyib, yumru şorla qənd əvəzinə içərdi. Elə bu baxımdan başaltısı sal qayalar, döşəyi çəmənlər, yorğanı dumanşehli yapıncı olmuşdu onun. Təkbacalı qara damda çıraq əvəzinə ağac qabığının işığında dərs oxumuşdu. Çoban heybəsinin bir gözündə para sac çörəyi, bir gözündə isə dəftər-kitab olmuşdu onun. Məşəqqətli illərdə, kasıblığın tüğyan elədiyi vaxtlarda təhsil almışdı Şamil müəllim. Üç institutu fərqlənmə diplomu ilə bitirmişdi: Ağdam ikiillik Müəllimlər İnstitutu, o zamankı Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, Bakı Ali Partiya Məktəbi, rəhbər partiya Sovet işçisi, filoloq, riyaziyyatçı nəhayət, görkəmli alim və şair Şamil Əsgərov.

 

Şamil müəllim həm də yüksək təşkilatçılıq bacarığı olan rəhbər işçi, maarifpərvər ziyalı, yorulmaz Əməkdar Mədəniyyət İşçisi idi. O, bütün bunların hamısını gecə-gündüzlü zəhməti, alın təri, zehin gərginliyi bahasına qazanmışdı.

 

O, həyatın dolanbac yollarında büdrəsə də, yenilmədi, cığırını azmadı. Hər yağış suyu onun izini yuya bilmədi, əksinə, Şamil Dəlidağ yaradıcılığı daha da parladı. O, yazdı, yaratdı, araşdırmalar apardı və xalqın çoxminillik tarixini əks etdirən, dünyanın zümrüd guşələrindən biri olan Kəlbəcəri elə Kəlbəcər kimi tanıdan Tarix-Diyarşünaslıq muzeyi yaratdı. O, ermənilərin işğal edib mənimsədikləri muzeyi fikirləşdikcə yana-yana deyirdi:

 

Bir zəngin muzeyim, evim, eşiyim,

Qaldı kitabxanam, ana beşiyim.

Mən ola bilmədim, sən ol keşiyim,

Şamilin sağikən öldü, Kəlbəcər.

 

Amma o, gələcəyə ümidlə, nikbinliklə baxırdı. Arzusu böyükdü. Kəlbəcərin işğalından sonra yazmışdi:

 

Ümidim Allahdır, andım duz-çörək,

Şamil Dəlidağam, hökm edir ürək.

Bir də əllərimlə dirildəm gərək,

Kəlbəcərdə şəhid olan muzeyi.

 

Şamil müəllim andına sadiq qaldı. Yenidən Bakıda Kəlbəcər Diyarşünaslıq Muzeyi yaratdı. O həm də rayonda təhsilin maddi-texniki bazasının sıçrayışlı inkişafının təməlini qoydu və təhsil səviyyəsinin yüksəldilməsi üçün çox səmərəli işlər gördü. Şamil Əsgərov Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində olarkən Kəlbəcərin kəndlərinin abadlaşdırılması, yollarının çəkilməsi, mədəni-məişət obyektlərinin tikilməsi, orada yerli əhalinin sənətkarlığının üzə çıxarılması və əhalinin maddi rifahının yaxşılaşdırılması yolunda əlindən gələni əsirgəmədi. Eləcə də rayonun gələcək inkişafı ilə bağlı mərkəzi orqanlar qarşısında vacib məsələlər qaldırmışdı. Bunlar Şamil müəllimin həyati fəaliyyəti idi...

 

Şamil Əsgərov təbiət vurğunu olan şair, vətənpərvər alim idi. O, dağların hər bir qarışı, gülü, çiçəyi, qayası, daşı, bulağı, meşəsi, cüyürü, maralı və kəkliyi üçün çilpək qanadı kimi əsirdi:

 

Daşdan-daşa kəklik uçub səkəndə,

Dağ təkəsi sürüsünü çəkəndə,

Qaçan əlik hərdən boyun bükəndə,

Baxdıqca, hey baxıb qalmaq istədim,

İki gözü satın almaq istədim.

 

O, həmişə tarixi abidələrin, qalaların, nişangah qayaların toxunulmazlığını təbliğ edirdi. Nadir ağacların, meşələrin qırılmasının, bitki örtüklərinin məhv edilməsinin əleyhinə çıxırdı.

 

Şamil müəllim elmi cəhətdən də çox zəngin şəxs idi. Ondakı mütaliəçilik Allah vergisiydi. Şəxsi kitabxanasında on mindən çox kitab vardı.

 

Respublikanın tanınmış ziyalıları, həkimləri, şairləri, yazıçıları, bir sözlə, təbiətsevərlərin hamısı Şamil müəllimin qonağı olardı. Görkəmli alimlərdən - Həsən Əliyev, Xudu Məmmədov, Mirəli Qaşqay, Budaq Budaqov, Əliş Ləmbərənski, yazıçı və şairlərimizdən - Süleyman Rəhimov, Əli Vəliyev, Xəlil Rza Ulutürk, Hüseyn Kürdoğlu və s. neçə-neçə azman kişilərin adını çəkmək olar...

 

Şamil müəllim rayona qonaq gələn bütün ziyalılara dağların əzəmətindən, yeraltı-yerüstü sərvətindən, tarixindən danışar, mütləq onları dağlara, bulaqlara qonaq aparar və qədim abidələrlə tanış edərdi.

 

lll

 

Şamil Əsgərov bir gün Süleyman Rəhimovu Kəlbəcərin "Keyti-Mehdi" dağına gəzməyə aparır. Bir qayanın üstündə otururlar. Şamil müəllim xəyalən gah dağlara baxır, gah da Süleyman Rəhimova. Hər ikisini eyni ucalıqda, eyni əzəmətdə görür. "Keyti" bu gün hədsiz əzəmətlidir, zirvəsi üstündə zirvə dayanıb" - deyərək bir şeir yazır:

 

Bu gün unutdurdu bizə dərd-qəmi,

Xoş xatirə kimi yadda qalacaq.

Min illər keçsə də, Süleyman əmi,

Zirvələr üstündə zirvə olacaq.

 

Bu sözlər Süleyman Rəhimovun şəxsiyyətinə verilən ən yüksək qiymətdi.

 

lll

 

Adəti üzrə bir gün yenə də Şamil müəllim görkəmli yazıçımız Əli Vəliyevi Dəlidağa - dəniz səviyyəsindən üç min metr yüksəklikdə yerləşən "Qonaqgörməz" adlanan yaylağa gəzməyə aparır. Dağın yüksək zirvəsində bir qartal qıy vuraraq bunları seyr edirmiş. Əli kişi əllərini küləkdən dağılmış ağ saçlarında gəzdirərək bu mənzərəyə baxıb, xəyala dalır. Şamil müəllim bu fürsəti əldən vermir:

 

Qartal dövrə vurub qondu bir sala,

Yazıçı dalıbdı dərin xəyala.

Elə bil ki, qartal baxır qartala,

Kəklik də sevindi, çil də sevindi.

 

Şamiləm, görünür bir tala qar da,

"Qonaqgörməz" adlı bir yer var burda.

Əli əmi gəlib bu gözəl yurda,

Dedi bəxtəvərəm, il də sevindi.

 

lll

 

Şamil müəllim mənim müəllimim olmasa da, mən həmişə onunla yoldaşlıq edib, çox şey öyrənmişəm; sadəlik, kollektivə qaynayıb-qarışmaq, səmimiyyət, təşkilatçılıq təcrübəsi, ən çox da mütaliəçilik vərdişi.

 

Yaş fərqimizə baxmayaraq çox da zarafatlaşardıq, həmişə mənə də şeir yazardı. Onun qələmində mövzu qıtlığı yox idi.

 

Bir dəfə zəhmətkeşlərin 1 may bayramı ilə əlaqədar məktəbli gənclərlə görüş keçirirdik. Mən çıxış edirdim, gördüm Şamil müəllim gözaltı gah mənə, gah da gənclərə baxaraq nə isə yazır. Çıxışımı qurtarıb yerimə oturanda o, mənə şeir yazılmış bir vərəq uzatdı (Şamil müəllimin mənə həsr etdiyi bütün əlyazmalarını şəxsi arxivimdə əziz xatirə kimi saxlayıram).

 

GÜLƏR

 

Vəliyəddin İsmayılova ithaf.

 

Vəliyəddin bir şux oğlandı,

Üzü gülər, gözü gülər.

Eşq oduna bağrı yandı,

Qəlbi ağlar, özü gülər.

 

Gözəlliyin hərisidi,

Eşqi dağlar pərisidi.

Məcnunların birisidi,

Qəlbi yanıb, közü gülər.

 

Şamil, sevinc dəmi olsa,

İş düzələr, çəmi olsa.

Ürəyində qəmi olsa,

Qızlar baxar, yüzü gülər.

 

30.04. 1973.

Şamil Əsgərov.

 

lll

 

2005-ci ilin əvvəlləriydi... Eşitdim ki, Şamil müəllim bir az kefsizləyib. Yaxın dostlarım Rəhman Verdiyev, Sərvər Babayevlə ona baş çəkməyə getdik. Pilləkənin başında özü bizi qarşıladı. Amma hiss olunurdu ki, kövrəlib. Bizi görəndə çox sevindi. Hal-əhval tutduq. Nazilə müəllimə də bizə "xoş gəldin" dedi.

Mən Şamil müəllimə ürək-dirək verdim:

 

- Maşallah, gümrahsan, - dedim.

 

O isə dedi:

 

- Ay Misiroğlu, təskinlik yaxşı şeydi, amma iki çırağı sönən necə olar? Bir çırağım Kəlbəcər idi, söndü, getdi. Evimin çırağı da Nazilədi, onun da ki, gözləri tutulub. Deməli, mənim də çırağım sönüb...

 

Hamımız kövrəldik... Bu, əsl ailə məhəbbətiydi. Əlli ilə yaxın qoşa ömür yolunda hələ heç biri yorulmamışdı. İndi isə yolları ayrılan bir cığır görünürdü. Bəlkə buna görə hər ikisi dərin xəyala dalmışdı. Burda yadıma Şamil müəllimin gənclik illərində yazdığı bir şeir düşdü:

 

- Gedən, ayaq saxla, könlümün quşu,

Çox gəzib axtardı, məkan sən oldun.

Yorulub qalanda yolda yoxuşu,

Taqətsiz könlümə təkan sən oldun.

 

Ay zalım qocalıq! Ay bizə doğma diyarda qürbət binəsi saldıran dövran! Polad qollarıyla Dəlidağın sıldırımından yapışan Şamil Dəlidağ burda özünü taqətsiz bilir, ömrünə təkan istəyir... Nə isə...

 

... Ayrılanda Şamil müəllim özünün "Hər çeşmədən bir damla", "Dəlidağa salam" kitablarına aşağıdakı şeirlərlə müəllif qeydi yazıb mənə verdi, - tez-tez mənə baş çək, - dedi.

 

"- Müdrik Misiroğlu,

əziz Vəliyəddin,

Sizə qəlb hörmətim hər vaxt olub min.

Kitabda ömrümün damlaları var,

Yüz əlliyə çatın, olun bəxtiyar.

Belə diləklə,

Xoş gələcəklə...

 

Şamil Əsgərov.

04.01.2005".

 

O biri kitabda isə,

"Hər şeyin təzəsi, dostun köhnəsi",

Bu həqiqi sözün yoxdu bir bəhsi.

Vəliyəddin, atan da dostum olubdu,

Dəlidağ saralıb, indi solubdu.

Allah qapı açsın, qayıdaq dağa,

Son qoyaq düyünə, son qoyaq dağa.

Belə niyyətlə,

Səmimiyyətlə.

 

Şamil.

Bakı, 04.01.2005".

 

Bu xatirələri yazarkən Şamil müəllimin özünün-özünə bir vəsiyyət şeiri də yadıma düşdü və onunla bağlı xatirəmi sona yetirirəm. Amma ürəyimdə nə qədər belə xatirələr yaşayır. Sağlıq olsun...

 

Vətənini quca-quca,

Şamil, dolan başı uca.

Yad ölkədə şah olunca,

"El içində, öl içində".

 

Bəli, çox heyf ki, Şamil müəllim doğulduğu Kəlbəcərə qovuşa bilmədi. O ümidlə yaşayırdı, arzuları çox idi... Lakin sağlığında arzularının birinə çatmışdı-Bakıda Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyini yenidən yaratmışdı. Amma bu gün öz abidə muzeyi Dəlidağa deyil, mavigözlü Xəzərə baxır... Nə yaxşı ki, Kəlbəcər torpağında uyuyan digər əzizlər kimi sənin məzarın da düşmən tapdağında əsir qalmadı, Şamil müəllim... Yenə də Vətəndəsən, doğma diyarın bu başında. Şükürlər ki, səni ziyarət etmək mümkündür... Axı bir zamanlar deyirdin ki:

 

- Söhbətim Dəlidağ, sözüm Dəlidağ,

Qəlbimdə iradə, dözüm - Dəlidağ.

Sevdiyim elimi, obamı qoyub,

Məzarda atamı, babamı qoyub,

Başqa yurdu məskən edə bilmərəm,

Gözündən uzağa gedə bilmərəm.

 

İndi bu sakit sahillərdə, Xəzərin dalğaları uyuduğun məzarı qucaqlayır. Anan Gülgəz, qardaşın Lətif, ömür-gün yoldaşın Nazilə müəllimə də yanındadır. Şükür Yaradana ki, çırağını yandıran ağıllı övladların və nəvələrin var. Onların hər birinin simasında sənin doğma cizgilərin var...

 

Əziz dostum, unudulmayan qardaşım! Rahat yat, qəbrin nurla dolsun! Dağların gül-çiçəkləri də sənin vəsiyyətinə sadiqdir:

 

Siz ey Dəlidağın gül-çiçəkləri,

Yamaca çıxmayın, düzə çıxmayın.

Geri almayınca biz o yerləri,

Qönçədə çürüyün, üzə çıxmayın.

 

İndi o gül-çiçəklər boynubükük qalıblar, qönçələrində donublar. Təlatümlə köçən elin təntənə ilə BÖYÜK QAYIDIŞINI gözləyirlər. Arxayın ola bilərsən ki, biz o gözəl dədə-baba yurdumuz Kəlbəcərə qayıdacıyıq, inşallah! Onda Dəlidağın qönçədə qalan gülləri açacaq, onların ətrindən xoşhal olan ruhun dağların zirvəsində qonacaq və oradan el bayramını rahatca seyr edəcəksən... Çünki adın Murovun sıldırım qayalarına, Dəlidağın sinəsinə həmişəlik həkk olunub, əziz ŞAMİL DƏLİDAĞ!

 

Vəliyəddin MİSİROĞLU

yazıçı-publisist, "Qızıl qələm" mükafatı laureatı.

525-ci qəzet.- 2015.- 21 may.- S.8.