Qapı

 

Bu yaşımda da başa düşməmişəm ki, belə adamların Yerdə işi var? Bəlkə, onları göndəriblər ki, Yerdəkilərin işini sahmana salsınlar, onların üzünü Allaha tərəf çöndərsinlər - yoxsa, göylər adamının Yerdə iti azıb ki?!

 

Seyran Səxavətin Qaçhaqaç romanından

 

Göy adamlarının Yerdə işi olmadığı kimi, onların yazdıqlarının da növünü, janrını müəyyən etmək Yer adamlarının işi deyil. Buna ən yaxşı adı özləri qoyur: məhəbbət janrında yazdığım əsər deyə. Bizsə bu janrı belə qavrayırıq: Tanrıya, insanlığa, insaniyyətə, fədakarlığa, təmənnasızlığa, səmimiyyətə - Sözə məhəbbət janrında yaradılmış miniatür abidə kimi.

 

Pozusu olmayan bu yazı yazmaq da hər adamın hünəri deyil. Çünki biz dirilərin üzünə tərif yağdırmağa peşə xəstəliyi kimi adət etmişik. Üzünə təriflədiyimiz o dirilər - mərkəzdə olanlar bir gün tarixə qovuşanda bu gün onların haqqında manifest yazanlar bir çürük cümlə qurmayacaqlar, vicdanım haqqı. Elə-belə dedim, bir yerə qeyd edək, qalsın...

 

Gedənlərin mərdliyindən, səxavətindən danışmağa, səmimi desək, bir az kişiliyimiz çatmır. Kənar adamlardan yazmağa ehtiyat edirik. Elə bilirik ki, kənar adamlardan yaza-yaza diqqət mərkəzindən kənarda qalacağıq. Biz kənar olmaqdan qorxuruq.

 

İşıqlı gələcəyin xülyası başımızı necə gicəlləndirirsə, cümlələrimizin hamısını indiki zamanda qururuq. Keçmişə boylanmayanda adam keçmişindən qopur - sakit, səssiz, səmirsiz...

 

Həyat bizi qabağına qatıb elə aparır ki, axına qarışıb zamanın nəbzini tuta-tuta özümüzü itiririk. Özümüzü itirə-itirə hamımız bir-birimizə oxşayırıq.

 

Göy adamları zamanın nəbzini tuta - zamanla ayaqlaşa bilmir. Bunu bacarsaydılar, onlar da hamıya oxşayardılar, olardılar sıradan adam...

 

Zamana sığışmayan - zamanla, mühitlə əlbəyaxa olan adamlar özlərinə oxşayırlar. özlərindən - Adam olmaqdan daha çox Sözə oxşayırlar - Seyran Səxavət kimi...

 

, bir Qapıya... Qapı müqəddəs şeydi... Seyran Səxavət belindən gəldiyi Sözə oxşadığı qədər həm Qapıya oxşayır. Dünyanın bütün eybəcərliklərinin, yolunu azanların, özünü itirənlərin üzünə çırpılan, yaxşıların, doğruların üzünə daim açıq olan, Haqqın yolunda bütün ömrü boyu təmənnasız xidmət göstərən, həm qucaq açdığını Qala kimi qoruyan, İşığa sarı açılan Tanrı Qapısına...

 

Özümü qanandan Onu elə Qala qapısı kimi görmüşəm - alınmaz, əyilməz... Bircə Sözün qabağında diz çöküb...

 

Dünyanın bu qaçhaqaçında - adamların düz sözdən, vicdandan, Allahdan qaçdığı, hamının yaddaşına virus düşdüyü bir vaxtda bu Qapı ondan keçənlərin bircəciyini unutmayıb.

 

Yaşatmağı bacarmaq hər kişinin işi deyil, yaşananları kağızın yaddaşında əbədiləşdirmək can üstə olan adama dirilik suyu vermək kimidi. Bunu bacarmaq üçün Seyran Səxavət olmaq lazımdı.

 

Öz balasından ötrü bir kəsin qapısını döyməyib, bir kəsə ağız açmayıb yalnız Sözün xətrinə hər cür fədakarlığa təmənnasız qucaq açmaq üçün Seyran Səxavət olmaq lazımdı.

 

Üzünün nurunu sözlərinə töküb bütün yaxşılıqlara yol salmaq - Qapı açmaq üçün Seyran Səxavət olmaq lazımdı.

 

Qismətinə yazılan adamları Allahın verdiyi pay kimi əzizləmək üçün Seyran Səxavət olmaq lazımdı.

 

Bir o Qapının gedənlərin arxasınca gözü yol çəkməyi var. Bilə-bilə ki, gözlərin çəkdiyi yoldan kimsə qayıtmayacaq... yenə gözləyir...

 

Biro Qapının ondan keçib gedənlərin bircə kərə dönüb geri baxmaqları üçün necə için-için yandığını, oyum-oyum oyulduğunu görmək var.

 

Dünyadakı ən ağır səhnə Qapının gedənlərin arxasınca yana-yana boylandığını görməkdi. Gedənlər tək getmir. Ruhumuzu özləriylə aparırlar...

 

Uşaq olsam da, Səni Sənin qədər anlayıram, Ustad! Bilirəm ki, ən ağır gediş Dost gedişidi. Ən ağır dərd geri dönməyəcəklərini bilə-bilə gözləməkdi... Gözləmə, gözünün kökü saralar, amma insafsızlar dönüb geribaxmazlar... heç olmasa bircə kərə...

 

Deyirəm, heç Analarımız da belə getməmişdi... Heç olmasa dönüb geri baxmışdılar... Jaketlərini çıxarıb üstümüzə örtmüşdülər ki, bu dünyanın soyuğunda üşüməyək. Amma hardan biləydilər, o yoxluq ruhumuza elə od vuracaq ki, yana-yana üşüyəcəyik.

 

Gedənlər bizi bu dünyayla o dünyanın arasında elə yerdə qoydu ki, Araz kimi həsrətə döndük - aralıqda qaldıq... Nə yaşaya bildik, nə də ki, ölə...

 

Yaman qaçhaqaçdı... Elə bil bu dünyanın namərdliyindən üz çevirib getdilər - ən böyük Həqiqətə sarı. Dünyanın ən böyük Həqiqəti Ölümdü... Yeganə İnsan bitirən torpaq məzarlıqdı...

 

O torpaqda Haqqa qovuşub yenidən boy verməyimiz üçün o Qapıdan keçib durulmaq, arınmaq, təmizlənmək lazımdır.

 

Qapı müqəddəs şeydi... Qapı hamının üzünə açılmır...

 

Biz Səni anlayanda, Səndən keçib durulanda Həqiqətə çatacağıq, Ustad! - Qapı üzümüzə açılacaq, Yolumuz Aydınlanacaq...

 

Yolçu yolda gərək... Qapımız bağlanmasın... Yolumuz Aydın olsun!

 

Xəyalə ZƏRRABQIZI

BAKI, 2015

525-ci qəzet.- 2015.- 23 may.- S.24