“Ömrün qatarı” həmişə yol gedir

 

 

Ömrün qatarı varmı bu qatar gün, ay, il hesabı ilə qədər məsafə qət edir? əgər həqiqətən bu qatar varsa, deməli, dayanacaqları, stansiyaları da var. Bəs ömrün qatarının axırıncı dayanacağı ya stansiyası necə, mövcuddurmu? Bu digər sullara rəğmən Nəzakətin “Ömrün qatarı” şeirlər toplusunda həqiqətən yola çıxan bir ömür qatarının qət eləyəcəyi məsafə uzanır, sonsuzluğa çıxır. Oxucu-sərnişin gah oturduğu vaqonun pəncərəsindən bayıra boylanır, gah da nərgiz, reyhan ətri verən misraların rayihəsindən məst olur.

 

Nəzakət xanımın şeirlər toplusunu oxuyarkən, onu “Ömrün qatarı” adlandırması düşündürücü qədər poetikdir. Digər tərəfdən, məncə, ad qapıdır hər kəs burdan içəri daxil olur. Bu, simvolik qapı açıla da bilər, açılmaya da - baxır onu döyən, açmaq istəyən şəxsin, yəni oxucusunun kəramətinə. Mən “ömür qatarı”nın qapılarını taybatay açdım yaxşı, bir şairə xanımın könül rübabını dinlədim. Vətən, yurd, bütöv Azərbaycan sevgisiylə yoğrulan çeşid-çeşid poetik düşüncələr silsiləsi məni qeyri-adi aləmə apardı.

 

... günümdən bircə-bircə seç günü,

Göydən niyə daş yağmadı köç günü?!

Köçkünüyəm, yüz illərin köçkünü,

Vətən, bizi bağışlama!

 

Adətən hamı Ulu Tanrıdan bağışlamasını istəyir. Vətən məvhumu da Tanrının adı qədər müqəddəsdi. Torpağının xeyli hissəsi işğal altında olan, çoxlu sayda qurban verən bir xalqın susmağa ixtiyarı yoxdu.

 

“Vətən, bizi bağışlama” şeirinin çağırış ruhu hamını intiqama, qisasa səsləyir - atalar isə “qisas qiyamətə qalmaz” - söyləyiblər. Allah bağışlayandı, Vətən bütün çəkdiyi məşəqqətlərə, ölüm-itimlərə, itirdiklərinə görə yox. “Haqqa qovuşduran şəhid zirvəsi”, “Yurd həsrəti”, “Həsrətəm”, “Dərd”, “Qar yağır”, “Darıxıran, ay ana”, “Bənövşə”, “Gözümün yaddaşı”, “Tənha qadın” kimi şeirlər sakit kitabda yer alan birinci şeirin davamıdır. Hamısında sevgi, həsrət, iztirab, inam, etibar var, gah çılğın bir ürəyin haraylarını eşidirsən, gah da, səssiz, sanki axan bulaqlarımızın, çaylarımızın həzinliyi ilə məftunluq tapırsan.

 

Nəzakət Salah qızı sözlə qidalanıb nəfəs alsa da, bədii sözün sehrinə düşsə , misralarının arxasından ana kimi boylanır. Bu ana simvolik Azərbaycan analarının obrazıdır. O, ailə başçısıdır, oğlu Milli Ordumuzun zabitidir. Eyni zamanda Ramil bala təkcə kövrək şairə Nəzakət xanımın övladı deyil, eyni zamanda o, bir məmləkətin qürur mənbəyidir. “Zabit anasıyam mənşeirindəki səmimi pafos həm ana qəlbinin etirafıdır.

 

“Beşiyini asmışam, gözüm tək qorumuşam” - söyləyən şairə zabit övladına xatırladır ki, indi sən Vətənin keşiyində dayandığıntək, mən vaxtilə beşiyinin başında, keşiyində dayanmışam. Bəli, analar ilk əsgərlərdir, bizim yolumuzda özlərini fəda edə-edə, hər cür cəfaya, səfaya dözə-dözə.

 

Rahat yuxu yatmıram, çünki düşmən yatmayıb,

Hələ çox “arzusu” var, arzusuna çatmayıb.

Bəxti yatmış dərdləri bir kimsə oyatmayıb.

Düşmənin arzusunu gözlərində öldürən

Zabit anasıyam mən!

 

Nəzakət xanımın istər vətənpərvərlik ruhunda yazmış olduğu şeirləri olsun, istərsə də digər mövzularda qələmə aldığı şeirləri - bu lirik parçalara bir həzinlik xasdır. Bu nəğmələr sanki hamısı nostalji hisslərdir, bütün misralara, beytlərə, bəndlərə payızın ruhunu çiləmisən, nəfəsinə həsrət üfürmüsən. Əməkdar incəsənət xadimi Tahir Əkbər tez-tez şairənin yaradıcılığına müraciət edir. “İstədim” lirik mahnısını isə tənha qalan hər kəs özü-özünə zümzümə eləsə, həyəcanı bitər, ruhu təskinlik tapar.

 

Bir aylı gecədə xəyal atını,

Səninlə bərabər çapmaq istədim.

Sayrışan ulduzlar arasındakı

Bəxtimin ulduzun tapmaq istədim.

Mən səni istədim, səni istədim.

 

Etiraf - səmimiyyətin ən böyük və nəcib ifadə formasıdır. “Haçansa... sevgi şeirləri də yazardım” başlıqlı silsilə şeirləri təsdiq edir ki, Nəzakətin qələmi bərkdən-boşdan çıxıb, püxtələşib. “Bir ötən sevgini unutmaq üçün, mənim ürəyimə qonaq gəlmisən” etirafının cavabında “Hərdən sədəqə tək verirsən mənə, ümidsiz eşqinin hərarətini” səmimiyyəti hələ ümid işığının sönmədiyinə işarədir (“Adı gizlinə”). “Deyiləm”, “Ehtiyacım var”, “Dözərəm” (qəzəl formasında) “Amandı” kimi parçalar da səmimidir, axıcıdır, yığcamdır və tez əzbərlənir.

 

Bu qısa qeydlərimin sonunda gözəl lirik şeirlərin müəllifi kimi tanıdığım  Nəzakət xanıma, “Ömrünün qatarı heç vaxt gecikməsin” - söyləyir. Yaradıcılıqla zəngin, narahat günlər, aylar, illər arzulayıram. Qoy “Ömrün qatarı” həmişə mənzilbaşına çatsın!

 

Ağacəfər HƏSƏNLİ

525-ci qəzet.- 2015.- 23 may.- S.19.