Vəcihə Səmədovanın rənglər dünyasıXalq Əmanətioldu

 

Xalq Bank” həyata keçirdiyiXalq Əmanəti” layihəsində milli mədəniyyətimizin korifeylərinin yaradıcılığını işıqlandırmaqda davam edir.

Layihənin sayca on ikinci nəşri görkəmli Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya həsr olunub.

Mayın 22-də ictimaiyyət üçün təqdimatı keçirilən “Rəngkarlıq və qrafika” bədii albomu unudulmaz fırça ustasının yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edir.

Ötən əsrin 50-ci illərində öz bədii dili ilə novatorluğa imza atan sənətkar böyük koloristik qabiliyyəti, istedadının qüdrəti, üslubunun özəlliyi sayəsində uğur qazanıb. Onun əsərlərinə məxsus rəng təravəti, kompozisiya quruluşunun orijinallığı dünyaya xüsusi baxışı əks etdirir.

Rəssamın  Azərbaycan təbiətinin əsrarəngiz inciləri - Göygöl, Kür, Kəpəz, Abşeron mənzərələri - müasirləri olan ağıllı, savadlı, özünə güvənən, iradəli, amma şərq qadınlarına məxsus ədəb, nəzakət, hətta utancaqlıq kimi xarakterik xüsusiyyətlərə malik qadınların gözəl portret qalereyası, kəndlilərin, zəhmətkeşlərin milli çalarlarla dolu həyatını əks etdirən tabloları, Bolqarıstan motivləri, avtoportretləri estetik və bədii dəyərə malik olan tamamlanmış təsviri sənət əsərləridir.

Vəcihə Səmədova zaman baxımından qısa ömür sürsə də yaratdığı yüzlərlə əsəri, yetişdirdiyi bir neçə nəsil rəssam-şagirdləri, cəmiyyətə bəxş etdiyi istedadlı övladları ilə, Azərbaycan Rəssamlar İttifaqının onun adını daşıyan sərgi salonu ilə bu gün də Azərbaycan rəngkarlığının pərəstişkarlarının qəlblərində yaşayır.

Rəssamın əsərlərinin ekspozisiyaları mayın 23-dən avqustun 23-dək Xalq Bankın Baş Ofisində (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) və “Gəncə” filialında (Ünvan: Gəncə şəh., Zərrabi küç.4) fəaliyyət göstərəcək. Sərgini, günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür, giriş sərbəstdir.

 

525-ci qəzet.- 2015.- 23 may.- S.16.