Avropanın önündə...

 

"2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunları qitə səviyyəsində sülh, əməkdaşlıq və inkişaf üçün önəmli platformadır"

 

(BMT Baş Assambleyasının 2014-cü ildə qəbul edilmiş 69/6 saylı Qətnaməsindən)

 

Azərbaycan müstəqillik tarixinin ən möhtəşəm tədbirlərindən birinə ev sahibliyi etmək ərəfəsindədir. Bu böyük idman hadisəsinin özünəməxsusluğunu və tarixiliyini şərtləndirən başlıca səbəb bütün qitəni bir araya gətirəcək Avropa oyunlarının təməlinin məhz Azərbaycanda qoyulmasıdır.

Azərbaycan bu hüququ əldə etməklə müstəqil dövlət kimi ona göstərilən etimadın nə dərəcədə yüksək olduğunu, eyni zamanda ölkəmizin, digər sahələrdə olduğu kimi, idman sahəsində də artıq ənənə formalaşdıran dövlətə çevrildiyini sübut edir. Ölkəmizin indiyə qədər bir çox Avropadünya miqyaslı idman tədbirlərini ən yüksək səviyyədə təşkil etməsi İlk Avropa Oyunlarının da yüksək peşəkarlıqla keçiriləcəyinə heç bir şübhə yeri qoymur. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə illər öncə başlanmış Olimpiya hərəkatının, idmanın inkişafı ilə yanaşı, ölkənin imici üçün də nə qədər əhəmiyyətli olduğu bir daha özünü göstərir. 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi tərəfindən İlk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edildikdən sonra görülən işlərin həcmi, sürəti və keyfiyyət göstəriciləri hər bir azərbaycanlıda qürur hissi doğurur. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi ilk Avropa Oyunlarına hazırlığın bütün mərhələlərində yüksək peşəkarlıq göstərərək, qısa zaman ərzində idman infrastrukturunun əsaslı şəkildə yenilənməsini təmin etmiş, qarşıya qoyulan bütün təşkilati məsələləri həll etmişdir. Oyunlarda xarici ölkə vətəndaşlarının sərbəst iştirakını təmin etmək üçün müvafiq tədbirlər görülmüş, viza verilməsi qaydaları sadələşdirilmişdir. Beləliklə, Azərbaycan 20 idman növündə 50 ölkənin 6000-dən çox idmançısının qatılacağı möhtəşəm idman hadisəsinə ev sahibliyi etməyə tam hazırdır. 20 idman növünün 16-nın Olimpiya Oyunları kateqoriyasına aid olması yarım ay müddətində bütün Avropada əsl Olimpiya atmosferi yaradacaq.

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə İlk Avropa Oyunlarının təbliğat-təşviqat kampaniyası çox böyük uğurla davam etdirilməkdədir. Bir çox ölkələrdə İlk Avropa Oyunlarının tanıtım tədbirləri keçirilmiş, ölkəmizdə baş tutacaq böyük idman hadisəsinin Avropa üçün əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Bakı-2015 Oyunları dünya ictimaiyyətinin xüsusi diqqət mərkəzindədir və artıq qitənin bir çox dövlətləri ilk Avropa Oyunlarına yüksək ranqlı idmançılarını göndərəcəklərini rəsmi şəkildə bəyan etmişlər. Böyük Britaniyanı bu oyunlarda 153, Fransanı isə 270 idmançı təmsil edəcək. Avropanın aparıcı dövlətlərinin 1-ci Avropa Oyunlarına xüsusi diqqət göstərməsi bu idman tədbiri barədə təbliğatın yüksək səviyyədə təşkil edilməsindən və ölkəmizdə formalaşmış idman ənənələrinə bəslənən xüsusi rəğbətdən irəli gəlir. Azərbaycanın belə önəmli idman tədbirinin keçirilməsinə razılıq verməsi isə ölkəmizin özünə olan inamından, iqtisadi qüdrətindən, zəngin tarixə malik olan idman ənənələrinə sadiqliyindən irəli gəlir.

Azərbaycanın bu oyunlara yüksək səviyyəli təşkilatçılıqla və məsuliyyətlə yanaşması digər Avropa ölkələrində növbəti Avropa oyunlarının keçirilməsinə marağı daha da artırmışdır. Artıq altı ölkə 2019-cu ildə Avropa Oyunlarına ev sahibiyi etmək niyyətini rəsmi şəkildə bəyan etmişdir.

İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Bu fakt Azərbaycanın dünya səviyyəli istənilən tədbirə, eyni zamanda, siyasi, iqtisadi, humanitar tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu, ölkəmizin beynəlxalq arenada getdikcə artan nüfuzunu və eləcə də, dünya birliyi üçün Azərbaycanın əhəmiyyətini nümayiş etdirir. Avropa Oyunlarının təşkili ilə Azərbaycan qısa zaman kəsiyində nail olduğu davamlı iqtisadi yüksəlişin və sabitliyin real nümunələrini dünya ictimaiyyətinə çatdırmaq üçün gözəl fürsət əldə etmiş olur. Artıq dünyanın bir çox məşhur kütləvi informasiya vasitələri Azərbaycan haqqında geniş məzmunlu proqramlar hazırlamış, İlk Avropa Oyunlarına aparan yolu geniş şəkildə işıqlandırmışlar. Oyunların yayımlanmasına dünya dövlətlərinin ən məşhur yayım şirkətlərinin xüsusi maraq göstərməsi Azərbaycan gerçəkliklərinin dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün əvəzsiz imkanlar yaradır. Oyunların keçiriləcəyi dövr ərzində teatr və muzeylərin gündəlik rejimində fəaliyyət göstərməsi, silsilə mədəni tədbirlərin, tarixi məkanlarımıza ekskursiyaların təşkili xarici qonaqlarda mədəni irsimiz və qədim tariximiz haqqında bilgiləri daha da zənginləşdirəcək və ölkəmizə olan turist marağını daha da gücləndirəcək. Eyni zamanda, bu möhtəşəm idman tədbiri Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə həqiqətlərin dünya birliyinə çatdırılmasında önəmli platformaya çevriləcək. İstər tədbir iştirakçıları, istərsə də dünyanın dörd bir tərəfində ilk Avropa Oyunlarını izləyənlər, Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı, onun yerləşdiyi geopolitik məkan, üzləşdiyimiz problemlər, həmçinin, Azərbaycanın liderliyi ilə Qafqaz regionunun perspektiv inkişaf imkanları barədə ətraflı məlumat əldə edəcəklər.

Qitəmiqyaslı bu idman tədbiri, eyni zamanda, bütün Avropa üçünxüsusi əhəmiyyət daşıyır: belə ki, hazırda Avropa dövlətlərində cərəyan edən ictimai-siyasi proseslər formalaşması uzun illər çəkmiş birgəyaşayış, sıx əməkdaşlıq ənənələrini də gözlənilməz risq və təhlükələr altına almışdır. Bir zamanlar inteqrasiyaya can atan qitə dövlətlərində bu gün mərkəzdənqaçma, təcrid olunma meylləri özünü büruzə verməkdədir. Belə bir həssas tarixi məqamda Azərbaycan Avropanı yenidən bir araya gətirmək təşəbbüsü ilə öndədir! Bu təşəbbüsün əsl mahiyyətinin Avropa dövlətləri və xalqları tərəfindən dərki böyük əməkdaşlıq və inteqrasiya potensialı olan bu qitəni yenidən pozitiv tendensiyaya kökləyə, dezinteqrasiya cəhdlərinin, millətçi-şovinist bəyanatların qarşısını ala, onların gərəksizliyini üzə çıxara bilər. Təsadüfi deyil ki, BMT-nin Baş Assambleyası tərəfindən 31 oktyabr 2014-cü ildə qəbul edilmiş 69/6 saylı Qətnamədə qeyd edilir: "...2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunları qitə səviyyəsində sülh, əməkdaşlıq və inkişaf üçün önəmli platformadır".

İlk Avropa Oyunlarına ev sahibliyi etməsi həm də Azərbaycanın Avropaya, Qərb dünyasına siyasi-mədəni yanaşmasını ortaya çıxarır. Bununla Azərbaycan özünü Avropanın bir parçası kimi hiss etdiyini, Qərb dəyərləri ilə milli maraqların ideal harmonik vəhdətini yaratdığını bütün dünyaya göstərir. Eyni zamanda, Azərbaycan dövlət siyasətinin prioritet istiqaməti kimi, idmanın inkişafına göstərilən qayğının təkcə sağlam nəslin yetişməsinə deyil, həmçinin xalqlar, dövlətlər arasında sülhə, dialoqa əsaslanan əməkdaşlıq mühitinin formalaşmasına xidmət etdiyini gerçək fəaliyyəti ilə dünya birliyinə bəyan edir. Humanistlik, tolerantlıq, ümumbəşərilik kimi ali və nəcib keyfiyyətlər artıq Azərbaycan xalqının dövlətçilik ruhuna hopmuşburadan dünyanın hər yerinə öz işığını yaymaqdadır. Elə İlk Avropa Oyunlarını keçirməklə də Azərbaycan dünyanı tolerantlığa, sülhə, barışığa, böyük idealların təsdiqinə səsləyir.

İlk Avropa Oyunlarının bütün dünyaya verdiyi belə pozitiv mesajlar fonunda bəzi iddialı ölkələrdə və himayə olunan təşkilatlarda Azərbaycana qarşı aparılan əks-təbliğat kampaniyası da tam gücü ilə işə düşmüşdür. Azərbaycana qarşı məqsədli və məkrli şəkildə yürüdülən bu əks-təbliğat nə qədər təəccüb doğurursa, bir o qədər də məntiqsizliyi və əsassızlığı ilə təəssüf yaradır.

Human Rights Watch, People in Need, Transparency International, National Endowment for Democracy kimi qeyri-hökumət təşkilatları ilk Avropa Oyunları ərəfəsində "Azərbaycanda insan azadlıqlarının bərbad vəziyyəti", "korrupsiya", "media azadlığının təmin olunmaması", "siyasi məhbus" problemi kimi ittihamlarla çıxış etməklə, Azərbaycana qarşı yürüdülən əks-təbliğatın sanki vahid mərkəzdən idarə olunması təəssüratını yaradır. Human Rights Watch təşkilatı yenə də qərəzli ənənələrinə sadiq qalaraq, Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarına dair hazırladığı "Æurnalistlər üçün Təlimat"da ölkəmiz haqqında təsəvvür olunmayacaq qədər mənfi obraz yaratmağa çalışır. Təlimatın adı və məzmunu bir-biri ilə başdan-ayağa ziddiyyət təşkil edir. Sənəddə İlk Avropa Oyunlarına hazırlıq prosesinə ümumiyyətlə toxunulmur, jurnalistlər üçün maraqlı ola biləcək Azərbaycanın sosial-mədəni, idman həyatı tamamilə unudulur, xarici jurnalistlərin akkreditasiyası üçün yaradılmış şəraitə dairheç bir məlumat verilmir. Təlimatın bütünlüklə dezinformasiya xarakteri daşıması elə onun ilk səhifəsindəcə görünür. Sənəddə insan hüquq və azadlıqlarının pozulmasından xüsusi narahatlıq ifadə olunur. Lakin bu narahatlıq heç də Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasından didərgin düşmüş insanların hüquqlarının kobud şəkildə pozulmasından qaynaqlanmır. Əksinə, 19 səhifəlik sənədin cəmi 3 cümləlik paraqrafında bu münaqişəyə beynəlxalq hüququn ən ümdə prinsiplərini pozan işğalçının adı çəkilmədən ötəri toxunulur.

Böyük idman hadisəsindən Azərbaycana qarşı çirkin siyasi kampaniyanın aparılması üçün istifadə edən dairələrin eyni leksikona malik olmaları ölkəmiz əleyhinə işə salınmış əks-təbliğat maşınının vahid mərkəzdən idarə edildiyini söyləməyə əsas verir. Özünü "demokratiyanın, insan hüquq və azadlıqlarının carçısı" adlandıran "müstəqil" beynəlxalq qeyri-hökumət təşkilatları əsl simalarını göstərərək sifariş yerinə yetirdiklərini az qala açıq şəkildə bəyan edirlər. Məsələn, özünü "Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu" adlandıran bir neçə qeyri-hökumət təşkilatları koalisiyası "Bakı 2015-Avropa Oyunları" adlı sənəd hazırlayıb. Bu sənəddə idmandan yox, daha çox "beşinci kolon"un nümayəndələrindən, yəni özlərinin yetişdirdikləri şəxslərdən gen-bol bəhs edilir. Lakin bu zaman həmin şəxslərin hansı əsaslarla məsuliyyətə cəlb olunmasının, onların fəaliyyətində sübuta yetirilmiş qanunazidd əməlləri göstərən faktların üzərindən sükutla keçilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum olunmuş şəxslərin xüsusi canfəşanlıqla müdafiə olunması isə, əslində, həmin şəxslərin dövlətçiliyimiz və milli maraqlarımız əleyhinə yürüdülən çirkin siyasətin aktorları olduqlarına heç bir şübhə yeri qoymur. Sözügedən çevrələrin insan hüquq və azadlıqlarının pozulmasını əldə bayraq edərək, hüquqi əsaslarla məsuliyyətə cəlb edilmiş şəxslərin müdafiəsinə qalxması isə heç də haqq-ədalət sevgisindən irəli gəlmir. Belə aydın olur ki, bu qurumların əsl missiyası, doğrudan da, insan hüquqlarını və azadlıqlarını yox, yalnız öz casuslarının fəaliyyət azadlıqlarını müdafiə etməkdir.

Anti-Azərbaycan kampaniyasına qoşulmuş digər bir təşkilat - Æurnalistlərin Müdafiəsi Komitəsi (CPÆ) də absurd bir ittiham irəli sürərək, Azərbaycanda beynəlxalq telekanalların yayımının qadağan edildiyinimedia azadlığının tamamilə məhdudlaşdırıldığını iddia edir. Görünür, bu təşkilat Azərbaycanda mətbuata qoyulan senzuranın hələ 17 il əvvəl ləğv olunduğundan, azad internet şəbəkəsinin mövcudluğundan, yüzlərlə mətbuat orqanının dövlət dəstəyi ilə işıq üzü görməsindən xəbərsizdir. Bu kimi qurumlar artıq "xüsusi sifarişlər" əsasında işləyib hərəkət etdiklərini, hansı gizli məqsəd güddüklərini və qeyri-səmimi olduqlarını çılpaq şəkildə ortaya qoymuşlar. Əsl məqsəd Azərbaycanın artan beynəlxalq imicinə hansı yolla olursa-olsun zərbə vurmaq, şantaj siyasəti ilə ölkəmizdən siyasi dividendlər və güzəştlər qoparmaq, Azərbaycanın heç kimdən asılı olmayan müstəqil xarici siyasətini önləməkdən ibarətdir. Əgər bu dairələr həqiqətən Azərbaycanda demokratik təsisatların güclənməsini və eyni zamanda xoş məramdan çıxış etdiklərini nümayiş etdirmək istəsəydilər, İlk Avropa Oyunları kimi əlamətdar bir hadisəni siyasi şantajqarayaxma vasitəsinə çevirməzdilər. Əksinə, Qərbə inteqrasiyanı və bu tendensiya üzərində dünya birliyi ilə, mütərəqqi demokratik dövlətlərlə sıx əməkdaşlığı xarici siyasətinin prioritet istiqamətinə çevirmiş gənc müstəqil dövlətin ev sahibliyi edəcəyi İlk Avropa Oyunları bütün Avropanı bir araya gətirən tarixi hadisə kimi nəzərdən keçirilərdi. Eyni zamanda, bu əlamətdar hadisəyə Avropa məkanında əməkdaşlığın, sülhün yaradılmasında idmanın nə dərəcədə önəmli rola malik olması kontekstindən yanaşılardı. Qərb həqiqətən insan hüquq və azadlıqlarının pozulmasından dərin narahatlıq keçirirsə, İlk Avropa Oyunlarının fonunda Ermənistanın işğalçılıq siyasəti nəticəsində baş vermiş dözülməz ədalətsizlik faktlarını, bir milyon qaçqın və məcburi köçkünün 20 ildən artıq davam edən ağır durumunu diqqət mərkəzinə gətirə bilərdi. Lakin gördüyümüz mənzərə tamamilə fərqlidir. Bəzi Qərb dairələri bir daha Azərbaycanın dünyaya açılımına, xoşməramlı siyasətinə heç bir siyasi etikaya sığmayan vasitələrlə cavab verməyi üstün tutaraq, əslində, özlərinin əllərində bayraq etdikləri Qərb dəyərlərindən də növbəti dəfə üz çevirmiş oldular.

Azərbaycana qarşı sərgilənən bu mövqe bizim üçün bir çox mətləblərə aydınlıq gətirir. Azərbaycan bir daha əmin oldu ki, onun beynəlxalq miqyasda artan çəkisi, milli maraqlardan bir addım belə geri çəkilmədən yürütdüyü müstəqil xarici siyasət bir çox dairələrin heç də ürəyincə deyil.

Bu onu göstərir ki, özlərini beynəlxalq sülhünsabitliyin təminatçısı, beynəlxalq siyasətdə əsas söz sahibi adlandıran qüvvələr gənc bir dövlətin beynəlxalq siyasət arenasında müstəqil oyunçu ola bilməsi gerçəkliyini həzm edə bilmirlər. Demək, bu dairələrə daxili inkişafı ilə beynəlxalq nüfuzu tam mütənasiblik təşkil edən Azərbaycan yox, Ermənistan kimi dayaqsız bir marionet rejim lazımdır!

İlk Avropa Oyunları ilə Azərbaycanın özünü suveren dövlət kimi, müstəqil siyasi iradə sahibi kimi dünyaya tanıtmaq imkanına qısqanc və dözümsüz münasibətin kökündə də məhz bu qərəzli yanaşma dayanır.

Lakin Avropa Oyunlarının tarixi yaxınlaşdıqca bu kimi cəhdlərin əbəs olduğu daha aydın görünür. Beynəlxalq siyasətin çarxını tərsinə fırlatmağa çalışan həmin xarici dairələr artıq Azərbaycana qarşı istifadə etdikləri Şər alətlərini tamamilə tükətmiş kimi, son "patronlarını" atıb-qurtarmış kimi görünürlər. Təkcə Avropa qitəsinə deyil, bütün dünyaya səs salacaq 1-ci Avropa Oyunlarını əsassız və məntiqsiz ittihamlarla Azərbaycana qarşı çevirmək istiqamətində edilən uğursuz cəhdlər artıq belə siyasi təzyiq üsullarının kəsərsiz olduğunu bir daha ortaya çıxarır. Azərbaycan beynəlxalq birliyin müstəqil subyekti olaraq öz seçimində və milli maraqlarının müdafiəsi yolunda sarsılmaz siyasi iradəyə malik olduğunu hər zaman sübut etmiş və etməkdədir. Azərbaycan xalqının və rəhbərliyinin sarsılmaz birliyi istənilən kənar təsiri dəf etmək, ölkəmizin beynəlxalq nüfuzuna zərər vura biləcək addımları önləmək və buna adekvat cavab vermək iqtidarındadır.

İlin ən önəmli idman hadisəsinin keçirilməsinə lap az günlərin qaldığı bir vaxtda İlk Avropa Oyunlarının məşəli Azərbaycan torpağında el-el, oba-oba dolaşmaqdadır. Bu rəmzi məşəli əlində tutan Azərbaycan indi Avropanın önündədir! Ölkə başçısı cənab İlham Əliyev tərəfindən alovlandırılan bu məşəl ölkəmizin ən ucqar diyarlarından keçməklə hər bir azərbaycanlının vətənpərvərlik və qürur hissini daha da alovlandırır. Bu məşəl həm də Azərbaycana qarşı çirkin, qərəzli mövqedə dayanan şəxslərın əsassız ittihamlarını və böhtanlarını yandırıb külə çevirir. Bir daha əmin oluruq ki, Azərbaycanımızın məşəli heç zaman sönməyəcək, bu məşəlin işığında milli birliyimiz daha da güclənəcək, qəlbimizdəki vətənpərvərlik ruhu daim yüksələcəkdir!

İlk Avropa Oyunlarında idmançılarımıza möhtəşəm qələbələr arzusu ilə.

Cavanşir Feyziyev

Millət vəkili,

fəlsəfə doktoru

525-ci qəzet.- 2015.- 26 may.- S.2.