Rənglərin poeziyası

 

Filologiya üzrə fəlsəfə doktoru, jurnalist-alim, azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi, Kaspi qəzetinin və təhsil mərkəzinin təsisçisi, Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva... Mənim üçün isə öz oxucusunu ardınca gözəllik dünyasına aparmaq, zərif duyğular aşılamaq, mənən zənginləşdirmək gücünə malik sənətkar. Bu sözü deməyə çəkinmirəm. Çünki onun yaradıcılığı insanı qayğı selinin əlindən alıb özünə qaytaran, keşməkeşli həyat yolunda ürəyə rahatlıq çiləyən sehirli bir dünyadır.

 

lll

 

Sona xanımın yaradıcılığına, şəxsiyyətinə maraq məndə onun səsindən, bu səsdəki səmimiyyətdən başladı.

Adəti üzrə, televizoru yandırsam da, fikrim başqa yerdə idi. Çəhrayı dünyası barədə şeir oxuyan xanımın məlahətli, həzin səsi diqqətimi cəlb etdi. Şeirləri dinləməyə başladım. Səslənən fikirlər mənə çox yaxın, doğma gəldi, içimi titrətdi.

 

Verilişi axıra qədər izlədim. Müxtəlif mövzularda şeirlər oxudu Sona xanım. Hər şeirdə vətən, xalq təəssübkeşliyi, yurd, torpaq sevgisi, təbiətə, insana vurğunluq, kökə, doğma elə, ocağa bağlılıq,yüksək vətəndaşlıq mövqeyi...Mövzusundan asılı olmayaraq şairin bütün şeirlərində bir nisgil, vətəni işğal altında olan şairin nigarançılığı, narahatçılığı, torpaq itkisinin ağrı-acısı hiss olunurdu. Heç bir əsərində şair tam şəkildə xoşbəxt görünmürdü. Özünün dediyi kimi Torpaq bütövlüyü olmadıqda insan ruhu bütöv ola bilməz.

 

Səsin, sözün sehrinə düşdüm. Yaradıcılığı ilə daha yaxından tanış olmaq ehtiyacı yarandı. Axtarıb-aramağa başladım. Sona xanımın Arazbarı kitabını əldə etdim.

 

lll

 

Deyirlər, həyatda hər şeyin rəngi var: geyimin də, çiçəyin də, dünyanın da, hətta şeirin də... Sona Vəliyevanın yaradıcılığını izlədikcə göz önündə rənglər bir-birini əvəz edir. Bu qarışıq rəng palitrası içində hərə öz ürəyinə xoş gələni götürür.

 

Çəhrayı

 

Çəhrayı rəng bu yaradıcılıqda daha qabarıq diqqət cəlb edir. Sona xanım belə deyir: Çəhrayı çox saf rəngdir. Rəssamlar da etiraf edirlər ki, bu rəngi almaq çətindir. Bu rəngə sahib olmaq çətin olduğu qədər, itirmək asandır. Onu qoruyub saxlamaq üçün daxili dünyanı maddiyyat burulğanından, kənar müdaxilələrdən hifz edə bilməlisən. Bu isə asan məsələ deyil. Sona xanım bunu bacaran nadir şəxslərdəndir.

 

Bir nağıllı dünyam gen düşdü məndən,

Qayası çəhrayı, daşı xınalı.

Canımın istisin, ağzımın dadın,

İtirdim o yerdən, yurddan aralı.

 

Çəhrayı, şair üçün acılı-şirinli uşaqlıq xatirələrinin, xəyyallar aləminin, arzuların, ümidlərin rəngidir.

 

Çəhrayı, analı, atalı, nənəli dünyanın, halal qazancın, əbədi sevginin, etibarın, paklığın, ülviliyin rəngidir.

 

Şair əmindir ki, əgər uşaqlıqdan o paklıq mühitin olubsa, həyatın heç bir olayı sənin dünyanı dağıda, məhv edə bilməz. Və ən keşməkeşli anlarda o dünyan köməyinə gəlib həyatın bütün çətinliklərindən başı uca, şərəflə çıxmağa yardımçın olar. Mən çalışıram, həmişə dünyanı çəhrayı görüm və o rəngi qoruyub saxlayım. Bu rəng mənim qəlbimdən nə vaxtsa itsə, o zaman mən bu az-çox cızma-qara etmək qabiliyyətimi itirəcəm- deyir Sona xanım.

 

Mən layla eşitdim çəhrayı rəngdə,

Mən öyüd eşitdim çəhrayı rəngdə.

Üzümdə göz yaşı möcüzə, vallah,

Görsən inanmazsan - çəhrayı rəngdə.

 

Bu şeiri özünün xarakteri, avtoportreti hesab edir Sona xanım. Mənim çəhrayı gördüyüm dünyamla işiniz olmasın! - deyir şair və öz kövrək dünyasını kənar təsirlərdən qorumağa çalışır. Həyatdakı haqsızlıqlardan, məişət qayğılarından, sönük, ruhsuz günlərdən bezəndə bu işıqlı dünyasına çəkilmək orada rahatlıq tapmaq istəyir şair.

 

Adi qayğılardan bezmişəm daha,

Gəl günün özündən gün oğurlayaq.

Aşaq yaş həddini, ömür həddini,

Bircə gün bir başqa ömür yaşayaq.

 

Sarı

 

Yaradıcılığı boyunca Sona xanımın sarı rəngə verdiyi üstünlük diqqəti cəlb edir. Sarı - ikili xüsusiyyətə malikdir. O bir tərəfdən günəşin, işığın, çiçəyin, digər tərəfdən payızın, ayrılığın, ümidsizliyin rəngidir.

 

Şairin yaradıcılığı boyu sarı rəngə bu mövqedən yanaşmasını görürük.

 

Qəlbimdə uyuyan ruhun rəngidir,

İçimdə boylanan söz çələngidir.

Məni hüzuruna sevgi gətirdi,

Solan sevdaların sarı çiçəyi.

 

Bir sarı gəlindi, bəxti dağlanıb,

Bərəsi kəsilib, bəndi bağlanıb.

Həsrətin üstünə dərd cilalanıb,

Solan sevdaların sarı çiçəyi.

 

Tənha sarı yarpağı xəstənin taleyindən qaçan ümidə, atılmış gözələ, kimsəsiz qocaya, ölən ümidə bənzədir şair. Ancaq pessimizmə qapılmır, sarsılmır. Ümidini qarşıda gələn yaza bağlayır. Sarı yarpağı əvəz edə biləcək, qələbə müjdəsi gətirəcək yaşıl yarpaq inamı ilə yaşayır və oxucusunu da arxası ilə aparır.

 

Tənha sarı yarpaq,

Mən ağac adam.

Dərdlərim budaq-budaq,

Həsrətim saralan yarpaq...

Düşündüm içimdən

Torpağa düşəcək,

Sənintək.

Qışdan güc alacaq,

Baharda ümid kimi

Göyərəcək,

Əsir torpaqların azadlıq

Müjdəsini gətirəcək.

 

Sona xanım ovqat şairidir. Yaz onun ruhunu təzələdiyi kimi, payız ovqatını təlx edə bilir... Payız gözlərində yağış, əlində sarı kədər qapıda dayananda durnalar köç edir. Özü ilə ümid aparır başqa diyarlara. Şair çıraq tutmaq istəyir durnaların yollarına. İnsanlardan bu ümid karvanına dəyməməyi, səfini pozmamağı xahiş edir. Durnaların köç etdiyi Bağdad ellərinə torpaq bütövlüyü diləyir şair ürəyi bölünmüş torpaqlar ağrısı ilə göynəyə-göynəyə.

 

Dadsız, torpaqsız,

maraqsız bir ömür yaşayırıq

Bağdaddakılar kimi.

Bağışlayın,

bağdadlı atam, anam,

kərküklü balam...

Mən də siz dərddə.

 

 

İllər ötdükcə, yaş üzərinə yaş gəldikcə dünyaya və zamana baxışı, insanlara, xüsusilə, valideynlərə olan münasibəti dəyişir insanın. Ananı, atanı daha yaxşı başa düşməyə başlayır. Əzizlərini itirmək qorxusu ilə yanaşı, doğma ocağa bağlılıq, zaman-zaman ona qayıtmaq istəyi artır.

 

Şəhərdə tez-tez qəribsəyir Sona xanım. Ruhuna dinclik, könlünə rahatlıq axtaranda müqəddəs analı, atalı dünyasına üz tutur. Ona döndükcə ucalır, paklaşır, məsumlaşır... Şairin valideynlərinə, uşaqlıq çağlarına həsr etdiyi şeirlərin, heç şübhəsiz, rəngi ağdır.

 

...Yaşa dolduqca, qəribləşirəm, ata,

bu şəhərdə

Həm də

Min əzabla qurduğum evimdə.

Özüm burdayam,

həsrətim sənin yollara çəpər olan

kipriklərinin ucunda,

ruhumsa, yollar ayrıcında...

Atam mənim!

 

Ata ocağı ona görə əzizdir ki, biz malik olduğumuz əsas insani dəyərləri, xarakterləri o ocaqdan almışıq.

 

Qoy bütün övladlar ata ocağının onlara verdiyi dəyərləri yaşada bilsin. - deyir şair.

 

İnsanların şəhərə üz tutması, kəndlərin, ata ocaqlarının tərk edilməsi ağrıdır Sona xanımı. Sökülmüş barılar, uçmuş eyvanlar dərd olur ona. Kəndə ağı deyir şair:

 

Bu kəndsiz nəçiyik, kim idik, kimik,

Dərd üstündə qəm naxışı - yetimdik.

Ruzisini qurda-quşa yedirtdik.

Kimsə yoxdur ağı desin bu kəndə.

 

Yaşıl

 

Təbiətə sonsuz məhəbbət, doğmalıq süzülür hər kəlməsindən. Yeknəsəq həyatdan, biganə insanlardan bezəndə təbiətə üz tutur, möcüzə axtarışına çıxır Sona xanım. Dərdli çağlarında özünü vaxtsız çiçəkləmiş alma ağacına bənzədir, quruyan ərik ağacı ilə söhbətləşir. Yaşıl rəngdədir sanki bu şeirlər.

 

Dərdin, möhnətin ağırdı,

Səni də kimlər qarğıdı?

Sapsarı ölüm yağırdı,

Üzündən ərik ağacı.

 

Təbiətlə insan Sona xanımın şeirlərində bir vəhdət təşkil edir. İnsanın təbiətləşməsi, təbiətin insanlaşması -harmoniya var bu poeziyada. İnsana məhəbbət, sevgi təbiət aynasından keçir, saflaşır, büllurlaşır, təbiilik qazanır. Tənha ağaca müraciət edir şair:

 

Gördüm bu halınla oxşarıq elə,

Mənim ruhum yalqız, sənin taleyin.

Məndən inciməsin bacım, qardaşım,

Gəlmişəm dərdimi sənə söyləyim.

 

Qırmızı

 

Görəsən, Sona xanımın məhəbbət şeirləri hansı rəngdədir? Zərif, ülvi, illərin sınağından çıxan məhəbbət.

 

Acılı - sevincli günlərində sevdiyi insana dayaq olan, ömür-gün yoldaşına əlini əlimdən çəkmə deyən şairin məhəbbət şeirlərinin rəngi, yəqin ki, qırmızıdır. Onları oxuduqca qırmızı rəngin sehrinə düşür, bir qədər də paklaşır, ülviləşir insan.

 

Bu gündən ümidim yollar, məktublar,

Yanında olacaq yarı canım da.

Sənə çətin olsa, bircə telimi,

Simurq tükü elə, hazıram orda.

Və ya:

 

Buludam, göydən ayrıyam,

Odam, ocaqdan ayrıyam,

Qərib dünya qatarıyam,

Sənsiz keçən hər günümdə.

 

Boz

 

Sona xanımın palitrası parlaq, işıqlı rənglərlə zəngindir. Ancaq bütün bu əlvanlığın üzərində könlü açılmağa qoymayan boz bir örtük var. Bu örtük insana uşaqlıqdakı kimi bəxtəvər olmağa imkan vermir. Bu rəngsizlik Qarabağ torpaqlarının işğalından qaynaqlanır, mənbəyini vətənin ağrı-acısından götürür. Sona xanım deyir: Bu dünyada yeganə diləyim, arzum Qarabağ probleminin tezliklə həll edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Nə rəngdədir görəsən, vətən həsrəti? Yəqin ki, boz rəngdə.

 

Sona xanım əmindir ki, qələbəyə yol səhvlərimizi dərk etməkdən keçir. Odur ki, Allahdan dünyanı, özümüzü tanımağa möhlət istəyir:

 

Bir az möhlət ver, Allah, görüm niyə beləyik,

Dünyadan ağır dərdə niyə belə laqeydik.

Gözümüz görə-görə bu torpağı itirdik,

Bir az möhlət ver, Allah,

Vətən deyib varmağa,

Bir az möhlət ver,

Allah, dünyanı tanımağa.

 

Ancaq ürəyi göynədən bu bozluğun qızılı qələbə ilə əvəz olunacağı gün uzaqda deyil. Buna Sona xanım kimi hamımız inanırıq. Yetər ki, ürəyimizdə kökü ilə torpağa bağlı sarı çiçəkdəki qədər vətən, yurd sevgisi olsun:

 

Sarı telli aşıq çiçək,

sən günəşı sevdiyintək

biz bu yurdu sevəmmədik.

Sən günəşi sevdiyintək,

Biz sevməyi bacarmadıq...

Aman, Allah.

İllər keçir, yaddaş itir,

torpaq itir.

Yaddaşımı bitirməyə

Təpər yetir.

Torpağımı qaytarmağa

ümid yetir,

igid yetir,

əsir-əsir, yesir-yesir

gedənimi qaytarmağa

əsirgəmə, yollar yetir.

Aman Allah, içimizdə

bu torpağı sevməyə

bir çiçək təpəri,

çiçək sevdası

bitir.

 

Yazıma Sona xanımın öz sözləri ilə yekun vurmaq istəyirəm: ...bəzən elə olur ki, insan dolanda ağlayaraq özünü boşaldır. Mən isə dolanda ağlaya bilmirəmsə, bu zaman şeir yaranır. Öz ruhunun şəkliolan bu şeirlər yüksək enerji, təsir gücünə malik olduğundan qəm-qüssəli qəlbi, nisgilli könlü ovuda, ağrı-acını unutdura bilir. Sona xanımın sənətkar xoşbəxtliyi məhz bundadır.

 

Fəridə RAMİZQIZI

525-ci qəzet.- 2015.- 30 may.- S.20.