Orfoqrafiyada iki
"y"dan biri - II yazı
Azərbaycan dilində qoşa y səsi ilə yazılan
sözlərin mütləq əksəriyyəti alınma
sözlərdən ibarətdir. Və məlum olduğu kimi, dilimizdə
qoşa y samiti ilə yaranan sözlərin heç də
hamısı yox, böyük bir qismi, əslində
çoxusu, -iyyət şəkilçisi ilə
yazılır. Bir daha o qənaətdəyik ki, yanaşı
iki y samiti ilə yazılan və -iyyət şəkilçisi
ilə düzələn sözlərdə tələffüzün
çıxardığı hökmü nəzərə
alaraq tək y-ya keçmək zəruridir.
Bununla belə, Azərbaycan dilində qoşa y samiti ilə
yazılan sözlərin heç də hamısının
-iyyət şəkilçisi ilə əmələ gələn
sözlərdən ibarət olmadığını nəzərə
alaraq, eyni fonetik tərkibə malik digər sözlərin də
yazılış qaydalarına yenidən baxmağa ehtiyac
vardır.
Məlumdur ki, Azərbaycan dilində qoşa y samiti ilə
yazılan maliyyə, ədliyyə, səhiyyə... tipli
sözlər də mövcuddur. Fikrimizcə, həmin qəbildən
olan sözləri qoşa y samitinə münasibətdə
aşağıdakı kimi 2 qrupa ayırmaq olar:
1.
Qoşa y səslərindən birinin tələffüzdən
çıxdığı sözlər.
Məsələn:
maliyyə (maliyə), ədliyyə (ədliyə), səhiyyə
(səhiyə), təhliyyə (təhliyə), hədiyyə
(hədiyə) və sair. Bu tip sözlərdə qoşa y - səslərindən
biri artıq tələffüz edilmir. Bu sözlərdə
tək y ilə tələffüz oturaqlıq
qazandığı üçün ikinci y səsi artıq
görünür və ya tələffüzü
ağırlaşdırır. Ona görə də həmin
sözlərin orfoqrafiyasına düzəliş etmək,
sözləri tək y ilə yazmaq qaçılmazdır.
2. Hələ
də qoşa y samitlərindən hər ikisinin tələffüzdə
saxlanıldığı sözlər.
Belə sözlərdə yanaşı gələn hər
iki y səsi tələffüz zamanı eyni səviyyədə
olmasa da işlədilir. Lakin həmin sözlərdə qoşa y
səslərindən birincisinin daha dərin,
ağırlıqlı, ikincisinin isə bir qədər
yumşaq, daha tez bitən, nisbətən zəif şəkildə
tələffüz edildiyi müşahidə olunur. Məsələn səviyyə, səciyyə, bələdiyyə,
tədiyyə kimi sözlərdə dil sanki hələ tək
y ilə düzələn sözlə mənanı ifadə
etməyə tam alışmamışdır. Yanaşı, qoşa işlənmələrinə
baxmayaraq onların arasında incə bir fərq vardır.
“Səviyyə” sözündə birinci y səsi
ilə müqayisədə ikinci y səsi çox zəif səslənir.
Sanki əvvəlki y səsi sonrakı ekiz samiti
sıxışdırmağa başlamışdır. Lakin orfoqrafiya lüğətində “səviyyə”
sözündə hələ ki, qoşa y -lardan hər ikisi
mövcuddur. Hətta adama elə gəlir
ki, bu sözlər tək y səsi ilə ifadə olunarkən
qoşa y səsi ilə olduğu səviyyədə mənanı
dolğun ifadə edə bilmir. Prosesin
bundan sonrakı inkişafını da zaman və dilin
özü diqtə edəcəkdir. Ya dil
“səviyyə”, “səciyyə” kimi sözləri tək y səsi
ilə tələffüz etməyə alışacaq, ya da bu
tip sözlər həmin mənanı ifadə edən
başqa bir sözlə əvəz olunacaqdır. Artıq birinci halın baş verməsinə dair
fonetik prosesin cizgiləri aşkar görünməkdədir.
Məsələn, “səviyyə” sözü ilə
eyni məxrəcdə tələffüz edilən “qəziyyə”
sözündə ikinci y səsi funksionallığını
itirmək üzrədir, yaxud da itirmişdir. Dilimiz qoşa y səsi ilə deyilən və
yazılan “qəziyyə” sözünü tək y səsi ilə
daha rahat tələffüz edir. Xüsusən,
“hal-qəziyyə” ifadəsində ikinci y səsi tələffüz
edilməyəcək qədər nazilmişdir. Dəqiq
müşahidə aparılarsa, müasir dövrdə birinci
halın üstünlük təşkil etdiyini, yəni “səviyyə”,
“tədiyyə” kimi sözlərdə qoşa y samitlərindən
ikincisinin zəiflədiyi, sıradan çıxmaqda olduğu
qənaətinə gəlmək mümkündür. “Bələdiyyə” sözü də “bələdiyə”
formatında işlədiləndə heç bir natamamlıq
yaranmır. Ona görə hazırkı vəziyyətdə
bu halın, ikinci y səsinin zəifləməsinin, əriyib
itməsinin dərinləşməyə, genişlənməyə
doğru bir proses olduğu müşahidə edilir. Hiss olunur
ki, dil özü daxili enerjisi ilə ikinci y səsini aradan
çıxarmaq üzrədir. Azərbaycan
dilində ən müxtəlif sözlərdə bərabər
hüquqlu qoşa y səslərindən təkhakimiyyətli y
səsi uğrunda mübarizə başlanmışdır.
Gec-tez bu tip sözlərdə də birinci y səsi hər
ikisinin yükünü daşımaq gücündə
olduğunu göstərə biləcəkdir. Və
dilin daxilində gedən bu mübarizə nəticə etibarilə
rahatlığa, sadələşməyə,
uyğunlaşmağa xidmət edir.
Eyni zamanda, “qəziyyə” sözünün artıq
dövriyyədən çıxaraq başqa sözlə əvəz
edilməkdə olduğunu da göstərmək olar. Diqqət yetirsək, indi “qəziyyə”
sözünün mənasını “məsələ”, “əhvalat”,
“əhval” sözləri də xeyli dərəcədə əvəz
edə bilir. Düşünürük ki, tək
y səsi ilə deyilən “qəziyyə” kəlməsi
artıq arxaikləşmişdir. Azərbaycan
dilindəki “təziyyə” sözü də eynilə “qəziyyə”
sözünün taleyini yaşayır. Yeri gəlmişkən,
deyək ki, yuxarıdakı “Eyni zamanda” sözləri ilə
başlayan cümlədə işlətdiyimiz “dövriyyə”
sözündəki ikinci y səsi də aktiv funksional deyildir.
Xüsusən, “dövriyyə” sözü şəkilçi
qəbul edilib
işlədildikdə ikinci y səsi demək olar
ki, tələffüz edilmir. Məsələn: dövriyədə,
dövriyəsi... və sair kimi sözlərdə indi bizim
yazdığımız şəkildə ikinci y səsinə
(hərfinə) ehtiyac duyulmur. Uzun zaman qoşa y
samiti ilə yazılan təhkiyyə, tövsiyyə sözlərinin
artıq “Orfoqrafiya lüğəti”ndə tək y ilə
yazılması y səsdüşümü hadisəsinin nəticəsində
baş vermişdir.
Bütün
bunlara görə, qoşa y səslərindən birinin tam
şəkildə tələffüzdən
çıxdığı maliyə, səhiyə, ədliyə,
dövriyə kimi sözləri yeni “Orfoqrafiya lüğəti”ndə
tərəddüd etmədən tək y samiti ilə yazmaq
lazımdır. Bu isə öz növbəsində
həmin sözlərlə ifadə olunan nazirlik və idarələrin
adlarının yazılışında da uyğun dəyişikliklərin
edilməsi zərurətini ortaya çıxarır.
Bundan
başqa, ikinci tərəfi xeyli dərəcədə zəifləsə
də bu gün dilimizdə qoşa y səsi ilə tələffüz
edilən və buna görə də yanaşı iki y samiti
ilə yazılan “səviyyə”, “səciyyə”, “bələdiyyə”,
“təziyyə”, “dövriyyə” kimi sözləri də hər
hansı bir şəkildə olur-olsun, bundan sonrakı növbəti
orfoqrafiya lüğəti zamanına qədər indi
olduğu kimi, yəni qoşa y səsi ilə saxlamaq
mümkün olmayacaqdır. Artıq dil öz
işini görməkdədir və geriyə
qayıdışa ümid yoxdur. Düşünürəm
ki, baş verməkdə olan, öz təbii axını ilə
irəli gedən bu prosesin labüdlüyünü nəzərə
alıb, bu dəfə dili qabaqlamaq, hazırlanmaqda olan
“Orfoqrafiya lüğəti”ndə o sözlərdə də tək
y ilə yazılışı təsbit etmək olar. Fikrimcə, belə bir addım tək y səsinə
doğru gedən təbii prosesi bir qədər də sürətləndirə
bilər.
Bu məqamda qoşa y səsi ilə yazılan ölkə
adlarının ortoqrafiyası məsələsinə də
toxunmaq istəyirəm. Məsələn: “Səudiyyə Ərəbistanı”
adında “Səudiyyə” sözündəki qoşa y səsləri
də Azərbaycan dilində bir y səsi ilə tələffüz
olunur. Heç bir ölkənin, o cümlədən də Azərbaycanla
da çox yaxın dost münasibəti olan Səudiyyə
Ərəbistanının yazı və tələffüz
qaydaları üzrə daxili işlərinə
qarışıb, bu adın həmin ölkədə necə
yazılmalı olması barədə mülahizə
yürütmək bizim işimiz deyildir. Bu, qədim
və zəngin ərəb dilçilərinin vəzifəsidir.
Lakin Azərbaycan dilində həmin sözün də orfoepik
qaydalarla orfoqrafik prinsiplərin uzlaşması əsasında
yazılmalı olduğunu demək, bu dost ölkəyə
xalqımızın daha doğma münasibətinin ifadəsi
olar. Beləliklə, “Səudiyyə”
sözündəki qoşa y səsləri tək y səsi
kimi tələffüz olunduğu üçün həmin
sözün Azərbaycan dilində orfoepik qaydalara uyğun
olaraq bir y samiti ilə yazılması məqsədəuyğundur.
Həm də nəzərə almaq
lazımdır ki, müasir ərəb dilində də “Səudiyyə”
sözü tək y ilə yazılır. Bizdə
isə bu söz son dövrlərə qədər maliyyə,
səhiyyə qəbilindən olan sözlərlə oxşar,
eyni məxrəcdə tələffüz olunduğu
üçün, necə deyərlər, bi qədər ibarəli
səslənsin deyə avtomatik olaraq qoşa y ilə
yazılmışdır.
Bundan başqa, yazıçı və şairlərimizin
əsərlərinin adlarında qoşa y səsi ilə ifadə
olunan sözlərə də münasibəti
aydınlaşdırmağa ehtiyac vardır. Məsələn,
XII əsrdə yaşayıb-yaratmış Əfzələddin
Xaqaninin məşhur “Həbsiyyə” əsərinin
adındakı iki yanaşı y samitləri indi necə
yazılmalıdır? Fikrimizcə, bədii
əsərlərin adında istənilən məqamda
tarixiliyi və müəllif hüququnu qorumaq lazımdır.
Bədii əsərlərin adları qrammatik
qaydalarla deyil, müəllifin təxəyyülü,
baxışları, onun yaşayıb-yaratdığı
dövrün, konkret ədəbi mühitin əsasında
formalaşır. Ona görə də
Əfzələddin Xaqaninin “Həbsiyyə” əsərinin
adındakı hər iki y səsi toxunulmazdır. Ayrılıqda isə “həbsiyyə” sözü
artıq canlı danışıq dili üçün və
hətta ədəbi dil baxımından da arxaikləşmişdir,
dilimizdə işlədilmir.
“Həbsiyyə” sözü yalnız
Əfzələddin Xaqaninin əsərinin adı olaraq
böyük şairin yazdığı şəkildə
yaşamaqda davam edir. Həmçinin Mirzə
Ələkbər Sabirin “Fəxriyyə” şeirinin adında
da böyük satirik şairin yazdığı kimi qoşa y
samitini saxlamağa borcluyuq. Bu məqamda “Fəxriyyə”
şeirinin adı məsələsində Mirzə Ələkbər
Sabirin başqa münasibətlə dediyi kimi “əvvəl nə
idiksə, yenə biz şimdi həmanız”. On bir bənddən ibarət olan şeirin yalnız
adında işlədilməsinə, mətndə özünə
yer almamasına baxmayaraq, həmin bircə kəlmə “Fəxriyyə”
sözünü ilk dəfə 26 avqust 1907-ci ildə “Molla Nəsrəddin”
jurnalında çap olunan və sonralar “Hophopnamə”lərin
hamısında eyni qaydada yazılan şəkildə, qoşa
y ilə yazmağa əməl etməliyik. Dil faktı kimi isə “fəxriyyə” sözündə
indi ikinci y səsi nəinki zəifləmişdir, hətta demək
olar ki, sıradan çıxmışdır və tək y
samiti ilə yazılmağa layiqli namizəd sayıla bilər.
Şəxs adlarındakı qoşa y səsi ilə ifadə
olunan xüsusi isimlərə gəldikdə isə burada da
yeni tövsiyə olunan adlarda Azərbaycan dilinin müasir
inkişaf proseslərindən çıxış edərək,
tək y səsi ilə ifadə edilən adlara müraciət
olunmasını məqsədəuyğun sayırıq. Əvvəlcədən
övladlara verilmiş adlarda isə istər-istəməz həmin
adların rəsmi sənədlərdə, xüsusən də
pasportda öz əksini tapmış qaydada adlandırmanı qəbul
etməliyik. Əgər vətəndaşın
adı pasportda qoşa y samiti ilə
yazılmışdırsa (Əhmədiyyə, Fikriyyə,
Şükriyyə sözlərində olduğu kimi), bu zaman tək
y samiti ilə yazılışa keçidi yalnız o adı
daşıyan şəxsin məsələni rəsmi qaydada həll
etməsindən sonra yoluna qoymaq olar.
Ümumiyyətlə,
hər iki qəbildən olub (iqtisadiyyat, yaxud maliyyə),
qoşa y samiti ilə yazılan və tələffüz edilən
alınma sözlərin bir çoxu dilimizə terminlər kimi
daxil olmuşdur. Bir vaxtlar həmin alınma
sözlərə meylin qüvvətlənməsi yazıda,
dövri mətbuatda “savadlı” görsənmək
“azarından” da doğmuşdur. Bu mənada
sözlərin qoşa y samiti ilə yazılması və
deyilməsi “savadlı”, “ibarəli” görüntüsü
yaratmağa da xidmət etmişdir. Böyük ədibimiz
Cəlil Məmmədquluzadə hələ XX əsrin əvvəllərində
“ibarəli yazmağa mayıl” olmağın mahiyyətini
aşağıdakı kimi açıqlamışdır: “Və
lakin bizim nəzərimizə gələn bu idi ki, əhli-qələmlərimizin
əksəri, doğrudan da ibarəli yazmağa mayıl idi. Və
ola bilər ki, asan və türkcə
yazmaqdan o səbəbə qaçırdıq ki, türkcə
yazanlar az savadlılar idi. Aşkar bir mətləbdir ki, hər
bir kəs qələmi əlinə alanda təhsil etdiyi ərəb
və fars dillərindən mümkün olduqca və yeri gəldikcə,
çətin və asan, hansı olursa-olsun,...
öz yazdıqlarını həmin bu dillərin ibarələri
və kəlmələri ilə doldururdular. Hərçənd
belə bir yazıçılarımız həqiqi
yazıçı və yazı ustadları deyil idilər,
amma xalqın gözündə alim görsənirdilər.
Doğrudan da bir kəs, xüsusən, savadı az olan bir kəs, çətin və ibarəli
və anlaşılmayan belə bir yazını oxuyub qanmayanda
da yenə buna “pəh-pəh” deyirdi. Və hərçənd
bu yazıdan feyziyab olmurdu da, genə bu yazının sahibini
elmli zənn edirdi”.
Əksər alınma sözlər, o cümlədən
də qoşa y samiti ilə yazılan sözlər alınma
olduğu üçün bədii dildən çox elmi və
siyasi üslubda olan yazılarda üstünlük təşkil
etmişdir. Həmin sözlər daha çox “savadlı
yazılardan”, dövri mətbuatdan bədii əsərlərin
dilinə girmiş, bundan sonra kütləvilik
qazanmışdır. Bu sözlər uzun
müddət dəbdə olmuş və çox işlənmişdir.
Lakin son yarım əsrdə zamanın ana dilinə
tələbatının artması ilə tələffüzdə
və yazıda sadələşmə prosesi
başlanmış, ibarəli danışmaq da, yazmaq da nisbətən
arxa plana keçmişdir.
Göründüyü kimi, müasir Azərbaycan dilində
Şərq mənşəli alınma sözlərin sadələşərək
milli ədəbi dil qaydalarına uyğunlaşması prosesi
gedir. Bu proses
yalnız dilimizin inkişafının göstəricisidir.
İnanıram ki, dilçi alimlərimiz Azərbaycan dilində
gedən alınma sözlərin milli ədəbi dil
normalarına uyğunlaşması prosesinin dərinliklərini
və incəliklərini, o cümlədən, qoşa y səsi
ilə deyilən sözlərin yazılışını
qrammatika elmi səviyyəsində daha geniş şəkildə
tədqiq olunub öyrənilməsini təmin edəcək,
“Orfoqrafiya lüğəti”ni yenidən hazırlayanlar isə
dilimizin müasir dövrdəki özünəməxsusluqlarını
nəzərə alacaqlar.
Var ol, Ana
dilim!
Yazımızı
böyük demokrat yazıçı, mərdi-mərdanə
şəkildə sadə, açıq ana dilinin keşiyində
dayanan, bu böyük işə azərbaycançılıq
düşüncəsinin işığında mühüm məsələ
kimi baxan vətəndaş ədib Cəlil Məmmədquluzadənin
aşağıdakı sözləri ilə tamamlamaq istəyirik:
“Dünya və aləm dəyişdi, mənalar özgə təbir
əxz elədi. Yəni bizim dildə söyləsək, o
şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb
əslini tapdı... Amma hamı buna qail oldu ki, vətən,
vətən, vətən, dil, dil, dil, millət, millət, millət.
Dəxi bu dairədən kənar bəni-noi-bəşər
üçün özgə nicat yolu yoxdur”.
Azərbaycan dilinin keşiyində dayanmaq Vətəni və
milləti inkişaf edib möhkəmləndirməyin nəinki
üzvi tərkib hissəsidir, hətta ən məsuliyyətli
və şərəfli bir missiyasıdır.
İsa Həbibbəyli
525-ci qəzet.-
2015.- 30 may.- S.11.