Akademik Bəkir Nəbiyevin 85 illiyi qeyd edilib  

 

 

Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanada (MEK) Əməkdar Elm Xadimi, Dövlət Mükafatı Laureatı akademik Bəkir Nəbiyevin 85 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib.

 

Tədbir çərçivəsində akademikin elmi yaradıcılığından bəhs edən sərgi açılıb, "Vətəndaş. Alim. Ziyalı" biblioqrafik soraq kitabının təqdimatı olub.

 

Sərginin açılışında MEK-in direktoru Leyla İmanova çıxış edərək mərasimin AMEA-nın 70 illik yubiley tədbirləri çərçivəsində keçirildiyini söyləyib. Bildirib ki, akademik Bəkir Nəbiyev ömrünün yarıdan çoxunu elmi fəaliyyətə həsr edib. Bu dövrdə alimin 60-dan çox kitabı işıq üzü görüb, o, 200-dən artıq elmi əsərin, minə yaxın məqalənin redaktoru müəllifi olub.

 

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli simalarından olan alimin həyat və elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, həm klassik, həm də müasir ədəbiyyat haqqında dəyərli əsərlərin müəllifi olan akademik zəngin yaradıcılığı ilə Azərbaycan elminə böyük töhfələr verib. Akademikin ədəbiyyatşünaslıq üzrə yüksək ixtisaslı elmi kadrların yetişdirilməsi sahəsində də böyük xidmətləri olub. Görkəmli alimin əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, "Şöhrət" və "İstiqlal" ordeni ilə təltif olunub, Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

 

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev B. Nəbiyevin ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərindən, elmi, pedaqoji, ictimai fəaliyyətindən danışıb, alimlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Azərbaycanda ədəbi-bədii fikrin formalaşmasında alimin mühüm xidmətləri olub. Bəkir Nəbiyev XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, yorulmaz tədqiqatçı, fədakar alim və tənqidçi kimi ədəbiyyatımızın tarixində əbədi qalmaq haqqını qazanmış insanlardandır. Alimin AMEA-dakı fəaliyyətini xüsusi qeyd edən K.Abdullayev B.Nəbiyevin Azərbaycan ədəbiyyatı sahəsində elmi məktəb yaratdığını söyləyib, onun zəngin mənəvi keyfiyyətlərindən, xeyirxah əməllərindən və yüksək vətənpərvərliyindən söz açıb.

 

Akademik İsa Həbibbəyli B.Nəbiyevin Azərbaycan elminin inkişafındakı rolunumövqeyini xüsusi qeyd edib, elmi yaradıcılığı barədə ətraflı məlumat verib. Onun bütün mənalı ömrünü ədəbiyyat elminin, mədəni düşüncəmizin inkişafına sərf etdiyini söyləyib. Bildirib ki, Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin görkəmli nümayəndələrindən, Azərbaycan elmi fikrinin qüdrətli simalarından idi.

 

Tədbirdə akademiklər Vasim Məmmədəliyev, Nailə Vəlixanlı, Tofiq Hacıyev, Abel Məhərrəmov, Teymur Kərimli, Xalq şairi Nəriman Həsənzadə, yazıçı Hüseynbala Mirələmov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və digər çıxış edənlər alimin çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən danışıblar.

 

Tədbir bədii hissə ilə davam edib.

525-ci qəzet.- 2015.- 5 noyabr.- S.7.