Bakı şəhər xalq teatrlarının festivalı keçirilir

 

 

Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq Bakı şəhər xalq teatrlarının festivalı gerçəkləşir.

 

Builki festival Mərdəkan xalq teatrının 95 illik yubileyinə həsr olunub.

 

Noyabrın 10-dək davam edəcək festival xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq məqsədilə keçirilir.

 

Festivalın ilk günü idarənin tərkibində fəaliyyət göstərən mədəniyyət evlərindən 7 kollektiv çıxış edib.

 

Qeyd edək ki, builki Bakı şəhər xalq teatrları festivalında iştirak edən kollektivlərin mövzuları məhz Mərdəkan xalq teatrının 95 illik fəaliyyəti dövründə oynanılmış əsərlərdən seçilib.

 

Qalibləri tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək.

 

Noyabrın 10-da Mərdəkan Mədəniyyət Sarayında festivalın qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək. Qaliblər Qran-pri, 1-ci, 2-ci, 3-cü yerlər, həmçinin müxtəlif nominasiyalar üzrə təltif ediləcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 7 noyabr.- S.16