Hərə öz imzasının arxasındadır

 

- Aqil Abbas dövrünün “Ədalət”i ilə, İradə Tuncay dövrünün “Ədalət”i arasında hansı fərqlər var?

 

-Yəqin ki, kəskin bir fərq olmaz. Çünki qəzetin ümumi prinsipləri var. Sadəcə redaksiyanın işçiləriylə iş prosesində bəzi dəyişikliklər ola bilər. Deyək ki, Aqil Abbasın hansısa sahəyə sərt baxışı var, İradə Tuncayın başqa bir sahəyə sərt baxışı ola bilər. Ümumilikdə, prinsiplər eynidirsə, elə bir kəskin fərq olmaz.

 

- İradə xanım, düşünürsüzmü ki, qadın səliqəsinin, qadın məsuliyyətinin buna təsiri oldu?

 

- Hə, əlbəttə. Mən bunu müsahibələrimdə də dəfələrlə demişəm ki, “Ədalət” qəzetinin dərcində elə bir mərhələ var idi ki, bəzi qarışıqlıqlar yaranmışdı. Mən fikirləşirdim ki, burada qadın əlinə ehtiyac var. Bəzən olur, subay kişilərin evinə baxırsan və hiss edirsən ki, burada qadın əli yoxdur.  Bizim həyatımızın hər bir sahəsini bir ev kimi götürsək, insan orada da bir səliqə-sahman yaratmağa ehtiyac duyur. Bəzən bir ötəri baxış belə hiss etməyinə yetərli olur ki, burda nəyisə dəyişməyə ehtiyac var.

 

- Adətən yaradıcı insanların müəyyən kaprizləri olur. Siz necə, kaprizli birisiz?

 

-Bilirsiz kapriz nə məsələdir? Məsələn, Hollivud ulduzları hansısa ölkəyə qastrola gedəndə şərtlər qoyurlar ki, mən qaldığım otaq mehmanxananın dördüncü mərtəbəsində olmalıdır, pəncərəm küçəyə açılmalıdır, işıq bu tərəfdən düşməlidir, fincanım rəngdə olmalıdır və s. Yox, mənim elə kaprizlərim yoxdur. Bəzən tanınmış informasiya agentliklərindən, qəzetlərdən yanıma gəlirlər və görürəm ki, hazırlıqlı gəlməyib. Əgər sən müsahibəyə gəlirsənsə və mənim vaxtımı alırsansa, zəhmət çək buna hazırlaş. Çünki mən gəncliyimdə kiminsə yanına müsahibəyə gedəndə onun haqqında bilmədiyim hər şeyi əvvəldən axıra qədər öyrənirdim.  Mənim kaprizlərim belə şeylərdədir. Bunu həm qarşındakı adama, həm də özünə sayğısızlıq sayıram. Jurnalistika elə bir sahədir ki, burada ikinci olmaq sənin həyatının boşa getməsi deməkdir. Səhnədir, kinodur, mətbuatdır, ədəbiyyatdır - bunlar elə bir sahədir ki, orada gərək birinci olasan. Birinci olursansa şöhrət də, pul da gəlir. Bəzən aktyorlar olur ki, 70 yaşa çatır, həmişə də deyinir ki, mənə diqqət eləmədilər, mənə hökumət orden, medal vermədi. Oynadığı rolla baxırsan, Hamletdə üçüncü kölgə, beşinci sklet. Ömrün boyu həyatın hər hansısa bir sahəsində baş rolda ola bilmirsənsə, bu artıq özünəsayğısızlıqdır. Bəlkə gedib hardasa bənna ola bilərdi, gözəl ev tikərdi. Bəlkə yaxşı dərzi olardı, gözəl paltar tikərdi. Niyə ömrünü xərclədi? Boşa getmiş ömürdür. Bax mən belə şeylərə kaprizliyəm.

 

- İradə xanım, yoldaşınız da yazı-pozu adamıdır. İki yaradıcı insanın münasibətləri maraqlıdır mənə. Problemlər olur?

 

-Evdə insan axı yazı-pozu adamı deyil. Ailə içində biz qadın və kişiyik. O ailənin rəisidir, mən də ikinci adamam. O qarşılıqlı güzəştlər sonradan formalaşır. Biz evlənəndə gənc insanlar idik, mətbuatda imzalarımızı təsdiq etməmişdik. Amma bizim bir-birimizə qarşılıqlı sevgimiz var idi. Buna görə də biz bu uzun illəri birlikdə yaşaya bildik. Söz-söhbət, çətinlik, stress hər bir ailədə olur. Bundan adlamağı bacardıq sadəcə.

 

-Güzəştə ən çox kim gedir?

 

-O gərgin məsələlərdə mənzərəyə baxır. Yəni hansı zaman kim, hansı situasiyada kim. Ümumilikdə prinsipə baxsaq, qadın daha çox güzəştə getməyə məhkumdur.

 

- Həyat yoldaşınız yaradıcı insandır. Siz hansısa problem yarananda onun bu xüsusiyyətini nəzərə alıb, məsələyə yanaşırsız. Bəs Aqil müəllim?

 

- Mən heç ondan bu haqda soruşmamışam ki, sən nəyə görə güzəştə getdin. Mənə elə gəlir ki, o belə şeyləri nəzərə almır.

 

- Sizin yazılarınızda da duyğusallığınız hiss olunur. Bu qadınlıqdan yaranan bir şeydir, yoxsa xüsusi bir səbəbi var?

 

- Yəqin o Allahın mənə verdiyi xasiyyətdir. Mənə elə gəlir ki, yaradıcı insanlarda duyğuların vüsəti, fontanı adi insanlardan fərqli olur. Ona görə onlar hisslərini çox gözəl ifadə edə bilirlər.

 

- Sizcə, qadın yazıçıların sayı niyə bu qədər azdır? Həqiqətənmi qadınların yazmağa ehtiyacı  yoxdur?

 

- Zorla kimisə yazıçı etmək olarmı? Qadınların ictimai həyata kütləvi axını XIX əsrin sonlarından başladı. Əvvəldən tək-tək qadınlar olub. Amma istisnalar ümumi mənzərəni dəyişmir. Antik Yunan ədəbiyyatını oxumusuzsa, orada Safo adlı şairə var. Çox gözəl sevgi şeirləri var. Amma görürsən ki, o böyük Yunan ədəbiyyatının içində ancaq bir damladır. Avropa ədəbiyyatında da tək-tək şairələr olub, amma yenə də deyirəm, bunlar ümumi mənzərəyə təsir etmir. Qadınların ictimailəşməsi üçün səbəblər çox olmalıdır. Əsas fiqur kimi nə zaman ortalığa gələ bilərsən? Ordu sənin əlində olsa, dini təlimləri yaymaq iqtidarında olsan və başqa bu tip səbəblər. Bunların heç biri qadınların əlində olmayıb. Hətta qadınların təhsil alması da böyük problem olub. Cəmiyyət bunu heç vaxt qəbul edə bilməyib. XIX əsrin sonlarından isə bu proses böyük inkişaf yolu keçdi və qadınlar elmi sahələrdə Nobel mükafatı almağa başladı. Məsələn, Mariya Küri. Qəbul etsək də, etməsək də Allah kişini qadından üstün yaradıb. Mən həmişə o qabırğa teoreminə inanıram. Mən inanıram ki, Allah kişi darıxmasın deyə, əylənsin deyə onun qabırğasından qadını yaradıb. Əyləncə olmayan qadınlar istisnalardır. Qadının əsas funksiyası nədir? Kişinin nəslini gələcəyə daşımaq, ondan olan uşaqları tərbiyə etmək. 90 faiz qadınlar bununla yaşayırlar. O 10 faizə hər kəs daxil ola bilmir.

 

- Mətbəxdə necəsiz, İradə xanım?

 

- Mən bir period oldu ki, uşaqlar böyüyənə qədər işdən çıxıb evdə oturdum. Həmin dövrdə mən ancaq mətbəxdə yaşamışam. Deyim ki, çox dadlı yeməklər də bişirə bilirəm. Uşaqlarım da həmişə ləzzətlə yeyiblər. Amma onlar böyüyəndən sonra kiçik oğlum Türkiyəyə getdi, böyük oğlum evdə tapılmadı. Elə bil onda mən mətbəximdən də incidim. Təklikdən sıxıldım, elə həmin dövrdə də “Space” telekanalında işləməyə başladım. Mənim mətbəxim artıq ictimailəşdi. Altı film çəkildi, böyük rezonans yaradan sujetlər oldu. Sonra mətbəxlə münasibətlərimi tamam kəsdim. İndi özüm bişirmirəm. Bir dövr oldu, xəstələndim, kömək etdilər mənə. İndi uşaqlar da narazılıq edir ki, ağzımızın dadı gedib. Bu ona görə deyil ki, mən gözəl yeməklər bişirirəm. Sadəcə insanın damaq zövqü səkkiz yaşına qədər formalaşır. O yaşa qədər nə yeyirsə beynində o qalır. Ona görə uşaqlara elə gəlir ki, anasının bişirdiyi yeməklər hamının bişirdiyindən dadlıdır. Uşaqlarım da bunu deyir. Amma indi hövsələm yoxdur mətbəxə girməyə.

 

- İradə xanım, xarakter etibariylə zəhmli birisiz. Heç olubmu ki, bu özünüzü də incitsin?

 

- Mən bilmirəm bu zəhm sözü mənim haqqımda niyə yaranıb. Sizə bir şey deyim. Mənim qardaşım olmayıb, iki bacı olmuşuq. Mən balaca olanda atam ağır xəstələndi. Bu elə yaş mərhələsi idi ki, mən özümü qorumağa məcbur idim. Ona görə üzünə bir maska taxırsan ki, sənə bir kimsə dəyib-dolaşmasın. O yük adamın üstündə qalır. Müəyyən illər keçir və o maska artıq sənin üzünə yapışır, çıxarda da bilmirsən. Yəqin ona görədir. Əgər mən kimləsə eyni tezliklərdə ola bilirəmsə, onda qarşımdakı insan görür ki, məndə qorxulu heç bir şey yoxdur.

 

- Elə bil insanlarla aranızda bir sərhəd müəyyənləşdirmisiz və o xəttdən yaxına heç kimi buraxmırsız.

 

-Yəqin belə lazımdır. Çünki mən görürəm ki, insanları həddən artıq yaxına buraxanda onlar həddini aşırlar. Yəqin o sərhədləri qorumaq lazımdır.

 

- Ümumiyyətlə çox  gec-gec yazırsız. Müsahibələrinizin birində də demişdiz ki, bəzən bir cümləni bir gün fikirləşirəm. Bunun əsas səbəbi nədir?

 

-Mənim sözə, yaradıcılığa, ədəbiyyata məsuliyyətim. Bir dövr oldu ki, mən çox intensiv işlədim. Hər həftə mənim yazılarım çıxırdı. Özü də ağır yazılar. Hansı ki, bunları yazmaq üçün bir ömür sərf etmək lazımdır. Bir yazının içində o qədər informasiya olur, o qədər yüklənir ki, mən özüm fikirləşirəm ki, bunu oxuyanlar bu qədər çətinliklə həzm edir, gör yazmaq necə çətindir. İnsanın ruh halı, ovqatı həmişə eyni olmur. Bəzən olur ki, yaradıcılıqda durğunluq yaranır, heç nə yaza bilmirsən. Hamıda olur bu - rəssamlarda da, bəstəkarlarda da, yazıçılarda da. Son vaxtlar hiss edirəm ki, yazmaq istəyirəm, amma qorxuram. Bir böyük fikrim var. Öz dövrüm haqqında yazıram.

 

- Bəlkə də Məmməd Arazın qızı statusu da sözün üstündə əsməyinizin bir səbəbidir.

 

- Yox, onun nə dəxli var ki? Elə bir adam tanıyırsızmı ki, atası yaxşıdı deyə onun yazdığını da yaxşı qəbul etsinlər? Əgər Anar özü yazıçı olmasaydı, Rəsul Rzanın oğlu olmağının bir əhəmiyyəti var idimi? Anarın özünün yazdıqlarına görə Anarı sevirlər. Hərə öz imzasının arxasındadır. Məmməd Arazın qızı evdə qalır. Onun qızı olmaq ədəbiyyatdakı yerinə heç bir təsir göstərmir. Mənim adım İradə Tuncaydır, bilməyən adam üçün nə fərqi var ki, kiməm, nəçiyəm. Amma oxuyub görür ki, hə xoşuna gəlir, ya da gəlmir.

 

- İradə xanım, bir şəkil var, atanız oturub, siz də gözlərinizi uzaqlara zilləmisiz. Danışan şəkildi əslində.

 

-  Bildim hansı şəkli deyirsiz. Həyətdə oturmuşuq. O mənim filmimdəndir. Onu mən filmdən stop kadr etmişəm. Mən ümumiyyətlə bu haqda danışmağı da sevmirəm. Bu mənim öz içimdə qalan dərdimdir. Mən bunu heç kimə arzu etmirəm, təsəvvür edin, 30 il yataq xəstəsi atanızın əvəzinə hər şey edirsən. Dırnağını tutursan, əlini yuyursan, yeməyini yedirdirsən (kövrəlir)...Nəysə.

 

- Bədxərclik edəndə iflas başlayır. Sizcə hissləri də qənaətlə xərcləmək lazımdır?

 

- Hisslər axı elə bir şeydir ki, onları idarə etmək hər adama müyəssər olmur. Adətən insanların hissi nə vaxt aşıb-daşır? Kiməsə aşiq olanda, gözəl bir əsərini yazıb bitirəndə. Bunları idarə etmək hər adam üçün deyil. Psixoloqlar deyirlər ki, insanın hisslərinin tüğyan elədiyi dövr üç ilə keçib gedir. Üç ildən sonra o səngiyir. Əgər insanlar bundan sonra münasibətlərini davam etdirmək fikrindədirlərsə, bu artıq bir enerjinin başqa enerjiyə çevrilməsidir. Fizikadan yadınızdadırsa, enerji itmir axı, bir şəkildən başqa şəklə keçir. Ona görə də hisslərin idarə olunması, harasa yönəldilməsi çox fərdi və özəl bir şeydir. Həm də bir az mürəkkəb məsələdir.

 

Hazırladılar:

Nərgiz Qasımzadə

Nərmin Süleymanova

Gülnar Hacıxanlı

Orxan Cuvarlı

IV kurs tələbələri

525-ci qəzet.- 2015.- 14 noyabr.- S16