Polşadakı festivalda "Axınla aşağı"nın təqdimatı olub

 

 

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Axınla aşağı" bədii filminin Polşadakı "Golden Anteaters" beynəlxalq film festivalında təqdimatı keçirilib.

 

Filmimiz 57 ölkə tərəfindən təqdim olunan 700 ekran əsərinin arasından seçilərək digər 8 tammetrajlı bədii film ilə festivalın əsas müsabiqə proqramında yer alıb. Festival noyabrın 28-dək davam edəcək.

 

Həmçinin "Axınla aşağı" filminin Romada keçirilən 16-cı "Asiatica, Encounters with Asian Cinema" beynəlxalq film festivalı çərçivəsində İtaliya premyerası reallaşıb. Festivalın əsas müsabiqə proqramında yer alan filmin Romada növbəti nümayişi noyabrın 24-də olacaq. Festival noyabrın 28-də başa çatacaq.

 

Qeyd edək ki, "Bizim kino günləri" proqramına daxil olan "Axınla aşağı" bədii filmini noyabrın 20-dən etibarən Nizami Kino Mərkəzi, "Park Cinema" "28 Cinema" kinoteatrlarında izləmək mümkündür.

 

İdmançı gənclərin həyatı fonunda cərəyan edən psixoloji ailə dramından bəhs edən filmin ssenari müəllifləri Asif Rüstəmov Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

 

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreevska, Teymur Məmmədov digərləri canlandırıblar.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 25 noyabr.- S7