İttihad və Tərəqqi necə quruldu?

 

Übeydullah ƏfƏndinin oynadığı rol

 

 

Təxminən qırx altı il bundan əvvəl Übeydullah əfəndi ilə necə tanış olmuşdum? Əsgəri tibb məktəbinin tələbəsi idim. Bura Peterburq Universitetində təhsilimi bitirdikdən sonra gəlmişdim. Danışığımda hələ də Azəri şivəsinin təsirindən qurtara bilməmişdim. Yəni tam qurtara bilməmişdim. Yoldaşlarımın tövsiyəsi ilə ləhcəmi düzəltmək üçün boş vaxtlarımda Üşşaqizadə Xalid Ziyanın hekayələrini diqqətlə oxuyurdum.

 

Bu səbəbdən Xalid Ziyanı qiyabən sevdim və məndə dil xüsusunda bəzi məsələlərlə bağlı onun fikirlərini öyrənmək arzusu oyandı. Niyyətimi dostlarımdan diyarbəkirli mərhum İshaq Sükutiyə söylədim. Sükuti:

 

- Çox gözəl! - dedi, - irəlidə boş günlərimizdən birində bərabər gedər, Uşşaqizadəni ziyarət edərik. Amma ondan əvvəl gəl səni  gənc türklərdən biri olan fazil və ədib bir şəxslə görüşdürüm. Türkiyədə hürriyyət yolunda çalışan necə dəyərli insanlar olduğunu gözlərinlə gör. Dediyim şəxsin adı Übeydullah Əfəndidir. İndi bir işlə bağlı yanına gedirəm. Birlikdə gedəkmi?

 

- Məmnuniyyətlə.

 

Bir az sonra Sarayburnundan Sirkəçiyə tərəf yol aldıq və stansiya yaxınlığındakı qəhvəxanalardan birinə girdik. Sakit bir küncdə uzun boylu, zəif bədən quruluşuna malik, qara saqqallı bir adam oturmuşdu. Orada İshaq Süqutini gözləyən Übeydullah Əfəndi idi.

 

Sükuti məni təqdim etdi:

 

- Keçən dəfə haqqında sizə danışdığım rus nihilisti Əli bəy!

 

Belə təqdimatdan  xoşlanmasam da, səsimi çıxarmadım.

 

- Bu necə olur? Həm Əli, həm də rus nihilisti?

 

İshaq “Pardon, türk nihilisti demək istədim” - deyə düzəliş verdi.

 

- Hə, bu başqa məsələ.

 

Sonra bir az oradan-buradan danışdıq. Nəhayət, söhbət Rusiyadakı inqilab və azadlıq mübarizəsi mövzusu üzərinə gəldi.

 

Mən Peterburq, Moskva, Qazan universitetlərindəki siyasi hadisələr (1885-1886-cı illər) barəsində söhbət açdım. Bütün bunların nəticəsi olaraq tələbə dostlarımın bir qisminin və həmin dövrdə yaxşı kimyaçı kimi ad çıxarmış Saşa Ulyanovun (Leninin böyük qardaşıdır) necə tutulub edam olunmalarından bəhs etdim. Bu münasibətlə bir az da universitet tələbələri içərisindəki gizli inqilabi təşkilatdan, benzinin altı bucaqlı kimyəvi rəmzi şəklindəki altı üzvlü qrupların birləşməsi nəticəsində meydana çıxan və qarşısına rejimi devirməyi məqsəd qoyan geniş özəklərdən danışdım.

 

Sözlərimi dinləyən Übeydullah Əfəndi İshaq Sükutiyə tərəf çevrilərək:

 

- Əzizim, görürsənmi, təşkilatsız heç bir iş görmək mümkün deyil, - dedi. Sonra saatına baxıb ayağa qalxdı.

 

- İshaqla bərabər bir dostun yanına dəvətliyik. Yaxın günlərdə yenə görüşərik. Müsaidənizlə...

 

Mən də onlardan ayrılıb birbaşa məktəbə qayıtdım.

 

Bu söhbətdən bir neçə gün sonra dərs otağında tək olduğum zaman İshaq Sükuti özünü yanıma verdi. Credit Lyonnais bankı ilə Şirvanda yaşayan nənəmdən cib xərcliyi kimi müəyyən miqdar pul aldığımı haradansa eşitmişdi. Dedi:

 

- Cəmiyyətimizə bir az para verəcəksən. Səni də üzv yazdıq.

 

- O nə cəmiyyətdir?

 

- Yadında deyil? Bir neçə gün əvvəl Peterburq universitetində gizli inqilabi təşkilatdan bəhs açmışdın. İndi biz də neçə yoldaş burada toplaşıb “Tərəqqi və İttihad” adlı bir cəmiyyət təsis etmişik.

 

- Cəmiyyətdə kimlərin olduğunu soruşa bilərəmmi?

 

İshaq müxtəlif kurslardan etimad doğuran, sağlam səciyyəli, hürriyyətpərvər əqidəli bəzi yoldaşlarımızın  adını çəkdi.

 

Diqqətim verdim: adları sadalanan bu adamların çoxu arada-sırada fürsət tapan kimi Übeydullahı ziyarət edənlər idi.

 

Cəmiyyətin ilk üzvləri kimi adları yadımda qalan əsas simalar bunlardır:

 

Doktor İbrahim Temo (indi Rumıniyadadır), diyarbəkirli mərhum Dr. A. Cövdət, mərhum şair Dr. Əhməd Cövdət, göz həkimi, Dr. İsmayıl Şükrü (indi Misirdədir), Vaşinqton səfiri B.Münirin əmisi Dr. Cəmaləddin (Üsküdarın Sultantəpəsində yaşayır), Fərid Paşanın məşum dövründə intihar edən Dr. Çərkəz M. Rəşid, Berlində şəhid edilən mərhum Prof. Dr. Baha Şakir, Misirdə vəfat edən mərhum Dr. Şərəfəddin Məğmumi və bütün bu şəxslər haqqında hərtərəfli məlumat sahibi olan Dr. Nazim (Əskişəhirlidir).

 

Anlaşıldığı kimi, “Tərəqqi və İttihad” cəmiyyətinin tibb tələbələri arasında doğulub təşkilatlanmasında Übeydullah Əfəndi mühüm bir rol, necə deyərlər, bir mamaça rolu oynamışdı.

 

- Çox yaxşı, - deyə Sükutiyə cavab verdim. - Cəmiyyət üçün istədiyin pulu verirəm. Amma bir şərtlə ki, adım heç  yerdə yazılmasın. Daha doğrusu, nə mənim, nə də digər yoldaşlarımızın adını heç bir dəftərə, heç bir kağıza, bir sözlə, heç yerə qeyd etməyin.

 

Allah göstərməsin, belə siyahı xəfiyyələrin əlinə düşsə, vay halımıza!

 

İshaq dedi:

 

- O cəhətdən əsla narahat olma! Biz ehtiyatlı adamlarıq.

 

Amma aradan çox keçmədən qorxduğum başqa bir şey başımıza gəldi.

 

Xəfiyyələr Əsgəri Tibbiyyə tələbələrinin Übeydullah, Üşşaqizadə və başqa bu kimi “şübhəli adamlarla” sıx-sıx görüşdüklərini, onların təşviq və təhriki ilə bir sıra zərərli kitablar, fəsad doğura biləcək risalə və bəyannamələr oxuduqlarını xəbər vermişdilər. Bu məsələ ortaya çıxan kimi məktəb yataqxanası, dərs otaqları xəfiyyələrin, Ulduz sarayı ajanlarının və onlara rəhbərlik edən daxiliyyə zabitlərinin basqınına uğradı. Və təbii ki, xeyli zərərli intibahnamələr ələ keçirildi, onların sahibləri isə həbs olundular.

 

Mənim kitab və kağızlarımın arasından bir şey tapa bilməmişdilər. Çünki dostlarımdan mərhum polyak Jül basqın xəbəri alınar-alınmaz özünü yetirmiş, bütün etirazlarıma baxmayaraq şəxsi nöqteyi-nəzərindən xəfiyyələrin zərərli saya biləcəkləri əsərləri seçib ayırmışdı. Onların arasında Midhət Paşa, Əli Süavi, Namiq Kamal və bu kimi digər şəxslərdən söz açan, alman dilində qələmə alınmış “Das Moderne Turkthuum” (“Müasir türklük”) adlı kitabı isə vərəq-vərəq qoparıb cərrahiyyə korpusunun arxasındakı zibilliyə atmışdı.

 

Beş-on dəqiqə sonra əşyalarımı araşdıran məmurların aşkara çıxarıb müsadirə etdikləri əsərlər yalnız Azəri müəlliflərindən mərhum Mirzə Fətəli Axundzadənin komediyaları ilə Molla Pənah Vaqifin Leypsiqdə çap edilən şeirlərindən ibarət oldu.

 

Vəziyyətin bu şəkildə dəyişməsinə baxmayaraq məni də həbs etdilər. Ertəsi gün sorğu-suala çəkmək üçün məktəbin daxiliyyə zabitlərindən bəziləri ilə Ulduz sarayından gəlmiş bir sıra paşa və yavərlərdən ibarət heyətin hüzuruna çıxardılar. Divana sədrlik edən şəxs üzünü mənə tutub dedi:

 

- Gəl görək, filosof əfəndi. Sənə də suallarımız var.

 

- Əmr edərsiniz.

 

- Fəlsəfə kitabları oxuyursan. Həm də yoldaşlarını belə əsərlər oxumağa təşviq edirsən. Bir həkimlik məktəbində bu nə deməkdir?

 

- Xeyr, əfəndim. Mənim belə şeylərlə məşğul olduğum yoxdur. Olsaydı, kitablarımın arasından fəlsəfəyə dair əsərlər də çıxardı.

 

- Özünə belə əminsən?

 

- Əfəndim, mən indiki halda fəlsəfə kitabları oxumuram. Çünki vaxtı ilə bütün böyük filosofların əsərlərini mütaliə etmiş, bu səbəbdən də fəlsəfə sahəsində gözümün qurdunu öldürmüş adamam.

 

Rəis sərt bir sifətlə dedi:

 

- Demək, hər halda oxuduğunu etiraf edirsən. O zaman söylə görək, fəlsəfəyə dair hansı əsərləri oxudun?

 

- Məsələn, qədim dövrdən yunan filosofu Platonun bəzi dialoqlarını rus gimnaziyasındakı yunan dili müəllimlərimiz bizə dərs kimi oxutmuşdular. Yenilərdən də məsələn, ingilis filosofu Herbert Spenserin bir neçə əsərini oxudum.

 

- Hansı əsərlərini?

 

- Education (“Təhsil”), Classification de sciences (“Elmlərin təsnifi”).

 

- Bunlar türkcəyə tərcümə edilibmi?

 

- Bilmirəm. Rast gəlmədim.

 

- Çox yaxşı. Bəs əsli türkcə yazılmış əsərlərdən nə oxumusan? Söylə, baxaq.

 

- Tibb kitablarından başqa nə oxuya bilərik ki?

 

- Məsələn, Namiq Kamalın yazılarını...

 

Aman! Namiq Kamalın adı çəkildiyinə görə “Das Moderne Turkhuum” kitabını vərəq-vərəq cırıb zibilliyə atan Jülün xəyalı gözlərim önündə canlandı.

 

- Bu adı eşitmişəm, amma yazdıqlarını oxumamışam. O da filosofdur?

 

- Əsərləri yoldaşlarınızın əlində dolaşır, görmədinizmi?

 

- Xeyr, görmədim. Dərslərdən göz açmaq olur ki?

 

- Lap yaxşı. Bəs yazıçılardan Xalid Ziyanı necə, tanıyırsan?

 

- Üşşaqizadə Xalid Ziyanı deyirsiniz?

 

- Demək, tanıyırsan və özü ilə də görüşürsən?

 

- Xeyr, əfəndim.

 

- Hələ bir dur! Biz sənin Üşşaqizadə ilə görüşməyin barədə xəbər almışıq. Boş-boşuna inkar etmə.

 

- Burada bir yanlışlıq var. Üşşaqizadə ilə görüşmək istəyirdim. Amma hələ mümkün olmayıb.

 

Məni sorğu-suala tutan şəxs heyrətlə, bir az da hiddətlə:

 

- Yaxşı, onunla niyə görüşmək istəyirsən? - deyə sual etdi.

 

- Oxumaqda olduğum hekayələrində anlamadığım yerlər var. Çox alafranqa (firəng sayağı - V.Q.) yazır.

 

(Bu “alafranqa” kəlməsini təzə öyrənmişdim. Amma nə dərəcədə yerinə düşüb-düşmədiyini bilmirdim).

 

- Allah! Allah! Canım, sən doktor olacaqsan! O hərifin (!) hekayələrini, romanlarını nə deyib də oxuyursan?

 

- Bilirsiniz ki, mən Qafqazdan gəlmə türkəm. O əsərləri dilimi düzəltmək, Osmanlıcaya, xüsusən də İstanbul şivəsinə alışmaq üçün oxuyuram.

 

- Dilini düzəltmək üçün xocalarınızın mühazirələrini diqqətlə dinləmək, təmiz osmanlıca yazılmış kitabları mütaliə etmək yetərli deyilmi?

 

Mən sadəlövhcəsinə cavab verdim:

 

- Nə bilim, dostlar belə məsləhət gördülər. Doğru-dürüst danışa bilmək üçün Üşşaqizadənin hekayələrini oxumağım gərəkmiş! - dedilər. Hətta bəndəniz dilimi düzəltməkdən ötrü daha çox çalışmalı olduğumu buyuran Zəki Paşa (mərhum topçu marşalı) həzrətlərinə də bunu ərz etmişdim. Amma Paşa da “Onun yazılarını oxuma!” - deyə bir şey söyləməmişlərdi.

 

Sorğu-sual edən şəxs bu sözləri eşidincə bir az fikrə getdi, sonra üzünü yanında oturanlara tutub soruşdu.

 

- Əfəndiyə başqa  sualınız varmı?

 

- Əsl mühüm olan Übeydullah Əfəndi məsələsidir. Arkadaşlar, bunlar dəftərlərinin, kitablarının arasından çıxan bir sürü intibahnamələri, saçma-sapan yazıları ondanmı alıblar? Əfəndinin bu barədə hər hansı məlumatı varmı? Übeydullah Əfəndini şəxsən tanıyırmı?

 

İndi bayaqdan bəri soruşulan sualların ən təhlükəlisi ilə qarşı-qarşıya idim. Əcəba, bu zabitin də dediyi kimi, görüşülməsi çox əhəmiyyətli məsələ sayılan həmin şəxslə bir neçə gün əvvəl tanış olduğumu söyləməyə cəsarətim çatacaqdımı?

 

Şükürlər olsun ki, buna ehtiyac qalmadı. Masanın uc tərəfində oturan və sualları diqqətlə dinləyən daxiliyyə zabitlərimizdən minbaşı (mayor - V.Q.) Rauf bəy ya mənə bəslədiyi hüsnü təvəccöhdən, ya da Zəki Paşanın adamlarından olduğu üçün sorğulara müdaxilə edərək:

 

- Canım, - dedi, - bu dağıstanlı əfəndi o cür fitnə-fəsad toxumu səpən sərsəriləri (!) haradan tanıyacaq?

 

Gözüm Rauf bəyin gözünə sataşdı. Baxışdıq. Gözlərində “Übeydullah Əfəndi Üşşaqizadəyə bənzəməz haa! O çox təhlükəli adamdır. Görüşmüsənsə belə, sakın, söyləmə” - kimi bir məna vardı.

 

Təbii ki,  eyni masa arxasında oturmuş  həmkarının yalanını çıxarmaq yersiz hərəkət olardı. Odur ki, rəis daha yumşaq ahənglə soruşdu:

 

- Demək, Übeydullah adlı birisini tanımırsan, eləmi?

 

- Xeyr, tanımıram.

 

- Yaxşı. O biri əfəndiləri çağırın. Sənə isə iki həftə həbs cəzası!

 

- ?!

 

- Üşşaqizadə ilə görüşmək istədiyin üçün! Bəlkə bundan sonra ağlını başına yığar və o cür hekayəçi həriflərlə tanış olmaq fikrindən vaz keçərsən.

 

Üşşaqizadə ilə görüşmək arzusunun cəzası iki həftə həbs idisə, kim bilir, Übeydullah Əfəndi ilə görüşümün aşkara çıxacağı təqdirdə cəzam nə qədər olacaqdı?

 

Həbsdən çıxandan sonra təbii ki, ağlımızı başımıza topladıq. Bir müddət nə təhlükəli sərsərilərlə, nə də hekayə və roman yazan şübhəli həriflərlə görüşmək arzusunu ağlımıza gətirmədik. Və əslində daha buna ehtiyac da qalmamışdı. Onların tələbə ruhuna aşıladıqları hürriyyət eşqi Sarayburnundakı məktəbin çinarları arasında özünə sağlam bir yuva qurmuşdu.

 

Əsgəri Tibbiyyə məktəbinin uğradığı basqınların üzərindən illər keçdi. Türkiyədə Məşrutiyyət elan olundu (1908). Mən bu vaqeədən altı-yeddi il əvvəl fərar etdiyim Qafqazdan, Übeydullah Əfəndi isə sürgündə olduğu Hicazdan qaçıb bir müddət yad ellərdə gəzib-dolaşandan sonra yenidən İstanbula qayıtdıq.

 

Çağaloğlu səmtində yaşadığımız evlər biri-birinə çox yaxın idi. Artıq daha yaxından dostluq edib sıx-sıx görüşməyimizə heç bir maneə qalmamışdı.

 

Bəzi gecələr Ağaoğlu Əhməd, şair Mithət Camal, yəmənli Əbdülvahab və başqa dostlar Übeydullahın öz əlləri ilə dəmlədiyi nəfis çayı içmək, onun istibdadla mücadilə hekayələrini, qürbət ellərdəki qəribə sərgüzəştlərini dinləmək, ən başlıcası isə ictimai, siyasi və dini çalışmalarından istifadə etmək üçün evində toplanır, çox xoş vaxt keçirirdik. Mən bu yazımda mərhum Übeydullahın həyatı ilə bağlı bir-iki məqama aydınlıq gətirmək və onların üzərinə diqqət çəkmək istərdim.

 

1. Übeydullah Əfəndi “Tərəqqi və İttihad”ın tibb tələbələri arasında doğulub təşkilatlanmasında çox mühüm bir rol, bəlkə də rolların ən mühümünü oynamışdır.

 

2. Mərhum yalnız islamçı deyil, həm də bir az türkçü idi. Onun türkçülüyü ta Amerikaya səyahətləri zamanından  başlamışdı.

 

3. Bir də zənn və təxminlərimə görə, Übeydullah Əfəndi rus-yapon müharibəsinin ardınca bəzi təxribatlar nəticəsində Qafqazda başlanan erməni-müsəlman qarşıdurmasında (1905) barışdırıcı rol oynamışdı. Ancaq məsələ ilə bağlı dəqiq məlumata malik deyiləm və bu baxımdan da xatirələrim çox sönükdür.

 

Yalnız bu qədərini xatırlaya bilirəm ki, mərhum həmin o qarışıq zamanlarda öz sözləri ilə desəm, həm ziyarət, həm də ticarət məqsədi ilə Bakıya gəlmiş və neft mədənlərində, xüsusən də Mantaşevin müəssisələrində bəzi təhqiqatlarda bulunmuşdu. Bəlkə hər hansı bir münasibətlə Qafqaz qəzetlərində Übeydullah haqqında məlumata rast gələrəm fikri ilə əski qəzet komplektlərini gözdən keçirdim. Lakin mərhumun özünün iki məqaləsindən başqa bir şey tapa bilmədim. Bunlardan biri siyasi mahiyyət daşıyır və Akabe məsələsinə (söhbət 1906-cı ildə Qırmızı dəniz sahilindəki liman şəhəri Akabe ilə bağlı Osmanlı imperiyası və Böyük Britaniya arasında meydana çıxan münaqişədən gedir - V.Q.) dairdir. “Füyuzat” məcmuəsində “Müsəlmanlıq” başlığı altında dərc olunan məqalə isə daha maraqlıdır və Übeydullah Əfəndinin o zamankı dini baxışlarına işıq salan bir sənəd sayıla bilər.

 

Şəxsiyyəti Şərq və Qərb mədəniyyətlərinin qəribə bir qovuşuğundan hasil olan Übeydullah  mənim fikrimcə millətlərin nadir yetişdirdiyi şəxsiyyətlərdəndir. Onun türk ruhu mənə bir az məşhur iranlı Şeyx Sədinin, bir az da irlandiyalı Sviftin mayası ilə yoğurulmuş kimi görünür. O da öz səyahətlərində zarafatcıl Qulliver kimi dəfələrlə güldürücü və gülünc vəziyyətlərə düşmüşdü.

 

Digər tərəfdən onun qəribə sərgüzəştlərlə dolu bu cövlanları nəhayət günün birində Malta cəngavərlərinin ölkəsinə əsir kimi getməsi şirazlı şairin səyahətlərini və onun səlib ordularının əlinə əsir düşməsini xatırlatmırmı?

 

Bəlkə soruşacaqsınız:

 

- Übeydullah da şair idimi?

 

- Bəli, o da şair idi. Lakin onun şeirləri nə epik, nə lirik, nə də erotikdir.

 

(Elə olsaydı, həyatının son gününə qədər subay qalardımı?) Yaddaş dağarcığı kimi tanınan, “Gülüstan”lar, “Bustan”lar kimi xoş, əyləndirici, ibrətamiz hekayələrlə, hadisələrlə, lətifə və zarafatlarla dolu olan Übeydullahın şeir sahəsində yazdığı əsərlər, səhv etmirəmsə, didaktik mənzumələrdən ibarət idi. Hətta məktəbdə müəllimlik etdiyi illərdə bəzi dərsləri belə nəzmlə yazmışdı.

 

Canım-gözüm Übeydullah kimi fəzl və kamal sahibi olan adam Muxtar Camallarla, Əli Əkrəmlərlə yoldaşlıqmı edərdi? (İttihad və Tərəqqiyə yaxınlıqları ilə tanınan hər iki şəxs cəmiyyətdə o qədər də yaxşı reputasiya sahibi deyildilər - V.Q.) Übeydullahın şair Abdullah Cövdətlə də dostluğu vardı, amma sonradan araları dəymişdi. Xüsusən Əbdülhəqin (Hamid) yaxın dostu, pərəstişkarı olar, onunla oturub-durar, ölərkən belə mərhumun yanında yatmaq istər də, bütün bunların nəticəsində şair olmazdımı? Əlbəttə, o da Sədi kimi “Kemal həmnişin bər mən əsər kərd” - deyə bilmişdi.

 

Daha nə var? Yoxsa Übeydullahın şəxsiyyətində böyük bir şairin dühasından izlərmi aramaq fikrinə düşmüsən?!... Buna çox da ürək eləmirəm. Amma iki dostu (söhbət Əbdülhəq Hamid və Übeydullah Əfəndidən gedir - V.Q.) bir-biri ilə müqayisə etmək mümkündür, - deyə düşünürəm.

 

Daim yüksəklərdə, sükuta dalmış şəkildə, göylərin dərin ülviyyəti içərisində, qanadlarını geniş açaraq pərvaz edən Hamid  Bayron, yaxud Viktor Hüqo əyarında böyük bir şair idi. Həm də qabına, varlığına sığmayacaq dərəcədə böyük bir şair! Bu cəhət məlum!.. Bəs Übeydullah kim idi? Peqasdan (qədim yunan mifologiyasında ilham pərilərini səmalara qaldıran qanadlı at - V.Q.) məhrum olan, daim sadəcə yer üzündə, öz ayaqları üstündə gəzib-dolaşan və zatən heç şairlik iddiasına da düşməyən Übeydullah şeirə bənzər bir şeylər yazmışdısa da, az yazmışdı. Hətta Parnasda məskunlaşmış şairimiz Yəhya Kamaldan belə çox az yazmışdı!... Fəqət şeir vadisində bir kəpənək qədər yüksəlməmiş olsa da, Übeydullah hürriyyət yolunun milli və siyasi prinsiplər meydanında çox yüksək ruhlu mücahidlərdən biridir. Bəli, o, yer üzündən ayrılmamışdı. Çünki daim xalqı maarifləndirmək üçün gah yurdunun hər hansı küncündə-bucağında, gah da yurdun hüdudları xaricində bezmədən, yorulmadan işləyib çalışmışdı. Bunun üçün bəzən də uzaq sürgünlərdə sürünmüşdü.

 

Hamid isə ilhamın güclü bir partlayışı, daşıb çağladığı anlarda hər şeyə nüfuz edən nəzərləri ilə “buludları aydınladaraq  ara-sıra yer üzünə göydən bir işarət eyləmişdir”.

 

Hamidin, daha doğrusu, Hamidlərin yüksək ideal işarətlərini anlayan, qavrayan Übeydullah bunları bir az da özünün dini, fəqət realist fəlsəfi islahatları ilə yoğuraraq dövrün yeni yetişən nəsillərinə anlatmağa və türk gəncliyinə bir inqilab ruhu aşılamağa çalışmışdı. 

 

Bu surətlə bütün bir dövr ərzində biri-birinin sanki yol yoldaşı olan bu iki vəfalı dost nəhayət böyük öndərimiz Atatürkün müqəddəs dühası sayəsində arzusunda olduqları məramın artıqlaması ilə gerçəkləşdiyini, həyata keçdiyini gördükdən sonra, necə deyərlər, gözləri arxalarında qalmadan yenə birlikdə bir əbədi nura qovuşaraq əzəldən gəlib əbədiyyətə getmişdilər. (Lap Hamidin “Məqbər” şeirində deyilən kimi: “getdi əbədə gəlib əzəldən”.

 

Bir gün Übeydullah mənə Şeyx Sədinin vətənində bir səyahətə çıxacağını dedi. Cavabında söylədim:

 

- Ustad, adınız Übeydullah olaraq qaldıqca qorxuram səyahətiniz “Səyahətnameyi-İbrahimbəy”dəki idealist iranlı gəncin (Misirdə doğulub böyümüş bir İran Don-Kixotunun ) səyahətlərindən daha macəralı və təhlükəli olsun. Mən bunu söyləyərkən mərhum xətib Ömər Nacinin bir iran həbsxanasında adı ucbatından başına gələnləri hələ eşitməmişdim (Səməd Ağaoğlunun “Atamın dostları” adlı memuarlar kitabında yazdığına görə, sünni məzhəb olması və Ömər adı daşıması səbəbindən Nacini Məşrutə dövründə düşdüyü İran həbsxanasında ələ salır, döyüb incidirmişlər - V.Q.) Ustad belə cavab verdi:

 

- Adımın Kərbəla vaqeəsinə səbəb olan İbn-Ziyadı xatırlatdığını söyləmək istəyirsən? Amma iranlılar arasında Übeydullah adının yerinə buna yaxın olan İbadullah adı çox işlənir. Mən də orada təbii ki, dönüb bir İbadullah olaram.

 

- Daha yaxşısı bir Mirzə İbadullah!

 

- Xeyr, daha münasibi bir Şeyx İbadullah olmaqdır.

 

Məlumdur ki, macar şərqşünası Vamberi də İran və Türküstan tərəflərdə gəzib dolaşarkən bir şeyx qiyafəsinə girmişdi.

 

O halda bir məsələ yoxdur! Sədilər, Hafizlər, Ürfilər yetişdirən Şiraza, məşədi olmaq həvəsiniz varsa da İmam Əli Rzanın Məşhədinə qədər yolu uzadıb qarış-qarış İranın hər tərəfini gəzə bilərsiniz. Ancaq əvvəlki “Səyahətnameyi-İbrahimbəy”i oxuyun, sonra bunun bir bənzərini də siz yazarsınız. Əminəm ki, ortaya çox maraqlı şey çıxa bilər. Çünki hər kəsə bəllidir: Amerika maddi qəribəliklər ölkəsidirsə, İranda mənəvi əcaibliklər diyarıdır.

 

- Səyahət zamanı ciddi bir şey yazmaq elə də asan iş deyil. Məsələnin siz deyən tərəfini İrandan qayıdandan sonra düşünərik. Hər halda müşahidələrimi qeydə alacağam.

 

Übeydullah əfəndi haqqındakı bu xatiratımı bir istəklə bitirmək istərdim: Bilmirəm, mərhum səyahətlərini, bu səyahətlərdə və ümumiyyətlə istibdada və hər növ irticaya qarşı  uzun mübarizə həyatında başına gələnləri yazıya almışdımı? Özündən sonra miras buraxdığı kağızları arasında bu istiqamətdə olan yazılar varmı? Varsa, bunların mümkün qədər tezliklə nəşrini, təbii ki, hər kəs arzu edər. Yox, əgər belə bir şey yoxdursa, o zaman mərhumun ziyalı dostlarının üzərinə bir vəzifə düşür: o da Übeydullahla bağlı xatirələrini, ondan eşidib öyrəndiklərini yazmaq, sonra bunları bir kitab halında çap etməkdir. Əminəm ki, belə bir kitab Sviftin “Qulliverin səyahəti”, yaxud Sternin “Sentimental səyahət” kitabları qədər ləzzətlə oxunar, maraqlı və istifadəyə yarayan bir əsər olar.

 

Azərbaycan türkcəsinə uyğunlaşdıran Vilayət Quliyev

Əli bəy HÜSEYNZADƏ

525-ci qəzet.- 2015.- 28 noyabr.- S.14-15;30