İkinci atəş

 (hekayə)

 

 

 

Avtobusda rahatca oturub pəncərədən su kimi axıb arxada qalan mənzərələri seyr edə-edə yol getməyin də özünün bir gözəlliyi, romantikası var. Hərdən gözlərini yumursan, xəyalın cilovsuz at kimi baş alıb ucsuz-bucaqsız səhralara doğru çapdıqca çapır. Bir azca da kövrəlirsən, nostalji hisslərə qapılırsan. Belə duyğulu vaxtlarımızda iç dünyamızın açıq qalmış qapısından astaca içəri keçir, günbəgün, saatbasaat yaşadığımız ömrün günlərini kitab kimi vərəqləyib, gah ötən illərə qayıdır, gah da qabağa sıçrayaraq gələcək həyatımızı gözlərimiz önündə canlandırırıq. Budur, mən də bu gözəl anları yaşaya-yaşaya, asfalt yolda şütüyən avtobusun pəncərəsindən ətrafı seyr edə-edə ölkənin paytaxtına tələsirəm. Bakıya tərəf uzanan bu yolların hər qarışına bələdəm. Çünki neçə illərdir yollardayam, get-gəldəyəm. Şəxsi işlərimin arxasınca ora-bura qaçmaqdan yoruluram. Amma bu dəfə şəhərə gedişim tamam başqa bir iş üçündür. Yəqin ki, oxucuların da heç bundan xəbəri yoxdur. Özü də əvvəlki illərdən fərqli olaraq, indi hərbi formadayam.

 

Ermənilər torpaqlarımıza hücum edən vaxtdan şəhərdəki iş-gücümü atıb, el-obamı yağılardan qorumaq üçün könüllülər taboruna üz tutdum. O vaxtdan yerim barıt və ölüm qoxuyan, od püskürən səngərlər oldu. Neçə illər əvvəldən yola çıxmış ömür qatarım birdən-birə relsindən çıxıb səmtini dəyişdi, həyatımın od-alova bürünmüş günləri başlandı. Qanlı döyüşlərdə iştirak etdim, qorxmadan vuruşdum. İndi məni Bakıya zabitlik kursunda oxumağa göndərirlər. Əvvəllər də komandir bunu mənə təklif etmişdi, amma onda razılaşmamışdım. Fikirləşmişdim ki, müharibə bu gün-sabah başa çatar, formanı əynimdən çıxarıb geriyə - neçə illərdən bəri işlədiyim zavoda - isinişdiyim kollektivə qayıdaram.

 

Elə ilk günlərdən hiss olunurdu ki, yeni yaranan ordumuzda zabitlər çatışmır, xüsusilə ixtisaslı kadrlara böyük ehtiyac var idi. Bunu nəzərə alan komandanlıq bilikli, ali təhsilli, qorxmaz və diribaş əsgərləri zabitlik kursuna göndərirdi. Bu çətin günlərdə zabitlərə ehtiyac duyulduğunu görəndən sonra kursa getməkdən imtina etmədim. Budur, indi mən əmri yerinə yetirmək üçün həvəslə, ürəyimdə min bir arzu çələngi, hərb sənətini öyrənmək marağı ilə şəhərə üz tutmuşam.

 

Zabitlik kursuna xeyli əsgər cəlb olunmuşdu. Qısa müddət ərzində burada hərbi bilikləri öyrənib xidmət etdiyimiz hərbi hissəyə qayıtmalıydıq. Mən mühəndis-istehkamçı olmaq istəyirdim. "Olmaq istəyirdim" deyəndə ki, elə istehkamçı idim. Amma biliyim, təcrübəm çox deyildi. Əməliyyatlar zamanı minaları basdıranda və ya zərərsizləşdirəndə yaman əziyyət çəkirdim, bəzənsə lap çaşıb qalırdım. Son günlər hiss edirdim ki, bilmədiyim şeylər bildiyimdən çoxdur. Kursa gələndə qarşıma məqsəd qoymuşdum ki, hərbi peşəni dərindən öyrənəcəm. Kursun rəisi polkovnik Niçenkonu görən kimi tanıdım. Yaddaşımın dərinliyindən əsən küləklər bir anın içində ötüb keçənləri vərəqlədi, xatirələr çözələnib qarşımda səhifələndi. Polkovnik ötən il xüsusi tapşırıqla taborumuza gəlmişdi, birlikdə əməliyyata getmişdik...

 

Dərsin ilk dəqiqələrində dəhlizdə səs-küy qalxdı. Öyrəndik ki, kursun rəisi gələcəyin zabitləri ilə tanış olmaq üçün tədris otaqlarını gəzir. Bu dəqiqələrdə fikirləşdim ki, görəsən, o məni tanıyıb xatırlayacaqmı? Çox keçmədi ki, polkovnik Niçenko bizim də sinfin qapısını açdı. Bir-bir hamı ilə görüşüb, hansı hərbi hissədən gəldiyimizlə maraqlandı. Gözləmədiyim halda polkovnik mənimlə köhnə tanışı kimi görüşdü, bizim bölgədə gedən döyüşlərlə maraqlandı. Sonra hamımıza məsləhət gördü ki, ixtisasımızı yaxşı öyrənək, bacarıqlı zabit olaq, döyüşlərdə qorxmadan vuruşaq. Niçenko başqa millətdən olsa da, ürəyi, qəlbi ilə bizə bağlı idi.

 

İstəyirdi ki, ordumuz güclü, qüdrətli olsun, tez bir zamanda erməniləri məhv etsin. Onun dediyi  sözlər bizi daha da ruhlandırırdı. Aradan xeyli müddət ötsə də, polkovnik heç dəyişilməmişdi; həmişəki kimi şux görsənirdi. Hərbçi həyatı onu çox gümrah saxlamışdı. Kurs müddətində onunla tez-tez görüşürdük. Polkovniklə təhlükəli bir tapşırığı yerinə yetirdiyimiz günü, anı tez-tez xatırlayırdım. Heç vaxt unutmayacağım həmin əməliyyat zamanı biz həm düşmənə ağır zərbə vurduq, həm də rayon camaatının canını artilleriya atəşindən, ölüm gətirən odlu-alovlu mərmilərdən qurtardıq. Bir anlıq o günləri xatırladım...

 

Ermənilər Edilli kəndinin üstündəki yüksəklikdən Füzuli rayonunun mərkəzini top atəşinə tuturdular. Atılan mərmilər evləri dağıdır, sakinləri öldürürdü. Hər gün neçə-neçə günahsız insan faciəli surətdə dünyasını dəyişirdi. Məhlələrdən ağlaşma, çığır-bağır səsləri gəlirdi. Gün ərzində rayon mərkəzinə yüzdən çox mərmi düşürdü. Sağ qalanlar isə yavaş-yavaş evlərini tərk edirdilər. Düşmənin artilleriya qurğusunu məhv etmək, atəş nöqtəsini susdurmaq üçün bir neçə dəfə cəhd olunsa da, uğursuz alınmışdı. Bu yolda üç əsgər şəhid olmuş, dördü isə ağır yaralanmışdı. Quldurların topu vaxtında sıradan çıxarılsaydı, mərmilər bu qədər can almazdı.

 

Günlərin birində xəbər verdilər ki, bu istiqamətdə əməliyyat keçirmək üçün nazirlikdən yüksək rütbəli peşəkar zabit göndərilib. Gələn bu mütəxəssis indi kursun rəisi olan polkovnik Niçenko idi. Onun komandanlığı altında düşmənin topunu məhv etmək üçün yeddi nəfər əsgərlə əməliyyata yollandıq. Bu mühüm işə ən bacarıqlı və qorxmaz döyüşçülər cəlb olunmuşdu. Hər şeydən əvvəl polkovnik artilleriya qurğusunun yerləşdiyi ərazini dəqiqləşdirib arada olan məsafəyə uyğun mövqe seçmək istəyirdi. Bunun üçün isə Qoçəhmədli dağının yüksəkliyinə dırmaşmaq lazım idi. Çətinliklə irəli gedib qurğunun uzaqdan da olsa, görsəndiyi bir nöqtəyə çatdıq. Əraziyə baxış keçirən polkovnik qısa vaxt ərzində topa atış məsafəsinə qədər yaxınlaşmaq üçün keçəcəyimiz ərazini müəyyənləşdirdi. Onun seçdiyi yol sıldırım qayalıqlardan keçirdi. Bizim bu yerlərdən keçməyimizi ermənilər heç ağıllarına da gətirməzdilər. Yolumuz çətin olsa da, təhlükəsiz idi. Bu peşəkar zabit bir addım da olsun, bizdən geri qalmırdı. Niçenkonu öz əhatəmizdə apararaq onu təhlükələrdən qoruyurduq. Böyük məharətlə düşmən postlarının yaxınlığından keçdik. Quldurlar bundan duyuq düşmədilər. Hədəfə xeyli yaxınlaşmışdıq, topu buradan məhv etmək olardı. Amma polkovnik atəşin dəqiq olması üçün yenə də qabağa getməyin vacib olduğunu bildirdi. Bir az da əlverişli mövqe seçəndən sonra artilleriya qurğusu dayandığımız yerdən açıq görsəndi. Quldurlar topun ətrafında ora-bura yaman vurnuxur, bir yerdə dayanmırdılar. Deyəsən, atəş açmağa hazırlaşırdılar. Vaxt itirmədən qurğunu məhv etmək lazım idi. Yoxsa yenə də od püskürəcəkdi.

 

Polkovnikə yaxınlaşıb "Mən bu məsafədən topu vura bilərəm, icazə verin, atəş açım" - dedim. Niçenko bir daha gözünü qıyıb ətrafı diqqətlə nəzərdən keçirdi, sanki bir anlığa qartal baxışları ilə topa qədər olan məsafəni ölçdü. Sakitcə dayanıb bir az fikrə getdi. Qurğuya qədər olan məsafə atışın tələblərinə cavab verirdi. Döyüşçü yoldaşım Bəxtiyarla iki mərmi götürüb qabaqdakı iri bir daşın arxasında mövqe tutduq.

 

Polkovnikin razılıq işarəsindən sonra silahı hədəfə tuşladım. Düşmən topun yan-yörəsini qum kisələri ilə bağlamışdı. Qumbaraatanı çiynimə qoyub hədəfi dəqiq nişan alıb qorxmadan tətiyi çəkdim. Gurultu səsi ətrafı başına götürdü. Birinci mərmi qum kisələrini dağıdıb yerə aşırdı. Qurğu lap aydın göründü, onu vurmaq xeyli asanlaşdı. Vaxt itirmədən silahı doldurdum. İkinci atəş mütləq dəqiq olmalı, topun külünü göyə sovurmalıydı. Tələsmədən hədəfi dəqiq nişan aldım. Odlu mərmi bir göz qırpımında, ildırım surəti ilə havanı yarıb irəli şığıdı. İkinci mərmi artilleriya qurğusunun düz ortasından dəydi. Gurultu səsi dağlarda, dərələrdə güclü əks-səda verib ətrafı silkələdi. Atəşin zərbindən ağır top yanı üstdə sevrildi. Mərmidən qopan qəlpələr qurğunun yanındakı quldurları da yerə sərdi. Tapşırıq yerinə yetirilmişdi, burada ləngimək çox təhlükəliydi. Polkovnikin əmri ilə geri çəkildik. Üç tərəfdən üstümüzə odlu güllələr yağdı. Arxadan və soldan ermənilər, sağ tərəfdən isə əməliyyatdan xəbərsiz olan Xələfşə postundakı əsgərlərimiz bizi atəşə tutmuşdular. Amma geri çəkilmək üçün polkovnikin seçdiyi ərazi əlverişli olduğundan itki vermədən sağ-salamat tabora döndük. Əməliyyat uğurla başa çatdığına görə hamımızın üzü gülürdü. Sevincdən polkovnikin gözləri yaşarmışdı. Niçenko hamımızın alnından öpüb "Uşaqlar sağ olun, siz heç nədən qorxmadınız. İkinci atəş çox sərrast oldu. Bax, düşməni həmişə belə məhv edin" - dedi.

 

Camaatın canını top atəşlərindən qurtardıq. Daha nə evlər dağıldı, nə də kimsə düşmən mərmisinə tuş gəlib dünyasını dəyişdi. Ev-eşiyindən çıxanlar geri qayıtmağa başladılar. Ertəsi gün polkovniki minnətdarlıq hissi ilə şəhərə yola saldıq. O vaxtdan Niçenko qorxmazlığı və bacarığı ilə yaddaşımda dərin iz buraxdı. Sonrakı söhbətlərimiz zamanı öyrəndim ki, polkovnik təkcə bizim bölgədə deyil, başqa hərbi hissələrdə də belə xüsusi əməliyyatlara rəhbərlik edib. Bu cür peşəkar zabitləri gördükcə hərbi bilikləri mənimsəyib onlar kimi cəsarətli və bacarıqlı olmaq istəyirdim. Təcrübəm artdıqca görürdüm ki, bütün çətinliklər biliyin, bacarığın qarşısında acizləşir. Bir daha əmin oldum ki, insanın istəyi və marağı üst-üstdə düşüb bir yerə cəmləşərsə o, ürəyindən keçən zirvələri asanlıqla fəth edər. Bacarıq və təcrübə həmişə insanın yollarına işıq salır, qaranlıqları aydınlaşdırıb qələbəni asanlaşdırır.

 

Kurs başa çatanda özümü peşəkar, bacarıqlı bir zabit kimi hiss edirdim. Öyrəndiyim biliklər, aldığım hərbi təhsil, mənimsədiyim döyüş vərdişləri yollarıma işıq saçırdı. Elə bil gözüm təzəcə açılmışdı, həyata daha aydın baxışlarla baxırdım, sanki dünyanı yenicə görürdüm. Bütün qalan ömrümü orduya həsr edəcəyimi qət etmişdim, daha zavoda dönməyəcəkdim. Cəbhə bölgəsinə qayıtmağa tələsirdim. Kursun sonuncu günü polkovnik hamı ilə görüşüb sağollaşdı, dəyərli məsləhətlər verdi. Hələ mənə bir sirr də açdı. Dedi ki, səni zabitlik kursuna göndərməyi hərbi hissə komandirindən mən xahiş etmişdim. Əməliyyata birgə gedəndə gördüm ki, sən çox cəsur və ürəklisən. Xüsusilə, düşmənin artilleriya qurğusunu məhv etmək üçün açdığın ikinci atəş ürəyimcə olmuşdu. O anlarda sanki cəsur hərəkətlərin mənə dedi ki, sən mütləq zabit olmalısan. İnanıram ki, ümidləri doğruldacaqsan. Bundan sonra Niçenkoya rəğbətim daha da artdı.

 

Bir neçə gündən sonra hərbi hissəyə qayıtdım. Artıq çiyinlərimdə zabit paqonları daşıyırdım. Amansız və qanlı müharibə yenə də məni öz ağuşuna aldı. İndi döyüş əməliyyatları daha da yaxşı təşkil olunurdu.

 

Silahlar susmurdu, nərilti, gurultu səslərindən qulaq tutulurdu. Çox keçmədi ki, ordumuzun sıralarına peşəkar zabitlər gəldi. Əməliyyatda uğurlar qazandıq, düşmənləri işğal etdikləri torpaqlarımızdan qovub çıxartdıq. Döyüşlər zamanı çalışırdım ki, güllələrim hədəfə düz getsin, dəqiq və dağıdıcı olsun, neçə illər əvvəl xüsusi əməliyyat zamanı düşmənin artilleriya qurğusuna açdığım ikinci atəş kimi...

 

Oktyabr, 2014                          

Vahid MƏHƏRRƏMOV

525-ci qəzet.- 2015.- 7 yanvar.- S.7.