Ömrün fəsilləri

 

Təbiət gözəldir hər donda,

insan gözəldir hər yaşda

Baharı çox sevirəm - coşqu, həvəs, bir təzəlik var onda...

Yaşıl yamacda muncuqlar,

Ağaclarda tumurcuqlar

cücərər, yarpaqlanar, allanar

insan kimi,

Baharı çox sevirəm uşaq kimi saf, təmizdi,

Baharı çox sevirəm uşaqlığımla əkizdi.

Yayı sevirəm.

Bir hərarət, istilik var onda

Gənclik kimi qaynayar qan da,

Yayı sevirəm dənizi sevdiyim qədər,

Günəşin şəfəqləri dalğalarla sevişər hər səhər.

Torpaq su istər

Sevgiyə susamış titrəyən ürəklər qədər...

Payızı sevirəm kədər, həsrət, bir ümid var onda

Təbiət qızılı donda,

Xəzanların üstündə yeridikcə ötən gəncliyinin xatirəsi,

əsən küləklərdə sevgi nəğməsi səslənər,

Yağışlar altında göz yaşların gizlənər,

ürəyin həsrətlənər...

Ağacda yellənən son yarpaq kimi ümid ölməz,

Hər çağıyla barışar insan,

Yazı, yayı illərin fərqinə varmazdı, amma payızda zamanla yarışar insan.

Qışı sevirəm, çünki bəyaz saçlar kimi qarı sevirəm

Ömrün qışıdı qocalıq,

çünki uşaqları sevdiyimtək qocaları sevirəm

Qışı sevirəm, ondan sonra bahar gələr

Qış bitdimi, ömür bitər -

Bitərmi?

 

Yaşa

 

Vücudda canı yaşa

Hər dəmi, anı yaşa.

Yaşa, zamanı yaşa

Bircə zaman bizimdir.

Bu meşə, bu dağ qalar,

Bu çəmən, bu bağ qalar,

Bu ev, bu otaq qalar,

Bircə zaman bizimdir.

 

Nəyimiz var özgənin

sənindir, mənim

Tanrının tənim, tənin

Bircə zaman bizimdir.

 

Ürəyimə çəkilmişəm

 

Ən isti, ən sıcaq yerə,

Ruhumu tutacaq yerə

Ürəyimə çəkilmişəm.

Xəyalımın nəşəsinə,

Səssizcə bir köşəsinə

Ürəyimə çəkilmişəm.

 

Danışsam duyan yox məni,

Burdan görmürəm kimsəni.

Ötərək dumanı, çəni

Ürəyimə çəkilmişəm.

 

Özüm-özümlə baş-başa

Qəmim sevincimlə qoşa

Qaçıb dünyadan birbaşa

Ürəyimə çəkilmişəm.

 

Sevdim Səni...

 

Çəmənlərin çiçəyində,

Çiçəklərin ləçəyində,

Xallı-xallı böcəyində.

Yaşıl otların şehində,

saçlarımı darayan səhər mehində sevdim Səni...

Bulaqların göz yaşında,

Qarlı dağların başında,

Çayların çınqıl daşında...

Təbiətin firçasında,

boyasında sevdim Səni.

Səhərlərin şəfəqində,

Gecələrin qarasında,

iki dünya arasında sevdim Səni!

Vicdanımın fəryadında,

harayında...

Ürəyimin atəşində, istisində

Bu dünyanın sevgisində sevdim Səni!

Sevdim Səni,

körpələrin məsun -məsun baxışında,

mışıl-mışıl yuxusunda,

bələyinin qoxusunda... sevdim Səni!

Verdiyində, aldığında,

xəyallara daldığımda,

Öz-özümlə qaldığımda həyan oldun.

Duymayanda kimsə məni duyan oldun.

Dodağımda bir müqəddəs duam oldun.

Dualarda sevdim Səni!

Öncə İncildən, Qurandan...

Özümü tanıdığımdan sevdim Səni.

Mənim eşqim təmənnasız!

Mənim eşqim ağlımdadır.

Duyğumdadır,

Ruhumdadır...

Sevmədim ki, minnət üçün,

Sevmədim ki, cənnət üçün.

Bir ömür yetər mənə Səni candan sevmək üçün!

 

Sən yaşamaq istəmirsən

 

Sən yaşamaq istəmirsən,

Yaşaya bilmək haqqını istəyirsən.

Sən ağlamaq istəmirsən.

Ağlayıb gülmək haqqını istəyirsən.

Sən tüstülü obaları,

Qalanmamış sobaları,

Biçilməmiş zəmiləri,

Yapılmamış təndirləri,

Yəhərini çəkmədiyin kəndirləri.

Ot qoxuyan çəmənlərdə çapmadığın,

Yalmanına yatmadığın atları...

Qapanmış gözlər içində yox!

Sən görmək, görmək haqqını istəyirsən!

Asılıb əqrəblərdən,

Durdurub saatları

Geriyə dönmək,

Sən dönmək, dönmək haqqını istəyirsən!

İncidilən ruhları duyan kimi,

Üşüyən məzarlara həyan kimi

Torpağında gömülməkçün

Vətəndə ölmək haqqını istəyirsən.

 

Ölüm olmasa əgər

 

Həyat bu qədər şirin, həyat bu qədər dadlı,

Arzular quş qanadlı

Olardımı dünyada ölüm olmasa əgər?

Vaxt qədrini bilməzdik,

Ömür zəncirimizin "qurtarmaz halqaları"

Deyib yola salardıq, boş, mənasız ayları

Əslində cəsəd ikən yaşayardıq ölməzdik.

İnsan əyrini-düzü

Gülən-ağlayan gözü,

deməkdi qanmazdı,

Alışmazdı, yanmazdı

Yoxluğun atəşində...

yaxşı ki, belədir, yaxşı ki, ölüm var

Uzun sürərdi onda zalımların zülmü.

Göylərə səs salardı çarəsizlərin ünü.

Mənimsərdi dünyanı "mənim-mənim" deyənlər

Yemə dönərdi onda

Yaşamaqçün yeyənlər.

Şərin bataqlığında çürüyərdi fəzilət.

Can versə yaşayır,

Ölüm olmasa əgər, yalanın əllərində boğulardı həqiqət.

nəhayət:

ölüm qoy gəlsin, amma fidanı soldurmasın.

Qönçəni dondurmasın.

Beşik yelləyən əllər oxşamasın tabutu

ölüm qoy gəlsin,

amma öncə hər kəsə möhlət...

 

Leyla RƏŞİD

525-ci qəzet.- 2015.- 9 yanvar.- S.7.