Mənəvi səfalətin ünvanı

 

 

 

(Müasir dünya əhalisinin böyük hissəsi ruhi-mənəvi səfalət içində yaşamaqdadır. İnsanları bir araya gətirən ideya, mənəvi-əxlaqi, dini müqəddəs ailə dəyərlərindən artıq əsər-əlamət qalmayıb.)

 

Beynəlxalq ictimaiyyətin idrak səviyyəsi hələ müasir dövrdə baş verən ideya dəyişikliyini, əsrlər boyu qazanılmış dəyərlər itkisini qavrayacaq dərəcədə inkişaf etməyib. Xeyirlə şər, həqiqətlə yalan, sevgi ilə nifrət, hərblə sülh arasındakı tarazlıq o qədər pozulub ki, cəmiyyətdə sülh əmin-amanlığın bərpası artıq mümkünsüz məsələyə çevrilməkdədir. Riyakar siyasətçilər, acgöz bankirlər - birja kapital sahibləri, yüksək mövqeli bir qrup din xadimləri belə mühitin davamlı olmasını istəyirlər desək, yanılmarıq. Bu gün insanlara mənəvi-əxlaqi dəyələrin tənəzzülünü ləngidəcək, eyni zamanda müasir Qərb cəmiyyətinin əsas ünsürlərindən olan sosial, maliyyə ailə-nikah məsələləri baxımından sabitlik yaradaraq cəmiyyətin saflaşdırılmasına doğru gedən yol göstərəcək tanınmış şəxsiyyətlər, siyasi xadimlər sanki yoxa çıxıblar. Düşünürəm ki, bəlkə var, amma bütün məlumat alətləri digərlərinin - insanlar arasında cahillik, mənəviyyatsızlıq yaradanların əlində olduğundan onların cəmiyyətə təsir imkanları yoxdur.

 

Uzun illərdir özünü söz azadlığı, yaşamaq hüququ, ədalətlilik prinsipi, milliyyətindən, dinindən irqindən asılı olmayaraq hər kəsə eyni münasibət bəsləmək kimi mühüm demokratik dəyərlər piramidasının zirvəsində hiss edən Qərbin yüksək, varlı təbəqə nümayəndələri həqiqəti indi anlayıb. Bütün ölkələrə təbliğat, söz vasitsəilə, son on il ərzində isə silah gücü ilə tətbiq olunan bu "məzmunsuz dəyərlər", sən demə, demokratiya çətiri altında gizlənmiş yalan, riyakarlıq xudbinlikdən başqa heç nəyə yaramır. Bu acı həqiqət ilk növbədə dünyanın sosial-iqtisadi mənəvi-əxlaqi sisteminin faciəvi halı artıq göz qabağındadır. Bunu görməmək mümkün deyil. Lakin həqiqəti dərk etmək Qərb dünyası üçün böyük problemə çevrilib. İndi dünya mənəvi-əxlaqi istiqamətini itirərək fırtınaya düşmüş okeanda idarəsini itirmiş nəhəng gəmini xatırladır. Gəmidə "yayılan" həyəcan siqnalının səsi okeanın dörd bir tərəfinə əks-səda salıb. Amma gəmi sahildən çox uzaqdadır. Kimsənin xilas olacağına ümid getdikcə azalır. Demək, bu dünya gəmisinin beynəlmiləl sərnişin heyəti əzablı ölümə məhkumdur. Aclıq onlara güc gələcəyi anda həyatda qalmaq naminə ölüm-dirim savaşına girəcəklərinə, özünüxilas instinktinin zəiflərin məhvinə səbəb olacağına, hətta onların ərzağa çevriləcəyinə insanda heç bir şübhə qalmır. qardaş qardaşa, qonşu qonşuya aman verməyəcək, "can candan şirindir" deyib qonşularını öldürüb yemək məcburiyyətində qala bilərlər.

 

Bu nəhəng gəminin sahibi kimi qəbul etdiyimiz dünya kapitalizminin ən "ağıllıları" belə batan gəminin xilası üçün çıxış yolu axtarıb tapmaqda, hətta bu barədə düşünməkdə belə acizlik çəkirlər. Kapital hakimiyyət hərisliyi onların bütün digər hisslərini, demək olar ki, məhv edib. Ədalət, mərhəmət məfhumları artıq onların dərketmə orqanı xaricindədir.

 

Bu günə kimi bütün cinayətlərin cəzasız qaldığı, Yer üzərində ilahi ədalətin süqut etdiyi bir cəmiyyətdə yaşadığını zənn edənlər, əlinə düşən ilk fürsətdə yoxsulun malını qoparanlar, başqa xalqların sərvətlərini mənimsəyənlər, özgə torpaqlarını işğal edənlər indi canlarını onlar üçün hazırlanmış dar ağacından qurtarmağın yollarını axtarırlar. Dünya xaqlarının faciəsinə səbəb olmuş bu "cənablar" bir-birlərini müxtəlif istiqamətlərə doğru itələyərək zülmətdə işıq axtaranlara bənzəyirlər. Hər an əcəlin onları yaxalayacağı qorxusu ilə yaşayan həmin "cənab"lar iynənin ucu boyda işığa həsrət qalıblar. Həyatın dəyəri onlar üçün əhəmiyyətini artıq çoxdan itib. Uzun illər boyu qarşısında diz çöküb sitayiş etdikləri kapital indi onlara xidmət etməkdən boyun qaçırır. Digərlərinin qanının su yerinə axıdılaraq qazandıqları bu var-dövlət indi nəinki onları ölümün caynağından xilas edə bilmir, hətta çəkdikləri əzab-əziyyətləri, düşdükləri acınacaqlı vəziyyəti kənardan etinasızcasına seyr edir. "Dar gündə hər zaman bəndənin imdadına yetişən mələklər" onlardan üz çevrib. İndi hər şey Əzrailin əlindədir. Son sözü "ölüm mələyi" deyəcək. O isə görünür ki, tələsmir hələ fikirləşir, götür-qoy edir. Kapital qullarının Yer üzündə törətdikləri fitnə-fəsad Əzraili heyrətləndirə ya küsdürə bilməz. O, yalnız ruhu bədəndən alandır. Ölüm haqda birinci arayışı o verir. Amma birdən-birə cəhənnəmə bu qədər insan ruhunu necə aparacağını planlaşdırır. Tanrının nümayəndəsi sayılan Əzrail qədər öz işinin peşəkarı olsa da, güman etmək olar ki, o, ilk dəfə üzləşdiyi böyük daşqından sonra yaranmış mürəkkəb vəziyyətdə üzərinə düşən səlahiyyətləri icra etməkdə çətinlik çəkir...

 

Az əvvəl oxuduqlarınız, zənnimcə, bu gün Avropa ölkələrində baş verən hadisələrin əsas səbəblərindəndir. Həmin ölkələrdə yaşayan mühacir müsəlmanların sahib olduqları varsa, hər şeyi əllərindən alıb çarəsiz buraxıblar. Söhbət Qərbin qanlı müharibələr apardığı, yüz minlərlə günahsız insanı qətlə yetirdiyi müsəlman ölkələrindən gedir - Əfqanıstan, İraq, Suriya, Liviya. Onların artıq heç bir mülkiyyətə ümidləri qalmayıb. Bu zavallıları həyatda yaşadan tək bir səbəb imanlarıdır. Onlara təsəlli verən odur ki, onların Allahı vaxtsa bu zalımları, cinayətkarları cəzalandıracaq. Onlar Allaha sığınaraq, təvəkkül edərək səfil həyat sürməkdən çəkinmirlər. Onların yeganə silahı imanlarıdır. Amma məkrli Qərb siyasətçiləri artıq ona da əl uzadıb. İmanları da əlindən alınandan sonra müsəlmanları artıq bu həyatla bağlayacaq heç qalmır. Nədənsə Qərb liderləri bu sadə, bəsit həqiqəti dərk etmirlər. Onlar sonda öz xalqlarının ölkələrinin məhvinə səbəb olacaq böyük səhvə yol verdiklərini anlamırlar. Belə olduğu halda bu dövlətlər onların əsasən günahsız sakinləri siyasi mənəvi-əxlaqi iflasa məhkumdurlar. Avropa vətəndaşlarının şüurunda yaranacaq bu hərc-mərcliklərin qarşısını dünyanın ən güclü ordusu belə almaqda acizlik çəkəcək. Mənəvi boşluq çox qorxulu haldır.

 

İman ideologiyaya çevrilərkən (bu gün Avropa, AsiyaAfrikada məhz bu proses gedir) o, artıq çox problemi həll etməyə qabil olur. İmanın ideologiyası dindir. O, insanlar, möminlər arasında münasibətləri tənzimləyən yeganə mənəvi strukturdur ki, daxili nəzarəti təmin edir. İman qəlbin məhsuludur. İmanı yalnız qəlbi ilə deyil, həm də şüuru ilə qəbul edən insan ətrafdakılar üçün əsl təhlükə mənbəyinə çevrilir. Bu zaman o, ya yaşadığı cəmiyyətə üsyan edir, ya da onun imanına, ideallarına və prinsiplərinə uyğun gəlməyən həmin cəmiyyəti məhv etməyə başlayır. Söhbət radikal dini liderlərin onlara öyrətdikləri və sayəsində qula çevirdikləri prinsiplərdən gedir. Bütün dinlərdə belə prinsipləri tapmaqondan istifadə etmək mümkündür. Hər şey dini necə şərh etməkdən asılıdır. Buna real hadisələri, Qərbin mənəvi səfalətini də əlavə etsək, ümumi mənzərə aydın görünəcək.

 

Hazırda, xüsusilə Parisdə təşkil olunmuş provokasiyadan sonra yaranmış vəziyyət təsəvvür etdiyimizdən də təhlükəlidir. Qərb artıq müsəlmanların Şərqdə baş verən faciələrə görə Qərbi cəzalandıracağına inandıqları son pənah yeri olan Allahla aralarındakı elçini - Məhəmməd Peyğəmbəri təhqir etməklə bu əlaqəni kəsməyə başlayıblar. Bu da mənəvi dəyərlərini itirmiş Qərb siyasətçilərinin faciəvi sonunun başlanğıcı, mənəvi-əxlaqi pozğunluğun acı nəticələri...

 

Rafiq Əliyev

525-ci qəzet.- 2015.- 20 yanvar.- S.5.