QOCALIRIQ YAVAŞ-YAVAŞ...

 

Dünən qızlar çıxardılar yoluma,

Keçərdilər hey sağıma, soluma.

İndi gəlin axtarıram oğluma,

Almalıyam toya daş-qaş, deyəsən,

Qocalırıq yavaş-yavaş, deyəsən.

 

Cavanlığa ömrün tacı deyirəm,

Sevənlərə eşq möhtacı deyirəm.

Gözəllərə indi "bacı" deyirəm,

Bəlkə sən də mənə "qardaş" deyəsən?

Qocalırıq yavaş-yavaş, deyəsən.

 

Alacağım daha düşmür kitaba,

İş görürəm bir "sağ ol"a, savaba.

Diş də batmır indi tikə kababa,

Sifarişi gərək bozbaş deyəsən,

Qocalırıq yavaş-yavaş, deyəsən.

 

Vaxt var ikən gün ağlayım özümə,

Təsbeh alım, eynək taxım gözümə.

Hərdən dəyir əcəl mehi üzümə,

Yada düşür halva-lavaş, deyəsən,

Qocalırıq yavaş-yavaş, deyəsən.

 

Sabahına ömür saxla, yaş ayır,

Sənətkar öz nəğməsiylə yaşayır.

Qocalıqdan az gileylən, a şair,

Eşidənlər qalıb çaşbaş, deyəsən,

Vaxtsız gəlib bu əlli yaş, deyəsən?!

 

...Göz dəyməsin, gənclik eşqi sinəndə,

Gəncləşirsən, yavaş-yavaş deyəsən.

 

lll

 

Nahaqdan unudulub

qalanda kölgədə

yer tapa bilmirsən özünə

bu boyda ölkədə.

Ümidə söykənib yaşayırsan

paytax tdan kənarda,

bölgədə;-

-Məni də

itirib axtaran tapıldı

bəlkə də...

 

lll

 

Ətək-ətək pul töküb

çıxartdığın

kərpic-kərpic kitabları

gətir vur mənim başıma!

"Zorən şairliyin"

dəyməz vallah

qonşuda

acından ağlayan

o uşağın

gözlərinin yaşına!

 

lll

 

Ehey, eşidirsinizmi?

Orda

şəhid qanına bulaşmış

daşlar...

bizdən

sədaqətli çıxdı yurda!

Yetər,

özümüzü aldatdıq, qardaşlar!.

 

lll

 

Çıxmayın

tərif yarışına,

Baxın,

boyuna, yaşına,

Yalandan qaldırmayın

dağ başına...

...Yazığınız gəlsin ona!

 

lll

 

Övladını öyməyə

yer tapmadınmı, atam,

Bildinmi,

nələr çəkdi

göz yaşları içinə tökülən

sonsuz adam?!

 

lll

 

Söyüd əkməyin

meyvə ağacının yanında,

O ağacı əyəndə barı,

söyüdü yıxacaq

içindən çəkdiyi

qübarı!..

 

lll

 

Bir ay parçası

oturub qarşımda...

Aymı yerə enib,

yoxsa mən göylərdəyəm

bu yaşımda...

Nə deyim bu gözələ...

Qaytara bilsəydim əvvələ

saçıma dən salan yaşımı,

onunla bir ömür

qatardım başımı...

lll

 

Qələm dostum Dayandur Sevginə

 

Bir gör yaşayırıq hansı zamanda,

Bu gün söz üyüdür yoldan azan da.

Mən nələr çəkmədim şeir yazanda,

Yaz mənim şeirimin qonorarını.

 

Söz-söz əriyirəm şam yanan kimi,

Sözləri yonuram daş yonan kimi.

Mən belə yazıram şeirlərimi,

Yaz mənim şeirimin qonorarını.

 

Şair var baxma ki, öz gözü toxdu,

Bu gündən sabaha ümidi yoxdu.

Evində əlinə göz dikən çoxdu,-

Yaz mənim şeirimin qonorarını.

 

Sözdən çıxarıram duz-çörəyimi,

Halal çörəyimi, düz çörəyimi.

Belə qazanıram öz çörəyimi,

Yaz mənim şeirimin qonorarını.

 

Ayırmır yaxşıdan pisi gözümüz,

Urvatdan, kəsərdən düşür sözümüz.

Salmayaq qiymətdən, barı özümüz,-

Yaz mənim şeirimin qonorarını.

 

lll

 

Həvvadan doğulan Adəm balası,

Nə nəfsin saxlayır, nə gözü doyur.

Tülkülük eyləyən adam balası,

Tülkünün özünü heyrətdə qoyur.

 

Hər tində tuş gəldik naxələf kəsə,

Qırdı qəlbimizi neçə qəlbi dar.

Ölməli adamlar ölmür nədənsə,

Nədənsə, tez köçür yaxşı adamlar.

 

Ələyib keçirtdik belədən-belə,

Tanıya bilmədik biz, adamları.

İlahi, sən özün saf-çürük eylə,

Götür aramızdan pis adamları.

 

NƏNƏMİN GİLEYİ

 

Gözü açılmamış bulaq kimidi,

Çiçəyi bar üstə budaq kimidi,

Ata ocağında qonaq kimidi,

Kövrəkdi, göyçəkdi kənd qızlarımız.

 

Şəhərə can atar kəndçi oğlanlar,

Orda axtararlar bəxt ulduzların.

Orda yelə verər ömrünü onlar,

Gözləri yol çəkər burda qızların.

 

Dəstəylə dönəndə bulaq başından,

Sanarsan köç edir durna qatarı.

Oğlan anaları əli qaşında,

Durub boylanarlar şəhərə sarı.

 

Ev işi, çöl işi... dincəlməz bir an,

Hər xırda iş-gücə iş deməz qızlar.

Qayıtsa şəhərdən qonşu bir oğlan,

Qonşu toyuğuna "kiş" deməz qızlar.

 

Bu qızlar evlərin bar sünbülüdü,

İş-gücdən görüşə vaxtları çatmır.

Tutub yaxasından kəndçi oğlanın,

Demək istəyirəm, dünənki qızlar

Niyə bu gün sənin könlünə yatmır?

 

Sevsən, kəndsiz keçən ömrü qınarsan,

Durub danışarsan bir kənd adından.

Bu kişmiş qızları, şirin qızları,

Özünə hamıdan əziz sanarsan,

Şəhərli qızlar da çıxar yadından.

 

QIŞ DUYĞULARI

 

Zərif bir gözəllik dünyasıdı qış,

Onda gözəlliyi duya biləsən.

Səma ilmə-ilmə yer naxış-naxış,-

Çətin ki, seyrindən doya biləsən.

 

Dağlar qış kürkünü atıb çiyninə,

Saçına dən düşmüş qocaya bənzər.

Təpələr örpəkli gəlin düzlərin

Ovcunda örtüklü xonçaya bənzər.

 

Yoxsul dərələrin varı qardımı,

Yoxsa, xurcununa gümüş pul yığıb?!

Yol üstə ağaclar yolçulardımı,

Qışa ehtiyatı yadından çıxıb?!

 

Lövhə çələngi var hər qarış yerin,

Hər xırda naxışda min bir məna gəz.

Bura yeri deyil ürəksizlərin,

Zövqsüzlər lövhəni oxuya bilməz!

Laqeyd ötməyə könlüm qoymayır,

Düşmüşəm gözəllik toruna yenə.

Baxdıqca, seyrindən gözüm doymayır

Rəssam təbiətin qış sərgisinə.

 

GÜL SATAN QARI

 

Ay gül satan qarı nənə,

Gəncliyini anırsanmı?

Gildir-gildir yaş axıdıb,

İçin-için yanırsanmı?

 

Gülü solmuş bir budaqsan,

Güllər səni duyurmu heç.

İçib-içib göz yaşından

Gül ləçəyi doyurmu heç.

 

Oxşamağa vaxt tapmadın,

Ömür adlı öz gülünü.

Gözlərindən oxuyurmu

Güllər sənin nisgilini?

 

O güllərə baxa-baxa

Öz içinə qısılmısan.

Son yarpaqtək xatirələr

Budağından asılmısan...

 

Ay gül satan qarı nənə,

Gəncliyini anırsanmı?

Gildir-gildir yaş axıdıb,

İçin-için yanırsanmı?

 

QAR YAĞIR

 

Açır qırpa-qırpa gözünü səhər,

Kim bilir qəlbindən nələr keçəcək.

Gəlin duvağına bürünüb şəhər,

Elə bil harasa gəlin köçəcək.

 

Sevinc rəngindədir donu yerin də,

Sən demə, təbiət qışda kövrəlir.

Qar yağır, yüz yaşlı nənələrin də

Qar topu oynamaq həvəsi gəlir.

 

Körpə sevincləri sığmır dünyaya,

Qarlı qış gözümdə ilk yaza dönür.

Qar yağır, oğlanlar Şaxta babaya,

Qar yağır, gözəllər Qar qıza dönür.

 

Ədalət Salman

525-ci qəzet.- 2015.- 22 yanvar.- S.7.