"Vurğun öldü deməyin..."

 

 

(Səməd Vurğun haqqında duyğu və düşüncələrim silsiləsindən)

 

Quşlar dəstə-dəstə ellərdən keçər,

Bəşər nəsil-nəsil dünyadan köçər;

İnsanlıq gah zəhər, gah şərbət içər:

Əzəldən belədir hökmü zamanın,

Düyünlü bir sirri var asimanın...

 

Yaxşılıq-yamanlıq durmuş üz-üzə;

Dilsiz əsrlərdən mirasdır bizə;

Əsir bahar yeli qəlblərimizə;

Lakin arxasınca kəfən geyir qış:

Təbiət varlığı belə qarğımış.

 

Səməd Vurğun

 

lll

 

Səməd Vurğuna:

 

Səndən sonra məclislərin hərarəti sənsizləşib,

Kürsülərin cəsarəti sənsizləşib,

Ağsaqqallar səxavəti sənsizləşib...

Mən saymadım sənsizləşib daha nələr;

Axı niyə sənsizliyi gizlədələr?!

 

Məmməd Araz

          

Vurğun türkcəmizin şəhdü – şirəsi!

Getməz qulaqlardan pələng nərəsi!

Haqqında bir xilaf söz deyən olsa,

Fırlanar başıma bu Yer kürrəsi.

Vurğun hörmətinə qan barışardı;

Onun təqdirilə sevgi coşardı.

Sidqilə baxsaydı bir qara daşa,

Daş da qanadlanıb dağlar aşardı.

Soyun qibləgahı, ümid çırağı;

Ucalar ucası, dağ üstə dağı!

Allah evi bildik dərgahını biz,

Qazağın qədimdən sənət ocağı!

Solmaz növrağının əlvan haləsi!

Çağlayan səsinin gur şəlaləsi...

Qalmağa gəlmişdi başdan-binadan,

Söz onun sözüydü, bəhs onun bəhsi.

Yanar pərvanəydi Vətən şamına!

Müsəlləh əsgərdi xalqın namına!

İşıqlı çöhrəsi toydu-düyündü,

Aləm mat qalardı ehtişamına.

Azman pəhləvanı söz yarışının!

Nəfəsi: kəsəri ağır qoşunun.

Baxışı-duruşu çətin müəmma:

Minbir sirri vardır çatıq qaşının.

Təpindi əcələ yad məmləkətdə:

Ölümə can verməm!”- dedi qürbətdə.

Əcəlin qılıncı düşdü əlindən;

Dünya çaşıb qaldı bu cəsarətdə(n).

Şöhrəti rəqibin qorxunc röyası;

Səsində dövr edən qartal qıyyası.

Şəmşirlə üz-üzə meydan açdılar;

Saxlar yaddaşında Laçın qayası.

Həyat ağacı”ydı: kökü göylərdə!

Sarmış çətirini sirr pərdə-pərdə.

O hələ dünyadan zövq aldı ki?!

Özü qəlbimizdə, ruhu səfərdə.

Fələklə çarpışdı, yerdə işi?!

Çəkərdi divana çərxi-gərdişi.

İhamı bol gəlib Səməd Vurğunun:

Kəlamın sərrafı, sözün nəqqaşı!

Haqq ilə, xalq ilə eyni qənşərdə!

İnşallah, utanmaz ruzi-məhşərdə!

Qılı qırxa yarıb haqqı tutardı;

xeyirdə çaşdı, bir yol şərdə...

lll

Mənəvi dəyərlər atından düşdü;

Göylərin yeddinci qatından düşdü;

Korlandı hava da, torpaq da, su da;

Dünyəvi nemətlər dadından düşdü.

Hər yetən söz yazdı, söz sırtıq oldu;

Şair ucuz düşdü, söz artıq oldu.

Səndən sonra sözü basdı kasadlıq:

Söz dağı aşındı, bir kirtik oldu.

Ənginliklər arxasınca

Çərxini qurduqca dövranın əli,

Bəzən ağlar olur, bəzən gülməli.

İnsanın ən böyük eşqi-əməli

Bəzən aslan kimi çırpınır darda,

Bəzən qərq olur fırtınalarda...

 

Səməd Vurğun

 

Böyük insanlar heç bir zaman ölməzlər; çünki onlar xalqın könlündə əbədiyaşarlıq qazanmış olan bəxtəvərlərdir.

 

Lev Tolstoy

 

Hələ innən sonra gəlhagəlin var!

Səxavət kanısan: qüdrət əlin var!

İlahi iltifat üstüncə gəzər:

Son türk qalanacan istiqbalın var!

İşığın qalmazdı biryolluq sönsən.

Kor olan gözlərdə kaş bir görünsən!

Bir nəfəs dərməklə dünyaya qayıt:

Sən elə ənginsən, elə dərinsən!

Sən bütün Şərqindin; bütün Şərq sənin!

Qədrini bilməli soy gərək sənin!

Üfüqdən-üfüqə söz hökmün altda!

Göyqurşağındakı cümlə rəng sənin.

O kövrək şeirlər, o sərt şeirlər,

Sənin özün kimi cömərd şeirlər;

Axdıqca tükənməzzəm-zəmkimisən!

Xalqına əbədi sərvət şeirlər!

Qolundan qaldıran Tanrıdan tək əl!

Şeirinə ruh verən hər dağdan dikəl!

Göylərə baş çəkən Göyəzən dağı

İlahinin sənə yonduğu heykəl!

Təbiətmi yondu, öz əzmindimi?!

Cücəni fil edən öz əzmindimi?!

Fəhmü-fərasətin hələ arxada,

Olmazı olduran öz nəzmindimi?!

İlhamdan fışqıran sehrinə əhsən!

Damcı-damcı artan bəhrinə əhsən!

Ruhunun qaynağı Damcılı bulaq!

Sızqadan bollaşan nəhrinə əhsən!

Nəslin-nəcabətin, torpağın ulu!

Rəbbinə bağlanan hər bağın ulu!

İlahi güc vardı səsində sənin!

Aveylə qovuşan hər dağın ulu!

Sözün yaddaşlara hopan bir qüdrət!

Dəyəri əskilməz əbədi sərvət!

Hər qıfıla açar, hər yola bələd:

Fəhmindən gül açdı külli-kəramət!

 

Dirilik suyu

 

Ölüm deyildir ömrümüzün ən fəci işi;

Müşkül budur ki: ölmədən öncə ölür kişi.

Yahya Kəmal

 

Sən ki söz mülkünün şahsüvarıydın,

Qəbrindən bircə yol kaş dura bilsən!

Canlı hayqırışın düşüb könlümə;

Dərya hiddətini daşdıra bilsən...

Mücahid gəlmişdin ər meydanına!

Ədalət hakimdi hər meydanına!

Bir anlıq qayıdıb nər meydanına:

Kəllələr uçurub, diş qıra bisən!

Min nakəs susdurar bir sərt baxışın!

Hər təpkinqıyyası bir qızılquşun!

Çəmini bilirdin eniş-yoxuşun;

Əcəl qandalını açdıra bilsən!..

Qibtələr tükənməz şöhrət-şanına!

Heyrət yenilənən Nuh tufanına!

Ya bir günlüyünə, ya bir anına

Abi-həyat kimi fışqıra bilsən!..

 

Sonluq yerinə

 

Bağışla, Vurğunum, uzandı şeirim;

Yetmiş beş yaşında ozandı şeirim;

Sənə üz tutmaq da böyük hünərdi:

Baharın önündə xəzandı şeirim.

Təsəllim ona ki: hər sözüm səndən!

Yazıya bənzəyən hər yazım səndən!

Köklənə bildikcə coşqun təbinə:

Qoşduğum hər qoşma, hər düzüm səndən!

Sən çəki-düzənim;  sən sənət pirim!

Sözün fəzasında sən balü-pərim!

Əlim qaşım üstdə baxıram sənə:

Sən dinü-imanım, sən bəhrü-bərim!

Səcdəgah çıxmasa soydan bir uca,

Ün yetməz Allaha, əl çatmaz taca!

Xalqın sayılanı əgər tükənsə,

Arzu çiçək açmaz, hər zəhmət bica!

“Biz gəldi-gedərik..” özün demişkən,

Barı bu dünyanı sən yaşa eşqən!

Əzəlin-əbədin sönməz təlatüm!

Səməddən daha çox Vurğun döyüşkən!

 

Dilcan dərəsi

 

Vurğun anılınca, adətən, Dilcan dərəsi yada düşür.

Dilcan Dərəsi nöqtəbənöqtə elə Vurğundu dipdiri.

       

Vurğun, həsrətinin qübbəsi olmuş

Dünyanın bədəli Dilcan Dərəsi.

Daha qiyamətə dikmiş gözünü

Bir Dürrə ədalı Dilcan Dərəsi.

Zaman amansız, dünya miskin;

Rəhmindən min dəfə qəzəbi kəskin...

Hələ yollara baxmaqdan üzgün

Dan yeri vədəli Dilcan Dərəsi.

Burdan vurulmuşdu göylərə dirək;

Bu yerdə puç oldu çox arzu-dilək...

Ömür ümmanının son damlasıtək

Gözündən gedəli Dilcan Dərəsi.

Yenə həmin göydü, həmin buluddu;

Göy yumub-tökdükcə bu torpaq uddu.

Dürrəylə Vurğunun toyunu tutdu

Bu Qorqud Dədəli Dilcan Dərəsi.

Bir yerdə dövr edir əvvəl axır;

Bir üzgün göy qalır, bir dərin çuxur.

İldırım göydən yox, bağrından çaxır-

Yolları güdəli Dilcan Dərəsi.

    

Bu şeiri yazandan sonra ən ümdə qənaətim:

 

Dahilərdən yazmaq çətin peşəymiş;

Sözün götür-qoyu zor əndişəymiş!”

 

20.12.2014-01.01.2015.

Sumqayıt.

Məmməd Aslan

525-ci qəzet.- 2015.- 24 yanvar.- S.29.