Mağara - (hekayə)

 

 

Gecə yağmağa başlayan yağış səhərə yaxın qəfildən kəsdi. O, yağışı bəhanə edib işə getmək istəmirdi, amma indi bu mümkün olmayacaqdı.

 

Sən necə adamsan?! Bu gecə demədinmi, sabah bütün günü bir yerdə olacağıq?! Getmə işə. Ürkək-ürkək ona baxan arvadı gözlərilə, az qala, yalvardı.

 

O bilmədi, sözünə sahib çıxmamaqda onu günahlandıran arvadına nə cavab versin.

 

Alınmır ki, alınmır. Heç nə barədə düşünməmək, heç nəyin dərdinə qalmamaq, qayğıdan, narahatlıqdan kənar, bircə gün də olsun, yaşamaq alınmır.

 

Bu düşüncələrlə indi o öz iş otağına girmək üçün dəhlizi sağa dönəcək, əlini cibinə salıb otağın açarını çıxaracaqdı.

 

Qapını açıb içəri girdi. Otaqdakı dəyişiklik o dəqiqə diqqətini çəkdi. Otağın küçəyə açılan yeganə pəncərəsindən əvvəllər onun heç vaxt görmədiyi bir xalça asılmışdı və bu xalça pəncərənin üzünü tamamən tutmuşdu. Belə ki, pəncərə heç görünmürdü. Xalçanın canlı naxışları, rəsmləri var idi. Xalçada təsvir edilən yer bir bazar küçəsi idi, bu bazar küçəsində sağda, solda balaca dükanlarda canlı görünən adamlar ciddi-cəhdlə alış-verişlərini edirdilər.

 

Gözlərini xalçadakı rəsmdən ayıra bilmirdi. Kim gətirib bu xalçanı asıb bura? Bu haranın küçəsidi? Burada indi hansı zəmanə, hansı əyyamdır? Bu sualların bir cavabı yox idi.

 

Xalçada təsvir edilən bazara şübhə və həsrətlə baxıb keçdi xalça ilə üzbəüz qupquru yerdən dizlərini qucaqlayıb oturdu. Otağa hardansa soyuq dolurdu. Üşüyən kimi oldu.

 

İlk əvvəl nənəsi yadına düşdü. Nənəsini xatırlayandan sonra üzünü görmədiyi babası və babası ilə bağlı o qəribə əhvalat. Bu dükanların birində onun babası alver edə bilərdi. Bu dükanların biri papaqçı dükanı ola bilərdi. Babasının günlərin bir günü müəmmalı şəkildə yox olması nənəsinin uşaq vaxtı ona danışdığı sehirli bir nağıl kimi yadından çıxmamışdı.

 

Xalçadakı bu bazarın canında nə sirr vardısa, elə bil, ona gizlin işarələr göndərirdi. Onu, bir növ, ahənrubə kimi öz içinə çəkirdi. Heyiflər olsun ki, onun yaşadığı şəhərdə artıq belə bazarlar yoxdur. Nə vaxtsa olmuşdu, indi yoxdur. Bu şəhər də bir zamanlar başqa şəhər idi, yavaş-yavaş elə dəyişdi ki, heç kim duyuq düşmədi. Nənəsi o itib getmiş şəhərdən, babasından elə maraqlı əhvalatlar danışardı ki. Babasının papaq dükanı vardı. Özü tikib elə dükandaca özü satardı. Aşqabad elindən qaragül dərisi gələrdi məxsusi Hacı Rahimin adına. Orada quzunun dərisini anasının qarnındaca üzüb boğazından çıxarırlar. Əsl qaragül bu idi. Başqa dəriyə Hacı Rahim yaxın düşməzdi. Nəinki şəhərin say-seçmə adamları, dörd ətrafdan imkanlı adamlar papağı ancaq Hacı Rahimə sifariş verərdilər.

 

...O artıq böyüyüb məktəbə getməyə başlamışdı. Günlərin bir günü qoca nənəsi düşündü ki, daha zamanı qalmayıb, vaxt yetişibdi və o, illərlə ürəyində saxladığı sirri, nəhayət ki, açıb nəvəsinə deməlidi. Anlarmı, anlamazmı onu Allah bilər. Yadında saxlasa bəsidi, indi anlamasa da, sonra anlar. Başqa çarə yox idi.

 

Və günlərin bir günü artıq bəlli bir qərara gələndən sonra dünyada hamıdan çox sevdiyi mehriban, əziz, üzü-gözü büzüşmüş nənəsi aynabənddə oturub titrək barmaqlarıyla tütün çubuğuna ot basıb doldurdu və kibriti çəkdi. Bir an duruxub qaldı, gözünü oddan ayıra bilmədi. Odun işığına baxdıqca baxdı. Nəhayət, çubuğundakı otu yandırıb tüstüsünü arzu-kamla ciyərlərinə çəkdi.

 

Dinlə məni, quzu bala. Dediklərimi unutmayasan. Nənəsi onun keçəl başını dizinin üstünə sıxıb tumarlamağa başladı. O başa düşdü ki, arvad uzun bir hekayət danışmağa hazırlaşır. Ləzzətdən gözləri süzülüb getdi.

 

...Babası Hacı Rahimin dayısı Xaşal Qurbanı sel aparan il idi. Uzun-uzun leysan yağışlar yağırdı. Hacı Rahim o gecə eyni qaydayla yağmağa başlayan yağışa yenə təəccüb elədi. Təəccübünə səbəb o idi ki, baxanda bilinmirdi, pəncərə arxasından gördüyü bu yağış sütunları göydən yerə enir, yoxsa yerdən göyə qalxır.

 

Yenə başladı yağmağa. Sabahacan bu leysan kəsməz. Sabah bütün gün də yağsaydı... Hacı Rahim əlini əlinə sürtdü, gözlərini qıyaraq pəncərədən küçəyə bir daha diqqət etdi.

 

Arvadı Sayad yorğan-döşəyi rahlayırdı, tənbəl-tənbəl soruşdu:

 

Yağsa, neyləyəsiydin ki?!

 

Heç bir şey. Bazara çıxmazdım. İstərdinsə, sənlə bir yerdə mağaraya gedərdik. Nə dersən?

 

Səninki elə gəzmək olsun, harasa getmək olsun. Sayad nazla cavab verdi. Hüsigilə də xəbər verəkmi? Hüsi qapıbir qonşuları idi.

 

İstərsən, deyərik, istəməzsən, demərik. Hacı Rahim bu Hüsi söhbətini uzatmadı. Bəlli oldu ki, mağaraya Sayadla tək getmək istəyir.

 

Səhərisi gün yağış eynən o şəkildə yağmağına davam elədi. Hacı Rahim ki, arvadına söz vermişdi, bazara çıxmasın və onu mağaraya aparsın, sözünün üstündə durdu. Hazırlıqlarını görüb əllərində xurcun evdən çıxdılar. Həyətdəki faytona qaşqa atı qoşub düzəldilər yola. Yağış hələ də yağmağındaydı.

 

Mağara dedikləri şəhərin kənarındakı Alaca dağın döşündə bir məşhur görüş yeri idi. Vaxtaşırı imkanlı adamlar, sevgililər, dost-yoldaşlar yığışıb bura istirahət adıyla gəlir, xüsusən, yayın isti günlərində içi sərinliklə dolu mağaranın dərinliklərinə doğru getdikcə gedir, oralarda bir balaca gölə bənzər yer vardı, ətrafında yer tapıb süfrə açır, səsli-küylü məclis qurur, qaranlıqda şamları yandırır, kefə baxırdılar. Mağaranın divarları bu yerdə xeyli hamar idi, bu hamar divarlara şam işığından uzun-uzun kölgələr düşüb oynayırdı.

 

Əsas məsələ mağaranın gün ərzində birinci kimin tərəfindən tutulması idi. Buranın yazılmamış qanunu var idi. O da bu idi ki, mağara birinci gələn cütlüyün ixtiyarında olardı. Birinci gələn cütlük qalib ədasıyla mağaranın ağzına bir bardaq su qoyardı. Yəni, sonra gələn götürüb bu sudan içdikcə içə bilər, amma mağaraya girə bilməz. Geri dönməlidi. Mağaranın bu günlük sahibi artıq var. Bu bir bardaq suyun qanunu hələ bir dəfə də pozulmamışdı. Bardağı aşırıb üstündən keçən olmamışdı.

 

Fayton dağ ətəyinə çatar-çatmaz gənc Sayadın sinəsi başladı gup-gup vurmağa. Ürəyinə qara-qura fikirlər girdi ki, bu gün nəsə baş verəcəkdir, çox nahaq eləyib onlar bu gün bura gəldilər. Hacı Rahim isə faytonçunun yerində xeyli diqqətli oturmuş və fikri-zikri, elə bil, ancaq qaşqa atın yüyənində idi. Sayad daha dözmədi, arxa oturacaqdan irəli əyilib əllərilə Hacı Rahimi qucaqladı, bir istədi qışqırsın, gəl qayıdaq evimizə, istəmirəm bu gün mağaraya girməyək. Nə illah elədi, qışqıra bilmədi, ağzından zorla çıxan titrək səsini də, o səsə bürünmüş sözləri də yağan yağış alıb islada-islada uzaqlara apardı.

 

Su bardağını mağaranın ağzına qoydular. Sayad özü ilə gətirdiyi şalların birini, al qırmızı olanını Hacı Rahimin çiyninə saldı, o biri yaşıl şalı isə öz çiyninə atdı. Onlar həm özləri bir-birinə qısıldılar və həm də mağaranın içərisinə doğru addımları bir-birinə dolaşa-dolaşa yol getməyə başladılar.

 

...Nənəsi söhbətin bu yerinə çatanda nəfəsini dərdi. Sönmüş çubuğunu təzədən yandırdı. Yenə kibritin oduna sulanmış gözlərini qırpmadan baxdı, baxdı, sonra yanıqlı bir ah çəkdi.

 

...Sayad mağaradan tək-tənha, tir-tir titrəyərək çıxdı. Özündə-sözündə deyildi. Hacı Rahimə nə oldu, nə olmadı, o mağarada nə baş verdi, nə baş vermədi, bu kişi hara yox oldu Sayad sonralar onu sorğu-suala tutanlara hətta düz-əməlli bir cavab tapıb verə bilmədi. Şübhələnməyənlər Allah bilən məsləhətdi söylədilər, şübhələnənlər fikir içində lənət şeytana deyib barmaqlarını dişlədilər. Qərəz, o boyda kişi bir parça əppək olub çəkildi qeybə, yox oldu getdi.

 

Biz sağa döndük, nənəsi ilk dəfə idi, bunları danışırdı deyin, sözünə aramla davam elədi. Balaca, gözdən uzaq bir cığır vardı, əsas yoldan çıxıb bu cığıra düşdük. Hacı bu cığırı, mən elə bilirəm, tanıyırdı. İnamla əlimdən tutub məni bir balaca meydançaya gətirib çıxartdı. Meydançanın bu tərəfində biz durmuşduq, o biri tərəfində bazar var idi. Adamlar hay-küylə alış-veriş edirdilər. Hacı bu mənzərədən duruxmuşdu. Bir kəlmə söz demədən, ruhlar kimi məlul-məlul son dəfə mənə baxdı və əlimi buraxıb səndirləyə-səndirləyə bazardakı adamlara tərəf getdi. Çiynindəki qırmızı şalını ki, görürdüm, heç düşünmədim ki, mən onu itirə bilərəm. Amma o qəflətən bazardakı adamlara qarışıb yox oldu. Adamlar, elə bil, onu uddular. Mən qırmızı şalı bir daha görmədim. Qışqırmaq istədim, səsim çıxmadı. Dalınca qaçmaq istədim, ayaqlarım tutuldu. Bazar da, adamlar da başladılar yavaş-yavaş gözümün qabağında əriyib yox olmağa. Qorxumdan yerimdə donub qalmışdım. Bir onu bildim ki, hövlnak geri döndüm, getdiyim yolla gəlib çıxdım mağaranın ağzına. Su bardağının yanında yerə çöküb bu sudan içdikcə içdim, sonra huşumu itirdim. Gözümü açanda artıq evdə idim. Mağaraya bizdən sonra gələnlər məni alıb evimizə gətirmişdilər. Evdə gözümü açar-açmaz Hacı, Hacı çağıra-çağıra ora-bura çox baxdım, düşündüm ki, yəqin, mənimlə zarafat edir. Hacı heç yerdə yox idi. Bir daha mən onu görmədim.

 

Bu hadisədən çox-çox illər sonra Təbrizdən bir nəfər qonaq gəlmişdi, başında qaragül dərisindən papaq vardı. Sayad arvad baxan kimi dedi:

 

Onun işidi, o tikib. Dedi və rahatca köksünü ötürdü.

 

...O, qətiyyətlə ayağa qalxdı və xalçanı pəncərənin üstündən dartıb yerə saldı. Pəncərədən o tərəfə açılan mənzərə eynən xalçadakı rəsmin artıq canlı təkrarı idi, başqa şey deyildi. Bazar küçəsinin səsi-küyü otağı doldurmağa başladı. Bütün bunları o sanki gözləyirdi. Rahat-rahat köksünü ötürdü. Qətiyyən təəccüb və tərəddüd etmədən ayağını atıb birinci mərtəbədəki iş otağının açıq pəncərəsindən o tərəfə keçdi və birbaşa bazarın içinə düşdü.

 

Ayağı yerə dəyən kimi canının hər məsaməsinə isti qan yayılmağa başladı. Vücuduyla hiss elədi ki, bura qədər doğma yer dünyanın heç hansı guşəsində ola bilməz. Birdən duruxdu və yadına saldı ki, vaxtı azdı. Bazar onu ahənrüba kimi çəkib içinə salmadan evə tələsməlidi. Çünki arvadı Sayad siyahı verib, bazardan alacağı əti, düyünü, mer-meyvəni evə çatdırmaq lazımdı, axşama qonağı var.

Kamal Abdulla

525-ci qəzet.- 2015.- 24 yanvar.- S.23.