Milli mədəniyyətimizdə Fətullayevlər pleyadası

 

Azərbaycanın tanınmış rejissoru Hafiz Fətullayevin əvvəl səhhətinin pisləşməsi və sonra vəfatı barədə xəbəri internet səhifələrində oxuyub çox məyus oldum. Özümə mənəvi borc bildim ki, mərhum sənətkarın mənsub olduğu Fətullayevlər sülaləsi barədə bir yazı qələmə alaraq oxuculara təqdim edim. Qoy bu, Hafiz Fətullayevin əziz xatirəsinə həsr edilmiş ilk yazı olsun!

 

Hafizin babası Mirzə Möhsün Fətullazadə (1885-1936) Masallının axarlı-baxarlı, saf çeşməli silsilə bulaqları, adlı-sanlı alimləri və idmançıları ilə şöhrət qazanan Ərkivanda dünyaya göz açmışdı. Bir müddət Lənkəranda yaşayandan sonra, 1920-ci ildə Bakıya köçmüşdü. Mirzə Möhsünün ailəsində boya-başa çatan dörd oğlunun və nəvələrinin adları Azərbaycanın görkəmli simalarının cərgəsində çəkilir.

 

Böyük oğlu Fateh Fətullayevin (1909-1986) əsl adı Fətulla olub. Ancaq görkəmli ədibimiz Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub. Fateh Fətullayev respublikanın Əməkdar artisti, teatr və kino aktyoru idi. Məşhur "Ögey ana" filmində onun ata - Arif rolunu, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarını xatırlamaq kifayətdir...

 

İkinci oğlu Nüsrət Fətullayev (1911-1987) milli teatr rəssamlığımızın inkişafında və formalaşmasında böyük xidmətlər göstərib. 25 sentyabr 1913-cü ildə Lənkəranda doğulan Nüsrət Fətullayev Bakı Rəssamlıq Məktəbində təhsil alıb (1930-1934). Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31-43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Akademik Milli Dram Teatrında ilk işinə başlayıb."Eskadranın məhvi" tamaşasının bədii tərtibatına görə Sidqi Ruhulla demişdir: - "O, (yəni - Nüsrət Fətullayev-N.Ə) bu işi yüksək professionallıqla qurmuşdur". 1938-ci ildə Nüsrət teatrın baş rəssamı vəzifəsinə təyin olunur. 1940-cı ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni ləyaqətlə icra edib. Sənət dünyasındakı xidmətlərinə görə respublikanın Əməkdar incəsənət xadimi (4 may 1940) və Xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasına görə 1948-ci ildə Stalin mükafatına, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramının tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. Nüsrət Fətullayevin özünəməxsus yaradıcılıq dəst-xətti olub. O, əsasən, realist səhnə tərtibatına üstünlük verib. Yaradıcılığının bir qolunu da monumental-romantik üslub təşkil edib. Teatrın texniki prinsiplərini dərindən bilməsi, səhnə ölçülərinə dəqiqliklə riayət etməsi onun işlədiyi tərtibatlara tamlıq, əzəmət və obrazlılıq gətirirdi. Tərtibat verdiyi tamaşalarda aktyorların sərbəst səhnə davranışlarını yaradıcı həssaslıqla nəzərə alırdı. Milli etnoqrafiyanı dərindən bilən Nüsrət Fətullayev tərtibat rəssamlığında klassik üslub ənənələrini yaşadırdı. Ancaq o, dövrün qaynar, mürəkkəb, təzadlı, işıqlı ruhunun təzə-tərliyinə, təravətli ovqatına da cəsarətlə can atırdı. Onun tərtibatında janr-üslub qarışıqlığı olmurdu, ancaq müxtəlif formaların harmonik sintezi, bir poetikada füsunkarlıqla birləşməsi həm tamaşaya möhtəşəm obrazlılıq gətirirdi, həm də tamaşaçını heyrətdə saxlayırdı. Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. Aktrisa Hökümə Qurbanovanın həyat yoldaşı və aktrisa Vəfa Fətullayevanın atasıdır (Hökümə Qurbanova bəstəkar Müslüm Maqomayevin bacısı Malikat xanımın qızı idi).

 

Üçüncü oğlu Şəmsəddin Fətullayev (1913-1975) konservatoriyada təhsil almışdı. Bir müddət Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının musiqi hissə müdiri, Musiqili Komediya Teatrında baş drijor işləmişdi. Bəstəkarlar İttifaqının üzvü idi. "Dərviş Məstəli şah", "İki ağanın bir nökəri" tamaşalarının musiqi tərtibatçısı olmuşdur.

 

Dördüncü oğlu Nurəddin Fətullayev (1916-1973) Bəstəkarlar İttifaqının üzvü idi. Qardaşı Şəmsəddindən sonra uzun müddət Akademik Milli Teatrda musiqi hissə müdiri işləyib. "Atayevlər ailəsi" (Azərbaycan radiosu) əsərində musiqi tərtibatçısı olub.

 

Hafiz Fətullayev Nurəddinin oğludur. 24 fevral 1944-cü ildə Bakıda dünyaya gəlib. M.A.Əliyev adına ADİİ-nun Rejissorluq fakultəsini bitirdikdən sonra (1970) uzun müddət Akademik Milli Dram Teatrında işləyib. Sonra Azərbaycan Dövlət Dram Teatrında, 1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında fəaliyyət göstərib. "Dostluq meridianı", "Məhəbbət, məhəbbət" kimi ədəbi-bədii verilişlərin müəllifi olub. Bir müddət Lider TV-də çalışmışdı. 1991-ci ildən özünün yaratdığı "Rimur" müstəqil kinokompaniyasına rəhbərlik etmşdi. "Biri Getdi, qaldı üçü" (Quruluşçu rejissor) "Fatehlərin divanı" nda (1997) Cəlair oğlu Əhməd bəy, "Mücrü" (1973)" filmində ata rollarında oynayıb. "Müqəddəs oda yanaram" (1991. G.Əzimzadə ilə birgə quruluşçu rejissor) filminin ssenari müəllifi, "Qırmızı Qatar" (1993) filminin rejissorudur. Respublika Kinematoqrafçılar İttifaqının üzvü idi.

 

Çox təəssüf ki, uzun sürən xəstəliyi zamanı qüruruna sığışdırıb müalicə üçün heç bir quruma ağız açmayan Hafiz Fətullayev cənazəsi bu il yanvarın 20-də Maştağa qəbiristanlığında torpağa tapşırıldı. Ömrünün son günləri sənət doslarından yalnız Xalq artisti Şəfiqə xanım Məmmədovanın onunla maraqlandığını dilə gətirib!..

 

Elə söz düşmüşkən, əslən Masallının qədim Ərkivan kəndindən (indi qəsəbə- N.Ə.) olan və Azərbaycana başucalığı gətirən Fətullayevlər sülaləsindən bəhs edən "Bir ağacın altı budağı" adlı oçerkdən nümunə gətirmək istərdim. Masallının, eləcə də Ərkivanın fəxri olan Azərbaycanın görkəmli tənqidçi-alimi Vaqif Yusiflinin ürək ağrısı ilə qələmə aldığı bu oçerki belə bir kövrək misralarla başlayır: "Nəslin yarpaq tökümü" belə başlandı: əvvəlcə dördüncü - ən kiçik qardaş Nurəddn vəfat etdi (1973). 1975-ci ildə Şəmsəddin bu işıqlı dünyaya vida dedi. Sonra böyük qardaş Fateh ömür karvanını başa çatdırdı (1986). İkinci qardaş - Nüsrət, bəlkə də bir az çox yaşayardı, amma gözünün ağı-qarası olan qızı Vəfanın ölümü (1987) sanki belini qırdı, qızının dünyadan nakam getməsi Nüsrəti də həmin il dünyadan apardı. Nüsrət, Fateh, Şəmsəddin və Nurəddin Fətullayevlər... Bir zamanlar Azərbaycan səhnəsinin aparıcı siması olmuş bu ərkivanlı qardaşlar əsl istedad sahibləri idilər... Nüsrəti, Fatehi təkcə Azərbaycanda deyil, Şərq ölkələrində və dünyanın bir sıra ölkələrində də tanıyırlar. Nüsrəti, Səməd Vurğun demişkən, rəsm dünyasının qüdsiyyətinə görə, Fatehi isə "Ögey ana" filmindəki İsmayılın atası Arif roluna görə. Yeganə filmdir ki, baxmaq istədikcə baxırsan. Baxırsan, kövrəlirsən, yanırsan, yaxılırsan, sonda uşaq kimi sevinirsən. Tamaşaçını belə haldan-hala salan Fateh Fətullayevlə (Arif) Nəcibə Məlikovanın (Dilarə) qeyri-adi oyun tərzləridir. Bu qüdrətli ifa tərzlərindən, bu cütlüyün ecazkar məharətindən təlqin olunan halətlər isə tamaşaçını ekrana daha yaxın oturmağa vadar edir. Balaca İsmayılın (Ceyhun Mirzəyevin) dəcəlliyi də, şətəlliyi də, pintiliyi də, dərslərindın geri qalması da, yoldaşlarına, xüsusilə bacısına amansız olması da, valideynlərinin sözünə məsuliyyətsiz yanaşması da Fateh Fətullayev və Nəcibə Məlikova cütlüyünün ifa maneralarının qüdrətindən yaranan bədii məntiqin fonunda tamaşaçıların içini göynədir, onları mütəəssir edir....

 

Vaqif Yusifli Nüsrət Fətullayevi belə səciyyələndirir: "...Azərbaycan teatr rəssamlarının yaradıcılarından biridir. Bir müddət Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub (1943-1945). 1935-ci ildən ömrünün axırına kimi Akademik Dram Teatrında tərtibatçı-rəssam, sonra isə rəssam işləyib. Rəssamlığa uşaqlıqdan həvəsi varmış. Ancaq atasından gizli saxlayırmış bu meylini. Nəhayət, anasına bu barədə söhbət açır, Kübra xanım da ərinə deyir. Teatrda istedadlı rejissor Yusif Yulduzun "Eksadranın məhvi" tamaşası gedirmiş, bu tamaşanın rəssamı N. Fətullayev idi. Kişini birtəhər teatra aparırlar. Əslində o, etiraz etməmişdi, demişdi ki, əgər Nüsrətin bu sənətə meyli varsa, getsin, amma yarımçığından olmasın. Teatrdan qayıdırlar, kişi içəri keçir. Qapı ağzında dayanan qardaşlar intizarla onun qərarını gözləyirmişlər. Nəhayət, Kübra xanım onları içəri çağırır. Ağa (qardaşlar onu belə çağırırmış) kürsüdə oturmuşdu. İçəri girəndə başını razılıqla tərpədir və bu nəinki Nüsrətin, o biri qardaşların da taleyini həll edir...".

 

Vaqif Yusiflinin rəvan və şirin dili Nüsrət kimi bir düha sahibini həm də bir şəxsiyyət kimi oxucuya bağlayır. Xüsusilə Adil İsgəndərovla, Səməd Vurğunla Nüsrət Fərzullayevin dostluğu barədə deyilənlər onunla bağlı tədqiqat aparmaq barədə düşünənlərə gəl-gəl deyir. Çünki Nüsrət Fətullayevlə Adil İsgəndərov kimi səhnə və kino korifeyi ilə dostluğunu əks etdirən fəsil tədqiqat materialının çox maraqlı və oxunaqlı bölməsi olarsa, Nüsrət Fətullayevin Səməd Vurğunla dostluğunu əks etdirən səhnələr isə həmin tədqiqat materialının əsas leytmotivini təşkil edə bilər. Böyük şairimiz Səməd Vurğun Nüsrət Fətullayevin sənətinə çox böyük qiymət vermişdir. Milli Akademik Dram Teatrında bu günə qədər Səməd Vurğunun Nüsrət Fətullayev haqqındakı deyimlərindən yaddaşlarda qalan nümunələr var. Səməd Vurğun Ərkivanı Cənub bölgəsinin Luvru, Nüsrət Fətullayevi isə həmin Luvrun Leonardo - do Vinçisi adlandırmışdır. Yəqin gələcək tədqiqatçılar Səməd Vurğunun Nüsrət Fətullayevi ilə təbiət təsvirləri və şəxsiyyəti haqqında poetik düşüncələri, hətta şeirləri barədə materiallar əldə edəcəklər. Məlum olduğu kimi, Səməd Vurğunun "İnsan" pyesinin quruluşcu rəssamı Nüsrət Fətullayev olmuşdur. Nüsrətin rəsm əsərlərinə, xüsusilə bu əsərlərdəki təbiət təsvirlərinə valeh olan Səməd Vurğun Nüsrət sənəti barədə belə demişdir:

 

"...Səhnələrdə təbiətin məna ahəngi, onun qüdsiyyəti, xeyirxah və nəcib varlığı ifadə olunmalıdır... Səhnəmizin bu təbiət gözəlliyinin fəlsəfəsi uğrunda Nüsrət öz yaradıcılığını başa çatdırmalıdır. Çünki onun təbiət zövqləri başqa rəssamlarımıza görə daha gözəldir". Fateh böyük qardaş olmasına baxmayaraq, böyük uğura Nüsrət imza atmışdır. O, Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb və uzun illər Respublika Rəssamlar İttifaqının sədri olub. Fatehin həyat yolu da maraqlı olmuşdur. Vaqif Yusifli onun yaradıcılıq yolunu beləcə xarakterizə edir: "...Ən gözəl rolu hamının etiraf etdiyinə görə, Qoqolun "Müfəttiş"ində Xlestakov olub. Bu tamaşanı 1952-ci ildə Mehdi Məmmədov hazırlamışdı. Sonralar tanınmış teatr tənqidçisi Cəfər Cəfərov yazacaq: "Ən çətin problem Xlestakov rolunun ifası ilə bağlı oldu. M. Məmmədovun bu rol üçün yeganə namizədi F.Fətullayev idi. Vaxtilə bu məşhur komediyada yüksək sənət nümayiş etdirərək parlamış H. Ərəblinskidən və M. Mərdanovdan sonra yeni Xlestakov yaratmaq gənc bir aktyor üçün heç də asan məsələ deyildi. Lakin Xlestakov Fətullayevin, bəlkə də teatr sənətində ən yaxşı roluna çevrilə bildi". Oçerkdə Fatehin öz müasirlərinin könüllərinin necə fəth etdiyindən, sənətə, ailəyə münasibətindən də söz açılır: "bir insan kimi də sevilirdi. Həmişə əlindən yaxşılıq gəlirdi. Ciddi, zabitəli, səliqəli kişi idi. Deyirdi ki, aktyor yaxşı, səliqəli geyinməkdə gərək nümunə olsun, Ərəblinskiyə oxşasın. Gözəl ailəsi var idi. Həyat yoldaşı Şəfiqə xanım vaxtilə rəqqasə olub. Qızı Zemfira ingilis dili müəllimidir. İndi bu ailə Fatehlə bağlı xatirələr işığına bürünüb". Pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun təbirincə desək, bax, elə Vaqif Yusiflinin bu sonuncu cümləsinin işığı ilə getmək olar. Yəni tədqiqatçılar üçün çox geniş imkanlar yaranır. Fateh Fətullayevin həyat yoldaşı Şəfiqə xanımla həmsöhbət olmaqla həm onun özü haqqında, həm Şəfiqə xanımın qayınları sayılan Nüsrət, Nurəddin, Şəmsəddin və qaynı oğlu Hafiz haqqında dəyərli faktlar əldə etmək olar. Həm də onun qayını qızı Vəfa Fətullayeva barədə qeyri-adi informasiyalar əldə etmək mümkündür.

 

...Fateh Fətullayevin ingilis dili mütəxəssisi olan qızı Zemfira xanım təkcə atası ilə bağlı deyilən həm əmiləri, həm də əmisi qızı Vəfa Fətullayeva haqqında oxucuya və tamaşaçıya məlum olmayan faktları ortaya çıxarar... Vəfa, doğrudan da, Azərbaycan səhnəsinin bəzəyi, aktrisalar arasında korifey sənətkar sayılırdı. İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesində Gülgəzin dili ilə "yalan", "gop" ifadələrini elə bir qeyri adi, özünəməxsus şirin avazla söyləmişdi ki, bunlar insanlar arasında sanki bir aforizmə çevrilmişdi.

 

Bir sözlə, Azərbaycana başucalığı gətirən Fətullayevlər sülaləsinin əfsanəvi nümayəndələri olan korifey sənətkarların birgə fəaliyyətindən bəhs etmək daha maraqlı olar. Çünki teatr səhnəsində elə tamaşalar olub, həmin tamaşaların bütün ağırlığını Fətullayevlər öz çiyinlərinə götürüblər. Məsələn, 1976-cı ilin yanvarında Seyfəddin Dağlının "Mənziliniz mübarək" komediyasının quruluşçu rəssamı Nüsrət Fətullayev və aparıcı rollardan birini oynayan Fateh Fətullayev (Elgün rolunda) idi. Təxminən, bir ay sonra, yəni fevral ayında Xalq şairi Səməd Vurğunun "İnsan" pyesində (mənzum faciəsində) əsas rollardan birini Fateh Fətullayev (Polkovnik Hans rolunda), birini Nüsrətin həyat yoldaşı Hökümə xanım, birini onların əziz övladı Vəfa Fətullayeva (həkim Dildar rolunda), birini isə bu ailənin bəstəkar övladı Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev (alman zabiti rolunda) oynayıb. Belə faktlara isə həyatda çox nadir hallarda rast gəlmək mümkündür. Fətullayevlər sülaləsinin timsalında qeyd olunan bu nadir hadisəni yazıya almaq, oxucuya, teatr həvəskarlarına çatdırmaq ilk növbədə bizim - qələm sahiblərinin, jurnalistlərin mənəvi borcudur...

 

Nurəddin ƏDİLOĞLU

525-ci qəzet.- 2015.- 29 yanvar.- S.6.