Bir gün mənim qədər anlasan...

 

...Məktublar silsiləsindən

 

...Və günlərin bir boş günü qırçın-qırçın qırışmış sifətini dəfələrlə gördüyün, amma hələ də tanımadığın küçəyə açılan pəncərəyə yastı kökə kimi yapışdırıb heç mövcud olmayan birini gözləyirmiş kimi uzaq yollara zillənəndə qəfil hər şeyin mənasızlığını anlayacaqsan...Elə anladığın andaca rahatlıq tapacaqsan, çünki onda artıq bunu səndən əvvəl də çoxlarının yaşadığını dərk edəsi yaşda və başda olacaqsan, qızım...

 

Freyd deyirmiş ki, həyatın mənasını dərk etməyə çalışan insan xəstədir. Elə isə mən cəmiyyətin sağlamlığına görə sevinirəm və onları kim(lər)dənsə tutduğum bu məlum xəstəliyə yoluxdurmaqdan ehtiyat edirəm!

 

Həyat ölümün üverturasıdır. Bunsuz onun ləzzəti olmazdı ki... Biz də həyat dediyin bu absurd anlamsızlığın içində yalnız həzzlərlə təsəlli tapıb yaşayırıq. Hətta cənnət və cəhənnəmi belə həzz anlayışına görə biz fanilər uydurmuşuq: Birincini özümüz, ikincini günahkar dediyimiz başqalarının əzab çəkməsindən həzz almağa ümid etdiyimiz üçün. Həyatımız hedonist proseslərin cəmidir. Amma kimiləri öz hedonistliyi ilə sadistcəsinə başqalarının, kimisi də mazoxistcəsinə öz əzablarından həzz ala-ala yaşayır.

 

Yaşadığın sürəcə bu dünyada hərənin öz əzabı var və hər kəs öz əzabını özü çəkməlidir. Mən istəsəm belə, sənin ağrını, kədərini daşıya bilmərəm, qızım. Heç kəsin ağrısı, kədəri bir birinə bənzəməz. Bunları sənə dərs vermək üçün demirəm... Çünki həyatındakı yaşantılardan başqa heç kim sənə dərs, məsləhət və tövsiyə verə bilməz. Versələr belə, sən yenə yalnız öz səhvlərindən, yanlışlarından, günahlarından dərs alanda həyatı anlayacaqsan. Hətta başqalarının yaşantıları, üzüntüləri və bütün bunların nəticələri sənin gözün önündə baş versə də, sən yenə də onları özün yaşamayınca ibrət almayacaqsan. Həyata gəlməyinə bir vəsilə olsam da, hətta mənim də sənə ağıl vermək fikrim və haqqım yoxdu əslində. Zatən ağıl elə bir şeydir ki, onu başqaları ilə bölüşmək imkansızdır. Onun varlığını, lap elə yoxluğunu da göstərmək mümkündür, amma vermək əsla. İnsanın ağlı da, ağılsızlığı da yalnız onun özünə xidmət edir. Böyüyər-böyüməz məni də ağıl verməyə, yanlışlardan çəkinməyə , günahlardan arınmağa, səhvlərdən xali olmağa səslədilər. Sanki peyğəmbər yetişdirəcəkdilər...Hər şeyi şəxsən yaşamayınca, başım daşa çırpılmayınca həyatı anlamadım, qızım...Əzablar ruhumun ucqarlarına işləməyənə qədər həyatın mənasını, daha doğrusu mənasızlığını dərk eləyə bilmədim. İnsan öz səhvlərindən, qüsurlarından, yanlışlarından öyrənir, kimsənin bəlağətinə inanma. Hətta anana da. İnsan bədəninin və ruhunun ağrıları, əzabları ilə böyüyür. İstəyirəm ki, əzab çəkməyəsən, amma hər mənada böyüməyini də istəyirəm. Elə bu ikisini bir arada istəmək absurd deyilmi? Əzabsız böyümə olmaz ki...Ona görə də mənə nə qədər ağır olsa da, bu məsələyə rasional yanaşmalıyam. Sənin böyüməyini, amma həyatın ağrı və əzablarına da tab gətirməyini, hər əzabdan sonra daha da güclü olmağını arzulayıram. Və unutma- hətta sarsıntılardan, əzablardan, ağrılardan ölmək istədiyin zamanlarda belə həyata tutunacaqsan, həm də daha möhkəm. Mənə sadəcə bunu söz ver. Çünki hətta ürəyi, mənəviyyatı, ruhu şırım-şırım eləyən ən dəhşətli yaralar belə zaman keçdikcə sağalır. Ruhun immuniteti güclüdür. Bədən zəif olsa da, ruhun sarsıntıları dəf eləmək gücü var.

 

Səni çox sevirəm, qızım. Amma bil ki, ən güclü və ən təmənnasız sevgilərin də mayasında eqoistlik, başqasından daha artıq özünüsevmə var. Bəlkə də bu sözlərimə görə məni qəddarlıqda qınaya bilərsən, amma həyat özü qəddardır, görəcəksən. Və mən sənin bu amansızlığı dərk eləyəcək, ölümün gözünə dik baxacaq qədər qorxmaz, amma eyni zamanda sifəti dalayan soyuq qış günü pəncərənin qarşısında aramsız cikkiltisiylə az qala dil açıb bircə tikə çörək istəyən sərçəciyə acıyacaq qədər mərhəmətli olmağını istəyirəm. Mərhəmət hisslərin ən gözəlidir... Adına Allah deyilən o Uca Enerjinin də yalnız mərhəmət və ədalət hissindən ibarət olduğuna əminəm. Bəşəriyyətin səmadan gəldiyinə inandığı qutsal kitablarda təsvir olunan dəhşətli cəhənnəm əzablarının da əbədi davam edəcəyinə inanmıram. Hələ üstəlik o kitabları səmavi adlandırırlar...İnsanların yaşamaq adına bu qədər çabaları, mübarizələri, mal və can həvəsləri, ruhi çırpıntıları, qovğaları, qeylü-qalları, gündə yüz yol ölüb-dirilmələri səmadan yəqin elə gülünc, fani, bəsit və anlamsız görünür ki...

 

Dərddən çiynim əyiləndə, köksüm ağrılardan sıxılıb içərisində ürək adlanan bir ovucluq o ət parçası vəzifəsinin sadəcə orqanizmə qan vuran bədən əzası olmadığını xatırladanda, çəkdiyim dözülməz sarsıntılardan YER ÜZÜ gözümdən düşəndə həmişə baxışlarımı GÖYə çevirdim, başımı səmaya qaldırdım. Sən də bunları hiss eləyəndə, YERdən haqqın olanı almayanda başını GÖYə qovza, qızım. Göydən sənə çatanı mütləq alacaqsan, görəcəksən ki, səma hamının başı üstündə necə də bərabər, ilahi ədalətlə paylanıb. Və özün fikirləş, o gözəllikdən, o ənginlikdən, o ucalıqdan, o dərinlikdən, o lacivərd mavilikdən bitməyən əzabları təsvir eləyən kitablar göndərilə bilərmi? Kaş ki, səma qədər mərhəmətli olmağı bacarsaydıq...Göy üzü ədalətsizlik bürüncəyini xirtdəyinəcən çəkmişlərə belə çox mərhəmətlidir, yoxsa ordan başımıza hələ də nur damlaları yox, yekə-yekə daşlar yağardı...

 

Heç kim başqasına heç nə eləyə bilməz qızım, kim nə eləsə özünə eləyər-uşaqlıqdan belə eşitmişəm və yaşadıqca da buna əmin olmuşam. Heminqueysə deyirmiş ki, insanı cismən öldürmək olar, amma məhv eləmək olmaz. Olmaz, əmin ol! Amma yenə də insanlarla xüsusən kişilərlə ehtiyatlı davran, qızım... Bunu sənə qadın deyir. Çünki ən pisi ağlını canından əvvəl itirməkdir, qızım... Amma kişi də var, kişi də var. Eşqin yenidən yaratdığı kişi qüsursuz, qutsal olur, hətta özkeçmişi səhvlər və günahlarla dolu olsa belə...Və belə kişi hər qadınam deyənə də nəsib olmur. Çoxumuz etiraf etməsək də, ana sevgisi də eqoistdir. Və mən səni yalnız eşqin yenidən yaratdığı kişiyə güzəştə gedə bilərəm. Arzulayıram ki, eşqdən yaranan və eşqin yaratdığı kişi qarşına çıxanda onun fərqinə varacaq qədər böyümüş olasan, qızım.

 

Eşq dediyin də elə hər əlini atdığında yapışa biləcəyin qapı dəstəyi deyil, tutub şəstlə açasan...Bu dəstəyin qırılıb əlində qalmaq riskini, ya da qapının arxasında heç ağlına gətirmədiklərinə ürcah olmaq ehtimalını demirəm hələ...Adını unutduğum hansısa dahi deyibmiş ki, qarşılıqlı eşq meteorit görünməsi qədər nadir hadisədir. Amma hər halda meteorit görənlər də az deyil...

 

Eşq də enerjidir, verdiyin qədər alacaqsan, almaq istədiyin qədər verməlisən, qayda budur...Durub burada sənə fizikadan aksiom, metafizikadan bəlağət diqtə eləmək fikrim yoxdu. Hamımız yanlışlarla dolu ömür sürərkən başqalarına ideal yaşamaq qaydalarını hansı haqla diqtə edə bilərik? Sadəcə, yaşadığın hər yanlışdan sonra özün üçün nəticə çıxarmağını arzulayardım, qızım... Oşo deyir ki, səhv etməkdən qorxmaq lazım deyil, insan səhvlərlə yaşayan varlıqdır, ancaq unutma-hər dəfə eyni səhvləri eləyənləri bağışlamırlar.

 

İnsanın yetkinləşməsi də onu səhvlərdən xali eləmir, yetkin yaşda elədiyim yanlışlarım məni daha çox böyütdü, təcrübələndirdi. Elə təcrübə dediyimiz də səhvlərimizin nəticələrindən çıxardığımız ibrətlərdən, yanlışlarımızla doğrularımızın çarpışmasının verdiyi dərslərdən başqa bir şey deyil ki... Kimlərinsə erkən gənclikdə elədikləri səhvləri mən həyatı anlayanda elədim- bilərəkdən də oldu, bilməyərəkdən də. Amma yetkinliyin səhvləri adamı daha tez böyüdür, daha tez ağıllandırır, daha rasional, daha soyuqqanlı edir. Ölümə belə gözüaçıq baxırsan onda. Söhbəti hara hərlədib-fırlatsan, yenə ölümə gəlib çıxır, görürsənmi? Ölüm qorxulu deyil, qızım, təbii olan bir şey niyə qorxulu olsun ki? Ölüm sadəcə geridönməz bir prosesdir, dünyaya gələndə də, yaşayanda da, çıxıb gedəndə də insanın əbədi tənhalıq yolçusu olduğunun sübutudur, vəssalam...

 

Mən kitablardan və insanlardan öyrəndim, hələ də öyrənirəm. Kitabların aşıladığı mərhəmət və insanların diqtə elədiyi amansızlıqlarla böyüdüm. Böyüdükcə də şahidi oldum ki, kitabları insanlar yazsa da, o mətnlərlə, sözlərlə insanların elədikləri üst-üstə düşmür. Bu fakta inanmadıqca elədiyim səhvlərdən dərsimi aldım. Kitablarla böyümək gözəldir, qızım, amma deyim, biləsən: gələcəkdə onları yazanların sözləri ilə əməllərinin bir-birinə tən gəlməməsindən sınmayasan. O kitabları da, onları yazanları da mərhəmət qarışıq hisslərlə sev, amma bunu da ağlının bir küncündə saxla həmişə....Ya da istəsən, heç saxlama...Bəlkə də daha qiymətli saxlancların olacaq sənin...

 

Həyatını ciddiyə al, amma həddini aşmadan. Həddindən artıq ciddiyə alsan, həyat səninlə əylənəcək. Şəxsi təcrübəmdən bildim bunu... Həyat başdan-başa yalandı ya da bir az yumşaq desək: zarafat. Sevgisi də, nifrəti də, ehtirası da, yaşantısı da, kədəri də, əzabı da, sarsıntısı da, həzzi də, sevinci də zarafat, yox, yalan olanı necə ciddiyə almaq olar, qızım? Yeganə doğru ölümdü... Amma bu yaxınlarda bir absurd, hətta gülünc bir hərəkətim oldu: indilikdə ən son zarafatımı ölümlə elədim- həyatdakı bu yeganə doğrunu atamdan gizlətməyə çalışdım. Bir əlimdə ağciyərindən gözünü üzümə zilləmiş xərçənginin bədheybət rəsmi, bir əlimdə həkimin bədxassəli diaqnozu ilə atamın gözünün içinə baxa- baxa yalan danışdım, riyakarcasına, amansızcasına...Necə istəyirsən adlandır... Heç bir şeyin yoxdur, ata, boş şeydir, keçib gedəcək, hər şey yaxşı olacaq, sağalacaqsan-dedim. Ucadan. İçimdəki səssizlik isə ölüm səssizliyi idi və dözülməz, çəkilməz ağrısı ilə içimi darmadağın edən bu əzablı sükutun dilini atamın özünün də xəbəri olmadan gözünün içindən düz bəbəklərimə zillənən ölüm anlayırdı sadəcə...

 

İndi mən bilmirəm bu yalanımı mərhəmət adlandırım, yoxsa amansızlıq? Bax, qızım, həyat belə absurddur! Hansı halda mərhəmətli, hansı halda amansız olacağını belə ayırd eləyə bilməyəcək qədər cəfəng...

 

İnsan elədiyi hər şeyin əvəzini mütləq alır, bu, Karma qanunudur. Atama dediyim o mərhəmətli yalanın da, onun göz didələrində yaşayan ölümlə etdiyim o kiçicik və mənasız zarafatın da əvəzini ödəyəcək qədər dəqiq işləyir bu qanun. Bir gün sən də doğrumu, yalanmı deyəcəyinə qərar verə bilməsən, heç olmasa, sadəcə sus, arif adamlar sükutun dilini daha tez anlayırlar. Anlamayanlara isə heç fikir də vermə, onlar zatən danışmaqla da heç nə başa düşməyəcəklər...

 

Sən doğulanda mən həm sevinmişdim, həm kədərlənmişdim, qızım. İndi var olduğuna və sabah yox olacağına görə...

 

Didaktik Şərq zəhlətökənliyi ilə eksiztensialist Qərb absurdunun həftəbecərini xatırladan bu yazımla sənə məsləhət, tövsiyə və dərs vermək fikrindən tamamilə uzağam. Bircə bunu deyirəm: götür sevgimi, səndə qalsın. Necə yaşamağından asılı olmayaraq, bu sevgi səni talisman kimi hifz eləyəcək, inanıram...

 

Bir dəfə əyləncə mərkəzində Qorxulu ev attraksionuna girməyə qorxmuşdun. Gülmüşdüm onda...Gülmüşdüm, çünki bilirdim- dünyada ən qorxulu evlər içində SEVGİ yaşanmayan evlərdir, qalan heç nə qorxulu deyil...

 

Yazı Ulduz jurnalının 2015-ci il, yanvar sayında dərc edilib.

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2015.- 31 yanvar.- S.18.