Qara güzgü

 

 (roman)

 

 

 

 

1990-91-ci illərdə “Karvan” dərgisində, ardınca kitab halında, daha sonra “Literaturnıy Azerbaydjana” jurnalında  dərc olunmuş “Köçürülmə” romanını oxuyanlar, mənə hələ də, hərdən belə bir sual verirlər: “Köçürülmə”nin ardını niyə yazmırsınız?”

 

Bu sorğu aradabir məni düşündürsə də, inişil “Köçürülmə”nin ardını yox, ƏVVƏLİNİ yazmağa başladım. Axı, bu romanda sözügedən Vedibasar eli 1948-1951-ci illərdə olduğu kimi 1919-1921.. zaman kəsiyində də köçürülməyə məruz qalıb və iki ilə qədər İran dövlətinin ərazisində mühacirət taleyi yaşayıb. Bu mühacirlərdən biri də o zaman on beş yaşını haqlayan atam olub... Sonralar o mühacirəti doğuran səbəblər haqqında mənə yana-yana danışan atam... Bu yazını qələmə alarkən, atamın xatiratları ilə yanaşı, görkəmli alim, tədqiqatçı Əziz Ələkbərlinin araşdırmaları qolumdan tutdu. Əlbəttə, başlıca hədəfim bu keşməkeşli tarix yox, bu tarixi şəraiti - “Mühacirət”i yaşamaq zorunda qalan uşaqlar, yeniyetmələr, cavanlardı. Romanın ilkin adı da “Mühacirət” idi, amma yazı prosesində mənə daha maraqlı görünən başqa bir ad meydana çıxdı: “Qara güzgü”.

 

Ötən ilin son aylarında əsərin elektron variantı hazır olandan sonra,  ərkim çatan  ziyalılarımıza təqdim etdim ki, rəylərini bilim. Sağ olsunlar, sayğılarını əsirgəmədilər.

 

“Qara güzgü”nü tam halında oxucularımıza “Azərbaycan” jurnalı bu ilin 3-cü nömrəsindən başlayaraq  təqdim edəcək. Romandan bir parçanı tanışlıq üçün “525-ci qəzet”in oxucularının diqqətinə çatdırmağı düşündüm.                                        

 

Müəllifdən

 

“1917-1920-ci illər ərzində Vedibasarı özünə tabe etdirə bilməyən daşnak Ermənistanı və onların havadarı olan ingilislər bu mahalı Azərbaycanla “Ermənistan” arasında mübahisəli ərazi kimi “neytral zona” elan etmək məcburiyyətində qaldılar. Vedibasar ərazisi Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci ilə aid olan məşhur xəritəsinə elə beləcə-”neytral zona” kimi daxil edilmişdir”.

 

Əziz Ələkbərli, “Abbasqulu bəy Şadlinski  kitabından   

 

Yayın ikinci ayının son günlərində, yerin-göyün, torpağın-daşın istidən qovrulduğu bir gündə göy üzünü qara buludlar almasına və qəfildən şıdırğı yağış başlamasına ona görə sevinirdi ki, səhərdən bəri tək gəvahınlı kotana, Becanı qoşub, kiçik qardaşı İsmayılla qan-tər içində şumladığı taxıl yerini suvarmaq üçün ona çox tanış olan əziyyətə qatlaşmayacaqdı. Vedi çayından Paski məhləsinə gələn arxın mənbəyində nöbət (növbə) tutmayacaqdı.

 

Təzəcə altı üstünə çevrilmiş, özünəməxsus ətrini hələ itirməmiş bu şumu bu yayın şaqqarramasında suvarmaq ona görə lazımdı ki, artıq iki yaşını çoxdan aşırmış, girinə keçən döşüsüdlü madyanları zor-xoş əmməkdən bezib-usanmamış və buna görə gözəl adı ilə yanaşı “Qısırəmən” ayaması qazanmış, Aranın, dağın şirəli otlarından yeyib harınlamış Qaragözü islanmış şuma salıb yorsun, başına  yüyən, ağzına cilov keçirtsin, belinə yəhər qoyub minsin.

 

Qaragöz artıq özünü tanısa da, örüşdə-kövşəndə qarşısına çıxan ürgələri, madyanları döşünə salıb qovlasa da, minilməmişdi və Kazımın özünə qalsa, hələ Qaragözün belinə yəhər qoymazdı, çünki o istəyirdi ki, əsl bir Qarabağ ayqırı ilə Qaragözün anası Alapaçanın Əyircə yaylağında cütləşməsindən törəmiş Qaragöz bir qədər də ətə-qana dolsun, bir qədər sür-sümüyünü bərkitsin ki, gələcəkdə də yorğa yerişindən, nazından-qəmzəsindən qalmasın, axı bu ürgə ilə onun ən gözəl arzuları bağlı idi. O, xəyalən Arazın o tayına-İqdıra, Ortakəndə hər gün bir dəfə yox, yüz kərə, min kərə bu ayqırla keçirdi və o qızı atın tərkinə alıb geri qayıdırdı. O qız özgə deyildi, qədər-qismətdən taleyini Arazın o tayı ilə bağlamış bibisi Anagülün qızı idi.

 

Qəfil tapşırıq isə bir həftə qabaq əmisi Abbasdan gəldi:

 

-Alagözü yəhərə-yüyənə öyrətmək lazımdı, bizə minik gərək olacaq, yükümüz çoxdu, bu günlərdə yəqin ki, uzaq yola çıxası olacıyıq.

 

 Daha mühacirətin qaçılmaz olduğunu məhlədə, kənd içində dönə-dönə eşitsə də təəccüblə soruşdu:

 

-Uzaq yola? Hara gedirik ki?

 

Zarafatcıl olsa da, zabitəli əmisi onunla böyük adam kimi danışanda, onunla hesablaşanda xoşuna gəlirdi, çünki daha özünü əsla uşaq saymırdı, ondörd yaşını tamamlayıb onbeşə keçmişdi.

 

Yaşını tay-tuşlarının əksəriyyətindən fərqli olaraq dəqiq bilirdi, bərkinə getsə, bəlkə doğulduğu ayı, günü də dəqiqləşdirə bilərdi, çünki mərhum anası Telli özü söyləmişdi ki, o ermənilərin Vedibasara birinci hücumu zamanı qaçhaqaçda doğulub. Anasının dilindən çıxan bu söz yadında qalmışdı və ağlı az-çox kəsəndən sonra yaşlılara-əmisinə, əmisi arvadı Minəxanıma, xalası Gülsümə üz tutub anasının sözünü yada salmışdı və beləcə doğulduğu il də, fəsil də ona ayan olmuşdu; 1906-cı ilin yazı. İndi isə 1920-cı ilin yayı idi və o əmisi Abbasın qırımından bilirdi ki, bu dünya nizamda deyil və bu ermənilərin Vedibasara yeni hücumları ilə bağlıdır.

 

Sualının cavabını əmisi gecdən-gec qaytardı:

 

-Hara gedəcəyimizi bilmirəm, amma bilirəm ki, Vedidən çıxmalıyıq, bıçaq sümüyə dirənib, sursat tükənib, patron yoxdur vuruşmağa. 

 

Doğma kəndin iki ildən bəri mühasirədə olduğunu bilsə də, hamıya məlumdu ki, vedililər sözü bir qoyub: öldü var, erməninin qarşısından qaçdı yox, “dediyimiz dedıxdı...” Əmisi Abbas son zamanlar onu iki dəfə səngər döyüşünə də aparmışdı. Burda onun işi gözə görünən düşməni nişan verməkdi, güllə atmaq yox.

 

Gözdən iti olduğunu bir dəfə onu özüylə  ova aparanda əmisi kəşf eləmişdi; çünki o elə bir yerdə ovu nişan vermişdi ki, ovçu əmisi hədəfi xeyli baxandan sonra görmüşdü və “Allah sənə qırğı gözü verib” demişdi, zaval görməsin. O zamana qədər ona elə gəlirdi ki, hamı onun kimi görə bilir.

 

Son zamanlar əmisi Abbas həftənin yalnız iki gününü evdə olurdu, qalan beş gününü, beş gecəsini Vedibasarın əlisilah tutan bütün kişiləri kimi səngərdə keçirirdi və elə bu səbəbdən evin gündəlik işlərini o görürdü. Mala-heyvana qulluq eləmək, pəyə kürümək, kərmə kəsmək onu qorxutmurdu, bununla belə hərdən təəssüflənirdi ki, görünür o da mərhum atası kimi ömür boyu mal-heyvan bəsləyəcək, alın yazısından qaça bilməyəcək.

 

Əvvəl anasını, sonra da atasını itirib, özündən beş yaş da kiçik qardaşı İsmayılla əmisi Abbasın himayəsində qalmasını da alın yazısı sayırdı və artıq dərk eləyirdi ki, başqa yol yoxdur, taleyi ilə barışmalıdır. Amma bununla belə həmişə fikirləşirdi ki, atası ölməsəydi, indi o tamam başqa bir həyat yaşayırdı və indi şübhəsiz ki, o hər gün tay-tuşu Abdulla Məmməd oğlu ilə birlikdə Vedinin iki sinifli rus-tatar məktəbinə gedirdi. Atası Məmməd sağlığında ona bir dəfə yox, bir neçə dəfə demişdi ki, onu Vedidəki rus-tatar məktəbində oxudandan sonra da göndərəcək Qori Seminariyasına.

 

lll

 

Abbas kişi aynalını çiyninə aşırıb evdən çıxanda Qaragözün ram olunması ilə bağlı ona gözlənilməz bir sual verdi:

 

-Bu ayqırla bacaracaqsan, yoxsa kömək göndərim?

 

Sual xətrinə dəysə də, özünü o yerə qoymadı.

 

-Bacararam, ay əmi,-dedi, -burda nə ağır iş var ki, çətini şum idi, onu da Allahın köməyi ilə qurtardıq.

 

Əmisi doqqazdan çıxhaçıxda yenə öz məsləhətini verdi:

 

-Ehtiyatlı olun, ha! Bu gün cilovlasan da minmə, qoy yəhərə-yüyənə alışsın.

 

At minməyi, at çapmağı haçan öyrənmişdi, yadında deyildi, amma yaxşı bilirdi ki, at başqa, xam ayqır başqa.

 

O, hələ heç zaman heç bir xam atı yəhərə-yüyənə öyrətməsə də, xam at minməsə də, xam atı yəhərə-yüyənə necə öyrətməyin, xam atı necə minməyin, necə ram etməyin yolunu-yolağasını bilirdi. Dəfələrlə xam atları-ürgələri yəhərə-yüyənə öyrədənlərə tamaşa eləmişdi və bu gün, ya sabah özü belə bir tamaşa göstərməli idi.

 

Əmisinin tapşırığına ən üzüyola öküzlərini-Becanı tək govahınlı kotana qoşub özlərinə məxsus taxıl yerini şumlamağa başlayanda könlündən keçdi ki, dostu Zülqədəri köməyə çağırsın, amma buna kiçik qardaşı İsmayıl razı olmadı.

 

-Sən kotanın macından tutarsan, qaqaş,-dedi, -qalan şeylər mənim boynuma!

 

Əslinə qalsa, o kiçik qardaşını, ümumiyyətlə, ev işlərindən uzaqlaşdırmaq istəyirdi ki, o, yazıb-oxumaqdan qalmasın.

 

İsmayılın məktəbə getməsi onun oxumaqla bağlı nisgilinə məlhəm olmuşdu. İsmayılı məktəbə göndərəndən sonra hiss eləyirdi ki, içində əmisinə qarşı rəğbət oyanıb.

 

Ötən payız onun gündəlik işlərindən biri də İsmayılı atın tərkinə alıb məktəbə aparmaq və günortadan sonra da məktəbdən gətirmək idi. Bir Allah bilir o kiçik qardaşının Vedinin varlı kişilərinin uşaqları ilə bir sinifdə oxumasına necə sevinirdi!

 

Ona ən çox fərəh gətirən isə İsmayılın məktəbdə  qavradıqlarını hər gün ona öyrətməsi idi və bu üzdən o artıq rus əlifbasını bilirdi, İsmayıl kimi hecalaya-hecalaya oxumağı bacarırdı.

 

Məktəbdə isə deyirdilər ki, Vedi məktəbində böyük gələcəyi olan iki uşaq varsa, biri İsmayıldır.

 

Bu sözü hər dəfə eşidəndə qürurlanırdı və öz-özünə deyirdi ki, taledən küsməyə dəyməz, bir yandan bağlayanda, bir yandan da açır.

 

Hərdən çöldə-bayırda, əkin-biçin vaxtı səsini başına atıb söz çağırmasının (oxumasının) da səbəbi İsmayılın uğurları idi, amma ermənilərin Vedibasara hücumları başlananda və bu üzdən də məktəbdə dərslər dayandırılanda və sonra da ermənilərin atdığı toplardan birinin mərmisi məktəbin binasına düşüb tikilinin yarısını dağıdanda və İsmayılın yarımçıq tikiliyə baxa-baxa necə kövrəldiyinə şahid olanda bir kənara çəkildi və o da kiçik qardaşı kimi gözlərinin yaşını saxlaya bilmədi.

 

Əmisi Abbas hər dəfə səngərə növbə çəkməyə gedəndə diz çöküb, əlini göyə qaldırıb dua eləyirdi.

 

Gözləri uzağı nə qədər iti görsə də, bu davanın sonunu görə bilmirdi və fikirləşirdi ki, Allah eləməmiş, əmisinə də bir xətər toxunsa, görəsən onların taleyi necə olar?

 

Vedinin erməni hücumlarına məruz qalan gündən bəri əmisinin neçə erməni qulduru öldürdüyünü bilirdi, çünki əmisi hər dəfə səngərdən qayıdanda öldürdüyü erməni quldurunun silah-sursatı öz yerində, pal-paltarını da qənimət kimi gətirirdi. Əmisinin dediyinə görə qayda belə idi: kimi öldürdünsə, üstündə nəyi varsa, sənindi.

 

Daha çox əmisinin gətirdiyi uzunboğaz çəkmələrə tamah salsa da, ayağına gələni yoxdu.

 

Dəfələrlə fikir vermişdi və hiss eləmişdi ki, əmisinin döyüşdən gətirdiyi qənimətlər arasında İsmayılı da ən çox çəkən uzunboğaz çəkmələrdi, amma o çəkmələr hara, doqquz yaşlı uşağın ayağı hara? İsmayıl hərdən o çəkmələrin altındakı yazıları oxumağa çalışırdı və axırda da boynuna alırdı ki, o belə hürufat tanımır.

 

lll 

 

Əmisi doqqazdan aralanmamış əmisi arvadı Minəxanım ana eyvana çıxdı və ərinin arxasınca bir dolça su atdı. Bir kəlmə xoş sözü isə İsmayıl dedi:

 

-Sağ-salamat qayıdasan, ay əmi!-Və sonra da söylədi ki, heç kimi göndərməsin, o özü necə lazımdı qakosuna (böyük qardaşına) kömək eləyəcək.

 

Həyətə əkdikləri taxılı biçəndə də, xırmana gəm salıb sünbülü döyəndə də, küləkli bir gündə xəlbirlə sovruq atanda da İsmayıl ondan bir addım aralanmamışdı. Ən döşünə yatan iş isə tez-tez hərəkətdə olan gəmdən düşüb, yenidən gəmin üstə sıçramaq, Becanı haylamaqdı.

 

...Becan qocalmışdı, hər deyəndə kotana gücü çatmasa da gəm çəkə və bir də İsmayılı belində gəzdirə bilirdi.

 

Nə qədər ki, ermənilər Vedini mühasirəyə almamışdılar, mühasirə həlqəsini daraltmamışdılar, evin demək olar ki, bütün gündəlik işlərinə əmisi əl qatırdı, amma indi o bilirdi ki, ən sərrast atıcı kimi ad çıxardan əmisinin belə şeylərə vaxtı yoxdur, o səngərdə-düşmən qarşısında olmalıdır.

 

Becanı tək gəvahınlı kotana qoşub şuma təzəcə başlamışdılar ki,  kəndə mərmi düşdü və o bir anlığa ayağı altındakı torpağın necə titrədiyini hiss elədi.

 

Adətən, kənddə harasa top düşəndə uşaqlar qışqırırdılar və mərminin düşüb partladığı yerə qaçırdılar ki, xəbər gətirsinlər. O uşaqlardan biri də İsmayıl idi, amma indi Becanın belində oturmuş İsmayılın heç tükü də tərpənmədi. Elə bil Becanın belində oturub aradabir də əlindəki çubuğu işə salmaqla və görüləsi bir işə yaramaqla uşaqlığına vida demişdi.

 

Hava qaralanda, axşamın alatoranında şumu başa çatdıranda ona elə gəlirdi ki, yorulmayıb, amma oturduğu yerdəcə necə yuxulamışdısa, bir də xoruz banında ayıldı ki, səhərə az qalır və sel-su məhləni yuyub-aparır.

 

Leysan aradabir səngisə də, günbatandan əsən küləyin hardansa qovub gətirdiyi boz-qara buludlar göy üzündə sıxlaşdılar, hardasa ildırım çaxdı və yağış yenidən şiddətləndi.

 

Hava işıqlaşandan sonra şalvarının balağını buduna qədər çirmələyib islanmış şuma ona görə girdi ki, tam arxayın olsun: səhih bilsin ki, bu şuma əlavə su lazımdı, ya yox? Amma birinci addımdan sonra dizinəcən palçığa batanda daha irəli getmədi, geri qayıtdı, yerin çala-çuxurlarında qalan gölməçələrdən birində ayaqlarının palçığını yudu və qərara gəldi ki, vaxtı itirməsin.

 

-Qaragöz!!!!

 

Son zamanlar ürgəni bir-iki ağız beləcə səsləyəndə qaçıb gəlməsə də, mütləq hay verir-kişnəyirdi.

 

Bir də səsini başına atıb qışqırdı:

 

-Qaragöz!! Qaragöz!!!

 

Ona İsmayıl səs verdi, kal səslə:

 

-Gəlirəm, qaqaş, -dedi, -indi gəlirəm.

 

Bu dəfə ürgəni İsmayıl səslədi və Qaragöz handan-hana doqqazda görünəndə o, əlində tutduğu kəməndi arxasında gizlədi.

 

Son  zamanlar ürgəni yalnız kəməndlə tuta bilirdilər və ona elə gəlirdi ki, Qaragöz artıq kəməndi tanıyır, nə olduğunu bilir.

 

Yenə də ürgəni İsmayıl səslədi, amma at yenə yaxınlıq vermədi, elə bil başa düşmüşdü, anlamışdı ki, bu həlim-həzin çağırışlar boş yerə deyil.

 

Qəfildən irəli sıçrayıb kəməndi tullasa da, Qaragöz kəndirdən yayına bildi. İsmayıl isə:

 

-Ver kəməndi, qaqaş,-dedi,-ver mən atım.

 

Bir neçə dəfə Qaragöz beləcə dəlisovluq eləyəndə kəməndi böyük qardaşının əlindən alıb İsmayıl özü atmış və bir-iki dəfə məqsədinə də çatmışdı.

 

Güllə atmaqda da kiçik qardaşı ondan mahir atıcı olduğunu bir neçə dəfə sübut eləmişdi və elə bu səbəbdən də inad etmədən kəməndi ona uzatdı. Üstəlik də bilirdi ki, qardaşı ürgənin boynunu kəməndə salsa sevinəcək. Ona da özgə nə lazımdı ki, təki qardaşının eyni açılsın.

 

Qaragöz onlardan aralansa da, həyətdən çıxmamışdı və bir gözü Becanda idi. Elə bil leysanın altında təpə-dırnaq islandığından qırışığı açılmayan Becanı tanıya bilmirdi.

 

Qəfildən gurlayan topun gurultusu Becanın heç tükünü də tərpətmədi, amma Qaragöz səksəndi, sağa, sola döndü və ox kimi həyətdən çıxdı.

 

Mərminin hara düşdüyünü nə o kəsdirə bildi, nə də qardaşı İsmayıl. Vay-şivən səsləri isə çox uzaqdan gəlirdi. Əslində belə top gurultuları, belə şivən səsləri uzun müddətdi ki, kəndin gündəlik həyat tərzinə çevrilmişdi. Kəndə top mərmisi düşməyən günlər o təəccüblənirdi, qardaşı isə bunu öz bildiyi kimi yozurdu: “Ermənilərin mərmisi qurtarıb”.

 

Bu dəfə ürgəni var səsilə İsmayıl səslədi:

 

-Qaragöz! Qaragöz!

 

Qaragözdən cavab gəlmədi, amma hardasa uzaqlarda atılan güllələr dağlarda əks-səda verdi.

 

O, artıq güllələri səsindən tanıyırdı, bilirdi ki, atəş hansı silahdan açılıb?; aynalıdan, pulemyotdan, üçaçılandan, yoxsa mauzerdən? Hətta hərdən belə səslər eşidəndə İsmayılla höcətləşirdilər və kiçik qardaşı istəyirdi ki, bu məqamda da onu üstələsin, silahları səsindən daha yaxşı tanıdığını sübut eləsin.

 

Ondörd yaşını yenicə tamamlamasına baxmayaraq əmisi ona da, ondan beş yaş kiçik qardaşı İsmayıla da odlu silahla- əsasən üçaçılan və mauzerlə necə davranmağı öyrətmişdi və kiçik qardaşı sübut eləmişdi ki, güllə atmaqda da ondan üstündür: İsmayıl üçaçılanla atdığı üç güllədən ikisini hədəfə vurmuşdu.

 

Son zamanlar isə əmisi silahla davranmağı arvadı Minəxanıma və qızı Fatmaya öyrədirdi və Fatmanın bacarığı hamını heyrətə gətirirdi, olduqca ağırtaxtalı bir qız olan Fatmanın bir gülləsi belə boşa getmirdi.

 

Son zamanlar  qadınlara silahla davranmağı öyrətmək bütün Paski məhləsində adi hal almışdı, əmisi bir ağsaqqal kimi qapı-qapı gəzib Paskinin arvadlarına, qız-gəlinlərinə anlatmışdı: “koftalarının yaxasında gəzdirdikləri zəhər tuluğunu çıxarıb tullasınlar, intihar çıxış yolu deyil, çıxış yolu vuruşmaqdı”.

 

Vedibasar erməni mühasirəsində qalan gündən o Vedibasar qadınlarının belə bir addım atdıqlarını-qoftalarının yaxasında zəhər tuluğu gəzdirməyə başladıqlarını bilirdi, bilirdi ki, kənddə əmisindən başqa da qadınların bu addımına zidd gedən kişilər var və o kişilərə məhz onun əmisi qandırıb ki, intihar hünər deyil, hünər vuruşmaqdı.

 

Yadında idi, rəhmətlik atası, əmisindən fərqli olaraq onun silaha əl vurmasına belə izn vermirdi, gününü ibadətlə keçirən atası “tüfəng şeytan əməlidir” deyirdi.

 

Atası altı il idi ki, dünyasını dəyişmişdi, amma onunla bir çox mükalimələri yaddaşından silinməmişdi. O zaman beş yaşın içində olan İsmayıl hər şeylə maraqlanır, bütün günü sualı-suala calayırdı. O bu sullardan  təngə gəlsə də, atası səbirli idi, o demək olar İsmayılın bir sorğusunu belə cavabsız qoymurdu.

 

-Sən erməni görmüsən?

 

-Görmüşəm.

 

-Onların quyruğu olur?

 

-Yox, oğlum, meymunların quyruğu olar, ermənilər də bizim kimi insandılar, bizim kimi Allah bəndəsidilər, onların da bizim kimi iki əlləri, iki ayaqları, iki gözləri var, onlar da bizim kimi əkirlər, biçirlər, yeyirlər, içirlər, yerə keçirlər”.

 

Yadında idi, sözün bu yerində o da söhbətə qarışmışdı.

 

-Bəs mən doğulan il onlar Vediyə niyə basqın eləmişdilər?

 

Atası təəccüblə soruşdu:

 

-Onu kim deyir?

 

Verəcəyi cavabdan öncə gözlərində gilələnən iki damla yaş yanaqlarını islatdı.

 

-Anam danışırdı, anam deyirdi ki, sən ermənilər Vediyə basqın edəndə doğulmusan.

 

Atasının susub qəhərləndiyini hiss elədi və onu dindirmək xatirinə daha bir sual verdi:

 

-Onlar nə istəyirdilər? Bizi qırmaq?

 

Atası dərhal etirazını bildirdi:

 

-Yox.. Onlar istəyirdilər ki, bir qorxub dağlara qaçaq, kəndimiz qalsın onlara.

 

-Niyə?

 

-Çünki onlar şeytana uymuşdular.

 

Bu anda söhbətə İsmayıl qarışdı:

 

-Şeytan kimdi, baba?

 

Nədənsə, onlar əzəldən atalarına “baba” deyirdilər.

 

Atası bu suala cavab vermədi, dedi ki, böyüyəndə özünüz hər şeyi biləcəksiz, amma bir şərtlə.

 

Bu dəfə atasının sözünü Kazım kəsdi:

 

-Nə şərt, baba?

 

Atası gülümsədi:

 

-Bu şərt də ibarət olsun yaxşı oxumaqdan, -dedi.

 

-Yaxşı oxuyarıq, baba.

 

İsmayıl həmişə olduğu kimi onun sözünü təkrar elədi:

 

-Yaxşı oxuyarıq.

 

 

Məmməd Oruc

525-ci qəzet.- 2016.- 2 aprel.- S.18-19