İki Ağcabədi təəssüratı: biri uzaq, biri yaxın...

 

1965-ci il idi. Moskvadan, Maksim Qorki adına Ədəbiyyat İnstitutunu yeni bitirib, gəlmişdim. “Azərbaycan gəncləri” qəzetində çalışırdım.

 

Redaksiyaya Ağcabədi rayonundan şikayət məktubu gəlmişdi. Qəzetimizin redaktoru Cəmil Əlibəyov məni, yazılanları yerində yoxlamaq üçün, rayona göndərdi. Yayın başlanğıcı idi. Bir sözlə, aran rayonlarımızın “gəl məni gör, dərdimdən öl” vaxtı. Məni elə bil qəfəsdən açıb buraxmışdılar. Bir də gözümü açdım ki, Ağdaşdayam. Əmim Adil Təbiəti Mühafizə idarəsinin zona müfəttişi idi. Əmimgil səkkiz bacı-qardaşdılar. Böyük qardaşın ilk oğlu mən idim. Adil əmim özü də meşəyə oxşayırdı. Güclü, sərbəst, dağınıq, bir an sonra nə edəcəyini heç kəs bilməzdi, mənə elə gəlirdi, heç özü də bilmirdi. Ov tüfəngi və vəzifəsinə görə tapançası da vardı.

 

- Lələ (atama lələ deyərdi), qoy Fikrəti Moskvadan, Bakıdan sonra bir-iki gün aparım, meşədə bir hava alsın...

 

Atam hirsləndi:

 

- Fikrət bəyəm qabandı, canavardı, meşədə hava alsın... Məni işə salma. Qoy getsin işinin dalınca.

 

- Lələ indi bunu elə-belə buraxacam, yollar it günündədi. Səməd Vurğun deyib, Amerikada sosializm qurular, amma Zərdabın yolu düzəlməz.

 

- Sən Səməd Vurğunu harda görmüsən? Harda dedi bunu sənə?

 

- Mənə deməyib. Heç onu görməmişəm də. Keçən dəfə Bakıda Fikrətin dostlarından biri dedi.

 

- Elə onlar da sən ağıldadı. Kişinin ağıllı sözünü yadınızda saxlamazsınız, belə sözü havada qaparsınız...

 

- Ay Lələ, kimə oxşayaceyik? Hamımızın böyüyü sənsən, qurban olum, sənə oxşamışıq da...

 

Atam üzünü yana çevirib, susdu. Əmim də, mən də bilirdik, yox, hirslənməyib. Özünü gülməkdən zorla saxlayır. Az sonra özünü ələ aldı. Ciddi görünməyə çalışdı.

 

- Yaxşı, apar qoy Ağcabədiyə. Maşını yavaş sür, Adil. Elə o saat da qayıt, düz yanıma gəl! Eşitdin?!

 

- Ay Lələ, ceyranlı maşın, bilmirsən, təzədi? Matoru açılışmayıb, bərk sürmək olmaz, yavaş-yavaş gedəcəyik, darıxma.

 

- Darıxacam, Adil, axşam səni burda gözləyirəm.  Fikrət, səni də hökumət adam bilib, iş tapşırıb, get işini gör, eşitdin?!

 

- Baş üstə, yoldaş nəçənnik, eşitdik! Gəl, gəl, qardaşoğlu, gedək.

 

Əmim təzə “Volqa QAZ-21” maşını almışdı. Qabağında balaca gümüşü rəngli ceyran fiquru vardı.

 

- Maşının mübarək, əmi, sağlıqla işlət.

 

- Sənin sağlığınla. Sağ ol. Hə, “ceyran”, getdik! Mənim Ağdamda yaxşı dostlarım var. Gedərdik, Lələmdi də, qoyar ki, qalxaq Şuşaya...

 

Sonra xeyli susduq. Əslində ikimiz də danışırdıq, amma hər kəs özü ilə, hər kəs öz aləmində. Əmim Ağdamda, Şuşada öz dostları ilə idi, mən Bakıda bulvarda - çayxanada. Axşam çayxana tez bağlanırdı. Qarovulçu qoca kişi, Toğrul Nərimanbəyovla mənim gəlişimi gözləyirdi. Qayğanaq bişirirdi. Sözü verirdik “suxoy” şəraba. Sonra yolumuz beşmərtəbəli binanın altıncı mərtəbəsindəki çardağa, Toğrulun iş yerinə (masterskoyda) uzanıb, orda bitirdi...

 

Maşın yolun kənarına çıxıb dayandı. Əmim maşından düşüb idman eləyirmiş kimi gərnəşdi.

 

- Fikrət! - dedi.

 

- Hı...

 

- Gəl sənə tapanca atmağı öyrədim.

 

- Yox, əmi, bir başqa vaxt (mən “çardaqdan” hələ tam ayrılmamışdım) gəl əmi, gəl gedək.

 

Əmim gəlib əyləşdi, maşını işə saldı, gülüb başını buladı.

 

- Niyə gülürsən əmi?

 

- Heç, Gülüş yadıma düşdü. Balaca bacın Gülbənizi deyirəm.

 

- Ona nə olub ki?

 

- Heç, heç (yenə güldü), Lələm dedi, uşağı apar Bakıya, məktəbə.... Ağsu dolaylarında, lap dağın başında dedim, Gülüş, gəl sənə tapanca atmağı öyrədim. Həvəsnən dedi, öyrət! Düşdük, sakit yer seçdim. Ağaca bir varaq yapışdırdım. Silahı hazırlayıb verdim uşağa. Əvvəl boş-boş məşq elətdirdim. Dedim, tətiyi çəkən kimi barmağını qaldır, tətiyə vurma. Gördüm, yaxşı qavrayıb. Patron qoydum. Arxayınlaşdım. Atəş açmağı ilə qızın qışqırmağı bir oldu. “A bala, nə oldu?!” - deyib uşağı qucaqladım.

 

Əlini ağzının üstünə qoyub “zarıdı”.

 

- Dodağım...

 

- Qaldır əlini baxım! Uşaq əlini qaldırdı. Fındıq kimi şişib qalxmışdı.

 

- Dodağımı tapanca əzdi - dedi.

 

Yadımdan çıxıb uşağa deyim ki, tapancanı qolun boyu düz tut, uzaqda tut. Bu da söykəyib üzünə nişangahı yaxşı görmək üçün, atəş açılanda təpib, tapancanın güpü uşağın ağzına yumruq kimi dəyib. Ordan Bakıya kimi uşağa yaltaqlanmışam ki, lələmə deməsin. Amma ona da malades, hələ indiyə kimi deməyib.

 

- Vallah, əmi, sən əzrayılnan çiling-ağac oynamısan. Dörd oğuldan sonra kişi bir qız tapıb, ona “anam” deyib dad eləyir...

 

- Demə, qardaşoğlu, demə.

 

- Əmi, mən bilən, dövlət sizə verdiyi hər patronun haqq-hesabını çəkir.

 

 - Çəkir, çəkir.

 

- Səni dolaşdırar, işdən çıxardarlar.

 

- Tapsalar, çıxartsınlar. Meşədə olan adamam. Məni meşədən necə çıxardacaqlar... Qaldı patrona, bu hərbi hissələrdə rus zabitlər məni görəndə elə bil dədələrini görürlər. Qutqaşında o qurğudakı voyennilərə hərdənbir qaban, ya bir məkərçun, ya da bir çoşka vurub aparıram. Meşokla patron alıram, lap istəsəm, top mərmiləri verərlər. Hökumət mənə bir daraq patron verib, qalıb evdə sandığın küncündə. İstədiyi vaxt gəlsin baxsın.

 

lll

 

Əmim gedən kimi özümü qərib, tənha hiss elədim, günəş də günbatana əyilməkdəydi. Raykom köhnə bir binada yerləşirdi. Binanın qapısına gedən, asfaltı köhnəlmiş piyada yolunun kənarında şaxtikan, hətta böyürtkən kolu da vardı. Qəribədir, onları görüb ürəkləndim. Elə bildim dünyaya gəldiyim Ağdaş rayonunun Kotanarx kəndindəyəm. Özümü ələ aldım. “Yekə kişiyəm, otuz yaşım var, iş dalınca gəlmişəm”. Burdan qayıdandan sonra Bakıda ağcabədili, çox istedadlı yazıçı dostum İsi Məlikzadə ilə görüşümü təsəvvür etdim. İlk sözüm belə olacaqdı:

 

- İsi, Ağcabədi nə cəlallı yermiş! Sağ olsun, raykomun nənəmə oxşayan binası məni şaxtikanla bir topa böyürtkən kolu ilə qarşıladı. Elə bildim, Kotanarxdayam. Gözüm doldu”.

 

Özümdə işgüzarlıq əhvalı yaratdım. Öyrəndim ki, redaktorum zəng vurub birinci katibi işdən hali edib. Birinci katib də məni komsomolun birinci katibinə tapşırıb. Komsomol katibi ilə görüşdük. Bir azdan günəş də bizə arxa çevirib ingilissayağı getdi. Taxtakörpü tərəfdən gəlib Ağcabədini iki hissəyə bölən “prospektlə” inək, camış naxırının “parad”ı keçirdi. Analarının “mən gəlirəm” səsini aldıqca həyətlərdə dana-buzovun süd tamı verən səsi yüksəlirdi. Bu səslərə qoşulub burula-burula qalxan boz təzək tüstüləri isə heç də “gözdəyməsin” üçün deyildi.  Daha çox, ədəb-ərkan bilməyən ağcaqanadlara xəbərdarlıq idi ki, şəhərdən qonaq var, hara gəldi burnunuzu soxmayın...

 

Günəş gedən kimi yerə ağır bir qaranlıq çökdü.  Elə göy boyda, dibsiz bir qaranlıq. Adda-budda işıq dirəklərinin ucunda işıldayan elektrik lampalarının xəstə şüaları elə bil yerə enməkdən qorxurdu. Elə havadaca əriyib qaralırdı. Xülasə, acı yuxu dərmanı kimi araq içə-içə, arada nə isə də yeyirdik. “Qonaq evi” deyilən bir yerə getdik. Mən burda yatmalı idim. Hiss elədim ki, otaqda havam çatmır, pəncərəni taybatay açdım...

 

Səhər üzümə düşən gün işığı məni oyatdı. Qaldığım bina birmərtəbəli kürsüsüz köhnə evlərdən idi. Pəncərəyə yanaşmaq istədim ki, mənzərəyə baxım. Gördüm, pəncərənin  qabağında qara-ağ zolaqları olan bir ilan qıvrılıb yatıb. Üstünə düşən gündən həzz alır. Onu narahat eləmək istəməyib, geri çəkildim. Bilirəm, “qorxdum” desəm, inanarsınız. Amma inanın ki, qorxmadım. Çünki ilan çox böyük deyildi. Su ilanına oxşatdım. Sonra, çox sonra Bakıda bu mənzərəni bir daha xatırlayanda düşündüm ki, o susuz yerdə su ilanı hardan ola bilərdi, yox, su ilanı deyildi, bax, onda qorxdum. Əlbət ki, məqalə yazmaq fikrimdən vaz keçdim. Göründüyü kimi, mövzu məndən əl çəkməyibmiş, indi - səksən bir yaşımda yenidən o mövzuya qayıtmalı oldum.

 

Otuz yaşımla bu yaşımın arasından çox küləklər əsdi. Ağlı-qaralı, fərəhli-qanlı çox illər yola saldıq. Ölkəmiz çox sınaqlardan çıxdı. SSRİ adlı quruluş tarixin arxivinə gömüldü...

 

Qarabağ hadisələrinin qızğın dövründə Yazıçılar Birliyinin o vaxtacan Xankəndində fəaliyyət göstərən, Qarabağ filialı Ağcabədiyə köçürüldü. 2 il əvvəl - Yazıçılar Birliyinin səksən illiyi və növbəti qurultayı ərəfəsində filialın rəhbəri, şair dostumuz Ənvər Əhməd qurultayda iştirak üçün nümayəndələr seçkisində iştirak etmək üçün rayona gəlməyimizi istədi. Getdik - Anar, Rəşad Məcid və mən. Onda mən tamam fərqli bir şəhər gördüm. Düşündüm, yaxşı ki, gəlib özüm görmüşəm. Yoxsa bunları mənə kim danışsaydı, inanmazdım. Təmiz küçələr, Üzeyir Hacıbəyli parkı, göz oxşayan binalar, Heydər Əliyev Mərkəzi, İcra Hakimiyyətinin binası, hər tərəf gül-çiçək, hər yerdə insan əlinin sığalını, qayğısını hiss edirsən. Nə gizlədim, xəlvət-xəlvət, çiy kərpicdən tikilmiş o “qonaq evi” adlanan binanı axtardım. Heç ona bənzəyən ev görmədim, üstünü də vurmadım. Yeni gur işıqlar, yaraşıqlı binalar Ağcabədiyə gələndə o köhnə evlər özləri “əynindən-başından utanıb qaçıblar”, yəqin. Axşam Ağcabədi şəhəri gözqamaşdıran işıqlar qoynunda üzürdü. Az qalırdım qışqıram ki, “ay camaat, sizin küçələriniz, meydanınız Paris küçələrindən daha cazibəli, gur işıqlıdı”. Bilirəm, bu sözlərimi oxuyub gülürsünüz, məni görməmiş sayırsınız. Olsun. Amma dünyanın dörd qitəsinin bir çox böyük şəhərlərini görmüş də olsam, mən özümüzün görməmişiyəm. İndi özümüzdə bu gözəlliyi görəndə az qala sevincimdən qışqırıram. Vaxt vardı, Bakının Dənizkənarı bulvarında bir dənə də gül, çiçək görməzdin. Mənim də iştirak etdiyim bir müşavirədə Ulu öndər Heydər Əliyev (birinci dəfə respublika rəhbəri olanda) Bakı şəhər sovetinin sədrini ayağa qaldırdı.

 

- Niyə bulvarda gül əkmirsiniz!? - soruşdu.

 

- ...

 

- Niyə cavab vermirsən?

 

- Əkirik, yoldaş Əliyev - dedi.

 

- Əkdiyiniz güllər hanı bəs, niyə görünmür?

 

- ...

 

- Deyirsən, üzüb aparırlar...

 

- Bəli, yoldaş Əliyev.

 

- Siz o qədər əkin ki, onların gözü öyrəşsin, çox əkin!

 

Bu, uzaq keçmiş deyil. Amma indi bulvar gül-çiçəyə qərq olub. Fikir vermişəm, körpə uşaqlar da gül üzmür. Heç otluğa girib otları da əzmir.

 

Mən dünyanın başqa yerlərində belə gözəlliklərə çox həsəd aparmışam. İndi ona görə arzulayıram ki, vətənimin ən ucqar yerlərində həmişə işıq olsun! Güllərin, çiçəklərin ətri nəğmə desin! Sakitlik, qulaq dincliyi, insanlarımız arasında bir-birinə məhəbbət, mərhəmət işığı olsun, mən ömrümün qalan hissəsini bu gözəlliklərin tapdanması, dağılması vahiməsi ilə yaşamayım. Gözüm sakitliyə, dincliyə, gözəlliyə öyrəşsin. Dünyadan ölkəmizdən arxayın köçüm.

 

Fikrət QOCA

525-ci qəzet.- 2016.- 2 aprel.- S.15