"Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" - Rafiq Yusifoğlu yaradıcılığının yeni bəhrəsi

 

 

Rafiq Yusifoğlu Azəbaycan milli poetik düşüncəsində özünəməxsus yeri olan şair olmaqla bərabər, həm də peşəkar ədəbiyyatşünas kimi ədəbi prosesi diqqətlə izləyərək bədii əsərlərin sənətkarlıq xüsusiyyətlərini ustalıqla, özünəməxsus tərzdə təhlil edən, dəyərləndirən, mətbuatda maraqlı yazıları ilə çıxış edən alimlərimizdəndir.

 

Ədəbi-bədii prosesə özünəməxsus tərzdə yanaşma və onu orijinal üslub fərdiliyi ilə seçilən elmi araşdırmalara cəlb etmək məharətini təmin edən isə Rafiq Yusifoğlunun şairliyidir. Bir tərəfdən poeziyanın inkişaf qanunauyğunluqlarını, kanonlarını mükəmməl bilməsi, poetik mətnə zərgər dəqiqliyi ilə qiymət verə bilmək bacarığı, digər tərəfdən poetik duyumu onun elmi araşdırmalarına da xüsusi bir ahəng, çalar verir.

 

Rafiq Yusifoğlunun ayrı-ayrı vaxtlarda nəşr olunub mütəxəssislərin, müəllim və tələbələrin istifadəsinə verilən "Ədəbiyyatşünaslığın əsasları", "Müasir ədəbi proses və ədəbi tənqid", "Uşaq ədəbiyyatı" dərslikləri, "Azərbaycan poeması: axtarışlar və perspektivlər", "Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" monoqrafiyaları onu deməyə əsas verir ki, Rafiq müəllim təkcə uşaqların və böyüklərin sevimli şairi deyil, eyni zamanda, həm ədəbi-elmi, həm də pedaqoji ictimaiyyətin nüfuzunu qazanan zəhmətkeş, bir alim və pedaqoqdur. Məhz buna görədir ki, Rafiq Yusifoğlu xeyli vaxtdır ölkəmizdəki mötəbər bir dissertasiya şurasının üzvüdür, gənc ədəbiyyatşünaslara elmi rəhbərlik, opponentlik missiyasını da ləyaqətlə yerinə yetirir, elmi-pedaqoji kadrların hazırlanmasında yaxından iştirak edir.

 

Uzun illərdən bəri universitetlərin Filologiya fakültələrində mühazirələr oxuyan Rafiq Yusifoğlu tələbə və magistrantların nəyə ehtiyacı olduğunu yaxşı bilir. Mühazirələr oxumaqla bərabər, bu sahədə elmi-nəzəri ədəbiyyata olan ehtiyacı ödəməyə çalışır və onun bu cəhdləri adətən uğurla nəticələnir və razılıqla qarşılanır. Akademik Rəfael Hüseynovun redaktorluğu altında yenicə çapdan çıxan "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" (Bakı, Elm və təhsil, 2016) adlı monoqrafiya Rafiq Yusifoğlunun gərgin axtarışlarının bəhrəsi olan sanballı bir əsərdir. Monoqrafiya universitetlərin magistr hazırlığı kurslarında tədris olunan eyni adlı fənnin proqramına əsasən yazılsa da, ondan təkcə magistrantlar deyil, ali məktəb tələbələri, müəllimlər, doktorantlar, gənc tədqiqatçılar, ümumiyyətlə, bütün ədəbiyyatsevərlər üçün dəyərli bir elmi mənbə kimi istifadə edilə bilər.

 

Zəngin elmi informasiyalarla dolu bu monoqrafiyanı oxuyanda ədəbi-nəzəri fikrin ayrı-ayrı zamanlarda, müxtəlif ölkələrdə formalaşması, onun inkişaf yolunun ümumi mənzərəsi göz önündə canlanır. Kitabın aşağıdakı bölmələrdən ibarət olması onun əhatə dairəsinin hansı dərəcədə genişliyinin göstəricisidir: "Ədəbi-nəzəri fikrin təşəkkülü", "Orta əsrlərdə ədəbi-nəzəri fikir", "XIX əsrdə ədəbi-nəzəri fikir", "XX əsrdə ədəbi-nəzəri fikir", "Sovet dövründə ədəbi-nəzəri fikir", "Müstəqillik illərində ədəbi-nəzəri fikir", "Müasir dünyada nəzəri-estetik fikir".

 

Əlbəttə, bəri başdan deyək ki, bütün bölmələr eyni səviyyədə yazılmamışdır. Xüsusən, "Müstəqillik illərində ədəbi-nəzəri fikir" adlanan hissə əhatəli deyil, müəllif nədənsə, nəzəri mənbələrə istinadən geniş şərhlər vermək ağırlığını öz çiyinlərinə götürmək istəməmişdir.

 

Monoqrafiyada poetikanın mahiyyəti açılır, şərq və qərb poetikası maraqlı tərzdə müqayisə müstəvisinə çıxarılır, elmi qənaətlər müəllifin ədəbi faktları özünəməxsus bir şəkildə şərh etməsi maraq doğurur. Əsərin 26 və 27-ci səhifəsində oxuyuruq: "Bu danılmaz, təkzibolunmaz bir faktdır ki, Günəş həmişə Şərqdən doğduğu kimi, poeziyanın ilkin beşiyi də Şərq olmuşdur. Şərq poetikası çox qədim bir tarixə, mükəmməl bədii inikas qanunauyğunluqlarına malikdir. Lakin təəssüf ki, bir tərəfdən bizim özümüz babalarımızın yaratdıqlarına laqeyd münasibət bəsləmişik, digər tərəfdən isə tarixi-fəlsəfi, ədəbi-nəzəri abidələrimizin gözəlliyindən heyrətə gələnlər onları məhv etməklə özlərinin güclü, qüdrətli rəqiblərini aradan çıxarmağa çalışmışlar. Ədəbi zövqümüzün yüksəkliyinə belə qısqanclıqla yanaşmanın nəticəsidir ki, "Avesta" yandırılmış, adını bildiyimiz, bilmədiyimiz digər abidələr məhv edilmiş, digərləri isə plagiatlıq yolu ilə "özəlləşdirilmişdir". Şərq isə yüksək əxlaqi nümunə göstərərək "Avesta"nı yandıranların, digər abidələri məhv edənlərin yaradıcılıq nümunələrini, o cümlədən, "Poetika" itib-batmaqdan xilas etmiş, yenidən bəşəriyyətin istifadəsinə qaytarmışdır. "Avesta"nı Makedoniyalı İsgəndər yandırtmış, onun müəllimi Aristotelin "Poetika"sına isə Əbdül-Bəşər Mətta, İbn-Rüşt, İshaq ibn Hüseyn, İbn-Sina kimi tərəqqipərvər Şərq mütəfəkkirləri yeni həyat bəxş etmişlər".

 

Rafiq Yusifoğlunun "öz yaratdıqlarımıza laqeyd, təvazökar münasibəti yüksək səviyyəli əsərlərin Şərq ölkələrində çoxluğu" ilə əlaqələndirməsi də maraqlı qənaətdir.

 

Monoqrafiya boyu Aristotelin, Bualonun, Xətib Təbrizinin, V.Belinskinin, Jül Renarın, E.Zolyanın, V.Belinskinin və b. fikir və mülahizələrinə istinadən müəllif nəzəriyyənin, ədəbi-estetik fikrin mahiyyətini açmağa çalışır və əsasən öz məqsədinə nail olur. Ədəbi-nəzəri fakta yeni prizmadan baxmaq, onu özünəməxsus bir tərzdə mənalandırmaq cəhdi monoqrafiyanın elmi və fəlsəfi dəyərini, oxunaqlığını şərtləndirən amilə çevrilir. Sözügedən problemlə bağlı informasiya bolluğu, qaynaqlara istinad əsərin elmi aparaturasını əhəmiyyətli dərəcədə zənginləşdirir və oxuculara daha dərin biliklərə yiyələnmək üçün bir növ istiqamət göstərilir.

 

Məlumdur ki, ədəbi-nəzəri fikrin formalaşmasında filosoflarla, ədəbiyyat nəzəriyyəçiləri ilə yanaşı görkəmli şairlərin, yazıçıların da böyük rolu olmuşdur. Müəllif monoqrafiya boyu bu məsələni xüsusi diqqət hədəfində saxlayır. Ədəbiyyat tariximizin ayrı-ayrı dövrlərində yaşayıb yaradan, ədəbiyyat, söz sənəti haqqında maraqlı fikir və mülahizələr irəli sürən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Abbas Səhhət, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Cəfər Cabbarlı, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza kimi tanınmış sənətkarların ədəbi-nəzəri görüşləri təhlil predmetinə çevrilir. Müəllif eyni zamanda fikirlərini əsaslandırarkən görkəmli Azərbaycan ədəbiyyatşünaslarının zəngin və çoxcəhətli elmi-nəzəri irsinə də münasibət bildirir. Ədəbiyyat tariximizin yaradılmasında, ayrı-ayrı tarixi mərhələdə yaranan əsərlərin araşdırılmasında, tədqiqində möhtəşəm xidmətləri olan F.Köçərli, H.Araslı, M.Arif, F.Qasımzadə, M.Quluzadə, M.Cəlal, M.Cəfər, Ə.Mirəhmədov, K.Talıbzadə, R.Əliyev, M.Təhmasib, M.Seyidov, Ə.Ağayev, Y.Qarayev və başqa bu kimi görkəmli alimlərin xidmətlərinə dəyər verilir, ədəbiyyatşünaslıq elmimizin yaranmasında və yeni istiqamətdə inkişafında bu görkəmli ədəbiyyatşünasların ədəbi-nəzəri irsinin əhəmiyyətindən danışılır.

 

Azərbaycanda yaranan ilk nəzəriyyə dərsliklərinə həsr olunan hissədə həmin əsərlərin strukturu, məziyyət və nöqsanları haqqında söhbət açılır. Nəzəri fikrin istiqamətinin müəyyənləşməsində S.Vurğunun, Rəsul Rzanın, Cəfər Xəndanın, Mikayıl Rəfilinin, Mir Cəlalın, Pənah Xəlilovun və başqalarının xidmətləri ehtiramla xatırlanır, onların əsərləri təhlil predmetinə çevrilir.

 

Kitabın "Semiotika nəzəriyyəsi" və "Postmodernizm" haqqında yazılan bölmələrinin informasiya tutumu qənaətbəxşdir. İstər nəzəri, istərsə də ədəbi əsərlərə istinadən müəllifin öz fikir və mülahizələrini sadə və anlaşıqlı dildə söyləməsi, fikirlərini məntiqi şəkildə əsaslandırmağı bacarması razılıq hissi doğurur. Müəllif dünyanın müxtəlif ölkələrində postmodernzm haqqında söylənilən fikirlərin icmalını verəndən sonra öz münasibətini bildirir, fikrini əsaslandırmaq üçün təkcə nəzəri fikrə yox, həm də ədəbi materiallara istinad edir.

 

Postmodernizmin yaradıcılıq prinsiplərinə uyğun Azərbaycan ədəbiyyatından, xüsusən Mirzə Cəlilin əsərlərindən nümunələr gətirməsi son dərəcə maraqlı təsir bağışlayır. Rafiq Yusifoğlu U.Ekonun postmedirnizmdə kinayə oyunu ilə bağlı fikirlərini sitat gətirəndən sonra yazır ki, bizdə kinayə oyununu Sabir kimi, Cəlil Məmmədquluzadə kimi ustadları var. Onlar xortdanlar, xoxanlar, avamlar, ölülər, dəlilər mühitinə qəhqəhə çəkərək gülməyi bacarıblar, postmodernistlərdən qat-qat əvvəl...             Müəllif fikrini davam etdirərək yazır ki, "Umberto Eko dünyaya gələndə dünyadan köçən bizim ustad, "postmodernist" Mirzə Cəlil məhz Ekonun dediyi həmin üsuldan çox-çox əvvəl, özü də dönə-dönə istifadə edib. O, birbaşa deyilməsi mümkün olmayanı görün nə şəkildə, necə ustalıqla təqdim edib: "Ay Dəmdəməki, sən lap dəlisən: kişi, necə qorxmadın o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? Bəlkə mən o sözləri götürüb məcmuəyə yazaydım, onda canını hara qoyardın?

 

Yəqin bil ki, bakılılar məni daş-qalaq edib mənim də məcmuəmə bilmərrə müştəri olmazdılar. Kişi, mən yaza billəm ki, Bakı qiraətxanalarında bayquşlar ulayır?! Mən yaza billəm ki, Bakı cəmiyyəti-xeyriyyəsinin fikrinə düşən yox, üzvləri çox cahil və iş görmək istəməyən?! Mən yaza billəm ki, Bakının küçələri dilənçilik edən müsəlman övrətləri və uşaqları ilə doludur?!

 

Ay Dəmdəməki, mən yaza billəm ki, aprelin doqquzunda iki məşhur müsəlman qlasnısı bir-birinə altıaçılan çəkib, olmayan sözləri bir-birinə dedilər?! Və mən buna inana billəm ki...

 

Ay Dəmdəməki, məcmuədə yaza billəm ki, səfər ayının iyirmi səkkizində qubalılar ilə bakılılar Bibi-Heybətdə elə şiddətli baş yardılar ki, bir neçə nəfərin başının qanı hələ yenə axır?!

 

Ay Dəmdəməki, sən dəlisən-nəsən?

 

Ay kişi, mən yaza billəm ki, dekabr ayında bakılılar qərib oğruları eşşəyə mindirib şəhəri gəzdirdilər, amma öz oğrularını tutduqda buraxırlar, çünki bu oğrular qlasnıların qohumudurlar?

 

Ay Dəmdəməki, bir fikir elə gör mən bu sözlərə məcmuəmdə yer verə billəm ki, sən məndən xahiş edirsən? Bəlkə mən bu sözləri yazaydım, canını hara qoyacaq idin?"

 

Böyük ədəbin 1906-cı ildə "Molla Nəsrəddin" 3-cü nömrəsində çap olunan "Ay Dəmdəməki" müraciəti ilə başlayan felyetonunu bütünlükdə nümunə verən Rafiq Yusifoğlu həmin mətnə belə şərh verir: "Bu yazını oxuyanda adam heyrətə gəlir. Ay aman, Cəlil Məmmədquluzadə postmodernist üslubun yaradıcısı imiş ki?! Hələ bu bir yana, insafla deyin, 1906-cı ildə gündəmə gətirilən bu problem bu gün də öz aktuallığını saxlayır, ya yox?! Onu da xatırladım ki, Umberto Ekonun "Postmodernizm, kinayə, həzz" məqaləsi 1983-cü ildə qələmə alınıb. Postmodernist görünmək xətrinə görkəmli yazıçılarımızı, alimlərimizi, o cümlədən, Cəlil Məmmədquluzadəni kinayə, rişxənd obyektinə çevirmək istəyən bəzi "postmodernist"lərimiz bunu unutmasınlar və öyrənmək istəyirlərsə, Mirzə Cəlilin əsərlərinə müraciət etsinlər".

 

Rafiq Yusifoğlunun əslində dərslik kimi nəzərdə tutulan "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" monoqrafiyasının ən yaxşı cəhəti ondan ibarətdir ki, ədəbi nəzəri fikrin təşəkkülü, ayrı-ayrı mərhələlərdə, dövrlərdə, ayrı-ayrı ölkələrdə ictimai mühitin təsiri ilə onun inkişafının ümumi mənzərəsini yaratmağa cəhd göstərilir və müəllif əsasən öz məqsədinə nail olur. Əsər boyu nəzəri fikrin görkəmli nümayəndələrinin düşüncə və mülahizələri diqqət mərkəzinə çəkilir. Kitabın informasiya tutumu yetərincə əhatəlidir və ümid edirik ki, tələbələr, magistrantlar, gənc alimlər bu tədqiqat əsərindən çox şey öyrənə, ondan bəhrələnə biləcəklər. Kitabın müəllifinə, zəhmətkeş qələm dostumuza yeni-yeni uğurlar diləyirik.

 

Məmməd ƏLİYEV

Filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.- 2016.-5 aprel.- S.7