"Təhlil və ifa edir gənc musiqiçilər"

 

Aprelin 4-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib.

 

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan müsabiqəyə Bakı və respublikanın 26 bölgəsindən 289 gənc musiqiçi qatılıb. Onlar dörd nominasiya üzrə yarışacaqlar: “Fortepiano”, “Orkestr alətləri”, “Azərbaycan xalq çalğı alətləri”, “Solo oxuma”.

 

Tədbirdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev və Xalq Artisti, professor Xuraman Qasımova çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

 

Bildirilib ki, elmi-ifaçılıq müsabiqəsinin məqsədi Qara Qarayevin yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, musiqinin məzmununun əhəmiyyətinin başa düşülməsi, təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsi, müəllimlərin professional biliklərinin təkmilləşdirilməsi, müasir musiqi mədəniyyətinin tələblərinə cavab verən professional musiqiçilərin hərtərəfli inkişafının təmin edilməsindən ibarətdir.

 

Elmi-ifaçılıq müsabiqə həm şagirdlər, həm də onların müəllimləri üçün bir növ ustalıq məktəbidir.

 

Bildirib ki, layihənin müəllifi və bədii rəhbəri akademiyanın professoru Tərlan Seyidovdur. Onun rəhbərliyi ilə fəaliyyət göstərən eksperimental laboratoriyası olan məktəb-studiyanın yaratdığı və keçirdiyi innovasiya tədbirlərinin sırasında bu ən önəmli tədbirdir. 2010-cu ildən başlayaraq Bakıda Qara Qarayev adına elmi-ifaçılıq müsabiqələrinin keçirilməsinə başlanılıb. Bir müddət sonra musiqi təcrübəsinin bu yeni növü ölkəmizin hüdudlarından kənara çıxmışdır. Belə ki, 2015-ci ilin may ayında P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor T.Seyidovun sədrliyi ilə onun müəllif layihəsinə əsasən “Müasir bəstəkarların yaradıcılıqlarının mədəni-maarif məkanı” adlı beynəlxalq elmi-ifaçılıq konfransı keçirilib.

 

Açılış mərasimindən sonra fortepiano üzrə dinləmələrə başlanılıb.

 

Müsabiqə aprelin 18-dək davam edəcək.

 

 

525-ci qəzet.- 2016.- 5 aprel.- S.7.