AZƏRBAYCAN

 

Ay-ulduzlu bayrağın var,

Qədim, ulu torpağın var;

Özün boyda çırağın var,

Əsrlərdən sorağın var.

 

Əsirgəmir uğrunda can

Min-min igid, Azərbaycan!

Yaşa, eşqi çiçək açan

Azad, vahid Azərbaycan!

 

Azıxdır ilk ünvanımız,

Qobustan- daş dastanımız;

Xudafərin körpüsündən

Yenə keçər karvanımız.

 

İstiqlalın yolu çətin,

Məskənisən bol sərvətin;

Tanrı bizi bağışlamaz-

Qorunmasa təbiətin.

 

Bakı daim şöhrətimiz,

Xəzər mavi qüdrətimiz;

Heykəl kimi ucalacaq

Qürurumuz, qeyrətimiz.

 

Əsirgəmir uğrunda can

Min-min igid, Azərbaycan!

Yaşa, eşqi çiçək açan

Azad, vahid Azərbaycan!

 

MİLLİ ORDU, QÜDRƏTLİ OL HƏMİŞƏ!

 

Qalaların Əlibəyli, Sədərək,

Yağdır düşmən üzərinə od, alov!

Məlunları darmadağın edərək,

İlanları yuvasına qədər qov!

Doğma yurddan güc - qüvvət al həmişə,

Milli Ordu, qüdrətli ol həmişə!

 

Dildən düşmür cəsurların tərifi,

Salnaməndə min imza var, min iz var;

Unutmarıq Mübarizi, Əlifi,

Yaddan çıxmaz Gültəkinlər, Vüqarlar.

Nurlanacaq getdiyin yol həmişə,

Milli Ordu, qüdrətli ol həmişə!

 

Cəngavərlər bayraqdardır sıranda,

Xalqın, elin qorxu bilməz oğlusan;

Sevinirəm tarixinə varanda -

Babək, Nəbi, Həzi, Fərid ruhlusan.

Qələbə çal, qələbə çal həmişə,

Milli Ordu, qüdrətli ol həmişə!

 

VƏTƏN NAMİNƏ

 

Sinəmdə - sönməyən Vətən sevgisi,

Azğın düşmənlərə qarşı kinliyəm.

Dözüm - babaların müqəddəs irsi,

Mən şəhid Mübariz İbrahimliyəm.

 

Çadıra bürünüb ünvanlarımız,

Niyə Xanbağının gülü solubdur?

Çöl-çəmən aşiqi çobanlarımız

Uca yaylaqlara həsrət qalıbdır?!

 

Əlində namərdin verdiyi yaraq,

Meşəmi məhv edir, suyumu içir.

Gözəl Qarabağda pusqu quraraq,

Hələ utanmadan təlim keçir.

 

Hərbi   - könüllü seçdiyim peşə,

Ocaq qalanırdı içimdə sanki...

Cəbhə xəttimizdən uzaqlaşdım ki,

Qatil yuvasını tutum atəşə.

 

Döyüşən oğluyam doğma diyarın,

Yağı həmləsinə sinə gərmişəm.

Şəhriyar düzünün, Biləsuvarın

Şöhrət sarayına tac göndərmişəm.

 

Yazdığım namədə - ürək sözlərim,

Vətən məhəbbəti, torpaq eşqi var.

atam, anam, əzizlərim

Göz yaşı axıdıb ağlamasınlar.

 

...Sinəmdə - sönməyən Vətən sevgisi,

Azğın düşmənlərə qarşı kinliyəm.

Dözüm - babaların müqəddəs irsi,

Mən şəhid Mübariz İbrahimliyəm.

 

OĞUL ƏSGƏR GEDİR...

 

Cavan çağırışçı - polad əridən

Döyüşçü paltarı geyinir bu gün;

Karvan yollanacaq Biləcəridən,

Ürək həyəcanla döyünür bu gün.

 

Oğul əsgər gedir... Bir az kövrəlib,

Müdrik anasının yaşarıb gözü.

Onu ötürməyə dost-tanış gəlib,

Birinin gülü var, birinin sözü.

 

Oğul əsgər gedir... Əhdi, peymanı

Bahar çiçəyitək təravətlidir;

Qabaran sinəsi, kükrəyən qanı

Domna sobasından hərarətlidir.

 

Atası xaniman, yuva uçuran

Cəbhə tutanları görüb qədər;

Bilir fəlakətdir yetimlik, hicran,

Torpaqsız yaşamaq ölümdən betər.

 

Öndə imtahanın, dərsin çətini,

O, keşik çəkəcək gözəl çağ üçün;

Oğul əsgər gedir - yurdu, vətəni

Yağı tapdağından qorumaq üçün!

 

BÖLÜNMƏZ

 

Çeşmə çaya qovuşur,

Çay dəryaya qovuşur.

Şeh dumanın zərrəsi,

An zamanın zərrəsi.

 

Dəqiqələr ömrünü

Başa vurur saatda;

İzi qalır illərin

Təbiətdə, həyatda.

 

Hüdudsuz kainatda

Hanı əvvəl,

Hanı son?

Sirli aləm deyilmi

Atom, nüvə, neytron?

 

Bir Günəşdən nur alar

Yarpaq, budaq, gövdə, kök.

işığın qolları-

Sarı, yaşıl, mavi, göy...

 

Cisim var ki, parçası

Adi gözlə görünməz;

Çörək bölünər, ancaq

Ana Vətən bölünməz!

 

 

Oqtay Rza

əməkdar müəllim

525-ci qəzet.- 2016.- 7 aprel.- S.7