Ali baş komandanım, əmrinə müntəzirik!

 

 

Ali baş komandanım, əmrinə ntəzirik,

Hər bir əsgər mərd, mətin, ilan başı əzirik.

Yarası göz-göz olan vətən ağrı çəkirdi,

Məkirli yağı düşmən qan toxumun əkirdi.

Üçrəngli bayrağımı bağrım üstə sıxıram,

Qarğa qonan zirvəyə qartal kimi çıxıram.

Ey ərən oğlu, ərən, haydı, deyin: qana qan,

Tətik çəkən əlindən öpəcək Azərbaycan!

...Ali baş komandanım, bu tarixdir, yazılır,

Tökdüyü qan içində, düşmən qəbri qazılır.

Məğlublar tarixini tərsinə yazır yağı,

Onlara bax, beləcə çəkirik biz göz dağı.

Döyüşə hər atılış, hər vuruş haqdır indi,

Ey vətən, o torpağın hər zərrəsi sənindi,

Cahangirlər böyüdən bu ulu xalq mətindi,

O yer, o yurd, o dağlar bizim məmləkətindi.

İldırımtək gurlayır, yüksəlir cəngi səsi,

Xan oxuyur Şuşada "Qarabağ şikəstəsi"!..

Odur pişvaza çıxır, saçları qan Natəvan,

Qucaqlayır oğlunu, Azərbaycan - Natəvan!

Dərələrdən od çıxır, göylərdən gurşad yağır,

Düşmən içir qanını, hey bağırır, çığırır.

Ağdam külü üstündə qovrula bilməzdi, yox,

Bu döyüş erməninin köksünə sancılan ox!

Elə bu an, bu saat vətən andı içilir,

Düşmənin öz kəfəni öz qanından biçilir.

Daş qəfəslər əriyir, nəfəsinin odundan,

İgid komandirlərim, şeirimizin adından

Sizə alqış deyirəm,

Qələbə istəyirəm, qələbə istəyirəm.

Çıxarıb ürəyimi yolunuza atacam,

Hey ucalıb, ucalıb, Allahıma çatacam,

Arxaya yol yox daha, hər şey bizdən öndədir,

Hər şey ürəkdən, candan, hər şey gözdən öndədir.

Qaldır bayrağımızı göylərədək ucalsın,

Orda tarix diz çöküb bircə anda qocalsın!..

Gedir, gedir ordumuz, hücum əmri qətidir,

Qarabağ başdan-başa vətənin cənnətidir.

Ali baş komandanım, son sözü sən demisən,

Dünyanı silkələyib, haqqını istəmisən,

Bu haqq xalqın haqqıdır, bu haqq vətən səsidir.

Bu haqqın son çağırışı qələbə təntənəsidir.

Bu yolda ölüm-itim, bu yolda hər şey olar,

Bu hücumun zorundan yeni vətən doğular.

Qulağımdan getməyir Xocalının harayı,

Dağıdıb məhv ediblər Şuşa adlı sarayı.

Deməyək ki, bu dünya doğacaq bilinməz,

Namus, qeyrət ləkəsi ömür boyu silinməz.

Qisas qınında qalmaz, əsirdir anam-bacım,

Gədənin başındadır Qarabağ adlı tacım.

Eşit, general oğlan, millətin haqq səsini,

Öz qanınla bərpa et, Vaqifin türbəsini.

Mən bir əsgər kimi döyüşməyə hazıram,

Bu şeirimlə düşmənə ölüm hökmü yazıram!..

 

Bakı, 03.03.2016

Ənvər ƏHMƏD

525-ci qəzet.- 2016.- 7 aprel.- S7.