Mədəniyyət sahəsində Azərbaycan -Qətər əməkdaşlığı müzakirə edilib

 

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətərin Doha şəhərinə bir sıra görüşlər keçirib.

 

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Ə.QarayevQatar Airways” şirkəti sədrinin birinci müavini ilə görüşüb. Görüşdə 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Azərbaycanın Qəbələ və Gəncə beynəlxalq hava limanlarından uçuşların həyata keçirilməsi, reyslərin təşkili və “Azərbaycan Hava Yolları” (AZAL) ilə birgə reyslərin təşkili imkanlarına baxılması qeyd olunub.

 

Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli ilə görüş zamanı tərəflər mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də bu sahələrdə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

 

Görüşdə həmçinin, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin təşkili, teatr, kino, rəsm, musiqi sahəsində tədbirlərin keçirilməsi, muzeylərdə sərgisinin açılması və digər məsələlər müzakirə olunub.

 

Qətərin mədəniyyət naziri Dohada keçiriləcək Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Azərbaycan mətbəxinin təqdimatının keçirilməsini planlaşdırdıqlarını bildirib.

 

Görüşdə 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları zamanı da birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Nazir Əbülfəs Qarayevin keçirdiyi növbəti görüş Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Ahmed bin Jassim bin Mohammed Al-Thani ilə olub. Görüşdə Azərbaycanda mövcud olan turizm infrastrukturu və potensialı haqqında söhbət açılmış, hər iki ölkədən gələn turistlərin sayının artması istiqamətində görülməli işlər müzakirə edilib. Bu sahədə infotur və press-turların keçirilməsi təklif olunub. Qısa zamanda tədbirlər planının hazırlanması üçün iki nazirlik arasında işçi qrupunun yaradılması və turizm axınının artırılması məqsədilə təkliflərin irəli sürülməsi vurğulanıb.

 

525-ci qəzet.- 2016.- 7 aprel.- S.7