Abidələr yonacaqdı, özü abidəyə döndü...  

 

 

 

“Şamaxı yollardan başlayır...” - məşhur yazıçımız Əzizə xanım Cəfərzadənin əsərlərinin birinin ilk cümləsidir bu. Neçə yollar ayrıldı səndən, neçə müharibələrə, qovğalara, toylara, mərəkələrə şahid oldun Vətən torpağı... Tarixini hər zaman qanla yazdıq. Uğrunda nə canlar getdi, səni SƏN, səni VƏTƏN, QİBLƏGAH etmək üçün.

 

... Düz 25 ildir ki, mənfur niyyətli vəhşilərin tapdaqları, nəfəsi ilə çirklənmiş torpaqlarımızı azad etmək istəyirik. Lakin... Nə qədər düşmənin var imiş, həm daxildən, həm xaricdən... Müqəddəs amalımıza, müqəddəs məqsədimizə çatmaq üçün yolumuzu nə qədər kəsiblər. Lakin bir gün dayanmadıq, durmadıq - 25 il düşmənlə öz torpaqlarımızda olan ərazilərimizin keşiyini çəkəndə belə, uğrunda canlar verib, qanlar axıtdıq. Dəfələrlə həmlə edib, geri aldığımız mövqelərimizi də özümüzə peşiman etdilər. Aldıq-qaytardıq. Dedilər ki, dünya qaydalarına uyğun deyil. Atəşkəs rejimində zəbt olunmuş torpaqları geri almaq olmaz! Doğru olduğumuzu da sübut edə bilmədik...

Dözdük, balalarımızı, böyüklərimizi dünyanın qaydasız müharibə oyunlarına qurban verə-verə dözdük... Gözlədik, səbr etdik ki, bir gün gələcək...

 

... Və şükür böyük yaradana ki, o gün gəldi... Azərbaycan adlı Vətənin şanlı oğulları, yenə silahlarını işə saldı. Qeyrət dəmi, qeyrət məqamı idi. Göydə Tanrı da bu dəfə bizim tərəfimizdən dönə bilmədi. Elə bil ki, daha haqqımızı HAQQ olan eşitmişdi. 2 aprel gecəsi 2016-cı il əsgərlərimiz, 1994-cü ildə elan olunmuş atəşkəs rejiminin ermənilər tərəfindən yenidən pozulmasında istifadə edərək, hücuma keçdilər. Tərtərdəki hərbi mövqelərimizdən başlanan hərbi hücum öz nəticəsini verdi. Bütün bu təfərrüatlar haqda sonralar daha çox yazacağıq.

 

İndi isə... Vətəni qanları, canları ilə xilas edən , qəhrəman oğullarımızın qısa, lakin şərəfli həyat yollarına nəzər salacağıq.

 

Şəhid Samir Kaçayev, 22 yaşında, Rəssamlıq Akademiyasının magistri. Şamaxı şəhərindən.

 

Müharibə başlayandan bir az sonra 1994-cü ilin mart ayının 6-da dünyaya gəlmişdi. Traktorçu-mexanizator işləyən İzayəddinin (el içində Ziyad deyə çağırırlar) evinin, ocağının işığı artmışdı. Şamaxının uca dağlar başında yerləşən Çuxuryurd kəndindəki, balaca koması ona atasından qalmışdı. Qazandığı az əmək haqqına qane olan bu ailəni məhəllədə, kənddə hamı sevir, hamı hörmət edirdi. Nə bir səs-küyləri olar, nə də kimsənin toyuğuna daş atmazdılar. Samir adlandırdıqları ilk oğul payından sonra, Tanrı onlara bir qız da verdi. Səbinə dünyaya gəldi. Kasıb komanın işığı bir azda çoxaldı. Əslində onların ətrafında yerləşən evlərin hamısı əvvəlcə belə balaca damlardan ibarət idi. Səliqəli ev, yarım metrlik taxta hasar... Heç kim bir-birindən fərqlənmirdi. Çuxuryurddakı hündür hasarlar insanlar , münasibətlər dəyişəndən sonra meydana gəldi. O hasarlar alçaq olanda uşaqlar da balaca idi. Hamı bir-birinin həyətini görür, bir evin işığı o biri evə düşürdü. Balaca Samir də məhəllə uşaqları ilə özü düzəltdiyi taxta avtomatıyla “dava-dava” oynayar, “erməni” öldürərdi. Daha çox qalib olmağı xoşlayırdı. Bəzən bu “dava-dava” oyunları evlərinin arxasındakı  güllü-çiçəkli dağ döşündə də davam edirdi. “Davadan” zəfər çalıb qayıdanda isə , dağ yamaclarından dərdiyi çiçəklərdən dəstə tutub anası Əminəyə və bacısı Səbinəyə gətirirdi. Günlərin bir günü atası Ziyad ona bir qutu plastilin alıb gətirdi. Uşağın ən maraqlı günləri bundan sonra başladı. Ən əvvəl bir at fiquru düzəltdi. Sonra gözünə nə dəyirdisə, əlləri həmin gördüyünü yoğururdu. Beləcə böyüdü. Məktəbə getdi.

 

Məktəbdə də sevimli oldu. Yaxşı oxudu. Ata-anaya heç əziyyət vermədi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq bölməsinə qəbul olundu. Xəbəri ata-anasına belə çatdırmışdı: “Pulsuz bölümünə qəbul olundum”. Sevinmişdi Samir. Çünki ailələrinin çətin dolanışığını bilirdi. İnstitutu bitirəndən sonra isə, ötən il magistr pilləsinə uğurla qəbul oldu. Yenə də pul ödəmədən. Sevincinin həddi-hüdudu yox idi. Artıq akademiyada imzası, işi ilə tanınırdı. Hətta ötən ilin, yəni 2015-ci ilin noyabr ayında  Tolerant Azərbaycan Gənci Fondunun layihəsində heykəltəraşlıq üzrə II yerin qalibi də oldu. Əsgəri xidmətdə olsa da, nümunəvi gizir olduğu üçün bu mükafatın təqdim olunma mərasiminə qatıldı. Qrup yoldaşları onu gördüklərinə çox şad idilər. Samir Kaçayev gələndə hər şey dəyişirdi, o bir başqa idi. Gəlişi ilə ətrafına yeni əhval-ruhiyyə bəxş edirdi. Gözəl aurası var idi. O əsgər gedəndən bəri qrupun 9 tələbəsi arasında elə bil ki, nə isə çatmırdı. Bu boşluğun yerini isə Samir haqqında söhbətlər, əhvalatlar tuturdu. Bir də ki, əsgər gedəndə yaradıcılıq studiyasında düzəltdiyi əsərlərini dostu Abdula və Zaminə əmanət etmişdi. Demişdi ki, göz-bəbəyiniz kimi qoruyun!...

 

... Aprelin 1-dən 2-nə keçən gecə Əminənin yerinə qor doldu. Yata bilmədi. Bir yandan dağların küləyi, vıyıltısı, soyuğu-sazağı işlədi canına. Şamaxıda da havalar heç isinmək bilmirdi. Bu il bahar da gecikirdi. Gah çiskin yağış yağır, gah da qar tökürdü .Nəfəsi daraldı, boğazı qurudu... Canına elə ağrılar doldu ki... Qızı Səbinə ilə həyat yoldaşı həkim çağırmaq istədilər. Razı olmadı. Havaya çıxdı ki, boğulmasın. Ancaq... nədirsə, ürəyi sakitləşmədi, sığmadı köksünə... Səhəri diri gözlü açdı... Günortaya yaxın, bir neçə qonşu gəlib, getdi, hal-əhval tutdular. Sonra dedilər ki, ay Əminə, oğlun sağ ayağının bacağından yaralanıb. Əminə dəliyə döndü. Əllərini saçlarına atıb, haray qopardı: “Düzünü deyin, mən səhərə qədər yatmamışam, oğluma nə olub?”. Qonşular bir-birinə göz edib, yalandan qınadılar onu: “Əminə, yekə qızsan, haray-həşir salma, bir azdan Bakıya xəstəxanaya gətirərlər, gedərsən yanına...”. Elə bil inanan kimi də oldu Əminə. Axşam qaranlığında isə, artıq balasını üçrəngli Azərbaycan bayrağına bürünmüş dəmir tabutun içərisində gətirdilər...

 

Torpaqlarımızın işğalı üçün müqəddəs müharibəmiz başlayandan Şamaxı şəhəri 30 şəhid verib . 22 yaşlı Samir Kaçayev Şamaxının 29-cu şəhidi idi. Onu yaxınlıqdakı Məlhəm kəndinin qəbristanlığında dəfn etdilər. Çuxuryurdun düzləri, dağ ətəkləri keçən il bu vaxtı qırmızı lalələrə bürünmüşdü. Bugün Samir dəfn olunanda , hələ də qar yağırdı. Lalələr şəhid qanlarından utanıb, közlü sinələrini açmadılar bu il. Yəqin, analar ağlayıb, qurtarandan sonra açacaq lalələr.

 

Respublikanın Əməkdar artisti Elnarə Abdullayeva ilə Çuxuryurda çatanda Kaçayevlərin həyətlərində hüzr verməyə gələn qohum-əqraba, dost- tanış toplaşmışdı. Qadınlar və, kişilər üçün qurulan çadır ayrı idi. Ehtiyatla anası Əminəyə yaxınlaşdım, boynunu qucaqladım, könlünü almaq istədim. “Qürurlan ana”, dedim. “Oğlunun məqamı mübarək”. Üzünü Elnarəyə tutan şəhid anası yenə nalə çəkdi: “Ay Elnarə xanım, sən gərək mənm balamın toyuna gələydin, axı mən səni çox istəyirdim, mənim balam elə gözəl idi, çox gözəl idi balam...”.

 

- Əminə bacı, oğlunuzdan danışın... Analar hiss eləyir balasının əlinə bir tikan batanda da...

 

- Gecəni səhərə kimi yatmadım ki... Ötən il yuxumda gördüm ki, Samirin yanında üç böyük daş var. Daşların üstündə də bir bayraq. Mənə deyirlər ki, Samir yanvarın 28-də öləcək. Hövlnak yuxudan ayıldım, tez balama zəng vurdum. Dedi ana, salamatam, dərsdəyəm. Hər gün yadıma düşürdü. Düz bu ilin yanvar ayının 28-nə qədər o yuxu içərimi yedi. Yenə zəng vurdum. Danışdım. Ondan sonra, rahatlandım. Samirim bir qarışqanı da , tapdamazdı. Bəzən evi təmizləyəndə, qarışqaları basıb öldürərdik. Bir haray-həşir qoparırdı ki... Bir dəfə də dedi ki, onları da Allah yaradıb, öldürmə. Sənin balanı o qarışqa kimi öldürsələr, neylərsən... Güldüm... Belə idi Samir, bir gülü də incitməzdi. Ancaq çiçəkləri-gülləri, təbiəti çox sevirdi.

 

Kimin ad günü olsa, dağ döşünə, yamaclara gedib, oradan çiçək yığıb gətirib, təbrik edərdi. Axırıncı dəfə martın 6-da əsgərlikdən məzuniyyət verdilər. Həmin günü həm də doğum günü idi. Dostları ilə gəldi. Getməyinə 1 gün qalmış 22-si gecəsi səhərə qədər oturduq, o, atası və mən söhbət elədik. Dizlərimi yerə qoyub oğlumun danışıqlarını dinləyirdim. Hərdən qollarını, boynunu tumarlayırdım. Dedi ki, ana, qollarıma, bədənimə cızıq düşsə, hərbi hissədə sorğu-suala tuturlar. Fikirləşirlər ki, bəlkə kiminləsə dava etmişik, kimsə döyüb. Çox ciddi baxırlar sağlamlığımıza və təlim-tərbiyəmizə. Axşamüstü bir neçə bağlama Novruz tədarükü yığıb verdim, dedim ki, apar əsgər yoldaşlarınla bölərsən. Samir axırıncı tikəsini də bölüşürdü.

 

Evdən çıxanda atasına deyib: “Bir anlığa çıxanda belə, elə vidalaşın ki, bir əsrə bərabər kimi olsun”. İndi oturub danışdığı hər sözü, hər söhbəti çözələyirik ki, bəlkə içərisindən bir məna tapaq. Oğlumun istədiyi qızı da bilmədim ki, bir ona baxım. Gedəndə arxasınca su atdım ki, balam salamat qayıtsın. İyul ayında qayıdacaqdı. Mən elə bilirdim oğlumun cəmi üç dostu var. Buraya Akademiyadan 150 nəfər gəlmişdi. Bilmirdim ki, balamı bu qədər istəyən var, qarşımda baş əydilər... Amma mən bilmirəm neyləyim, oğlum çox yaraşıqlı idi. Boyu hündür, ala gözlü, mədəni, ağıllı, sevimli...

 

Samir Kaçayevin yas mağarından ayrılanda doğulduğu evin şəklini çəkdim. O Çuxuryurdda yan-yana düzülən, milyonlarla qiyməti olan villalardan birində deyil, bu balaca daxmada dünyaya gəlmişdi. Atası Ziyadla da görüşüb başsağlığı verdim. Heç nə soruşmadım... Nə soruşacaqdım ki... Yeganə oğlu Vətən uğrunda qurban gedən bir atanın baxışları, duruşu , əslində hər şeyi deyirdi...

 

O həm də istedadlı heykəltəraş idi...

 

Qarabağ uğrunda Müqqədəs döyüşlərə qatılan, Tərtər ətrafındakı döyüşlərdə qəhrəmanlıqla həlak olan gənc heykəltəraş Samir Kaçayevi Azərbaycan Respublikasının Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdan soruşdum. Qocaman heykəltəraş onu belə xatırladı: “O gözəl diplom işi hazırladı. Əla qiymət aldı. O bizim institutun ən nümunəvi tələbələrindən idi. Dost kimi də, tələbə kimi də, gənc kimi də, kollektiv üzvü kimi də təhsil ocağımızın ən nümunəvi tələbəsi idi. Biz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bütün professor və müəllim heyəti, tələbələrlə birlikdə, ağır da olsa gənc və istedadlı tələbəmizin dəfnində iştirak etməyə getdik. Ailəsinə minnətdarlıq etdik . Dedik ki belə oğul böyütdüklərinə, tərbiyə etdiklərinə görə, sağ olsunlar. Heyif ki... vaxtsız həlak oldu... müharibə, müharibədir. O məharətli heykəltəraş idi. Onun işlərində fərqlilik və mükəmməllik var idi. İnanmaq olmur ki, Samir Kaçayev belə uzaq dağ kəndində doğulub, böyümüşdü. Onunla münasibətdə belə rəy yaranırdı ki, sanki, mərkəzdən gəlib. Dərsi və sənəti dərinliklərinə qədər mənimsəməyə çalışırdı. Nəzəri və praktiki cəhətdən də kamil və mükəmməl idi. Onun əl işləri çox yüksək qiymətləndirilirdi və satılırdı da. Onun qismində Azərbaycan  böyük və istedadlı bir heykəltəraşını itirdi. Mən bütün cavanlara cansağlığı və hərbdə qazanılmış xoşbəxtlik arzulayıram. Qoy onlar heç vaxt, gülləyə, mərmiyə tuş gəlməsinlər!!!”

 

İki gün sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti Samir Kaçayevin adına anım tədbiri keçirdilər. Akademiyanın giriş divarları arasında baş tutan mərasimdə təkcə Samir Kaçayev yox idi.Əvəzində qara çərçivədən boylanan rəsmi hamıya yenə də gülümsəyirdi. Tələbə və müəllimlərin, onu tanıyan və tanımayanların hamısının gözlərindən, yanaqlarından yaş süzülürdü. Kimsə onun yoxluğuna inanmaq istəmirdi. 22 il ömür sürən bir gənc bu qədər məhəbbəti qazanmağa nə zaman imkan tapdı? Tədbirdə çıxış edənlər onun şəhid olduğu döyüşlərdə düşmən erməni tərəfinin verdiyi itkilərdən danışdılar. 25 ildən sonra qazanılan ilk qələbənin ilk saatlarında qurban gedən şəhidlərdən birinin də Samir Kaçayev olduğunu dedilər.

 

Samiri axtarırıq... yalan olsun...

 

... Və bir də ki, insanların qoşulduğu sosial şəbəkə, facebook səhifəsi. Samir Kaçayev divar səhifəsinə heykəl yonmaq üçün əşyalarının şəklini yerləşdirib. Səhifəni ələk -vələk elədim ki, bəlkə bir artıq söz - söhbət, əlavə şərh tapam. Çox ciddi və səliqəli bir səhifə. Özünün əl işləri, ən yaxın dostlarının 6 mart 2016-cı ildə yazdıqları ad günü təbrikləri ... və bir də ki.. Bir də ki... 2 aprelə keçən gecə dostlarının, tələbə yoldaşlarının səhifədə Samir Kaçayevi axtararkən, təəssüf və yoxluğuna inanmayarkən yazdıqları-sözün yaxşı mənasında sərsəm, ürək dağlayan fikirləri:

 

Afa Aslanova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi.

 

“Samirciyim!!! Necə yəni belə? Sən axı magistraturaya qəbul olmusan!!! Sənin üçün mən əziyyət çəkmişdim, hazırlaşdırmışdım! İndi neyləyim??? Sən təhsilini davam etdirməli idin!!! Sən elə istedadlı, elə intizamlı, nəzakətli, rəhimli, xoşxasiyyət idin!!! Düz bir il bundan əvvəl səninlə dərsə başladıq. Bir dərsi belə boş buraxmadın. Mühazirələri elə diqqətlə dinləyirdin ki...Səni sevməmək mümkün deyildi!!! Bir dəfə emalatxanadan iş paltarındaca dərsə gəlmişdin, üst-başın əhəng-palçıqla dolu idi. Dəfələrlə üzr istədin. Dedin ki, əynini dəyişməyə imkanın olmadı...Sən hətta iş paltarında da, o əhəng, palçıqların içərisində də gözəl idin. Yapdığın heykəllərə bənzəyirdi qamətin!!! Ağlın, intelligentliyin, istedadın bütövlükdə səni tamamlayırdı. Samir mən səni çox sevirdim!!! Niyə belə oldu??? Niyə???”

 

Lilli A-eva adlı istifadəçi, qrup yoldaşı:

 

“Caaannnn... Samir Şəhidlik zirvəsinə ucaldın... Bir neçə gün bundan əvvəl səni gördüm, şəhidlikdən danışdın, dedin ki, şəhid olanlar məndən artıq deyil ki...  Dedin... və getdin... Nur içində yat.... amma hələ də ümid edirəm... bilmirəm niyə?!”.

 

Build A Trumpet, İzraildən olan fb. istifadəçisi:

 

“Yer üzü sağ olsun ki, nə vaxtsa səninlə məni görüşdürdü, xoşbəxt anlarımızı paylaşa bildik. Səninlə olan görüşlərimizə görə Tanrıya minnətdaram. Sənin təbəssümün həmişə mənim ağlımda olacaq. Sənin təvazökarlığın mənə xatırladacaq ki, heç bir qarşılıqlıq gözləmədən insanlara kömək etmək olurmuş. Səninlə işləmək və sənin  necə həvəslə və məharətlə işləməyinə tamaşa etmək də mənə sevinc gətirirdi, gənc heykəltəraş! Harada olsan da, inanıram ki, Tanrı sənin qayğını çəkəcək. İndi tək bir arzum var, ruhunun yolu açıq olsun. Yaşadığımız Yer üzü sənin üçün çox darıxacaq, biz də sənin üçün darıxacağıq! Böyük məhəbbətlə : Build A Trumpet”.

 

Şamaxı yollardan başlayır... Amma bəzən kimlərinsə yolu bu yolların başlanğıcında bitir... tamamlanır. Samir Kaçayev müqəddəs Şamaxı şəhərində müqəddəs insanların, övliyaların, şeyx və söz xiridarlarının uyuduğu torpağa qovuşdu. Təbiətin gül vaxtındakı məqamın Mübarək, Şirvanımın Şəhid oğlu!

 

 

Aida Eyvazlı

525-ci qəzet.- 2016.- 9 aprel.- S.17;22