Məryəm Ələkbərlinin rəsmləri Dünya İncəsənət Sərgisində

 

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dünya İncəsənət Sərgisi açılıb.

 

AZƏRTAC xəbər verir ki, 40-dək ölkəni təmsil edən sənət adamlarının əl işləri ilə birgə Azərbaycana aid guşə ziyarətçilər üçün cəlbedici olub.

 

Azərbaycan tədbirdə gənc rəssam Məryəm Ələkbərlinin 30 rəsm əsəri ilə təmsil olunub. Ölkəmizə məxsus stendin təqdimatında Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycanın Dubay Əmirliyindəki baş konsulu Pərviz İsmayılzadə iştirak edib.

 

Açılış mərasiminə gələn Dubay Əmirinin müavini Şeyx Haşır Al Maktum azərbaycanlı rəssamın yeni əl işlərini maraqla izləyərək, rəsmlərdə əks olunan yaradıcı keyfiyyətləri yüksək qiymətləndirib.

 

Stendimizə maraq göstərən ziyarətçilərə Azərbaycana xas milli sənət nümunələrindəki özünəməxsusluq mədəniyyət aləminə bəxş etdiyimiz töhfələr haqqında məlumat verilib. Sərgiyə təqdim olunan əsərlərdə qədim xalçaçılıq ənənələrinə aid milli ornamentlər, Qobustan qayaüstü rəsmlərindən nümunələr Azərbaycanın təbiət gözəllikləri əks olunub. Eyni zamanda, gənc rəssamın əl işlərindən ibarət kitablar da sərgi iştirakçılarına paylanılıb.

 

Sərginin əsas özəlliyi yaradıcı gənclərin yeni əl işlərini sənət dünyasına tanıtmaq onların beynəlxalq təbliğinə dəstək olmaqdır.

 

Qeyd edək ki, sərgi çərçivəsində ölkəmizi Yaxın Şərq, Orta Asiya, Avropa, Amerika və Afrikanı təmsil edən sənət adamları arasında tanışlıq məqsədli görüşlər keçirilərək rəsm və heykəltəraşlıqda müasir yanaşmalar, yeni ideyalar mövzusunda müzakirələr aparılıb.

 

525-ci qəzet.- 2016.- 9 aprel.- S.12