Ögeyliyi doğmalığa çevirən...

 

UNUDULMAZ SƏNƏTKAR CEYHUN MİRZƏYEVİN NURLU XATİRƏSİNƏ

 

Deyirlər, zaman hər şeyi unutdurur insana. Dünyasını dəyişmiş əzizlərimiz belə, illər ötdükcə xatirələrimizdə yalnız sakit uzaq xəyal kimi yaşayırlar. Amma hansısa gün yaşadığımız sevinc ya kədər təkcə bizim deyil,  həm vaxtın yaddaşına yazılaraq qalır.

 

Güllərin belə rənginə, ətrinə hopur. Bir görürsən,  kiminləsə bağlı unutduğumuz bir söhbət, mərhəm bir xatirə düşüncəmizə hakin kəsilir. Birdən qiymətli isə tapmış kimi, “söz vaxtına çəkər, elə ilin bu çağları idi”- deyə xatirələri haraylayıb başımıza yığmaq, əziz bir insanı yenidən yaşatmaq istəyirik: sözümüzdə, söhbətimizdə...

 

Baharda dünyadan nakam gedənlərin ruhlarına şam yandırar, xatirəsinin işığına yığışarlar. İllər öncə  mart ayının ilk günlərində  Ceyhun Mirzəyevlə bağlı bir yazı yazacağımı qərarlaşdırdım. O vaxt belə internet imkanları yox idi. Ona görə faktları toplamaq üçün yaxın dostları, sənət yoldaşları ilə görüşməli oldum.  Sən demə, mart ayında Ceyhun Mirzəyevin bu fani dünyanı əbədi ruhlar məkanına dəyişdiyi günün gözlə görünməyən ovqatı yaşayırmış. Söz vaxtına çəkibmiş.

 

...Rollarını, çəkdiyi flimləri nəzərə almasaq, Ceyhun Mirzəyev ekranda az-az görünərdi. 1993-cü ilin  martın 7-də AzTV kanalında onun haqqında “Anaya ögey deməzlərverilişi getməli idi. Bu, sevimli aktyorumuzun həm keçdiyi sənət yoluna, həm  son yaradıcılıq işlərinə işıq tutmaq istəyindən yaranmışdı. (O vaxt Ceyhun Mirzəyev haqqında yazı hazırlayanda “Anaya ögey deməzlərverilişinin müəllifi olan dəyərli diktorumuz rəhmətlik Hicran Hüseynovla görüşmüşdüm. O gün montaj zamanı Ceyhun Mirzəyevin qəfildən halının pisləşməsindən, evə bir getdiklərindən, həkim çağırsalarda bir anın içində baş verən o vaxtsız  ölümün acısından danışmışdı. Ceyhun Mirzəyevin ölümündən sonra hazırladığı verilişdə Hicran Hüseynov bütün bunları qəhər içində, gözləri yaş dolu danışdığını yaxşı xatırlayırdım. Amma nədənsə mən yazıda bunu qeyd etmişdim, onun adını çəkmişdim. Yazı qəzetdə çıxandan sonra işə gələrkən Hicran Hüseynovla rastlaşdıq. Məni görüb ayaq saxladı, salamlaşdıq. Yazını oxuduğunu, bəyəndiyini bildirdi. Bu, həm Ceyhun Mirzəyevi  yad etdiyimə görə sanki bir dost təşəkkürü idi. Amma nədən onunla olan söhbətimizi qeyd etmədiyimi soruşdu gülümsünərək bunu mənə irad tutdu. Cox təəssüfləndim. İndi isə artıq özü bu həyatda yoxdur. Ceyhun Mirzəyevin yaxın dostu, yaxşı insan kimi tanıdığım Hicran Hüseynovun ruhuna hörmət olaraq bu qeydləri etdim. Allah hər ikisinə rəhmət eləsin. Amin.)

 

, harada qalmışdıq; “Anaya ögey deməzlərverilişinin son montaj işlərində. Amma ağlına da gəlməzdi ki, bu verilişə həm ömrünün son anları, son ağrıları hopacaqdı. Verilişin montajından sonra evlərinə qədər uzanan yolsa, sadəcə, ömründən ona qalan son fürsət idi.

 

Ögey anafilmindən  “Anaya ögey deməzlərverilişinə qədər sənətdə deyə bildiyi sözünü -filmlərini, rollarını, “Mozalansatirik telejurnalındakı böyük inam sevgiylə hazırladığı süjetləri onu həmişə sənətdə görmək istəyənlərə əmanət qoyub bu dünyanı birdəfəlik tərk edəcəkmiş.

 

Ceyhun Mirzəyevin televiziyaya gəlişi beşinci sinifdə oxuyarkən uşaq verilişlərindən başlayıb.

 

Görüşfilmində epizodik rola çəkilən 7 yaşlı oğlan kinoya marağı, sualları ilə rejissorların diqqətini cəlb edir. Kinorejissor rəhmətlik Tofiq Tağızadə Ceyhun haqqında danışarkən deyirmiş ki, mən elə o vaxtlar onun nəinki bir aktyor, hətta rejissor olacağına inanırdım.

 

Uşaqlıqdan tanınan sevilən Ceyhun MirzəyevÖgey anafilmindənFəryad”a  qədər yaşadığı yaradıcı ömründə bu inamı doğrulda bildi. Çətinliklərin məngənəsindən sıyrılıb çıxaraq oynadığı rolların, çəkdiyi filmlərin, “Mozalan”dakı rejissorluq fəaliyyətinin yaddaqalan cizgiləri ilə istedadını, ən başlıcası sənətə məhəbbətini göstərə bildi. Komik, satirik,  tragik janrlarda sözünü deməyi bacaran sənətkar kimi seçildi, yadda qaldı. “Yenilməz batalyon”da faytonçu Teymur, “Dəli Kür”də Osman, “Lətifəfilmində Məmmədov obrazları ilə Ceyhun Mirzəyev müxtəlif  xarakterlərin özünəməxsus cizgilərini çox gözəl yarada bilmişdi.

 

Sənət dostu, uzun illər Ceyhun Mirzəyevlə çiyin-çiyinə çalışmış səs operatoru Əsəd Əsədov söhbətlərinin birində: “Mən Ceyhun haqqında saatlarla susa bilərəm” - deyib. Bu, əslində sahilini tapmaqda çətinlik çəkdiyin xatirə dəryasında əl-qol atmadan dərinliklərə getmək, ölümün özündə gizlətdiyi insan taleyini  görmək arzusudur.

 

Sənət dostlarının, onu yaxından tanıyan  hər kəsin xatirəsində Ceyhun Mirzəyev daha çox səmimiyyəti ilə yadda qalıb. Onun özünəməxsus şən dünyası vardı. Kimisə qanı qara,  sıxıntılı görsəydi,  şux zarafatla məlhəm olmağı bacarırdı. Sənətdə isə özünə qarşı həmişə ögey münasibət hiss edib. Aylarla işsiz qalıb, çəkiliş meydançalarından uzaq düşüb. Sənət acı olan ruhuna təsəlli verəcək işlərə əli yetməyəndə isə ağrısını ürəyinə yükləyib. Fəxri adın, mükafatların həsrəti ilə yaşamasa da, laqeydliyin soyuğundan üşüyüb. Bir vaxtlarMozalantelejurnalının rəhbəri olmuş Ziyafət Abbasov səhət dostu haqqında danışarkən: - “Ceyhun Mirzəyev Azərbaycan xalqına kinonu  sevdirib”- demişdi.  Əslinə qalsa, Ceyhun Mirzəyev bircə rolu ilə belə çoxlarının uzun illər sənətdə deyə bilmədiyi sözü deyə, ucala bilmədiyi zirvəyə ucala bilmişdi. İsmayıl obrazı ekranla tamaşaçı arasındakı uzaqlığı əritdi, ögeyliklə doğmalıq arasındakı uçurumlu yolları hamarladı.

 

Ceyhun Mirzəyev sənətdən nakam getdi. Çünki həm rejissor, həm aktyor  kimi yarımçıq işi qaldı. Vətənin ağrısını, dərdini ürəyindən  keçirərək yaratdığı “Fəryad” filminin son işlərini tamamlamamış dünyasını dəyişdi. Bir vaxtlar hamının sevimlisi olmuş İsmayılın uşaq dünyasına məxsus inadkar, mübariz xarakterini vətənin dar günündə bir başqa mövzuda göstərmək istəmişdi. O, balaca İsmayılın  yüz sözdən daha kəsərli dərin baxışlarında qığılcım kimi parlayaraq doğan ana məhəbbəti ilə ögey ananı doğmalaşdırdı hər kəsə. Son illərsə xəyanətin, haqsızlığın toruna düşmüş vətənə ögey münasibəti də əridib yox etmək  istəyi ilə “Fəryad” filminin əzab-əziyyətini ağrılı ürəyindən keçirirdi. Amma nə torpaqlarımızın azadlığının, nə də çəkdiyi filmin sevincini yaşamağa  ömür vəfa etmədi. “Fəryad” filmində fiziki işgəncələrə məruz qalan baş qəhrəmanın gözlərindəki intiqam hissi, torpaqlarımıza, sərvətimizə qənim kəsilənlərə nifrəti qəlbdən və yanaraq yaratmış Ceyhun Mirzəyevin sənətdən uca olan vətəndaş təəssübkeşli bu gündə filmi izləyən hər kəsi qəhərləndirir.

 

Bu gün Dağlıq Qarabağın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda savaş gedir. Təəssüf ki, şəhid övladlarımızın itkisi  Azərbaycanın dostu olan başqa dövlətlərdə də ürək ağrısı ilə qarşılanır. Qüdrətli Azərbaycanın uğurları bir həqiqəti diqtə edir: Qələbə Günü yaxındadır. İnanıram ki, o zaman azadlıq uğrunda canlarından keçmış  hər bir Azərbaycan övladı kimi Ceyhun Mirzəyevin də ruh şad olacaq.

 

1946-cı ildə dünyaya gəlmiş Ceyhun Mirzəyev  bu dünyada cəmi 47 illik ömür  yaşadı. Aprelin 9-u sevimli sənətkarın doğum günüdür. Bu da onun taleyinə yazılmış qeyri-adiliklərdən biridi.  Ölüm tarixindən bir ay keçməmiş,  doğum günü qeyd olunur. Sanki təzədən doğulur, yenidən sənətdə, ailədə yolunu, arzularını yaşadanların əməllərində yaşayır. Bəlkə elə ona görə də, biz ölümün qarşısına gözüyaşlı çıxsaq da, xatirələrin işığında dünyasını dəyişmiş insanları, əzizlərimizi xoş bir təbəssümlə anırıq.

 

Günəş RƏCƏBQIZI

525-ci qəzet.- 2016.- 9 aprel.- S.11