“Şəhidimizin ən böyük arzusu Mübariz İbrahimov kimi igidlik göstərmək olub

 

 

Son günlər Vətən torpaqları uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlər sırasında Zərdab rayonunun Böyük Dəkkə kəndindən bir şəhidimiz var.

 

Bu, cəbhənin Tərtər rayonu istiqamətində döyüşlərdə şəhid olan 1994-cü il təvəllüdlü hərbçi (gizir) Abdullazadə Nurlan Rasim oğludur. O, Abdullazadələr ailəsinin iki övladından biri olub. Qeyd edək ki, N. Abdullazadə axırıncı dəfə öz doğma ocaqlarında bu ilin martın 18-də bacısının toy mərasimində iştirakı zamanı olub.

 

Hər iki valideyni əlil olan Nurlanın ən böyük arzusu isə Milli Qəhrəman Mübariz İbrahimov kimi igidlik göstərmək, şəhidlik zirvəsinə ucalmaq olub. Onu da qeyd edək ki, dünən Zərdab rayonunda şəhidin üç mərasimi keçirilib mərasimə qatılanlar arasında həmin rayondan millət vəkili seçilən Jalə Əliyeva da olub. Azərbaycan ordusunun son günlərdə erməni qəsbkarlarına qarşı keçirdiyi növbəti uğurlu əməliyyatları yüksək qiymətləndirdiyini, hər bir Azərbaycan vətəndaşı kimi bundan böyük fəxarət hissi keçirdiyini bildirən millət vəkili bu zəfərin Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdığını qeyd edib:

 

Azərbaycan Ordusunun zəfəri, rəşadəti hər birimizi sevindirir, qürurlandırır. Azərbaycan Ordusu son uğurlu hərbi əməliyyatları ilə bir daha düşmənə onun himayədarlarına özünün nələrə qadir olduğunu, gücünü,yüksək döyüş qabiliyyətini, əzmini nümayiş etdirdi. Təbii ki, belə güclü, intizamlı, yüksək döyüş qabiliyyətli ordusu olan xalq da, dövlət heç zaman düşmən qarşısında sına, əyilə bilməz”. Millət vəkili eyni zamanda deyib ki, dövlət başçısı İlham Əliyev başda olmaqla Azərbaycan dövləti bütün dünyaya öz iradəsini nümayiş etdirdi: “Göstərdi ki, Azərbaycana qarşı hər hansı bir təhdid, təxribat, təzyiq öz nəticəsini verməyəcək. Azərbaycan güclü, qüdrətli bir dövlətdir onu ermənilər, işğalçı, qəsbkar Ermənistan da daxil olmaqla heç bir qüvvə öz yolundan, haqq işindən geri çəkindirə bilməyəcək. Azərbaycan torpaqlarının işğalı ilə heç zaman barışmayıb barışmayacaq da”.

 

Daha sonra millət vəkili bildirib ki, hər bir şəhid bu millətin fəxri, qürur mənbəyi, baş tacıdır: “Mən özüm dünəndən Zərdab rayonundayam, səhidimizin 3 mərasiminə qatılmışdım. Mərasimdə iştirak edən bütün insanlar, vaxtilə məzunu olduğu Seyid Əzim Şirvani adına İsaqbağı kənd orta məktəbinin müəllimləri, dostları, tanışları hamısı birmənalı şəkildə bildirirdilər ki, Nurlan hələ uşaq vaxtlarından deyirmiş ki, mən Vətənimi qoruyacağam, Vətənimin qələbə, zəfər çalmasında iştirak edəcəyəm.

 

Qeyd edim ki, Nurlan orta məktəbi də çox yaxşı oxuyub, əla qiymətlərlə başa vurub. Çox çalışqan, çox tərbiyəli, çox bacarıqlı bir oğlan olub. Ailəsinin də demək olar ki, yükünü təkbaşına çəkib. Valideynləri hər ikisi əlil olduğu üçün həm oxuyub, həm işləyib və hərbidə də olanda hər zaman diqqəti, qayğısı ailəsinin üzərində olub. İmkan tapan kimi onlara həm mənəvi, həm maddi dəstək olub. Onun köməyilə bu yaxınlarda kiçik bir ev də qaraldılıbmış, arzusu da buymuş ki, ailəsinə daha yaxşı şərait təmin etsin. Yəni, hamı onun haqqında çox müsbət danışır, ürəkdolusu, ruh yüksəkliyi ilə söz açırdı. Hətta, son dövrlərdə də deyirmiş ki, “mən Mübariz olacağam, Vətənim, torpağım üçün hər zaman canımdan keçməyə hazıram”. Və elə də oldu... Son nəfəsinəcən vətən torpaqları uğrunda vuruşub, döyüşüb və qəhrəmancasına şəhid olub. Bu, hər birimizin itkisidir, Azərbaycanımızın itkisidir.

 

Onu da deyim ki, ölkənin birinci xanım Mehriban Əliyevə “Heydər” məscidində şəhid ailələrinə başsağlığı vermək üçün mərasim təşkil etmişdi və həmin mərasimdə Nurlanın ailə üzvləri də iştirak edirdi. Onlar dövlətimizin şəhid ailələrinə diqqətindən, qayğısından, Mehriban xanımın şəhid ailələrinin dərdinə şərik çıxmasından, kövrəlməsindən, onların hər biri ilə maraqlanmasından razılıq edirdilər...

 

Allah cəmi şəhidlərimizə rəhmət etsin. Başın sağ olsun, Vətən!” -deyə, J.Əliyeva daha sonra sözlərinə əlavə edib.

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2016.- 9 aprel.- S.6