Azərbaycanda Qabdulla Tukay şəxsiyyətinə həssas münasibət

 

GÖRKƏMLİ TATAR ƏDİBİNİN VƏFATI XƏBƏRİNİ İLK OLARAQ "MOLLA NƏSRƏDDİN" YAYIB

 

 

Qabdulla Tukayın həyatını şimşəyə bənzədiblər. Allah ona sanki bir göz qırpımında alışan   sönən ömür bəxş etmişdi. Lermontov kimi, Puşkin kimi, Yesenin kimi, Müşfiq kimi, Ülvi kimi... 

 

Cəmi 27 il ömür yaşayan bu nakam şair, fiziki və mənəvi ağrıları ilə ömrü boyu qovrulan istedadlı, qəlbi mübarizələrlə dolu bir şəxsiyyət olub. Öz cismani ağrılarını bütün tatar xalqının can ağrısı bilərək, bu bəladan qurtarmaq üçün çırpınıb, son anadək könlündə yandırdığı inam işığında yazıb-yaradıb: tatar ədəbi dilinin banisi kimi, tatar satirik ədəbiyyatının  1907-ci ildə yazdığı "Şeir sənətimiz" və "Tənqid vacib şeydir" məqalələri ilə realist tatar ədəbi tənqidinin banisi kimi, tatar xalqının azadlıq məşəlini yanar ürəyi ilə alovlandıran böyük ziyalı kimi.

 

Qabdulla Tukayın həyat və yaradıcılığı ilə yaxından tanış olarkən, onun haqqında məşhur ədəbiyyatşünasların yazdıqları elmi məqalələrə nəzər yetirincə, əsərlərini oxuduqca qarşında pəhləvan cüssəli, yenilməz, sağlam vücudlu, fitri istedadlı bir gəncin dayandığını görürsən. Onun ağrılı, xəstə, çəlimsiz, həyat ağrılarından ciyərlərinə vərəm çökmüş halına heç bir əsərində rastlaşmırsan, duyğularında belə hiss etdirmir. Onun möhkəm şəxsiyyət iradəsi fiziki ağrılarını üstələyib: milli hisslərinin təqdimində, ədəbi irsində, publisistik qeydlərində, realist mövzulara əsaslanan satiralarında, romantik düşüncələrində.

 

Tatar xalqının sevimli və böyük şairi Qabdulla Tukayın  ədəbi şəxsiyyəti və irsi bu gün bütün türk dünyasının elmi-ədəbi fikrinin nəzər diqqətindədir. XX əsrin klassik şairi kimi qısa, lakin mənalı və zəngin ədəbi fəaliyyəti müxtəlif türk xalqlarının alimləri tərəfindən ətraflı şəkildə tədqiq və təhlil olunur.

 

Q.Tukay millətinin aşiqi, onun azadlığı uğrunda zəif, çəlimsiz bədənini uca eşqlə fəda edən bir sənətkar olmuşdur. Onun "mən tatarca danışıram" kəlmələri adi söz məcrasından çıxıb dərin məna ifadə edən poetik şüar kimi Tukay yaradıcılığının epiqrafı kimi səsləndi. Bu gün də tatar xalqının dodaqlarında - qəlbində səslənən himnin sanki ilk sətirlərinin ifadəsidir.

 

Tukayın milli hisslərinin söykəyi, ilham mənbəyi cəmi türk xalqlarının azadlıq eşqindən qidalanmışdı, desək yanılmarıq. "Molla Nəsrəddin" dərgisinə abunə olduğunu, bütün nömrələrini diqqətlə oxuduğunu şairin dostlarının xatirələrində də öyrənirik. Şeirlərinin, qəlbində tüğyan edən milli azadlıq eşqinin odu-ocağı da məhz "Molla Nəsrəddin" dərgisi olmuşdu. Gənc tatar şairinin ilk iş yeri olan mətbəədə şrift kassaları yanında əlində "Molla Nəsrəddin" dərgisi olan tarixi fotosu da çox məna kəsb edir.

 

Gənc Q.Tukayın əlində "Molla Nəsrəddin"i görərkən, A.Qədirinin - "Mən qələm tutmağı ərəblərdən, qələmlə güldürməyi isə "Molla Nəsrəddin"dən öyrənmişəm"  fikrinə də dalırsan. C.Məmmədquluzadə, N.Nərimanovla, digər milli ədəbiyyat adamları ilə görüşləri, söhbətləri dünyagörüşünün formalaşmasında əsas rol oynamışdır.

 

Varlı və kasıb təbəqələrin mövcudluğu ilə yaranan bəlalar, ağrılar, oxşar obrazlar, xüsusən balaca adamların taleyi, ictimai-siyasi ab-hava o illərdə satira janrının mövzusuna çevrilmişdi. Söz qılınca çevrilmiş, sağı-solu qamçılamaqdan çəkinmirdi. Bütün Şərqdə səsi-sədası yayılan "Molla Nəsrəddin" təsiri Q.Tukaya da öz təsirini göstərmişdi. "Molla Nəsrəddin" gücündə sözün təsiri daha tez eşidilirdi. Tatar ədəbiyyatında da, Azərbaycan ədəbiyyatında da, özbək ədəbiyyatında da ədəbi faktlar eyniliyi inqilab qığılcımını alova çevirə bilirdi. Tatar tədqiqatçısı Rezeda Qəniyeva "Q.Tukayın satirik yaradıcılığı" monoqrafiyasında göstərdiyi kimi, "Q.Tukayın satirik - publisistikasının kökündə rus satirik ədəbiyyatının və jurnalistikasının təcrübəsi dayansa da, Şərq jurnalistikasının, xüsusən Azərbaycan və türk mətbuatının təsirini danmaq mümkün deyil".

 

M.Ə.Sabir satirası haqqında professor Cəfər Xəndanın dediyi - "şairin nə qədər satirası varsa, bir o qədər də mövzusu var" - fikrini eynilə tatar ədəbiyyatında Q. Tukay satirasına, özbək ədəbiyyatında M.Sufizadə,  S.Əczi satirasına da şamil edə bilərik.

 

Uşaqlıq  illərindən qismətinə ağır həyat tərzi yazılan gənc şair dözülməz xəstəliyə - vərəmə tutulur. 1911-ci ilin aprelində Həştərxana müalicəyə gələn Qabdulla Tukay dostlarının vasitəsilə 1909-cu ildən  Həştərxana sürgün edilən azərbaycanlı həkim-yazıçı Nəriman Nərimanovla görüşür. Həkim Nəriman Nərimanov onu diqqətlə müayinədən keçirəndən sonra bəzi tövsiyələrini verir, xüsusən  xəstəliyinə qarşı qımız içməyi məsləhət edir.  Daha sonra  Həştərxanda vərəm xəstəliyinə qarşı  ənənəvi olaraq iki ildən bir keçirilən tədbirə dəvət edilənlər arasında Qabdulla Tukay da var  idi. N.Nərimanov da həmin tədbirdə nitq söyləyir və sonra "indi də sözü tatar xalqının məşhur şairi Qabdulla Tukaya veririk" - deyə Tukayı heyrətə salır. Yəni, Tukay ilk dəfə belə bir möhtəşəm tədbirdə özü  haqqında eşitdiyi "məşhur" sözündən həyəcanlanır. Tukay bu tədbirdə milli hisslərini cilovlamayaraq azadlıq ruhunu özündə ehtiva edən şeirlərini söyləyir. Həmin tədbirdən yığılan pullar vərəm əleyhinə müalicəyə sərf edilir.

 

Q.Tukay N.Nərimanovun və özünün yaxın dostları tərəfindən müxtəlif həkimlərin də müayinəsindən keçir. Son günlərini yaşadığını hiss edən bir həkim ona sual edir ki, nə üçün gec müraciət edirsiniz? Satirik ruhla silahlanmış Tukay yenə də zarafatından qalmır,  - "bildiyimə görə xəstəxana ölümə gedən yolun ilk dayanacağıdır, mən də bu işıqlı dünyada bir az da yaşamaq istədim" - deyə cavab verir.

 

Lakin Tukayın  millətinin dərdini sətirlərə düzülmüş səsi-sədası uzaq türk ellərinə çox gec, ölümündən sonra gedib çatır. Tukayı yaxından tanıyan, onun düşüncələrinə, milli qüruruna, vətəni, milləti uğrunda fədakarcasına çarpışmalarına bələd olan  görkəmli siyasi və ictimai xadim, yazıçı, dramaturq və mütərcim Nəriman Nərimanov "Bağçasarayda imtahan meydanı" adlı məqaləsində böyük türkçü İsmayıl bəy Qaspiralının vəfatından təsirlənərək ürək sızıltısıyla yazdığı sətirlərə diqqət edək: "Səndə milli hiss oyanıbsa, kəndi hüququnu düşünməyə, bismillah imtahan meydanı açıqdır. Sənin yolunda  bütün ömrünü sərf edən, sənin hüququnu müdafiə edib axır nəfəsinə qədər səni qurtuluş yoluna  dəvət edən şəxsin qəbri səndən ancaq belə daş gözləyir. Fəqət bu daş ümummillət daşı olmalıdır. Sabirimiz, Tukayımız ümummillətdən böylə bir daş almadılar. Sabirimizi Rusiya müsəlmanları, Tukayımızı Qafqazın müsəlmanları bilmədilər. İsmayıl bəyə sözümüz nədir?

 

 N.Nərimanovun burada Sabir haqqında, Tukay haqqında dedikləri məhz ötən ilki çar hakim dairələrinin etirazına üsyan səsi idi.

 

Bakıda dərc olunan "Kaspi" qəzetində Tukay "kəlamı ilə ürəkləri alovlandıran", "doğma istedad", "sənət kahini"  deyə oxucuya təqdim edildi.  Azərbaycan ədəbiyyatı və mətbuatının inkişaf çətinliklərindən söhbət açaraq deyirdilər ki, Tukayın ölümü zamanı hiss etdik ki, yeni ədəbiyyat cəmiyyəti yaradılmalıdır. Yoxsa gör iş nə yerə çatıb ki, Qafqaz və bəzi  başqa müsəlman qəzetləri  bu yaxınlarda vəfat etmiş Q.Tukayın tərcümeyi-halı haqqında material tapa bilmədi". Bu etiraf Azərbaycan xalqının tatar  xalqına, onun ədəbiyyatına,  onun milli mücadilə uğrunda şəhid şairinə ehtiramının ifadəsidir.

 

Bəli, Tukayın millət sevgili, Vətən dərdli nəğmələri çar hakim dairələri tərəfindən boğulurdu, çünki onun mübarizəsi məhz onlara qarşı idi.

 

1913-cü ilin aprel ayının 15-də səhər saat 5 tamamda, N.Nərimanovun təbirincə desək, məşhur tatar şairi Qabdulla Tukay 27 yaşında dünyaya əlvida deyərək gözlərini əbədi yumdu. O ağır xəstəliyinə fiziki cəhətdən qalib gələ bilmədi. M.Qorki Tukay ölümü haqqında dediyi söylər -  "aclıqdan  və vərəmdən" - onun yaşam tərzinin dəqiq ifadəsi idi. O cismən bu dünyadan köçdü, lakin yazdığı məhəbbət dolu, aşiqanə duyğulu, saf eşqə bülənd, uca milli hisslərlə sımsıx bəndlənmiş şeirləri bir zamanlar tatar xalqının, daha sonrakı illər cəmi türk dünyasının ədəbiyyatında yaşadı. Bu yaşam ölümündən sonra xalqının mübarizəsində geniş və dönməz bir yola çevrildi.

 

1913-cü il. Tukayın matəm məclisi - dəfn mərasimi əsl xalq nümayişinə çevrilir. Rusiyanın bir çox guşələrindən şairin vəfatı münasibətilə dərin kədər bildirən teleqramlar alınır.

 

Tukayın ölümü haqqında ilk xəbər Azərbaycan mətbuatında dərc  edilir. Onun dostlarını sarsıdacaq ölüm xəbərini daim ürəyinin başında əzizlədiyi "Molla Nəsrəddin" yazdı: "Milli şairimiz Abdulla Tukayevin vaxtsız vəfatından dolayı din qardaşlarımıza ümumən və aileyi-möhtərəməsinə xüsusən bəyani - təziyyət ediriz".

 

"Molla Nəsrəddin" dərgisi öz milli ruhuna yaxın insanlardan olan Tukayın vəfatını dərin hüznlə oxucularına bildirərək, tatar qələm dostlarının kədərinə şərik olduğunu qeyd edir. Qeyd edək ki, "Molla Nəsrəddin" dərgisi  bütün fəaliyyəti boyu 1908-ci ildə Leyla xanım Şahtaxtinskaya, 1911-ci ildə Sabir və 1913-cü ildə Tukay  haqqında başsağlığı elanları olmaqla cəmi üç dəfə belə məlumat dərc etmişdi.

 

27 yaşlı gənc şair Qabdulla Tukay dünyaya vida etməsi təkcə tatar xalqını deyil, bütün müsəlmanları, xüsusən  Azərbaycan xalqını dərindən sarsıtdı.

 

1913-cü ilin "Kaspi"  qəzeti yazır: Tukayın xatirəsini əbədiləşdirmək, onun əsərlərini xalq içində yaymaq məqsədilə N.Nərimanov da bəzi təşəbbüslər irəli sürür. Həştərxan universitetinin "Müsəlman  şöbəsi" Tukay haqqında N.Nərimanovun mühazirəsini təşkil etmək istəsə də, çar hökumət nümayəndələri izn verməmişdi.

 

Daha sonra, Kiyev universitetində təhsil alan azərbaycanlı  tələbələr nakam şairin xatirəsini əziz tutaraq tədbir keçirməyə cəhd etsələr də çap jandarm idarəsinin təzyiqinə məruz qalmışdılar: "... onlar Qabdulla Tukayı birinci dərəcəli yazıçılar kürsüsünə qaldırmışlar və rus şairi Puşkinə bərabər tuturlar".

 

Məşhur Azərbaycan publisisti, ilk Demokratik Azərbaycan Cümhuriyyətinin rəsmi "Azərbaycan" qəzetinin baş redaktoru, tərcüməçi, ictimai xadim Ceyhun bəy Hacıbəyli (Üzeyir bəy Hacıbəyovun kiçik qardaşı) "Bir ölümün ətrafında" adlı məqaləsini Q.Tukayın ölümündən təsirlənərək yazır: "Volqaboyu müsəlmanlardan olan istedalı şair Qabdulla Tukayın ölümündən iki həftədən çox vaxt keçdi.  Hələ də yerli müsəlman qəzetlərində mərhumun  xatirəsinə çox sayda məqalələr, hüznlü şeirlər dərc edilir, başlıcası  isə müxtəlif yerlərdən və şəhərlərdən başsağlığı teleqramları gəlir. Hər tərəfdən - yaxın və uzaq yerlərdən, harada müsəlman ürəyi döyünürsə oradan göndərilən teleqramlarda bu istedadlı və sevimli milli şairin ruhuna dualar edilir. Bu teleqramlar müxtəlif şəxs və qrupların ziyalı təbəqəsindən, adi insanlardan, fəhlə  nümayəndələrindən göndərilir".  Ceyhun bəy Hacıbəylinin fikrincə, bütün bu faktlara "müsəlmanların öz içərilərindən olan ədəbiyyat xadiminin ölümünə göstərdikləri ilk, canlı və hərarətli bir münasibət kimi baxmaq lazımdır.

 

Azərbaycanın tanınmış publisisti, ədəbi tənqidçi, pedaqoq Hüseyn Minasazov "Doğma incəsənət haqqında" adlı məqaləsində Qafqaz və tatar müsəlmanlarına "eyni bir tayfa, eyni bir din, eyni dil və eyni dünyagörüşü" prizmasından baxırdı. Onun fikrincə ziyalılar öz milli dillərindən, milli ədəbiyyatlarından, incəsənətlərindən utanmamalı, fərdliklərini itirən "Avropa nümunə"lərinə oxşatmağa çalışmamalıdırlar. "Yeni təşəkkül tapmaqda olan ziyalılar təbəqəsi dahi sələfləri olan H.Zərdabinin, M.Ə.Sabirin, A. Tukayın və başqalarının ənənələrini davam etdirən hərəkətverici qüvvə olmalı, xalqı müstəqilliyə və azadlığa çıxartmalıdırlar".

 

Q.Tukay kimi türksoylu milli mücahidlər öz həmfikir qələm dostlarının xatirəsini əziz tutaraq şeir axşamlarında, müxtəlif ədəbi məclislərdə onun ədəbi irsindən, şəxsiyyətindən bəhs etdilər. Örnək olaraq, onu daha da geniş miqyasda tanıtmaq üçün, mücadiləsinin davam etdiyini göylər pərvaz edən ruhuna yetirmək üçün, Tukay kimi Vətəni sevməyi bacarmaq eşqini yeni nəslə çatdırmaq üçün...

 

Tukayın ölümünün 40 illiyində, "SSRİ xalqları ədəbiyyatı"nı Azərbaycan ədəbiyyatşünaslığında tətqiq edən məşhur alim Pənah Xəlilov "Qabdulla Tukay (vəfatının 40 illiyinə)" məqaləsində onun ölümündən yazır: "Öz həyatı və yaradıcılıq taleyi ilə Sabirə çox yaxın olan şairlərdən biri də tatar xalqının inqilabçı demokrat şairi Qabdulla Tukaydır. Tukay da Sabir kimi 1905-ci il inqilabı ərəfəsində, xüsusən bu inqilabdan sonra böyük bir istedad kimi parlamışdır. Sabir XX əsr Azərbaycan poeziyasının ən gözəl nümunələri olan ölməz əsərlərini əsasən altı ilin içərisində (1905 - 1911) yaratmışsa, Q.Tukay da cəmi səkkiz ilin müddətində yəni 1905 - 1913 - cü illər arasında XX tatar poeziyasının incisini təşkil edən böyük bir ədəbi irs qoyub getmişdi".

 

Bu isə alovlu şairimiz Xəlil Rza Ulutürkün fikridir: "Qabdulla Tukayın yaradıcılığı - poeziya ağacı zamanın və əcəlin caynağından qurtulub həmişəlik qaldı, heç bir fırtına, qasırğa onu yıxa bilmədi. 1886-cı ilin aprelində doğulmuş və 1913-cü ilin aprelində həyatdan getmiş Qabdulla Tukayın təvəllüdünü və ölümünü tukayşünaslar baharla bağlayırlar. O baharda doğulmuşdu, baharda da dünyadan getdi. 27 illik ömrü, yaradıcılığı, böyük, parlaq şəxsiyyəti isə tatar xalqının mənəvi tarixində əbədi qaldı".

 

Almaz ÜLVİ

Filologiya elmləri doktoru

525-ci qəzet.- 2016.- 12 aprel.- S7