Şəhidlik zirvəsində şanlı bir ünvan - tankçı Elvin Qayıbov

 

Vətəni qibləgah edən şəhidlər -III yazı

"... Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz..."

Dostoyevski

 

Hər oğul, övlad bir evin ümidi, işığı, sevinci, gələcəyi, arzularıdır. Müharibə, bəzən təbii fəlakətlər insan arzularını yarımçıq qoyur. Dünya yaranandan insanlar müharibələrdədir. Ayağımızı altında düşünən, bizi yaşadan, bizi ucaldan, son anda qoynuna alan o ana torpaq qədər qovğalar, müharibələr, təbii fəlakətlər görüb. Dünyanın hər yerində üstündə gəzilən torpaqlar ölən insanların torpaq halına dönən sümüklərindən yaranır...

 

Vətənimiz 25 ilə yaxındır ki, müharibə şəraitindədir. Qanlı müharibə ötən illər ərzində qədər arzuları, ömürləri yarımçıq qoydu. Əslində bu ağır günlərdə "oğul"- deyib sevdikləri balalarını, "ər"- deyib güvəndikləri baş taclarını əsgəri xidmətə, hərbdə qulluq etməyə göndərən ana-bacılarımızın əksəriyyətinin qəlbində "Birdən qayıtmasa?!" adlı bir sual dolanıb həmişə. Kimisini yuxudan diksindirib, kimisini yatmağa qoymayıb gecələr. 2-5 aprel günlərində Vətənin mənfur erməni tapdağında qalan torpaqlarını azadetmə mücadiləsində ömrünü bizə bağışlayıb, müqəddəs şəhidlik məqamına çatan övladlarımızdan biri Elvin Sədrəddin oğlu Qayıbov idi.

 

"Ata, mən qayıdacağam..."

 

...Xaçmazın Əbilyataq kəndində yaşayan Sədrəddin kişinin həyətinə 8 ay bundan əvvəl qohum-əqraba, dost-tanış toya yığılmışdı. Yeganə oğlu Elvinin toyu idi. Sevinə-sevinə gəlin gətirmişdi bu yay. Qızlar gəlinlər halay gedib, mahnı oxumuşdular:

 

Anam-bacım, qız gəlin,

Əl ayağı, düz gəlin.

Yeddi oğul istərəm,

Bircə dənə qız, gəlin.

 

Sədrəddin kişinin həyətinə girəndə, əslində hiss etmək olur ki, o toyun səliqəsi-səhmanı , havası hələ bu həyətdən getməyib. Dayanıb başsağlığı verirəm. Büzülüb bükülmüş atanın gözləri dolur. Bir az söhbətləşirik. Deyir ki:

 

- İki qızım var. Oğlum tək idi.1989-cu il dekabrın 26-da doğulub. Çox çətinliklə böyütmüşəm. Əziyyətimiz çox olub. Onun əli tutandan sonra, dadımıza çatdı. Ağır işdə işləyirdi, tank mexaniki idi. Baş mexanik dərəcəsini yenicə almışdı. Mart ayında evə gəldi. Bədənində narahatçılığı var idi. O üzdən elə Qubadakı klinikada əməliyyat etdirdim onu. Arayışı sonra aparıb hərbi hissəyə verdi, 15 gün istirahət verdilər ki, yarası birləşsin. Elvinin bədəni dəmir kimi idi. Boy-buxundan, sifətdən qəhrəman Mübariz İbrahimova çox oxşayırdı. Axırıncı gün onu bu həyətdən yola salanda kövrəldim həmişəki kimi. Mən xasiyyətcə çox kövrək insanam. Kürəyimə vurub dedi: "Ata, gedirəm, yenə gələcəyəm". O mənim ümidim, arzum , köməyim idi...

 

Sədrəddin kişi gözlərinin yaşını silib məni evinə dəvət etdi... Dedi ki, get anası ilə söhbət elə...

 

...Bir anlığa elə bil ki, dizlərim titrədi, taqətim kəsildi, boğazım qurudu. Evinin tək dirəyi, işığı olan, yenicə toy çaldırıb, toyunun ləzzətini axıra qədər görməyən ürəyi dağlı anadan soruşacaqdım? Necə baxım onun gözlərinə, deyim? Amma məramım məqamı mübarək şəhid balalarımızın adının tarixdə yaşamaları üçün ürəyimdən keçəni yazmaqdır. bu yük qədər ağır olsa da, başladığım işi axıra çatdırmaq istəyərdim.

 

Həmin gün, aprelin 7-si Əbilyataq kəndində şəhid Elvin Qayıbovun üç mərasimi verilirdi. Onlar bir tərəfdən Qubalı, bir tərəfdən Afurcalıdırlar, dağ adamıdırlar.

 

Elvinin böyük xalası Zöhrə məni qarşılayıb, "bəy otağı"na apardı. Dedi ki, balamın xonçaları hələ açılmayıb. Gəlinimiz Aytacın 18 yaşı bu evdə tamam oldu. Heç xınası əlindən getməyib. Balamız 5 gün bu "bəy otağı"nda rahat yatmadı. Gəlini bu gün qəbir üstünə aparmışdıq. Dırnaqları ilə torpağı eşim-eşim elədi, yanırdı-tökülürdü gəlin. Şəklini verdim ki, sözün var şəklinə de. Yalvardı ki, xala, məni bir sakit vaxtda gətir qəbir üstünə, Elvinə deyəcəklərim, soruşacaqlarım var. Xonçaları açılmayıb, şirin-şərbət suyunu hələ içib qurtarmayıblar.

 

duvağ ağlı qaldı,

Boxçası bağlı qaldı.

Balamı bizdən ayıran fələk

Ürəyimiz dağlı qaldı.

 

Açılmamış səbətlər, xonçalar təzə gəlinin otağında boy-boya vermişdi. Bu mənzərəyə baxanda adamın ürəyi dağlanırdı. Bir azdan Aytac da gəldi. Başına qara bağlamışdı 18 yaşlı gəlin, güllü-çiçəkli, bəzəkli paltar əvəzinə qara libasda bürünmüşdü. Bir azdan söhbətə qoşuldu Aytac:

 

- O, tankçı-mexanik idi. Toyumuzdan 3 gün sonra hərbi hissəyə qayıtdı. Heç burada olmurdu, cəbhə bölgəsində yaşayırdı, Füzulidə. Toyumuzdan 3 ay sonra böyüklərin məsləhəti ilə məni apardı yanına. Evə elə gec, yorğun gəlirdi. Hər zaman üst-başı mazutlu, çirkli olurdu, solyarka iyi verirdi paltarları. Çətin şəraitdə yaşayırdıq. Martın 27-si onu yola salanda mənə dedi ki, halallıq ver, şəhid olmaq hər kəsə qismət olmur. Sözlərini gülməyə saldım. Heç ağlımdan belə keçmədi ki, bunun ürəyinə nəsə damıb. Amma müharibə xəbəri çıxmazdan üç gün əvvəl yuxumda gördüm ki, üzüyümün qaşını itirmişəm. Aprelin 2-si zəngləşdik. Aprelin 4-ü səhər-səhər 8-də yenə danışdıq. Dedi ki, vaxtım azdır, tankım palçığa batıb, onu çıxarmağa gedirəm. 2 saatdan sonra Elvinin telefonuna zəng çatmadı...

 

"Mənim balam çinar boylu..."

 

Anası Zərnigar ana, gəldi içəri. Ay xanım, bu evlər bundan sonra mənim nəyimə lazımdır. Mənim balam gedib, çinarboylu,hündürboylu, enlikürək. Atası da, mən xəstəyik. 85 yaşında babası da əlil. Çox yalvardıq ki, raport yazsın, çıxıb gəlsin kəndə, bizə həyan olsun. Bu kəndin uşaqlarının əksəriyyəti tankçıdırlar. Elə bil bir-birinin bəhsinə tankçı olublar. Əsgərlikdən sonra gedib Nabranda 2 il ofisiant işləmişdi. Sonra gedib "Müddətdən artıq hərbi xidmət" kursunu oxudu. Qazandığı pulla evin damını, döşəməsini vurdu. Güc-bəla bu evi tikib başa gətirdik, balama toy elədim ki, bəxtəvər olacam. Boynunu tumarlayıb, həzz alırdım oğlumdan. Qoymadı fələk. Dedim, tabutunu açdılar. Sifəti bumbuz idi. Amma üzündə həmişəki təbəssümü, gülüşü var idi.

 

 ... Məndən müharibənin nə vaxt qurtaracağını, torpaqlarımızın nə zaman alınacağını soruşdu Elvinin anası. Dedim ki, alınacaq, balanızın qanı yerdə qalmayacaq.

 

Sədrəddin kişi məni həyətin darvazasına qədər ötürdü. O an, Elvinin Rusiyada yaşayan dayısı Rəşid Kərimov ayaq saxlamağımı istədi. Və bunları dedi:

 

- Mənim bacım xəstə, əri də xəstədir. Özümburda yaşamıram. Hamı kimi mən də qayıdıb gedəcəm, ancaq qalmışam nigaran, görəsən bu ahıl yaşda onların qayğısına kim qalacaq, kim nazların çəkəcək, kim soraq tutacaq? Dövlətimiz belə öhdəçiliyi üstünə götürə biləcəkmi?! Mən bir söz demirəm, oğlumuz Vətən yolunda gedib, bu nəslimizə də şərəfdir, şandır. Bir nişanəsi də yoxdur ki, deyim ki, o böyüyüb, bunlara arxa duracaq. Elvin babasının hər zaman qayğısını çəkirdi. Hərbidən evə gələndə həmişə onu çimizdirər, başını qırxar, nazını çəkərdi... Bəs Elvinin ata-anası necə olacaq?!

 

Sualına cavab verə bilmədim. Yenə başımı aşağı saldım. Xudahafizləşib ayrıldım. Oradan qayıdandan sonra, dəftərimə bu sözləri yazdım:

 

 "Hansı şəhid qapısını açıramsa, ailələrin əksəriyyəti deyir ki, tək oğul idi. Dəhşətdir, fəlakətdir! Bu ailələrin əksəriyyəti də kasıblığın son həddində ömür sürməkdədirlər.Ancaq mərddirlər! Onların əksəriyyəti kasıb kənd evlərində, gözəl təbiət qoynunda, təbiətlə həmahəng yaşayıblar. Fransanı, İspaniyanı, Amerikanı ancaq xəyallarında qurublar. Lakin onlar lap elə tək oğul kimi adları, şərəfləri ilə tarix yazdılar. Vətəni vətən edən gənclərimiz bayrağımıza bürünüb şəhərlərimizin məhəllələri, küçələri ilə irəlilədikcə, "Vətən" deyə bağırdıqca bizim ürəklərimiz sevinclə , vüqarla dolur. Onlara hətta şanlı, üçrəngli, hər zaman ucalarda dalğalanan bayrağımızın bu neçə gün ərzində insanlar arasında yaratdığı coşqunun izdihamında irəliləmək nəsib deyil. Qanları ilə Müstəqil Azərbaycanın şanlı tarixini yazan 2-5 aprel şəhidlərinin adı tarixdə əbədi qalacaq. Onların həmin gecə tökülən qanlarından QALİBİYYƏT qazanıldı. O gecə Azərbaycanın qeyrətli oğulları qanları, canları, inadları ilə dünyaya bizim VAR olduğumuzun, necə qüdrətli və güclü olduğumuzun mesajını verdilər. Şəhidlik Məqamına, Qazilik Məqamına yüksəldilər..."

 

7-11 aprel, 2016

Xaçmaz, Əbilyataq kəndi

Aida Eyvazlı

525-ci qəzet.- 2016.- 14 aprel.- S.8