Ömrünü müharibələrdə yaşayan şairə

 

 

Həyatında üç müharibənin ağrı-acısını, əzab-əziyyətini görmək qisməti oldu.1941-ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya göz açdı. Uşaqlıq illəri o dərdli, keşməkeşli həsrətin sırsıra bağladığı günlərə dəng gəldi. Özü böyüdükcə həsrəti, ağrısı, nisgili qəlbində böyüyüb kök saldı. Bəlkə, elə gənc yaşlarından şeirinə, sözünə o illərdən hopdu bu yanğı, bu həzinlik.

 

Daha sonralar ömrünün üç ilini , rus -Sovet qoşunlarının Əfqanıstan torpağında apardığı müharibə vaxtlarında qərib ellərdə keçirdi. Amma müharibələrin ən ağrılısı ömrünün ahıl vədəsində yaşadığı Qarabağ müharibəsi, torpaqlarımızın - gözəl cənnət məkanlarımızın erməni yağıları tərəfindən işğal olunması oldu. Artıq şairənin qəlbi bu ağrılardan qubar bağladı. Dərddən Şövkət Horovlu nalə çəkən bülbülə döndü. İçərisində yaşatdığı sızıltı, torpaq itkisi, onunda qamətini əydi.

 

Horovluyam, qəmdi yüküm, -

Dolanıram büküm-büküm.

Qəzəbimi hara töküm?

Zamana, sözə bilmirəm.

 

Qarabağ həsrəti, torpaq itkisi yüzlərlə şairin yaradıcılığında əksini tapdı.Amma bu həsrəti, içərisində, həyatında yaşayan söz adamlarının həsrət dolu poeziyaları fərqli biçimdə, özünəməxsus deyimdə oldu. Bəzi poeziya nümunələrində bu ağrı səsli-küylü, xüsusi pafosla ifadə olundu. Şövkət xanımın poeziyasında isə bu həsrət özünəməxsusluğu ilə fərqləndi, yadda qaldı. Şövkət xanım poeziyasında gileyi, həsrəti bir xanımyanalıqla poeziyaya gətirə bilmək bacarığı var. Onun şeirlərində Cəbrayıl elinin bulaqlarının zümzüməsi, yaşıllıqlarının cənnət qoxusu, torpaqlarının unudulmayan, Şövkət şeirlərinə qopan rayihəsi var. Şairə şeirlərində belə olsa, tez-tez o yerlərə qonaq olur. Bəzən övladlarının baba ocaqlarını seyr edə bilməyəcəklərini düşündükcə darıxır, qəribsəyir. Üzünü qız övladına tutur, baharın gəldiyini hiss edən şairə şəhərdə darıxdığını, qəlbinin o ellər üçün çırpındığını poetik bir ifadə ilə vərəqlərə tökür. Gözəl təsvir yaradan şairə oxucusunda da hətta görmədiyi o elə vurğunluq oyadır. O, qonaqlı-qaralı yerlərin dumanlı-çiskinli bir oba olduğunu vurğulayır. Salxımsöyüdlü, nəhəng çinarlı o diyarı, adət-ənənəsi ilə hər zaman yadda qalan Cəbrayıl elinin yandırıcı həsrəti şeirdə bir nisgil, qəlb yanğısı yaradır.

 

Söyüdün saçları, çinarın boyu,

Qızların halayı, bir çadır toyu.

Ürəyimdən keçir bir novruz payı,

Ay qızım, gəl gedək bizim ellərə.

 

lll

 

Bir dünya sevincdir dumanı, çəni,

Başından əskilməz gəlib-gedəni,

Dağ görməyib ölsəm, yandırar səni,

Ay qızım, gəl gedək bizim ellərə.

 

Şairə, gənclik illərinin xatirəsi yaşayan o yaşlı həyətlərini unuda bilmir. " O həyətin bizdən umacağı var" deyərək torpağa bağlılığını, sədaqətini, borcunu dilə gətirir, özünəməxsus deyim tərziylə insanda kövrək həzin hisslər yaradır.

 

Yaşlı bir həyət var, gözləri ağlar,

Qoynunda Şövkətin gəncliyi çağlar.

O həyətin bizdən umacağı var.

Ay qızım, gəl gedək bizim ellərə.

 

Əslində bu çağırış şairənin içində qövr edən ağrını, əzabı dilə gətirməklə yanaşı bir çağırışdır, bir ağbirçək qadının, ananın səsidir, ağıryana bir üsyanıdır.Şövkət xanımın poeziyasnın fərqli cəhətlərindən biri , dərdi , həsrətidə, nisgili anlada bilməsidir. Sakit, səssiz dərdi anlada bilməsi, oxucunu öz içinə, öz dünyasına apara bilməsidi. Bir ki, şairə eləcə yazdığı kimi "Dərdi öldürsəm , yenə diridir" görə bilməsindədir. Dərdi çəkə bilmək, yaşaya bilmək qədim kəlamlarımızdan, deyimlərimizdəndir. Şairə "Yoxmu, bu yolların sonu ay ana?" şeirində , dərdin, nisgilin, bitməməsindən söz açır. Anasının xəyalı ilə dərdləşir. Ömrü boyu taleyin üzünə gülmədiyini vurğulayan şairə bircə dəfə bu həsrətin alışıb yanmasını arzulayır.

 

Məni vaxt ələyir, zaman əridir,

Günahlar gah döyür, gah da kiridir.

Dərdi öldürsəmdə, yenə diridir.

Dörd yanım köçübdür məni kim ana?

Yoxmu bu yolların sonu ay ana?

 

Şövkət xanımın elə bir şeiri yoxdur ki, orada dərdin sorağı, ahı, şəkli, deyimi, qoxusu, səsi, ünü hiss olmasın, görünməsin, duyulmasın. Elə "Son dayaq" şeirində şairənin dərddən dözüm alması vurğulanır.

 

Çəkə-çəkə yükümü

Dərddən dözüm alıram.

Bəzən öz dözümümdən

Dərdə dözüm verirəm.

Gəldiyim bu dünyanı

Dərd gözü ilə görürəm.

 

Bu tipli şeirləri əsas verir ki, şairəni dərdin sirdaşı adlandıraq. Bu dərdlərlə sirdaş olmaq onun alın yazısı olub. Bu dərdlər əsasən savaşlardan törəyib. Şairənin "Sinəm vətənləşəcək" şeirində həsrət, elə-obaya olan sevgi birləşərək dərdin ən böyüyünü yaradır.

 

Görüşünə çıxacaq

Cərgələnən söyüdlər.

Öyünəcək xan çinar,

Tənha palıd-ulu nər,

Şirin nəğmə olacaq

Çayların batan səsi.

Gülüşə çevriləcək

Torpağın hönkürtüsü.

 

Əslində bu şeirləri oxuduqca onun yalnız sinəsinin deyil bütün varlığının Vətənləşdiyinin şahidi oluruq. Cəbrayıl eli deyəndə əsas yada düşən xan çinar, salxımsöyüd, ulu nər tənha palıd, təbiətin ən möhtəşəm gözəllik simvolları anılır, yada düşür. Dərk edirsən ki, şairənin icərisində itirdiyimiz torpaqlar yox, onun öz dünyasında , qanında, canında, bütün varlığında yaşatdığı Vətən var. bu vətəni onun içərisindən heç kəs ala bilməz.

 

atlı Xıdır gəlib

Keçəcək od yurdundan,

Aləmə nur yayacaq

Atının dırnağından.

Bu yer, bu göy, bu torpaq

Didərgin ruhum kimi

Cismimlə birləşəcək

Sinəm vətənləşəcək.

 

İçindəki Vətən həsrətindən şairə güc tapıb yaşaya bilmir bəzən. Belə zamanlarda icindəki bu həsrət üsyana , hıçqırtıya çevrilir."Şərin qılıncının iti kəsməsi, sinəsində Xocalının ağlaması, Şuşanın kipriyində qırova çevrilməsi, qarı düşmənin şərlə qardaş olması şairənin üsyanına çevrilir.

 

Bir ovuc torpağın olum,

Məlhəmtək yaralarıma qoyulum,

Qayalarında Mamıra,

Dənizində yosuna dönüm.

Payızına dolanım,

Yazına dönüm.

Nəyin deyirsən olum,

Təki səndən olum,

Sənə dönüm, Vətən!...

 

"Bu yarışda dünya susur" şeirində Şövkət xanımın Qarabağ müharibəsinə, 20 Yanvar hadisəsinə, Xocalı soyqırımına münasibəti ümumiləşir. Bu hadisələrdə dünyanın susması şairəni qəzəbləndirir. Şeirdə müharibə sözünün silinməsi ideyası şeirin təsir gücünü artırır. Şairənin humanist fikirləri onun bir qadın, ana olmasından irəli gəlir. Şövkət xanım da bir çox qadın ana şairələri kimi lüğətlərdən müharibə sözünün silinməsini istəməsi oxucunu düşünməyə vadar edir. Bir sözlə, dünyadakı müharibələrin yaşatdığı faciələri oxucularına xatırladan şairə dünyaya meydan oxuyur. Şeirdə bütün dünyanın bu faciələrə cavab verməməsi diqqət çəkir.

 

Mənəm-mənəm dünyasında

Xeyirlə şər arasında

Savaş gedir.

Güclü-gücsüz davasında

Yarış gedir.

Hərdənbir bu qərarlara qol çəkirlər,

Üzəvarı barış gedir.

Bir-birinə hərbə-zorba

Xox gəlirlər.

Dünyanın gözünə kül üfürürlər.

İkibaşlı əjdahalar ölkələri diri-diri udur.

Bu oyuna, bu yarışa

Gendən baxıb

Dünya susur.

 

Müharibələrin təhlilini verməyə çalışan şairə bu şeirində üç obrazda iştirak edir. Birinci, dünyadakı hadisələri, müharibələri şərh edən ziyalı, ikinci fikir aşağıdakı parçada öz əksini tapır. Bu obraz ana obrazıdır. Müharibələrin körpələrə vurduğu yaradan bəhs edir.

 

İraqda, Fələstində,

Körpələrin bələyinə

Bomba girir.

Sevincinə, gülüşünə

Qan çilənir.

Göylərindən lülə-lülə

Qar ələnir.

Qırmızı qar,

Yada gəlir, 20 Yanvar.

Uşaqlar qar üstündə sürüşürlər,

Sonra da göyərçintək

Qırmızı qara düşürlər.

 

Ana deyilən bu müqəddəs varlıq üçün körpələrin kimliyi yox, varlığı əsasdır. Və burada bir daha ana deyilən varlığın müqəddəsliyi və ilahiliyi bəyan olur. Digər üçüncü obraz isə düzgün qərar çıxara bilən, ədalətli, müdrik, uzaqgörən şairə obrazıdır.

 

Qarlı düşmən sənə qardaş olub,

Özünün olmayan torpağı,

Özününkü sayır.

Dünya baxıb yenə susur,

Əhrimənin bu işinə.

Dünyamızın güclü-gücsüz

Arasında bölüşünə.

 

Dərdi, kədəri vərəqlərə tökən şairənin dərdi dinmir. vərəqlərdə öldürürsə də dərdi, əslində, dərdi ölmür, çünki

 

Öz yurdunda, öz elində

Vətən boyda dərd əlində.

Boz səhradır sağda, solda.

Bir ömür yaşayırlar

İnsanlar çadırlarda.

 

Nə qədər ki ağbirçəklərimiz, ağsaqqallarımız çadırlarda can çəkişdirir, gül qoxulu balalarımız çadırlarda doğulur, hələ bu dərdlərdən çox yazılacaq. Şövkət xanımın bu yaxınlarda 75 illiyi tamam olur. Ona uzun illər arzulayaraq, hələ belə şeiriyyatdan çox yaratsın, amma Vətənin,  Cəbrayıl elinin həsrətini deyil, gözəlliyini vəsf etmək nəsibi olsun.

 

Mərziyyə NƏCƏFOVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2016.- 14 aprel.- S.7