“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Üçüncü Məclis

 

Qanuni-əvvəlin 15-i saat birdə Həsən bəy Ağayevin sədarətilə açılıyor.

 

Məsaili-yövmiyyə:

 

1- Etibarnamə komissiyasının məruzəsi

 

2- Tərtibat və ləvazim komissiyasının məruzəsi

 

3- Heyəti-rüəsayə baş katib intixabı

 

4- Büdcə komissiyası intixabı

 

5- Fəhlə işinə baxacaq komisyon seçkisi

 

Etibarnamə komissiyası tərəfindən Məhərrəmov məruzə oxuyur.

 

Etibarnamələrdən ancaq bir neçəsi tamamilə təhqiq edilməmiş və tədqiqə möhtac olduğundan komisyon qəti surətdə təhqiq edilmiş və tamamilə qanuna müvafiq olan etibarnamələr təsdiq edilib yerdə qalanları üçün möhlət verilsin.

 

Etibarnaməsi təhqiq edilməli olanlar səs həqqilə iştirakları məsələsi uzun mübahisəyə bais oluyor.

 

Nəhaət təklif qəbul olunur.

 

Bədə tərtibat və lüzum komissiyası tərəfindən Kazımzadə Abbasqulu məruzə oxuyur.

 

Onun da məruzəsi tamamilə qəbul olunaraq, ancaq bayram bəxşişləri üçün təyin edilmiş olan 61 min manatın bəxşiş surətilə degil maaşların artırılması yaxud xəstələnənlərə maaş verilmək üzrə buraxılmaq şərtilə qəbul olunur.

 

Nəhayət, baş katib seçkisi məsələsinə keçilərək ittifaqi-ara ilə Əhməd Cövdət Pepinov katib seçilir.

 

İclasda Parlaman əzasının müəyyən bir xidmət dəxi qəbul etməsinin əsas etibarilə caiz olub-olmaması məsələsi qalxaraq digər iclasadək təxirə salınıyor.

 

Bu məsələdən sonra iclas qapanaraq növbətdəki məsələlərin də müzakirəsi təxir ediliyor.

 

“Azərbaycan”, 16 dekabr 1918, ¹66

 

Mühəvvəl - tapşırma

Mərcu - müraciət edilmiş

Güruni-vüsta - orta əsrlər

Vəsi - geniş

Sürur - sevinc

Bəşarət - şad xəbər, gözaydınlığı

Bəzl - bol-bol sərfetmə

Əhya - yeniləşmə, dirilmə

Təhniyət - təbrik

Məzbur - həqqində danışılmış

Əmiq - dərin

Ovqət - qayıtma

Təcdid - təzələtmə 

 

Təəssürat

 

Rus Məclisi-Məbusanı olan “Qosudarstvennı Duma”da heç vəqt eşitmədim ki, “inorodes” deyilən qeyri-rus və bunlardan baxüsus müsəlman məbusları nitq üçün kürsüyi-xitabətə çıxarkən onu təbrik edib əl çalsınlar.

 

Lakin biz qafqazlıyıq, mehmannəvazlıq bizim yaxşı, ya fəna xasiyyətlərimizdən biridir. Odur ki, parlamanımızda qeyri-müsəlman məbusları nitq söyləməgə çıxarkən, müsəlman əzaları onlara heç olmasa bir “Allah saxlasın” edib əl vurdular, halbuki hələ məlum deyil idi ki, bunlar bizim xeyrimizə danışacaqdırlar, yoxsa zərərimizə.

 

Zatən əziz dostumuz gürcülərin, həmdərdimiz polyakların, hörmətli almanların və aşinamız yəhudilərin məbuslarından zərərimizə danışılacaq sözlər gözləmirdik. Bizi maraqlandıran “Rus-slavyan” cəmiyyəti-məbusunun bəyannaməsi idi.

 

Məbus Vinoqradov cənabları haman bəyannaməni oxudu, məclis diqqətlə qulaq asdı. Marağımıza toxunan yerlərinə də bir söz deyən olmadı.

 

Haman bəyannamənin xülasəsinin, xülasəsinin xülasəsi budur:

 

- Vahid Rusiya və azad Azərbaycan.

 

Yəni Rusiya dövləti əvvəlki kimi öz yerində qalsın və Azərbaycan da azad olsun!

 

Bu mətləb ki adına “nazik” demək layiqdir, bir çoxlarını fikir dəryasına qərq edir.

 

Necə ola bilər ki, Rusiya dövləti əvvəlki yerində qalsın və Azərbaycan da azad olsun?

 

Əgər Rusiya dövləti əvvəlki yerində qalsa, Azərbaycan azad olmaz.

 

Əgər Azərbaycan azad olsa, Rusiya dövləti əvvəlki yerində qalmaz.

 

Həqiqət, bu bir müəmmadır!

 

Mən zənn edirdim ki, “Vahid Rusiya və Azad Azərbaycan” şüarı, bu gün bir para sosialistlərin Rusiyada federativ bir cümhuriyyət yapmaq arzusuna işarədir ki, bir vəqt “Müsavat” firqəsi dəxi bu arzuda olub “türklük” ittihadına bu növ ilə bir yol açılar, zənn edirdi.

 

Lakin bu degilmiş: bəyannamədə “Rus Federativ Cümhuriyyəti” naminə heç bir işarə də yoxdur.

 

O halda, bəs müəmmanın açarı nərədə?! Şübhəsiz ki, “azad” sözündədir.

 

“Azad” sözü öylə bir “Allah bəndəsi” sözüdür ki, dartsan-dartılar, yığsan-yığılar, açsan-açılar, yumsan-yumular ...

 

Bizə “Vahid Rusiya və Azərbaycan” şüarı qərib və hətta məhal görünür.

 

Amma “Rus-slavyan” cəmiyyətinə nə qərib görünür, nə də məhal. Çünki “azad” sözünü biz başqa bir mənada anlayırıq, onlar da özgə bir məzmunda, odur ki, bizə çətin görünən şey onlara asan görünür.

 

“Hər halda biz, vahid Rusiya qurmaq işlərinə heç bir vəchlə xələl yetirib mane olmarıq və bu şərtlə ki, bu işdən bizim istiqlalımıza zərər dəyməsin”.

 

Bu sözləri parlaman məclisinin zəbani-hali diyordi ...................................................................................

 

Əvvəlcə adını da dürüst yaza bilməyən və İstanbula gedib bir il qalmaqla türk ədəbi lisanını və kitabətini mükəmməl deyiləcək surətdə öyrənmək istedadı göstərməklə bizi heyrətdə qoyan doktor Qarabəy cənabları “İttihad” fraksiyasının bəyannaməsini oxudu.

 

Qosudarstvennı dumaların sağ cinahında oturan fraksiyaların bəyannamələri yadımdadır ki, təqribən bu məzmunda idi:

 

Milliyyət məsələsində       şovinizm

 

Din                                    təəssüb

 

Kəndli                               qamçı

 

Fəhlə                                 yumruq

 

Özgə millətlər                   ruslaşdırmaq

 

Qomşular                          ədavət

 

Amma bizim parlamanın sağ cinahında yerləşən “İttihad” partiyası, bəyannaməsinə görə o qədər hürrəndiş, o qədər azadi-dust və o qədər demokratikdir ki, “Duma”nın solunun solunda da oturmağa layiqdir.

 

“İttihad” fraksiyasının, parlamanımızın sağ tərəfinə meyl və məhəbbəti o dərəcədədir ki, doktor cənabları öz nitqini məclisin sağ kürsüsündən deməkdə dəxi israr edib, sədr cənabları ilə də bir balaca mübahisəyə girdi.

 

Qarabəy cənabları, fraksiyalarının vətən və millət yolunda nəyi və necə müdafiə edəcəklərini bir-bir sayarkən, əzcümlə “möhtərəm Rusiya demokfatiyasının əlilə qazanılmış və bizə ehsan edilmiş qənimətlərdən” danışdı.

 

O gündən bəri fikirdəyəm ki, görəsən o “qənimətlər” ki möhtərəm rus demokratiyasından bizə “ehsan” edilibdir hansı qənimətlərdir ki, bizim ondan xəbərimiz yoxdur?   

 

Bəlkə bizim “ehsan” payımızı özgələr yiyibdirlər ki, bizə çatmayıbdır!

 

Mənim yaxşı yadımdadır ki, möhtərəm rus demokratiyasının əlilə qazanılan “qənimətlər” hürriyyətlər idi. Və bu da yaxşı yadımdadır ki, o “qənimət”lərdən bizə nəinki “ehsan” etmədilər, hətta Nikolay zamanından bəri “dilənçi payı” olmaq üzrə əlimizdə qalan “qənimətlər”i də geri almaq istədilər.

 

Və burası da yadımdan çıxmayıbdır ki, (gərək doktorun da yadında olsun) ağzımızı açıb söz demək istədikdə “möhtərəm” rus demokratiyası naminə iş görən həriflər başımıza öylə qapazlar salmağa başladılar ki, yerimizi, yurdumuzu da qapaz vuranlara qoyub, hərəmiz bir diyara qaçmağı səlah bildik.

 

Sonrası hər kəsə məlumdur, təkrara hacət yoxdur. Ancaq bunu yetirmək istiyoram ki, doğrudur, rus demokratiyası qan töküb, baş yarıb rus istibdadından “qənimətlər” aldı. Biz dəxi o qənimətlərdən payımıza düşən hissəni almaq üçün qan da tökdük, can da verdik, baş da yardıq.

 

Böylə olan surətdə o “ehsan” hansı ehsandır?

Hansı “qəniməti” bizə “ehsan” verdi?

 

Qənimətdən məqsəd hürriyyət isə, həqq isə, biz ona malik olmaq üçün “ehsan” almadıq, bəlkə onminlərcə can qurban verdik, çaylarca qan axıtdıq!

 

Ola bilər ki, “bizə ehsan edildi” kimi təbirlərdən bir para safdərunlar xoşlana bilər, lakin dəgərmi ki, bir taqım adamların “xoşlanmaq” xatirəsi üçün - şəhidi-hürriyyət olanlarımızın ruhunu incidək? Məncə, dəgməz!

 

Üzeyir

 

“Azərbaycan”, 16 dekabr 1918, ¹66

 

Azərbaycan Məclisi-Məbusanında Məxaric smetası

 

Tərtibat və ləvazim komissiyası Məclisi-Məbusanın üçüncü iclasında Parlamanın 1920-ci il yanvar ayınadək məxaric smetasını iclasa təqdim etmişdi. Smeta bu qərar ilə tərtib verilmişdir:

 

Dəftərxanə müdiri      ayda 2500 manat

 

Onun müavini “___” 2.000 “___”

 

Şöbə müdirləri (2) hərəsi        “___” 2.000 “___”

 

Parlaman sədri katibinə          “___” 2.000 “___”

 

Kargüzarlar (5) hərəsi “___” 1.400 “___”

 

Dilmanclar (2) hərəsi  ___” 1.400 “___”

 

Mühasib          “___” 1.500 “___”

 

Vəznədar        “___” 1.200 “___”

 

Müqəyyidlər (2) hərəsi           “___” 1.000 “___”

 

Dəftərxanə xidmətçilərinə (5)            “___” 750 “___”

 

Stenoqraf rusca (4)     “___” 1.200 “___”

 

“_______” türkcə (6) “___” 1.200 “___”

 

Katib rusca     “___” 1.200 “___”

 

“_______” türkcə       “___” 1.500 “___”

 

Reminqtonçu (2)        “___” 750 “___”

 

Kvestor            “___” 1.200 “___”

 

Onun müavinləri (2)   “___”1.200 “___”

 

Ləvazim müdiri          “___”1.000 “___”

 

Xidmətçilər (10)         “___” 550 “___”

 

Telefonçu (2)  ___” 550 “___”

 

________________________

 

Cümlətan yekunu                        ayda 55,750 manat

 

                                                   ildə 669.000 “____”

 

Bundan əlavə dəftərxanə məsarifi üçün  100.000 manat

 

Vəqti-müəyyənədən artıq çalışanlara 15.000 “___”

 

Fövqəladə məxaric yol pulu                  30.000 “___”

 

Xidmətçilərə bəxşiş                         61.675 “___”

 

______________________

 

Cümlətanı                                   206.675 manat

 

Şurayi-Milli əsasına məaş        gündə  100 manat

 

Hesabilə 17 günün mükafatı            74.800 “___”

 

Parlaman əzasına gündə                      100 “___”

 

Parlaman əzasına ezam və sairə      100.000 “___”

 

Hər sesiya ibtida və sonunda                              

 

Parlaman əzasına yol xərci               120.000 “___”

 

Parlaman sədrinə nümayəndəlik əcri olaraq ildə                                 30.000 “___”

 

Onun 2 müavininə ildə                      36.000 “___”

 

1918-ci il təşrini-sanisinin 15-dən 1919-cu il qanuni-sanisinin 1-nədək 13 ay yarım müddətində ümumiyyətlə

 

________________________

 

Parlaman məxarici                   4.942.000 manat

 

Smeta əhəmiyyətsiz təbəddülat ilə qəbul edilmişdir.

 

“Azərbaycan”, 16 dekabr 1918, ¹67

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 16 aprel.- S.21