İmperiyalar və onların süquta sürüklənməsi

 

Proloq

 

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

4. Afrika qul ticarəti

 

Afrika ətrafında üzəndə portuqaliyalıların ilk məqsədi Ədviyyat adalarına dəniz yolunu tapmaq olsa da, onlar tezliklə Afrikanın özündən mənfəət götürmək imkanını da kəşf etdilər. Digər avropalılar da bu işi görməyə başladılar.

 

Portuqaliyalılar Afrikanın hər iki - qərb və şərq sahillərində hər şeydən əvvəl qızıl ticarətinə ağalıq etmək üçün fortlar tikdilər. Ancaq XVII əsrin ortalarında hollandlar Qərbi Afrika sahillərindəki bir neçə fortu tutdular və elə həmin vaxt Hind okeanından keçən Portuqaliya qızıl ticarətinin çoxunu öz nəzarətləri altına aldılar.

 

1602-ci ildə yaranan ticarət koloniyası olan Holland Şərqi İndiya Kompaniyası hökumətin sponsorluğu ilə həmçinin Cənubi Afrikada, Xoş Ümid Burnu yaxınlığında məskən saldı. Bu Ədviyyat adaları yolundakı Holland gəmilərini qida və digər ehtiyatlarla təmin etmək üçün bir baza olacaqdı. Həqiqətən də bu, daimi koloniyaya çevrildi, burlar kimi tanınan holland fermerləri burada Keyptaun şəhərinin ətrafında məskunlaşmağa başladılar. Mülayim iqlimi ilə yanaşı, tropik xəstəliklərdən azad olan bu zona məskunlaşmaq üçün avropalıların diqqətini cəlb etdi.

 

Afrika sahil xəttinin avropalılar tərəfindən tədqiq edilməsi qitənin içərilərində yaşayan afrikalıların çoxuna toxunmurdu, lakin sahilə yaxın yaşayan adamlara onun təsiri böyük idi. XVII və XVIII əsrlərdə qul ticarəti böyüdükcə minlərlə, sonra isə milyonlarla afrikalı öz vətənindən köçürülüb, zorla Yeni Dünyanın plantasiyalarına daşınırdı.

 

Qul ticarəti yolu heç də yeni deyildi. Dünyanın digər zonalarında olduğu kimi, qədim zamanlardan Afrikada da quldarlıq mövcud idi. Afrika qullarının ilkin bazarı Orta Şərq idi, orada onların çoxu ev nökərləri kimi istifadə olunurdu. Bir çox Avropa ölkələrində də həmçinin quldarlıq var idi, ora qullar Afrikadan və ya müharibə əsirləri kimi Qara dənizin şimal regionlarından gətirilirdi, ev işlərinə kömək etməkdə və ya kənd təsərrüfatı işçiləri kimi istifadə edilirdi.

 

İlk başlanğıcda portuqaliyalılar sadəcə avropalı qulları afrikalılarla əvəz etdilər. XV əsrin ikinci yarısı ərzində hər il bir minə yaxın qul Portuqaliyaya gətirilirdi. 1490-cı illərdə amerikalıların kəşfi ilə cənubi Amerikada və Karib adalarında şəkər qamışının becərilməsi situasiyanı kəskin surətdə dəyişdi.

 

Şəkər qamışı Avropaya ilk dövrlərdə Orta Şərqdən səlibçilər vasitəsilə gətirilmişdi. XV əsr ərzində isə şəkər qamışı plantasiyaları Braziliyanın şərq sahilində və Karib dənizinin bir neçə adasında yaradıldı. Qamışdan olan şəkərə tələbat böyüdükcə, daha çox işçi qüvvəsi tələb etməyə başladı və bu tələbat Yeni Dünyada xəstəliklərdən xeyli azalmış amerikan hindu əhalisi ilə ödənə bilməzdi. Qərbi Afrikanın çox hissəsinin iqlimi və torpağı şəkər qamışı becərilməsinə yararlı olmadığından, Afrika qulları Braziliyaya və Karib adalarına daşınmağa başlandı ki, orada plantasiyalarda işləsinlər. 1518-ci ildə ilk ispan gəmisi afrikalı qulları Afrikadan birbaşa Yeni Dünyaya gətirmişdi.

 

Sonrakı iki əsr ərzində qul ticarəti xeyli artdı və Avropa, Afrika və Amerika qitələrini birləşdirən “üçbucaq ticarətin” bir hissəsinə çevrildi. Bu, yeni Atlantika iqtisadiyyatını xarakterizə edirdi. Avropalı tacir gəmiləri (əsasən İngiltərə, Fransa, İspaniya, Portuqaliya və Holland respublikasına məxsus olanlar) tüfəng, cin (spirtli içki) və parça kimi Avropa manufaktura mallarını Afrikaya daşıyırdı, oradan isə qul yükü ilə qayıdırdı. Qullar Amerikalara göndərilib, satılırdı. Avropa tacirləri sonra tütün, patka, şəkər, rom, kofe və xam pambığı alıb, onları Avropa bazarlarında satmaq üçün həmin qitəyə göndərirdilər.

 

XVI əsr ərzində təqribən 275 min afrikalı qul edilərək, başqa ölkələrə göndərilmişdi, onlardan hər il 2 mini təkcə Amerikaya gəlirdi. XVII əsrdə qulların sayı 1 milyondan artığa qalxdı, XVIII əsrdə isə ticarət Qərbi və Mərkəzi Afrikadan Şərqi Afrikaya yayılanda 6 milyon nəfərə çatdı. XIX əsrdə Böyük Britaniya və digər Avropa ölkələri qul ticarətinə son qoymağa cəhd etdikdə, hətta bu vaxt Afrikadan 2 milyon qul ixrac edilmişdi. Bütövlükdə XVI və XIX əsrlər arasında 10 milyona qədər afrikalı qul Amerikalara göndərilmişdi. Onun yarısına qədəri Britaniya gəmilərində daşınmışdı, qalanları fransız, holland, Portuqaliya, Danimarka və sonralar isə Amerika gəmilərində daşınmanın payına düşürdü.

 

Qulların təəccüb doğuran sayının bir səbəbi də ölüm dərəcəsinin yüksək olması idi. Afrikadan Amerikalara qulların səfəri Orta Keçid kimi məşhurdur, bu, üçbucaq ticarət yolunun orta ayağı idi. Afrika qulları bir gəmidə 300-dən 450-yədək adam olmaqla, yük gəmilərinə yüklənirdilər, orada ayağa qalxmaq üçün heç bir yararlı otaq olmurdu və ya qullar sanitar qaydalara riayət edilmədən zəncirdə saxlanırdılar.

 

Onların Amerikaya səfəri vaxtı belə vəziyyətdə ən azı 100 gün qalırdılar. Ölüm dərəcəsi orta hesabla 10 faiz idi. Tufan və ya əks tərəfə əsən külək nəticəsində əmələ gələn daha uzun səfərlərdə ölüm dərəcəsi xeyli yüksək olurdu. Yeni Dünyada doğulan və böyüyən qulların arasında ölüm dərəcəsi aşağı olurdu, yeni nəsil çox sayda ölümcül xəstəliklərə qarşı immunitet qazanırdı. Qul sahiblərinin çoxu, xüsusən Qərbi İndiyada olanlar inanırdılar ki, yeni qulu satın almaq, uşağı doğulandan yeniyetməlikdə işləyənə qədər böyütməkdən daha az xərcə başa gəlir.

 

Qul ticarətinin effekti zonadan zonaya fərqli idi. Əlbəttə, bu qulların və onların ailələrinin həyatlarına faciəli təsir göstərirdi. Qul ticarəti həm də bir sıra zonaların əhalisinin azalmasına və çox sayda Afrika icmalarını, özünün gənc və bədəncə möhkəm üzvlərindən məhrum edirdi. Qul ticarətinin siyasi effektləri də viranedici idi. Daimi qul ehtiyatını saxlamaq ehtiyacı da Afrika qəbilə başçıları arasında müharibələri və zorakılığı artırırdı.

 

Avropa intellektualları tərəfindən humanitar hissiyyat xorunun qalxmasının əksinə, qara qullardan istifadə Qərb cəmiyyəti üçün uzun müddət ərzində xeyli dərəcədə yararlı olaraq qalırdı.

 

5. Qərblilər Cənubi-Şərqi Asiyada

 

Portuqaliyalıların sayı və var-dövləti çatmırdı ki, cənubi-şərqi Asiyada yerli müqaviməti üstələsin və Asiya regionunu məskunlaşdırsın. Portuqaliya imperiyası sadəcə olaraq, çox böyük olsa da, Portuqaliya özü bu imperiyanı saxlamaq üçün çox kiçik idi. Onun başqa ölkələrə gedən gənc adamlarının çoxu geri qayıtmırdı. XVI əsrin sonundan yeni avropalı rəqiblər savaşa girişdilər. Onlardan biri İspaniya idi. İspanlar Filippində özlərini qurmuşdular və bu ölkə Sakit okeandan keçən ticarət üçün baş ispan bazası oldu. İspan gəmiləri ipəyi və digər zinət mallarını Meksikaya daşıyır, əvəzində oradakı mədənlərdən öz ölkəsinə gümüş gətirirdi.

 

Lakin Cənubi-Şərqi Asiyadakı Portuqaliya imperiyasına, hollandların və ingilislərin bura gəlməsi ilə ilkin təhlükə meydana çıxdı. Onlar portuqaliyalılara nisbətən daha yaxşı maliyyələşirdilər. XVII əsrin əlli ili ərzində hollandlar Hind okeanından keçən ticari yolu boyundakı Portuqaliya sahil fortlarının əksəriyyətini Seylon da daxil olmaqla işğal etdilər. Makakkanı isə 1641-ci ildə tutdular. Təcavüzkar hollandlar ingilis tacirlərini ədviyyat bazarından qovmaqla yanaşı, ingilisləri yalnız Sumatranın cənub sahilindəki kiçik limana qədər məhdudlaşdırdılar. Hollandlar həmçinin öz siyasi və hərbi nəzarətlərini bütün zonaya yaydılar.

 

Portuqaliya donanması 1498-ci ildə Kəlküttəyə gələndə Hindistan subkontinenti bir sıra hindli və müsəlman çarlıqlarına bölünmüşdü. Moğol adlanan yeni əcnəbi sülalənin gəlməsi ilə birləşmənin yeni erası meydana çıxdı.

 

Moğol imperiyasının əsasını qoyanlar Hindistanın yerli adamları olmayıb, Qanq çayı vadisinin şimalındakı dağlıq regiondan gəlmişdilər. Sülalənin banisi Babur məşhur mənşəyə malik idi. Onun atası böyük Asiya fatehi Teymurləngin nəslindən idi, anası isə Monqol fatehi Çingiz xanın nəslinə gedib çıxırdı. Baburun nəvəsi Əkbər (1556-1605-ci illər) moğol idarəçiliyini Hindistanın əksər ərazisinə yaydı. O, iki min ilə yaxın əvvəl mövcud olmuş Maurya sülaləsindən sonra böyük Hindistan imperiyası yaratmışdı.

 

Hindistana ilk dəfə gələn avropalılar portuqaliyalılar idi. Əvvəlcə Portuqaliya Hind okeanındakı regional ticarətdə ağalıq edirdi. Lakin XVI ingilislər və hollandlar səhnəyə çıxdılar. Tezliklə hər iki dövlət Portuqaliya ilə rəqabət apardı ki, regionda ticarət imtiyazlarına sahib olsun.

 

XVII əsrin birinci yarısında ingilisləri Hindistanda təmsil olunması xeyli gücləndi. 1650-ci ildən ingilis ticarət postları şimali-qərbi Hindistan sahillərindəki Suratda, indi böyük şəhər Kəlküttəyə çevrilən Uilyam fortu Benqal körfəzinin yaxınlığında və Madras (indi Çenkay) cənubi-şərq sahilində qoyuldu. Madrasdan ingilis gəmiləri Hindistanda istehsal edilən pambıq malları Şərqi Hindistana daşıyırdı, burada onların dəyişdirildiyi ədviyyat geri, İngiltərəyə daşınmaq üçün gəmilərə yüklənirdi.

 

Britaniyalılar Robert Kleyvin hərbi istedadına görə xilas oldular, bu aqressiv Britaniya imperiyası qurucusu həmin vaxt Şərqi İndiya Kompaniyasının Hindistandakı baş təmsilçisi oldu. Şərqi İndiya Kompaniyası isə britaniyalılar tərəfindən 1600-cü ildə yaradılmışdı. Britaniyalıların cəhdləri ilə fransızlar yalnız Pondiçerri fortu ilə və cənubi-şərqi sahilindəki bir ovuc kiçik ərazilərlə kifayətlənməli oldular.

 

Bu vaxt Klyev Benqalda britaniyalıların nəzarətini konsolidasiya etməyə başladı. Burada yeni hökmdar Uilyam fortuna hücum edib, yeni britaniyalı əhalini “Kəlküttə qara deşiyi” adlanan zindanda dustaq etdi. Dustaqlar yeraltı həbsxanada saxlandıqlarından, onların çoxu əsirlikdə öldü. 1757-ci ildə kiçik Britaniya qüvvəsi 3 min nəfərə yaxın olmaqla, sayda ondan on dəfə böyük olan Moğolun başçılıq etdiyi ordunu Plessi döyüşündə məğlub etdi. Bu qələbənin qəniməti kimi Britaniya Şərqi İndiya Kompaniyası bu vaxt kiçildilmiş Moğol sarayından Kəlküttəni əhatə edən zonadakı torpaqlardan vergiləri toplamaq səlahiyyətini aldı. Yeddiillik müharibə (1756-1763-cü illər) ərzində britaniyalılar fransızları məcbur etdi ki, Hindistandan bütünlüklə geri çəkilsinlər.

 

Şərqi İndiya Kompaniyasının qulluqçularına, subkontinentin içərilərində öz hakimiyyətlərini genişləndirməsi sadəcə bir iqtisadi iş kimi görünürdü. Onlar Hindistanda böyük xərc tələb edən hərbi əməliyyatları aparmaq üçün müntəzəm gəlir mənbəyi axtarırdılar. Tarixçilərdən ötəri bütün Hindistan subkontinentinin Britaniya Şərqi İndiya Kompaniyasının ağalığına tədricən keçməsi üçün bu, başlıca addımın əlaməti hesab olunur. Kompaniya əslində Britaniya imperiyasının Hindistana sahib olmasına möhkəm zəmin yaratdı və baş nazir Bencamin Dizraelinin təklifi ilə 1876-cı ildə Britaniya kraliçası Viktoriyanın Hindistan imperatriçəsi elan olunması ilə bu məsələ öz rəsmi həllini tapdı. Hindistan Milli Azadlıq Hərəkatının böyük lideri Mahatma Qandi isə bu məqsədlə öz xalqını günahlandırırdı və deyirdi ki, vur-tut 100 min ingilis 300 milyonluq hindlini əsarət altında saxlayır. İmperiyalar kəmiyyətə deyil, hərbi və iqtisadi gücün keyfiyyətinə ciddi fikir verdiklərindən başqa xalqlar üzərində öz ağalıqlarını qurub və davam etdirə bilirlər.

 

Uinston Çörçill isə Britaniya imperializminə haqq qazandırmaq üçün demişdi: “Hindistan ölkə deyildir, ərazidir”. Deməli, Britaniya əraziyə sahib çıxmışdı.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2016.- 16 aprel.- S.20