Ucalığın, ölümsüzlüyün Raquf Orucov ünvanı  

 

 

 

Yazında-yayında Vətənimin yaşıl çəmənli, lalə yamaclı, yasəmən ətirli , torpağı cənnət qoxuyan, payızında yarpaqları xəzan olub, yağışından nur- bərəkət daman,qışında ayazı- şaxtası ilə kəklikləri hürküdən evlərinin damı ağ - Ağdamım!!!

 

...Günlərin bir günü Vətənin başı üstünü qara buludlar aldı, torpağını od-alov bürüdü. Yandı Vətənimin bağrı, yandı Odlar Yurdu Azərbaycan.

 

Azğın ermənilər vətənimizdə qətliamlar törətdilər, Xocalını yer üzündən sildilər. Bununla da hikkələri soyumadı, böyüklərindən və havadarlarından aldıqları təlimata uygun olaraq, bir-bir kəndlərimizi, rayonlarımızı zəbt etdilər.

 

Leksikonumuza uyğun olmayan, tarix kitablarında oxuduğumuz müharibə terminləri gəldi dilimizə. “Səngər, avtomat, pulemyot, təmas nöqtəsi, artilleriya..., düşmən daha bir yaşayış məntəqəsini ələ keçirdi” kimi sözləri hər gün, hər saat eşitməyə başladıq. 6-12 yaşında uşaqların da oyun qaydaları dəyişdi. Alınlarına qara sarğı bağlayıb, dava-dava oyunu oynadılar. Hamısının da istəyi bir idi: erməni öldürürdülər. O erməniləri ki, Vətənlərini viran qoyub, Qarabağa qarğa kimi qonmuşdular.

 

Bu ağır günlərdə hamı kimi, Ağdamın Cinli kəndində yaşayan İbrahim Orucovun ailəsinin dincliyi, güzəranı pozulmuşdu. Atılan top səsləri sərhədyanı bölgələrdə insanlara aman vermirdi. Belə günlərin birində Rusiya Ordusunda hərbi xidmətə yenicə yola saldığı böyük oğlu Raquf gəlib çıxdı. Oradakı hərbi hissəni tərk etdiyindən ailədə hamı təşviş keçirirdi. Özü də hərbi sahəsində çalışan İbrahim kişi aparıb oğlunu hərbi hissələrdən birinə yazdırdı. Gün gündən ağır gəlir, hər gün torpaq əldən gedir, obaya-elə nə qədər şəhid gətirirdilər. Raquf Orucov da Ağdamdakı hərbi hissələrin birində xidmət edirdi. Vaxtı olanda evə gələrdi. Belə günlərin , ayların birində 3-4 ay gözə görünmədi. Anası Raya yaman nigaran idi. Günlərin birində evə gələndə, 3 qardaş və bir bacı böyük qardaşlarını axsayan gördülər. Sən demə, bu üç-dörd ay ərzində qəsbkar ermənilərlə döyüşlərdə, Fərrux dağı və Aranzəmin kəndlərində aparılan hərbi əməliyyatlar zamanı ağır qəlpə yarası alıbmış. Anası və evdəkilər onun yaralandığını görməsinlər deyə, iradəsini toplayıb, bu görüşdən yayınmışdı. Elə həmin günlərdə ermənilərin amansız fəaliyyəti daha da genişlənməyə başlamışdı. Növbəti həmlələrin birində düşmən tərəfinin atdığı güllədən Raqufun özü ilə yaşıd dayısı Azər Rəhimov həlak oldu. Bir az keçəndən sonra düşmən Ağdamın ən hündür yüksəklikdə yerləşən Cinli kəndini də zəbt etməyə nail olur. Qanlı döyüşlərdə, Azərbaycan əsgərləri nə qədər şücaət göstərsələr də, rus ordusunun kömək etdiyi ermənilər onların müqavimətini qıra bilmişdilər. 1993-cü ilin 12 iyun günündə Orucovlar ailəsinə daha bir fəlakət üz verdi. 5 övladın anası Raya Rəhimova düşmən gülləsindən həlak oldu...

 

Zabil Orucov iradəsini toplayıb, qardaşının ömür yolu haqqında danışmaqla,sanki özündə rahatlıq tapmaq istəyir:

 

- Anamı kəndimizdə dəfn edə bilmədik. Həmin gecə elliklə bütün kənd yaxınlıqdakı Çulluya daşındıq. Anamın nəşini də gətirib, o kənddə dəfn elədik. Səhərisi günü, yəni 14 iyunda Çullu kəndi də əlimizdən getdi. Gəldik Hindarx qəsəbəsinə. İyulun 23-ü isə Ağdamın bütün strateji nöqtələri, yüksəklikləri ermənilərin və onların havadarlarının əlində idi.

 

HAŞİYƏ: O qanlı döyüşlərdə Ağdam şəhəri 6 minə qədər şəhid vermişdi. Ərazisi 1094 kvadrat-kilometr olan Ağdamın 882 kvadrat-kilometri, bir şəhər və 80 kənd işğal altında qaldı. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Onların 17 mini yaşlı nəslin nümayəndəsi idi. 2015-ci ilin statistik göstəricilərinə nəzər salanda isə məlum olur ki, Ağdam rayonunda olan 191 min nəfər əhalidən 90 min nəfərə qədəri hazırda həmin rayonun ərazisində , o cümlədən, 23 290 nəfər yeni salınmış qəsəbələrdə yaşayır. Öz yurdlarından məcburi köçkün düşmüş 34516 ailə və 146 931 nəfər respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.Yeni salınmış 18 qəsəbədə hazırda 4990 ailə, 25708 nəfər yaşayır.

 

- Şəhid anamı dəfn edən günü elə bil ki, 20 yaşı olan qardaşım Raquf böyüdü. Yaşlandı. Ondan sonra biz onu qəhqəhə ilə gülən görmədik.Yumruqlarını sıxıb, anamın məzarı üstündə şax dayanmışdı.Gözlərində qisas ifadəsi var idi. Dəfələrlə qardaşımdan xahiş etdik ki, o qəlpələri ayağından çıxartdırsın. Belə söhbət gələndə gülümsünüb, sakitcə üstündən keçirdi. O qəlpələr Raqufun yol yoldaşı idi. Hər gün anasızlığın, vətənsizliyin ağrısını xatırladırdı...

 

Daha sonra Orucovlar ailəsi başda İbrahim kişi olmaqla 14 nəfər ailə üzvü Sumqayıt şəhərindəki yataqxanalardan birində yerləşirlər. Raquf Orucov həmin ili sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verərək, 2 il ərzində lazımi hərbi biliklərə yiyələnir.Qardaşı Zabil Orucov deyir ki, hətta kursant Orucov məktəbdən verilən müavinətləri belə özünə xərcləməyib, gətirib atasına, ya da onlara analıq edən nənəsinə, həyatını qardaşının 4 balasına həsr edib ailə həyatı qurmayan bibisi Səyyarəyə verirmiş. 1995-ci ildə hərbi məktəbi uğurla başa vurandan sonra, onu Bakıdakı qarnizonlara və hərbi hissələrə təyin etsələr də, gənc zabit ön cəbhədə olmağa üstünlük verir. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murova alaraq, kəşfiyyat bölüyünün komandiri kimi xidmətə başlayır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 ili tamam olanda mükafatlananlar sırasında birinci yerdə Raquf İbrahim oğlu Orucovun adı olur. Həmin ərəfədə ordu qəzetinin müxbirinin suallarını cavablandıran baş leytenant deyir: “Silahın sirlərini öyrənmək, texnikanı işlətmək, təmir etmək çox asan bir işdir. Əgər qəlbində torpağına sevgi , yurduna məhəbbət yoxdursa, mahir döyüşçü olsan da, heç nəyə nail ola bilməyəcəksən”.

 

1997-ci ildə Kəlbəcər tərəfdə kəşfiyyat bölüyünün komandiri olan gənc zabit verilən hərbi kəşfiyyat tapşırığını çox böyük peşəkarlıqla yerinə yetirir. Kəlbəcərə gedib oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olur. Raquf Orucov rəhbəri olduğu tağımda əsgərlərə də bu işin sirlərini öyrədir, hətta hər bir kəşfiyyatçının çiçəklərin, otların , quşların xasiyyətinə bələd olmasının mühümlüyünü başa salır. Elə həmin ildə daha bir uğurlu əməliyyatı olur. İşğal olunmuş Kəlbəcərdə erməni hərbi hissəsinə girərək, onların səhər düzlənişini , eyni zamanda hərbi hissənin Azərbaycan tərəfə lazım olan bütün vacib elementlərini və nöqtələrini videolentə alır. Fikirləşərsiniz ki, bunu necə edib?! Artıq bu əməliyyat hərbi sirr olmadığından, onun detallarını açmaq olar. Bu əməliyyata gedənə qədər Raquf Orucov erməni dilində danışmağı öyrənir. Və dili bilməyi onun köməyinə çatır. Ancaq fikirləşəndə ki, tək başına gedib, erməni taborunun içərisinə girəsən və hərbi hazırlıq prosesini çəkəsən... Adətən belə səhnələri kinolarda görmüşük. Bu səviyyədə uğurlu əməliyyat və videogörüntülər dərhal respublika rəhbərliyinə çatdırılır. Raquf Orucovun mükafatlandırılması üçün sənəd imzalanır, 24 iyun 1998-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunur. Sonrakı illərdə də uğurla xidmət edən Raquf Orucov 2011-ci ildə Ağdam zonasında N saylı hərbi hissəyə qərargah rəisi təyin olunur. O, buradan vətənin havasını hər gün duyurdu, hara getsə, Ağdam onu çəkirdi.

 

 

Qalibiyyət gecəsi

 

 

2014-cü ilin avqust ayında Azərbaycan Ordusu yeni bir sınaq qarşısında idi. Ordumuzun Vətən keşiyində dayanan müsəlləh əsgərləri avqust ayının əvvəlində 3 günlük döyüşlərdə şücaət göstərdilər. Həmin döyüşlərdə qərargah rəisi Raquf Orucovun da əsgərləri vuruşurdu. Döyüşlər səngiyəndən sonra Sumqayıta atasına, doğmalarına və ailəsinə baş çəkməyə gələn Raquf Orucov kiçik qardaşı Zabildən xahiş edir ki, ayağındakı çəkmələri çıxarmaqda ona yardım etsin. Zabil deyir ki, həmin gün çəkmələri onun ayağından güclə çəkib çıxardım. Ayaqları şişib çəkmə ilə bir olmuşdu. Sən demə, o qızğın döyüşlər başlayandan 5 gün ərzində çəkmələr ayağından çıxmayıb. Evində axşama qədər istirahət edəndən sonra Raquf Orucov elə həmin gecə yenə də hərbi hissəyə qayıdır...

 

Bu il aprelin 1-dən 2-nə keçən gecə erməni quldurlar yenidən təxribata əl atdılar. 22 ildən bəri hər gün pozulan atəşkəs rejimini bir daha, həm də lap qızğın şəkildə pozdular. Və bu dəfə... artıq səbrlər tükənmişdi. Azərbaycan Ordusu quldurlara qarşı əks-hücuma keçdi. Döyüş 4 gün davam etdi. Həmin günlərdə Azərbaycan Ordusu bizə Qalibiyyət sevincini yaşatdı. Bunu 22 il idi ki, gözləyirdik. O anın həsrətində idik. Bilirdik ki, Vətən torpaqlarının geri qaytarılmasında yenə

 

şəhidlər vermişik. Yenə qurbanlarımız var. Yenə Vətən oğulları, gözlərini qırpmadan düşmənlə döyüşə girib, qalib oldular. Ordumuz ermənilərin təxribatına cavab verərək uğurlu əməliyyat apardı. Erməni qoşunlarına bir daha öz yerini göstərdi.

 

Ölkəmizdə bir təlatüm yaşanırdı. 22 il gözləyən xalq, xüsusən gənclər küçələrə, meydanlara axışıb savaş istəyirdilər. Şəhid olan, torpaq alan əsgərlərimiz insanlarda Orduya inamı yüksəltmişdi.

 

 

“Şəhidlər ölməz, vətən bölünməz”

 

...Vətən fədailərinin üçrəngli bayrağımıza bükülən tabutları evlərinə gətirilirdi. Yenə neçə arzu ürəkdə, neçə kam gözdə qaldı. Zəng gözləyən telefonlar susdu. 4 aprel gecə saat 23:30-dur . Sumqayıtdakı 14-cü məhəllədəki binanın qarşısında böyük izdiham toplaşıb. Polkovnik leytenant Raqub Orucovu qarşılamağa çıxmışdı komandirin əsgərləri, sumqayıtlılar. Onun yaşadığı binanın həyətində yüzlərlə insan toplaşmışdı. Həmişə evinə, balalarının görüşünə sevinə-sevinə tələsən komandiri indi zabitlər çiyinlərində gətirmişdilər. Sumqayıt onu “Şəhidlər ölməz, vətən bölünməz” şüarıyla, coşqu ilə , alqışlarla qarşıladı. Hamı Raqub Orucova əsgər salamı verdi. Gənclər Vətənə aid şeirlər söylədilər. Azərbaycan himnini, “Marş irəli, Azərbaycan əsgəri”ni oxudular.

 

... Bir elin, bütün Azərbaycanın sevimlisi olan zabitin tabutunu qucaqlayan bibisi Səyyarə bir ana fəryadı ilə saçlarını yolurdu. “Kişilər ağlamaz” - deyirlər. Ancaq bu, oğul itirən atalara aid deyil axı. Otaqların birində səssiz ağlayan yaşlı kişi gördüm. Gözünün yaşı dayanmırdı. Dağ boyda İbrahim kişi yumağa dönmüşdü. Nələr gəlib keçirdi gözlərinin önündən. İllər boyu qəhrəman Raqufun ordu sıralarında qazandığı uğurlarına sevinmişdi... İndi isə... Oğlu vətən yolunda şəhid olmuş, ataya həm qürur, həm də dərin hüzn yaşatmışdı. Raqufun böyük oğlu Aqşin gəldi babasının yanına. Onda İbrahim kişinin üzünə bir də baxdım. O kədəri, o ağrını yazmaqda acizəm. O mərd kişinin şəklini çəkməyə rəssam əli gərək idi...

 

Komandir Raquf Orucovu qarşılayan gənclər daha sonra Şəhidlər xiyabanına üz tutdular. Sumqayıtın Şəhidlər xiyabanında uyuyan 399 şəhidə xəbər apardılar ki, onların məqamına yüksələn bir Vətən oğlu da gəlir...

 

Xoşbəxtliyin son rəsmi

 

Qəhrəman zabitimizin həyat yoldaşı ilə söhbətdən öyrəndim ki, 1998-ci ildə ailə həyatı qurublar. İxtisasca hüquqşünas olan Sevinc xanım Raqufun ailəsinin yaşadığı yataqxanaya gəlin gedib. Bir az sonra isə elə əslində onun da əsgərlik həyatı başlayıb. İlk oğlanları Aqşin Hacıkənddə dünyaya gəlib. Sonra soyuq bir qış günündə Sevinc həyat yoldaşının qayğısını çəkmək, hər zaman onun yanında olmaq üçün Murova gedib. Oraların soyuğu, sazağı qorxutmayıb bu şəhər qızını. Düz 17 il həyat yoldaşı ilə birlikdə Vətənin xidmətində durdu Sevinc xanım. Sonuncu görüşləri isə Novruz bayramı ərəfəsində martın 21-22-də olmuşdu. Bayram süfrəsi ətrafına bütün qardaş-bacılar yığışdılar. Həmin gecə Zabil qardaşından xahiş edir ki, nə olar, bu balaca uşaqlarla bir şəkil çəkdir. Qardaş-bacının kiçik uşaqları və Raqufun kiçik oğlu - komandirin yanında düzlənərək şəkil çəkdirirlər. Son şəkil. O şəkildə hamı elə xoşbəxtdir ki.

 

Sevinc xanım bir söz də dedi ki, Raqufla bir-birimizi ruhən anlayırdıq... İndi onun ruhu göylərdə pərvaz edir. Yerdə isə Sevinc xanımın qəlbi rahatlıq tapa bilmir...

 

 

Əsgər, Vətən əmanəti...

 

İstər kiçik qardaşı Zabilin, istər həyat yoldaşı Sevinc xanımın xatirələri bitib-tükənmirdi. Dedilər ki, Raqufun dünya nemətlərində gözü olmayıb. Ən dadlı tikəsini, yeməyin ən yaxşısını əsgərləri ilə bölərmiş. Elə bu vaxt qapılarının zəngi çalındı. Başsağlığına gələn vardı. Özü tanışlıq verdi. Arzuman Həsənzadə. Dedi ki, 2009-cu ildə batalyon komandiri Raquf Orucovun əsgəri, 9 ay ərzində isə köməkçisi, bəzən də sürücüsü kimi onun yanında olub. Bu xəbəri eşidən kimi, komandirin ailəsinə baş çəkməyi özünə borc bilib. Söhbətindən bir daha məlum oldu ki, komandirin tabeliyində qulluq edənlər üçün hərbi intizam müqəddəs bir qayda, pozulmaz norma kimi gözlənilib həmişə. Əsgərlərə telefon işlətməyi belə qadağan edibmiş, deyirmiş ki, mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin. Onun komandir, qərargah rəisi olduğu yerdə hər kəs çox yüksək həvəslə, cəsarətlə, məsuliyyətlə hərbi tapşırıqları yerinə yetirib. Arzuman Həsənzadənin danışdığı bir maraqlı hadisə:

 

- Bir gün Ağdamın çıxışı tərəfə getdik. Komandir dedi ki, məni gözləyin, səhərə qədər gəlməsəm, çıxın gedin. Səhərə yaxın bir də gördük gəlib. Kiteli qan içindəydi. Mənə uzatdı ki, camaşırxanaya verim. Heç nə soruşmadıq. Sonra mən ordudan təxris olunanda bildim ki, sən demə, həmin gecə Ağdamın Çullu kəndinə keçib, anasının qəbrini ziyarət edib. Və həmin gecə də bir neçə düşməni cəzasına çatdırıb. Təbii ki, tam təfərrüatını bizə demədi. Ancaq o zaman anladım ki, demək komandir tez-tez düşmən arxasına keçir, anasının, doğmalarının qəbrini ziyarətə gedirmiş.

 

Raquf Orucov heç zaman əsgərini ayağa verməzmiş, deyərmiş ki, əsgər Vətən əmanətidir. Özü şəxsən gedib, ön cəbhəni, əsgərləri yoxlayırmış. Və əsgərləri iki qrupa bölürmüş: ayıq və sayıq . Deyirmiş ki, ayıq əsgərlərin gecələr gözləri açıq olur, sayıq əsgərlərin isə beyni daim işləyir. Arzuman Həsənzadə danışır:

 

- Komandiri heç vaxt aşkar gülən görməmişdim. Gözlərinin kənarında qırışlar əmələ gələndə bilirdim ki, gülür. Azərbaycanın elə kəndi, elə rayonu, şəhəri, məhəlləsi yoxdur ki, orada komandirin şinelindən çıxan əsgər olmasın. Bir dəfə Ağdamda yerli idarəetmə qurumlarından əsgərlər üçün su gətirilməsini istəyib. Gətirilən suyun dadına baxıb, geri qaytararaq deyib ki, mənim əsgərlərim tərtəmiz, saf su içməlidirlər. Bax, komandir belə oğul idi. Ondan bir də olmayacaq.

 

Yol gedir Şəhidlər Xiyabanına...

 

Aprelin 5-də Sumqayıtdakı Şəhidlər Xiyabanı 400-cü şəhidini qoynuna aldı. Raquf Orucov canından çox sevdiyi Vətən torpağına qarışdı. Həmin izdihamlı dəfn mərasimində Azərbaycan bayrağına bürünən , məğrur duruşlu, yaraşıqlı bir oğlan var idi. Qəhrəman və sərkərdə atasının ŞƏHİDLİK MƏQAMIna şahidlik edənləri görəndə yamanca vüqarlandı. Düşündü ki, bundan sonra da atasının adına uyğun yaşamalıdır. Ayrılıq məqamlarında atası həmişə anasını ona tapşırırdı. İndi onun kiçik çiyinlərində böyük bir məsuliyyət var. Atasının dünya boyda zabit şərəfini qorumaq. Qəhrəman atasının Azərbaycan bayrağına bürünmüş tabutunu gətiriləndə bükülən, kiçilən bu oğlan sonra o izdihamı, şəhid zabitimizi uğurlayan insanları görəndə ürəyi qürurla doldu. Şəhid atasını dəfn edən gün 16 yaşlı Aqşin sanki birdən böyüdü, yaşlandı. Atasızlıq, sözsüz ki, çətin olacaq ona, özünün dediyi kimi, çox darıxacaq atası üçün... İndiyədək də atası onun üçün qürur ünvanı idi, amma indi bu ünvan daha da ucalıb, müqəddəsləşib. Çünki qəhrəman hərbçi, şəhid zabit Raquf Orucovun adıyla bağlıdır bu ünvan!

 

 

Aida Eyvazlı

525-ci qəzet.- 2016.- 16 aprel.- S.16-17