Qəribə bir görüş, yaxud İqnat Qazmalı kimdir... - (gerçək hekayə)

 

 

 

 

Yeni il ərəfəsi, soyuq, küləkli bir axşam idi. Günortadan başlayan külək bir az da güclənmiş, seyrək yağan qar dənələrini havada fırladıb plaş və paltolarına bürünmüş, papaqlarını gözünün üstünə basmış kişilərin, baş örtüklərini boğazlarının altında möhkəm bağlamış qadınların üzünə və paltarına çırpırdı.

 

Belə bir havada Bakının o qədər də təmtəraqlı olmayan kafelərindən birində, içərisində hər cür şəraiti, isitmə sistemi, kondinsioner, televizor olan kabinetdə altı nəfər qonaq var idi. Qonaqların ikisi nərd oynayır, qalanları isə onlara azarkeşlik edirdi. Nəhayət, iki nəfər gənc xörəkpaylayan oğlan otağa daxil olub, stolun üstünü "bəzəməyə" başladı. Qonaqlara çay verildi. Qonaqlar hər biri əlli beş-altmış yaşı olan mötəbər görünüşlü kişilər idi. Bu məclisi Bakı Universitetlərindən birinin professoru Bayram müəllim Moldovadan qonaq gəlmiş, milliyyətcə Qaqauz olan alim dostunun şərəfinə təşkil etmişdi. Qaqauz qonaq 56-57 yaşlı, uca boylu, sarışın bənizli, ağarmış, gümüşü rəng almış saçları, mavi gözləri olan arıq, sadə geyimli, qalstuksuz bir kişi idi. Qalan qonaqlar Bayram müəllimin yaxın qohum və dostları idi. Stolun üstünə salatlar, məzələr, şirələr, içkilər, meyvələr və isti yeməklər qoyulandan sonra məclisi Bayram müəllim açdı:

 

- Hörmətli dostlar, qohumlar icazə verin sizə Moldovadan gəlmiş alim dostumuz İqnat Mixayloviç Qazmalını təqdim edim və ona ikinci vətəni olan Azərbaycana "xoş gəlmisən "deyim. İqnat müəllim Qaqauz xalqının tarixi haqqında yazdığı elmi işini bizim Universitetdə doktorluq dissertasiyası müdafiə etmək üçün təqdim edib. İlk badələrimizi İqnat müəllimin sağlığına qaldıraq! Ona can sağlığı, elmi axtarışlarında uğurlar arzu edək !

 

Qonaqlar badələrini qaldırdılar. Ancaq İqnat badəyə toxunmadi. Bildirdi ki, o içən deyil.

 

Məclisdə oturanlar mat qalmışdılar. Hamı elə hesab edirdi ki, Bayram müəllim qonağı rus dilində salamlayacaq. Ancaq Bayram müəllim öz ana dilimizdə danışırdı, İqnat Mixayloviç isə razılıqla başını tərpədirdi. Qonaqların təəccübünü hiss edən Bayram müəllim əlavə etdi :

 

- Qaqauz xalqı türkdilli xalqların bir qoludur, ancaq provaslav-xristian dininə inanırlar.

 

Hamının təəccüblə ona baxdığını hiss edən İqnat müəllim həmsöhbətinin qəlbinə işləyən bir təbəssümlə təmiz türk dilində sözə başladı:

 

- Hörmətli Bayram müəllim, xoş sözlər üçün təşəkkür edirəm, yeni dostlarımı salamlayıram. Siz bilirsiniz, dostlarımız üçün bildirirəm ki, mənim 460 səhifəlik elmi işim Qaqauz xalqının tarixinə, adət və ənənələrinə həsr olunub. Bu əsərdə mən sübut edirəm ki, Qaqauzlar türk-oğuz xalqlarından biri olub, Balkanlardan Rusiyaya (Bessarabiyaya ) 14-ci əsrdə köç emişlər. Bəzi alimlər belə hesab edirlər ki, Qaqauzlar müsəlman Osmanlı türkləri ilə xristian bolqarların qarışığından yaranmış bir xalqdır. Uzun müddət Osmanlı imperiyasının əsarəti altında yaşamağa məcbur olan bu xalq türk dilini qəbul etsə də öz xristian dinini qoruyub saxlamışdır. Qaqauz sözü Haq Oğuz söz kökündən olduğu güman edilir...  Mənim soyadım da türk mənşəlidir, "yerdən qazma, yarı zirzəmi evdə yaşayan" mənasındadır. Qaqauzlar uzun zaman əksər Oğuz tayfaları kimi köçəri olmuş, heyvandarlıqla, əsasən qoyunçuluqla məşğul olmuşlar. Qaqauzlar indi də qurban kəsmək, pendiri motalda saxlamaq, qurda (canavara) hörmətlə yanaşmaq adətlərini saxlayıblar. Mənim xalqım Moldovanın cənubunda kompakt şəkildə Komrat, Çadır-Lunqa, Vulkaneştı şəhərlərində və ətraf rayonlarda yaşayırlar. 1994-cü ilin dekabr ayından Moldovada mərkəzi Komrat şəhəri olan Qaqauz muxtariyyəti (qaqauz dilində: Qaqauz Yeri) yaradılmışdır. Qaqauzlar yaşayan əraziləri Moldovada "Bucaq " adlandırırlar. Bu ərazilərdə yüz əlli min nəfər Qaqauz yaşayır. 1941-45-ci il Böyük Vətən Müharibəsi zamanı Qaqauzları Qazaxıstan SSR-ə sürgün etmişdilər. İndi Qaqauzların bir hissəsi Qazaxıstanda, Özbəkistanda, Ukraynanın Odessa vilayətində Bolqarıstanda, Rumıniyada məskunlaşıb. Rusiya ərazisində on min nəfərdən çox Qaqauz yaşayır. Mən və kiçik qardaşım İlya həm Moldova həm də Bolqarıstan vətəndaşlarıyıq.

 

 Moldova dağlar, meşələr və coşqun dağ çayları ilə, zəngin təbiəti ilə göz oxşayan, ürəkləri riqqətə gətirən bir ölkədir. Mənim xalqım bu ölkədə yaşayır, mənim doğma Avdarma kəndim bu ölkədədir və biz Qaqauzlar hazırda Muxtar Vilayət statusu almış vətənimizi çox sevirik.

 

- Üzr istəyirəm İqnat müəllim, - deyə məclisdə iştirak edən, Bayram müəllimin qohumu, uca boylu, enli kürəkli, saçı tökülərək başı dazlaşmış, orta yaşlı Cabir adlı qonaq söhbətə qarışdı:

 

- Mən diplomatik fəaliyyətimlə bağlı bir neçə il Moldovada işləmişəm. İqnat müəllimin sözünün qüvvəti, o yerlərin çox gözəl təbiəti var. Qaqauzların kompakt yaşadığı "Qaqauz Yeri" isə Moldovanın ən gözəl, axar-baxarlı guşələrindən biridir. Bu ərazilərdən Yalpuces, Lunqa, Lunquna, Kaqul kimi dağ çayları axır və gözəl mənzərə yaradırlar. Qaqauz Yerində də olmuşam. Avdarma kəndi Komrat və Çadır-Lunqa şəhərləri arasında yerləşir və abad, müasir qəsəbə təsiri bağışlayır.

 

 İqnat sözünə davam etdi:- Sağ olun Cabir müəllim ! Qaqauz muxtariyyəti rəhbərliyi və imkanlı Qaqauzlar, Avdarma kəndinin abadlaşması və gözəlləşməsi üçün əlindən gələni edirlər...

 

İqnat Mixayloviç ayaqüstə durub danışırdı. Bu zaman kabinetin qapısı açıldı. İçəriyə 50-51 yaşlı möhkəm bədənli, bahalı kürkü çiyninə salmış qarabəniz, yaraşıqlı bir kişi daxil oldu. O qonaqları salamlayıb dedi:

 

- Mənim bu kafeni işlədənlərə ərkim var. Sizə nə qulluq edim? Bəlkə bu kafenin brendi olan ləvəngili balıq, ləvəngili çolpa?..

 

Hamının əvəzinə Bayram müəllim dil-ağız edərək bildirdi ki, hər şey yaxşıdır, ləvəngi yeməkləri çox dadlıdır. Həmin adam dönüb çıxmaq istəyirdi ki, İqnatın gur səsi eşidildi:

 

- Ay şərəfsiz, məni tanımadın?!

 

Gedən adam əlini arxa cibindəki silaha atıb geri fırlandı. Otağa gərgin bir sükut çökdü. Hamı dəhşətli bir faciənin baş verəcəyini gözləyirdi. O adam gərgin, əsəbi şəkildə, onu belə ağır sözlə təhqir edən adama yaxınlaşanda qonaqların iki nəfəri münaqişənin qarşısını almaq üçün onların arasına girmək istədi. İqnat isə heç nə olmamış kimi əllərini irəli uzadıb təbəssümlə ona baxırdı. Bir anda vəziyyət dəyişdi. Qarşıdakı adam əlini arxa cibindən çıxarıb irəli uzatdı və "İqnat" deyib coşqunluqla ona tərəf gəldi. Onlar uzun illərin həsrətlisi kimi bir-birini qucaqlayıb xeyli belə qaldılar. Tez-tez "İqnat", "Cəsarət" deyə bir-birinin adlarını təkrar edirdilər. Qonaqların üzərindən sanki ağır bir daş götürüldü. Hamı dərindən nəfəs aldı. Nəhayət İqnat və Cəsarət bir-birindən ayrılıb stola yaxınlaşdılar. Cəsarətə İqnatın yanında yer verdilər. Dostlar yanaşı oturdular. Bayaqdan ayaqüstə dayanan qonaqlar da öz yerlərində əyləşdilər. Hamının təəccüblə baxdığını və nigaran qaldığını hiss edən, İqnatın böyük hörmətlə "Cəsarət" adlandırdığı adam sözə başladı:

 

- Əziz dostlar, bu məclisi təşkil edənlərə minnətdarlığımı bildirirəm. Məni, uzun illər görmədiyim, haqqında heç bir məlumat ala bilmədiyim tələbə yoldaşım, dostum, qardaşım İqnatla görüşdürdünüz. Azərbaycan və Moldova hökumətlərinin razılığı əsasında 90-cı illərdə bizim universitetə tələbə kimi otuz nəfər Qaqauz gənc gəlmişdi. O zaman mən universitet tələbə şurasının sədri idim. Qaqauz tələbələr arasında İqnat yaşca o biri tələbələrdən beş-altı yaş böyük idi. Ona görə də qaqauz tələbələrin problemlərini, yataqxana, dərsə davamiyyət, nəqliyyat, uşaqların təhlükəsizliyi və başqa məsələləri birlikdə həll edirdik. Beləcə dostlaşdıq. Dörd il qardaş kimi yaşadıq. İki Qaqauz rəfiqə, Nataşa və Lyudmila ilə birlikdə dostluq edirdik. İyirmi iki ildir bir-birimizi görmürdük. Universiteti bitirdikdən sonra məni Milli Təhlükəsizlik Nazirliyinə işə göndərdilər. İqnat və onun həmyerliləri isə ali təhsilli mütəxəssislər kimi Moldovaya qayıtdılar. İqnat, danış görüm bu illər ərzində harada olmusan, nə ilə məşğul olmusan, niyə mənimlə əlaqə saxlamamısan...

 

- Cəsarət başıma çox işlər gəlib. Əvvəlcə Moldovaya qayıdıb doğulub boya-başa çatdığım Avdarma kəndində tarix müəllimi işlədim. Düz beş il. Sonra Moldova Dövlət Universitetinin aspiranturasının əyani şöbəsinə daxil oldum. Aspiranturanı başa vurub xalqımızın tarixi kökləri barədə mövzu götürüb Bolqarıstana getdim. Axı mənim xalqımın tarixi oradan başlayır. Beş il Bolqarıstanda yaşadım. Arxivlərdə işlədim, araşdırmalar apardım. Türkiyədə oldum, araşdırmalar apardım. Nəhayət bu kitabı yazdım. İndi bu kitabı doktorluq dissertasiyası kimi müdafiə etrmək istəyirəm.

 

Bunu deyib İqnat çantasını açdı və oradan qalın, iri formatlı, tünd yaşıl cilddə bir kitab çıxardı və Cəsarətə uzatdı. Bu rus dilində yazılmış kitab idi. Cəsarət kitabı alıb vərəqləməyə başladı. Kitabın adı "Avdarma -450" idi.

 

 İqnat izahat verdi:

 

- Mənim doğulub, boya-başa çatdığım kənd Avdarma adlanır. Avdarma sözü qədim türk-oğuz sozüdür. "Av"- ov, "darma "- dayanacaq, koma mənasında olub, ovçular üçün dayanacaq, ovçu koması mənasındadır. Mən öz kəndimizin timsalında, tarixi faktlara əsaslanaraq 450 il bundan əvvəl Qaqauzların Bolqarıstandan Bessarabiyaya, Moldovanın cənubuna necə gəlib çıxmasını araşdırmışam. Kitabı Moldova və Bolqarıstan Elmlər Akademiyaları yüksək qiymətləndiriblər. İndi növbə Bakı Dövlət Universitetinindir.

 

Cəsarət kitabı stolun üstünə qoyub dedi:

 

- Afərin, İqnat. Çox samballı tədqiqat əsəridir. İnanıram ki, Bakı Dövlət Universiteti də sənin kitabına yüksək rəy verəcək. Yaxşı, danış görüm Lyudmila necədir, evləndinizmi ?

 

- Evləndik, bir qızımız oldu, sonra ayrıldıq. Qızım Amerika Birləşmiş Ştatlarında universitetin magistraturasında oxuyur. Mənim yaşayış yerimi tez-tez dəyişməyimi Lyudmila qəbul edə bilmədi.

 

Cəsarət soruşdu:

 

- Dostum, indi tək yaşayırsan ?

 

- Yox. Bolqarıstanda olanda bir bolqar qadınla ailə qurduq. İstanbulda ev aldım. Orada yaşayırıq.

 

- Səhhətin necədir? Sən bizimlə oxuyanda üzgüçülüklə məşğul olurdun...

 

- Səhhətim çox yaxşıdır. Siz hamınız isti otaqda kostyum, jaket, isti paltarda oturmusunuz, mən isə tək bir köynəkdəyəm.

 

Qonaqlar hamısı diqqətlə İqnata baxdı. O həqiqətən pencəyini çıxarıb, köynəkdə oturmuşdu. O, sözünə davam etdi:

 

- Üzgüçülüklə hər gün məşğul oluram. İstanbulda 2003-cü ildən Bosfor körfəzini üzüb keçmək üçün Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü ilə turnir keçirilir. Qeyd edim ki, Bosfor boğazının eni 6500 metrdir. Bosforda adətən suyun temperaturu 14-18 dərəcədən yuxarı olmur. On iki ildir Türkiyə, ABŞ, Kanada, Norveç, İngiltərə, Fransa, Yunanıstan və başqa ölkələrin üzgüçüləri ilə bu yarışlarda iştirak edirəm və dəfələrlə birinci yeri tutmuşam.

 

Qonaqlar onun bu sözünü alqışlarla qarşıladılar. Cəsarət üzünü Bayram müəllimə tutub dedi:

 

- İqnat məndən altı yaş böyükdür. O bizimlə oxumağa gələndə sinəsini Sovet İttifaqının orden və medalları bəzəyirdi. Çünki o, Sovet qoşunlarının tərkibində Əfqanıstanda döyüşmüşdü. Əfqanıstana sıravı əsgər kimi getmiş, üç ildən sonra kapitan rütbəsində qayıtmışdı. İqnat zəhmət olmasa vertolyot qəzasından, axırıncı dəfə yaralandığından danış, yoldaşlar eşitsin.

 

İqnatın sifətinə xəfif bir qızartı çökdü. Başını aşağı salıb bir qədər fikirləşdi. Hiss olunurdu ki, həmin günlərə qayıtmaq, o günləri xatırlamaq onun üçün ağırdir. Otağa gərgin bir sükut çökmüşdü. Hamı intizarla gözləyirdi. İqnat ağır-ağır sözə başladı:

 

- Həmin vaxt mən korpus komandiri olan bir generalın adyudantı idim. General Moskvadan təzə qayıtmışdı. Yeni tapşırıqlar almışdı və bu tapşırıqları hərbi hissələrə çatdırmalı idi. Həmin general, bir nəfər polkovnik və mən vertolyota oturub Əfqanıstanın paytaxtı Kabildən yüz əlli kilometr aralıda olan Şarar yaşayış məntəqəsinə uçurduq. Şarara on-on beş kilometr qalmış vertolyotumuz raketlə vuruldu və yanmağa başladı. Pilotlar yanan vertolyotu çətinliklə bir dağın ətəyinə endirdilər. General və polkovnik huşunu itirmişdilər. Mən vertolyotun qapısını açıb yerə tullandım, bir neçə addım qaçdım. Canımı qurtara bilərdim. Geri boylandım, bir yanı üstə çökmüş vertolyot yanırdı. Yadıma anam düşdü. Anam bilsə ki, mən köməksiz adamları qoyub qaçmışam, südünü mənə halal eləməz. Bunları bir anda beynimdən keçirib geri qayıtdım. Əvvəlcə generalı, sonra polkovniki və hər iki yaralanmış pilotları yanan vertolyotdan çıxarıb otuz metr aralıda yerə uzatdım. Özünə gələn general zarıdı:

 

- Mənim papkam vertolyotda qalıb, orada çox məxfi sənədlər var, kapitan Qazmalı.

 

Mən dedim:- vertolyot yanır yoldaş general.

 

- Papka itsə məni güllələyərlər, kapitan Qazmalı, - general dedi.

 

- Mən yenidən yanan vertolyota tərəf cumdum. Salona girib generalın, artıq ütülməyə başlamış papkasını götürdüm və tüstüdən boğula-boğula vertolyotdan yerə atıldım. Nə qədər getdiyim yadımda deyil. Vertolyotun partladığını eşitdim və partlayış dalğası məni bir neçə metr uzağa atdı...

 

Mən ayılanda özümü qospitalın palatasında gördüm. Tibb bacıları mənə dedilər ki, sən otuz yeddi gündür burada huşsuz yatırsan. Başdan kontuziya almısan və sol ayağın ombadan bir az aşağı sınıb. Ancaq sümüklərin əzilməyib. Mən indi fikir verdim ki, sol ayağım ombadan aşağı gipsə salınıb. Həmin axşam mənim xilas etdiyim general gəldi. Görünür qospital rəhbərliyi ona xəbər çatdırmışdı. O zaman onun əlli iki yaşı vardı. Hündürboylu, yaraşıqlı, mehriban bir adam idi. O məni bağrına basdı, üzümdən öpdü, ayıldığım üçün təbrik etdi. Sonra elə oradaca Sovet rəhbərliyinin fərmanı ilə təltif edildiyim "Qırmızı Bayraq" (Orden Krasnoqo Znameni) ordenini mənə təqdim etdi. Bundan bir il əvvəl isə başqa bir tapşırığı yerinə yetirdiyim üçün mənə kapitan rütbəsi verilmişdi və "İgidliyə görə " (Medal za Otvaqu) medalı ilə təltif olunmuşdum. Qospitalda daha bir ay müalicə alandan sonra məni ikinci qrup əlil kimi hərbi xidmətdən azad etdilər. Əlillik, kontuziya aldığım üçün verilmişdi. İki ildən sonra mən əlillikdən imtina etdim. Çünki özümü tam normal hiss edirdim.

 

İqnat xeyli susdu. Sonra ağır-ağır davam etdi:

 

- Əfqanıstanda çoxlu günahsız qanlar töküldü. Orada Sovet əsgərləri cəsarətlə vuruşurdular. On il davam edən bu müharibədə on beş mindən artıq Sovet vətəndaşı həlak oldu. Ancaq qəhrəman Əfqan xalqının iradəsini qıra bilmədilər. Hər döyüşdən sonra mənim Əfqan xalqına qarşı hörmətim və rəğbətim artırdı. Onlar torpaqlarının hər qarışı uğrunda canlarından keçməyə hazır olan vətənpərvər insanlardır. Sonralar Üsamə Ben Laden ovuna çıxmış Amerika Birləşmiş Ştatlarının ən müasir silahlarla təchiz edilmiş ordusu da Əfqanıstanda on iki il müharibə apardı. Ancaq onlar da Əfqan xalqının qarşısında məğlub oldular.

 

İqnatın söhbəti hamını mütəəssir etmişdi. Yeməklər soyumuş, bokallar dolu qalmışdı. Gərginliyi aradan götürmək üçün Cəsarət üzünü Bayram müəllimə tutub ucadan dedi:

 

- Bayram müəllim, deməli siz təkcə maraqlı tədqiqatçı alimlə deyil, həm də qəhrəman bir döyüşçü və iradəli, güclü bir üzgüçü idmançı ilə işləməli olacaqsınız.

 

Hamının üzündə təbəssüm əmələ gəldi. İqnat da ağır xatirələrdən ayrılıb qonaqları bir-bir süzdü. Cəsarət sözünə davam etdi:

 

- Bayaq mən ünvanıma deyilən o ağır sözü eşidəndə, bir anlığa başım çöndü, silaha əl atdım və həm də fikirləşdim ki, Bakıda, ərkim çatan obyektin içində bu ağır sözü mənə deməyə kim cürət edə bilər. İnanın ki, ilk yadıma düşən İqnat oldu. Bu sözü mənə deyən ya çox ürəkli düşmən, ya da çox yaxın, əziz dost olmalı idi.

 

Qonaqların təbəssümlü baxışları altında dostlar ayağa qalxıb yenidən qucaqlaşdılar. Cəsarət ofisiantları çağırıb isti yeməklər gətirməyi tapşırdı. Sonra İqnat sual verdi:

 

- Bayaqdan məni sorğu-suala tutmusan, heç özündən danışmırsan. Bilirəm, sən Nataşa ilə evlənə bilmədin, bəs sonra nə oldu?

 

Qonaqların nəzəri indi də Cəsarətə tərəf tuşlandı. O, ağır-ağır sözə başladı:

 

- Nataşa Azərbaycanda qalmağa razı olmadı. Öz vətəninə qayıtdı. O vətənini, xalqını sevən bir qız idi. Mən də burada karyera qurmağa başlamışdım. Əvvəlcə Milli Təhlükəsizlik sistemində işlədim. Sonra məni Xüsusi Mühafizə Xidmətinə dəvət etdilər. İndi iyirmi ildən artıqdir ki, orada işləyirəm. Dəfələrlə terrorçu və muzdlu qatillərlə əlbəyaxa olmuşam. Polkovnikəm, bir neçə orden və medalla təltif olunmuşam. Ancaq hazırda xidmətdə olduğum üçün hansı "qəhrəmanlığıma" görə təltif olunduğumu açıb, danışa bilmərəm. Bu kafe çox rahatdır, menyusu da ürəyimcə. Boş vaxtlarımda gəlib otururam burda.

 

 İqnat sual verdi:

 

- Uşaqlar barədə danışmadın...

 

- Öz kəndimizdən olan bir qızla ailə qurmuşam, evdar qadındır. İki oğlum var. Böyük oğlum Londonda iqtisadiyyat üzrə təhsil alır. Kiçik oğlum orta məktəbdə onuncu sinifdə oxuyur.

 

İqnat :

 

- Sən universitetdə oxuyanda yaxşı idmançı idin...

 

Cəsarət:

 

- Mənim xidməti işim elədir ki, həmişə fiziki cəhətdən hazırlıqlı olmalıyam. İdman formamı qoruyub saxlamalıyam. İkinci dan Qara Kəmər sahibiyəm. Müntəzəm məşqlərə gedirəm.

 

Qalan qonaqlar da söhbətə qoşuldular. Bu iki maraqlı adamın söhbətlərindən doymaq olmurdu. Söhbət gecəyarıya qədər davam etdi. Bayram müəllim narahatlıqla saatına baxıb dedi:

 

- Cəsarət müəllim, çox sağ olun, bizə maraqlı bir axşam yaşatdınız. Kafenin yeməkləri çox dadlı və xidmət çox yüksək səviyyədə idi. Sizdən və İqnatdan ayrılmaq bizim üçün çətin olsa da deməliyəm ki, İqnat bu gecə saat dörddə təyyarə ilə İstanbula uçmalıdır. Əlində bileti var.

 

Cəsarət etiraz etdi:

 

- İqnat sən mənim evimdə qonaq olmadan, mənim ailəmlə tanış olmadan Bakını tərk edəcəksən ? Axı indi biz tələbə deyilik, yataqxanada yaşamırıq. Heç bir etiraz qəbul olunmur. Buradan birbaşa gedirik bizə.

 

İqnat narahat oldu:- Cəsarət, mənim biletim bugecəki reysədir.

 

Cəsarət mobil telefonu açıb kimə isə zəng etdi: - Mənim adımdan deyin, İqnat Qazmalının İstanbula olan biletini sabah saat 15:00 reysinə dəyişdirsinlər.

 

İqnat və qalan qonaqlar razılıqla ona baxdılar. Bayram müəllim İqnata müraciətlə dedi:

 

 - İqnat müəllim, mən sizin əsərinizi oxuyub dərindən tanış olduqdan sonra öz rəyimi yazıb universitetin elmi şurasına təqdim edəcəyəm. İnanıram ki, elmi şura da sizin işinizə müsbət rəy verəcək. Sizi səbrsizliklə gözləyəcəyik.

 

Məclis başa çatdı. Bayram müəllim və qalan qonaqlar İqnatla səmimi görüşüb ayrıldılar. Cəsarət qonaqlarla görüşüb İqnatı öz maşınına dəvət etdi. Onlar Cəsarətin bahalı xarici markalı maşına əyləşdilər. Maşın Bakının qarlı, küləkli havasında islanmış asfalt yolla hərəkətə başladı. Qonaqlar, Cəsarətin avtomobili yaş asfalt yolla şütüyən digər maşınların arasında gözdən itənədək əl yellədilər... 

 

Yanvar-fevral 2016

 

Teymur MUĞANLI

525-ci qəzet.- 2016.- 19 aprel.- S.7-8.