Nizamişünaslığa giriş: "Axirət dünyanın ruhudur"

 

 

Nizami tövhid, iman və ədalət şairidir.

 

Onun ağlı, düşüncəsi, qəlbi və vicdanı insanları qaranlıqdan aydınlığa çıxarmaq üçün göndərilmiş, nur qaynağı, içində şübhə olmayan, kökü uca Allaha, hədəfi insanlara bağlı Qurani-Kərimin ölməz dəyərləri ilə tərbiyə və inşa olmuşdur.

 

Nizamiyə görə, həqiqətin qaynağı olan Qurani-Kərim uca Allahın insanı tərbiyə etmək üçün nazil etdiyi mükəmməl layihədir. Onun mətni bir dəfə nazil oldu, ancaq mənası hər an və hər zaman nazil olur. Kimin qəlbinə Qurani-Kərimin mənası nazil olmuşsa, o qurtulmuşdur, iki dünyanın xoşbəxtliyini qazanmışdır.

 

Nizami deyir ki, insan kainatı, həyatı, özünü doğru oxumaq, bu yolla da uca Allahın rizasını qazanmaq istəyirsə, varlığa Qurani-Kərimin gözü ilə baxmalıdır. Şairə görə, bu dünyanın ən böyük məsələsi ilahi ölçülərə uyğun insan tərbiyə etməkdir və bütün problemlər iman insanı yetişdirməklə həll oluna bilər.

 

Qurani-Kərim bir tərbiyə kitabıdır, bu kitab insan üçündür, onun səadət proqramıdır, təsəvvürünü, ağlını, qəlbini, vicdan və əxlaqını inşa etməyin ölçülərini, metod və vasitələrini açıqlayan ilahi mətndir.

 

Nizaminin xəritəsi vəhy, bələdçisi hz. Məhəmməddir. O, hərəkət və çalışma gücünü insanlara sevgidən alır, o, aşiqdir, varlığını uca Allaha adamışdır (həsr etmişdir), hədəfi uca Allahın yer üzündə insanlarla bağlı məqsədinin gerçəkləşməsinə yardım etmək, ilahi layihənin fəal iştirakçısı olmaqdır. Onun məqsədi yer üzündə "Rəhmət evi", yəni barış, sevgi, şəfqət, mərhəmət və ədalət evi (dünyası) tikməkdir.

 

Bu "Rəhmət evi"ni qurmağın ilk şərti ilahi layihəyə uyğun insan yetişdirməkdir. Nizamiyə görə, uca Allahın yer üzündə inşa edilməsini istədiyi bu gözəl evin qurucularının özəllikləri bunlardır: onlar tövhid inancına sahibdirlər, ədalətə inanırlar, iki dünyaları var (bu dünya və axirət aləmi), onlara verilmiş ömrün və hər şeyin mülkiyyət deyil, əmanət olduğunu bilirlər, bu iman insanları aldıqları hər nəfəsin bir nemət olduğunu anlayırlar, bir anda iki an yaşadıqlarına, gələcəklərinin keçmişləri olduğuna əmindirlər, bu dünyanı axirəti qazanmaq üçün yaşayırlar, hər nəfəsi axirət azuqəsinə çevirməyə çalışırlar, uca Allaha təslim olmuşlar, onların şüarı budur: insanı sev ki, uca Allah da səni sevsin. Onlar çalışqan və fədakardırlar, oyanarlar və oyandırarlar, sevərlər və sevdirərlər, inanarlar və inandırarlar, anlayarlar və anladarlar, öyrənərlər və öyrədərlər...

 

Nizami insanlığa dəyişim, islah, tərbiyə ölçüləri vermişdir: cəmiyyəti dəyişmək istəyirsənsə, insanı, insanı dəyişmək istəyirsənsə, onun qəlbini, yəni təsəvvürünü dəyiş. Şairin tərbiyə metodu budur: O, qavramlarla (anlayışlarla) insanın təsəvvürünü, əmr və təkliflərlə ağlını, örnəklərlə şəxsiyyətini inşa edir.  Nizami deyir ki, uca Allah insanın əməyinə dəyər verir. O, bizim nəticəyə deyil, əməyə bağlanmağımızı istəyir, O, insanın iradəsinə hörmət edir, ona görə də qədərin seçiminə bağlıdır buyurur...

 

Nizami uca Allahın ölçülərinə uyğun insan yetişdirməyin, yer üzünün xəlifəsi olmağın, axirəti qazanmağın yollarını göstərir, deyir ki, O, insanı ən gözəl biçimdə yaratdı, kərəm sahibi etdi, ağıl, iradə, vicdan neməti verərək üstün və şərəfli qıldı, ona vəhy göndərdi, əbədi və sonsuz axirətlə müjdələdi, məna, məqsəd və hədəf yüklədi.  

 

Nizami insana zaman şüuru verir, onu tövhid və ədalət inancına bağlayan dəyərlər sistemi təqdim edir, deyir ki, insanı ilahi həqiqətlərə bağlı dəyərlərlə tərbiyə etmək olar, insan və vəhy toxum və torpaq kimidir, insanı vəhy torpağında əkməsən, bitməz, insan olmaz. Dəyərin də bir sıra özəllikləri var. Dəyər insanın, toplumun yaradılış fitrətini qoruyur, dəyər bəlli bir zamana, bəlli bir qrupa aid ola bilməz, o, insanlığın ortaq sərvətidir. Dəyər dəyişdirir, tərbiyə edir, o, yeni, təzə, müsbət olmağın təminatıdır.  Dəyər fərqləndirir, seçir, doğru ilə yanlışı bir-birindən ayırır. Dəyər sevgi yaradır, onu çoxaldır, insanları bir-birinə sevgi ilə bağlayır. Dəyər insanı qoruyan nemətdir, o, insanı uca Allaha bağlayır, insan Onsuz həyatın ağır yükünü qaldıra bilməz. Dəyər uca Allahı insana tanıdır, insana həddini və məsuliyyətini bildirir. Dəyərlər təqdim etməsi Nizaminin hər zaman bir ehtiyac olmasının, insanlıq üçün ana südünə çevrilməsinin, müasirliyinin səbəbidir. O, insanlara bu dəyərləri təqdim edir:

 

Uca Allah (c.c) hər şeyi mənalı və məqsədli yaradıb;

Uca Allaha (c.c) təslim olmayan azad olmaz;

Azad olmayanın dəyəri olmaz;

Dəyəri olmayanın dəyəri olmaz;

Kainat Ona səcdəyə köklənmişdir;

İnsanın dəyəri uca Allaha təslim olduğu qədərdir;

Zəhmətsiz rəhmət yoxdur;

İnsanın qədəri seçiminə və əməyinə bağlıdır;

Saleh əməl qədəri dəyişdirər;

Saleh əməllərin varsa, ölümdən qorxma, o, səni sevdiyinə qovuşdurar;

İnsanı acılar tərbiyə edər;

Zaman əmanətdir, mülkiyyət deyil;

İman ümiddir, hər gecə bir gündüzə hamilədir;

Hər gecənin qaranlığında bir ümid gizlənib;

Bütün aləmdə əziz olmağın iki şərti var: uca Allah yolunda cihad   Onun yardımı;

Varlığını göz yaşları ilə islat ki, ürəyin çiçək açsın;

Sən uca Allaha qulluq et, ruzi dərdi çəkmə;

Dinin qulu ol, divin qulu olma;

Qəlbinə hakim olan dünyaya soltan olar;

Nəfsini əz ki, qəlbin yumşalsın;

Xidmətdən gözəl əməl yoxdur;

Əməyi olanın dəyəri olar;

Əməksiz təvəkkül yoxdur;

Kəramət halal yaşamaqdır;

Halal yaşamaq igidlikdir;

İnsanları razı sal ki, uca Allah da səndən razı olsun;

Bu dünyada mətbəx odunu olan axirətdə cəhənnəm otu olar;

Axirətə inanmayan bu dünyanın dəyərini bilməz;

Axirət dünyanın ruhudur;

Dövlətin imanı ədalətdir;

Ədalət nurdur;

Ədalət iki dünyanın sərmayəsidir;

Uca Allahın hidayət qanunu var: Ona təslim ol ki, səni doğru yola yönəltsin;

Uca Allahın dəlalət qanunu var: Onu inkar edən azar;

Uca Allahın təsadüf adlı qanunu yoxdur;

Heç bir uğur təsadüf deyil, əməyin, alın və ürək tərinin nəticəsidir ;

Kədər şadlığın müjdəçisidir, ondan sonra sevinc gəlir;

Nur azaldıqca kölgə çoxalar;

Köhnə budaqları kəsməsən, yeni budaqlar çıxmaz;

Bir ölkə inancsızlıqla deyil, zülmlə çökər;

Cihadsız azadlıq yoxdur;

Uca Allahla sağlam münasibətin şərti tövhid inancıdır;

İnsanlarla sağlam münasibətin şərti ədalətdir;

Rəhmət qapısının açarı düzlükdür;

İnsan bu dünyada səfərdədir, o, aman verilmiş yolçudur;

 

Nizami deyir ki, uca Allahın yaratdığı hər şeyin mənası və məqsədi var. O, hər şeyi ilahi nizama uyğun yaratmışdır. Təsadüfi deyil ki, şair təxəllüs olaraq "Nizami" sözünü seçmişdir. Nizami ilahi nizama aid olan deməkdir. O, Nizami təxəllüsünü seçməklə, əslində, uca Allaha söz vermişdir: mən sənə aidəm, Allahım, varlığımı sənə həsr etmişəm, Sənin nizamından kənara çıxmaram, ömrüm yer üzündə ilahi nizamın hakim olduğu Rəhmət evinin qurulmasına fəda olacaq.

 

Nizaminin bizim və insanlıq üzərində haqqı var. O, bizim və insanlığın şairidir, insanları Qurani-Kərimlə inşa etmək istəyən mücahiddir. Nizaminin üzərimizdəki ən böyük haqqı onu anlamaq və anlatmaqdır. Nizami "Sirlər xəzinəsi" dastanını uca Allahın Rəhman (mərhəmətin qaynağı) və Rəhim (çox mərhəmətli) adı ilə başlamışdır. Bu, Nizaminin vizit kartıdır, Onu tanımağın və anlamağın ölçüsüdür, yoludur. O deyir ki, ey insan, məni anlamaq istəyirsənsə, mənə Qurani-Kərimin pəncərəsindən bax, yoxsa məni əsla görə bilməzsən, sən mənim sirlər xəzinəmin (bütün əsərlərimin) qapısını Qurani-Kərim açarı ilə aça bilərsən. O deyir ki, iman insanı və toplumu yetişdirənlərin mənə ehtiyacı var, çünki yazdıqlarım rəhmət evi qurmaq istəyənlərin dərs vəsaitidir, proqramıdır, ağlın və ruhun qidası, qəlblərin şəfası, vicdanların dərmanıdır, insanı və həyatı doğru göstərən güzgüdür.

 

Bizcə, Nizamini doğru öyrənməyin və anlamağın yolları bunlardır:

 

- Nizaminin düşüncəsinin bağlı olduğu Qurani-Kərim dərindən öyrənilməlidir. Bu, ilk şərtdir, bunsuz Nizamini qavramaq mümkün deyil;

 

- Hz. Məhəmmədin həyatı və hədislər, islam mədəniyyətinin əsasları öyrənilməlidir;

 

- Nizaminin  yetişdiyi, siyasi, tarixi, elmi mühit nəzərə alınmalıdır;

 

- İslama bağlı ədəbiyyatın özəllikləri, mövzuları, ideyaları, dil və üslub xüsusiyyətləri tədqiq olunmalıdır;

 

- İrfan düşüncə sistemi öyrənilməlidir;

 

- Nizaminin dünya kitabxanalarında olan bütün əlyazmaları bir araya gətirilməli, əsərlərinin mükəmməl nəşri, yeni sətri və bədii tərcüməsi hazırlanmalıdır;

 

- Ərəb və fars dillərini bilən nizamişünas mütəxəssislər yetişdirilməlidir; 

 

- Ayrı-ayrı elm sahələrinin imkanlarından istifadə edilməlidir.

 

- Nizaminin bir mövzunu niyə yazdığı müəyyən edilməlidir, mövzu ilə bağlı yazılmış bütün beytlər bir araya gətirilməlidir, beytlərdəki anlayışların mənası şərh olunmalıdır, sözlər, anlayışlar və ideya arasında məna bağı qurulmalıdır;

 

- Sözdən mənaya, mənadan məqsədə, məqsəddən hikmətə prinsipi əsas götürülməlidir;

 

- Nizaminin ideyaları, təbliğ etdiyi dəyərlər köhnəlməz, çünki onların qaynağı mütləq həqiqətdir. Şairin həmişə müasir olmasının, insanların ehtiyacına çevrilməsinin səbəbi də budur. Ancaq Nizami ideyalarının şərh,  təhlil, tədris, təbliğ dili, üsulu və metodu köhnələr. Ona görə də Nizaminin bu çağın insanlarının anlayacağı, qəbul edəcəyi bir dil, üslub və metodla şərhinə ehtiyac var, biz Nizamini yüzilliyin idrakına oxumalıyıq;

 

-  Elmi-texniki inkişafın imkanlarından istifadə olunmalıdır.

 

Uca Allah belə buyurur: "... Heç şübhə yoxdur ki, bir toplumun fərdləri öz iç dünyalarını dəyişdirmədikcə Allah da o toplumun gedişatını dəyişdirməz..." ("Rəd",13/11).

 

Bu, ilahi yasadır, dəyişimin ölçüsüdür. Cəmiyyətin dəyişməsinin fərddən başlanması qanunudur. Bu qanuna görə insan iradəli varlıqdır, o, öz iç dünyasını dəyişdirməsə, başqalarını dəyişdirə bilməz, nuru olmayan başqalarına nur verməz.

 

İnsan oğluna dünya həyatında verilən zaman diliminə "ömür" deyilmişdir. "Ömür" sözü "imar" sözü ilə eyni kökdəndir, mənası təmir etmək, dəyişdirmək, islah etməkdir: "... Sizi torpaqdan yaradan və sizə oranı (yer üzünü) imar etmək (islah etmək) bacarığı bəxş edən Odur" (Hud, 11/61). 

 

Bu qanuna görə fərdi, toplumu islah etməyə sərf olunmayan ömür ömür deyil. Hər fərd bir memardır, o, özünü və cəmiyyəti ilahi layihəyə uyğun inşa etməlidir.

 

Nizami insanlığa dəyişim, islah, tərbiyə modeli təqdim etmişdir. Bu model islah haradan və necə başlamalıdır sualına cavab verir. Şairə görə islahat, arınma qəlbdən başlamalıdır. İnsan bədəni bir ölkədir, bir dövlətdir. Bu ölkənin, dövlətin mərkəzi qəlbdir. Qəlbinə hakim olmayan varlığına hökm edə bilməz. Şair deyir ki, insanın canı, ruhu və nəfsi var. Ruh və nəfs qəlbə hakim olmaq uğrunda amansız mübarizə aparır. Bu mübarizədə ruh ordusunun sıralarında yer almaq, nəfsi məğlub etmək, ruhu qəlb ölkəsinin soltanı seçmək insanın vəzifəsidir. Bu, səbir, ağıl, iradə tələb edən və mərhələli bir işdir. Qəlbinə hakim olan dünyaya hakim olar.

 

Nizami sadəcə ilahi qanunları insanlara xatırlatmamışdır, o, bu ölçülərə uyğun dəyərlər təqdim etmişdir. Elə dəyərlər ki, yüz illərdir insanlığa bu dünya və axirət xoşbəxtliyinin yolunu göstərir.

 

Nizaminin bizə və bütün insanlığa təqdim etdiyi ideya, dəyər, ölçü, mesaj budur: "İnsan qəlbinin soltanı uca Allah olsa, o insanın bu dünyası və axirəti bayram olar!" Bu, əbədi xoşbəxtliyin dəyişməz qanunudur.     

 

Nizaminin insanlara duası var. O, belə dua edir: "Ey yerin və göyün nuru olan Allahım! Mənim əsərlərimi oxuyanların (anlayanların) ağlını, qəlbini və vicdanını nurlandır!". Nizami uca Allaha aşiq, islama aid, insanlığa fəda oldu. Nizamiyə ehtiyacımız var, o, insanlığın sağlam mənəvi qidası, toxumu və mayasıdır.

 

İnsanların ağlını, qəlbini, vicdanını, iradəsini Nizaminin bağlı olduğu, inandığı və təbliğ etdiyi dəyərlərlə mayalandırmaq bizim vəzifəmizdir.  Biz onunla müasir olmalıyıq. Bunun üçün Nizaminin dövrünə getməyə ehtiyac yoxdur, bu, mümkün də deyil, onun ideyalarını bu günümüzə gətirməliyik ki, müasir dünyanın dünyəviləşmək kimi xərçəngdən daha qorxulu xəstəliyinə tutulmuş insanların xəstə ağlına, yaralı qəlbinə, əsli pozulmuş fitrətinə dərman olsun. O, sadəcə tarixin deyil, bu günün və gələcəyin şairidir, o, xatirə də deyil, canlıdır, diridir və dirildir. Bizim vəzifəmiz onu anmaq yox, anlamaqdır, mesajlarını, ideallarını, dəyərlərini günümüzə, həyatımıza daşımaqdır. İşimiz Nizami ilə öyünmək deyil, onun hədəflərini gerçəkləşdirməkdir.

 

NİZAMİNİN DUASI

 

Allahım, tövhid qapısını aç,

Nizamiyə həqiqət yolunu göstər.

Mənə elə bir könül ver ki, varlığına inanmağa layiq olsun,

Mənə elə bir dil ver ki, Sənin yaradıcı olduğunu tərif edə bilsin.

Yaxşı olmayanı könlümə yönəltmə.

Bəyənilməyəndən əlimi qısa et.

Könlümü haqq nuru ilə işıqlandır,

Dilimə öz şükrünü öyrət.

Üzümü işıqlandırdın, gözümü də işıqlandır,

Mənə nemət verdin, şükür etməyi də öyrət.

Çətinliyə düşəndə səbir ver, qoy dözümlü olum,

Asanlığa çıxanda qoyma səni unudum.

Öz hikmətlərinlə məni tanış et.

Qəflət pərdəsini qəlbimdən götür,

Yol göstərən quşun pərvazını məndən alma.

Əvvəl verdiyini axırda geri alma,

Məni heç kəsə möhtac etmə.

Bu dünya işindən məni qurtar,

Çırağıma öz feyzinlə nur ver.

Başımı öz astanandan uzaqlaşdırma,

Qəflət yuxusundan məni oyat.

Kəlmeyi-şəhadəti dilimə elə gətir ki,

İşimin sonu xoşbəxtliklə qurtarsın.

Bədənimi qənaətlə fərəhləndir,

Mizacımı itaətlə mötədil saxla.

Dərdli beynimə dərman et,

Onun dərmanını Mustafanın ayağının torpağından et!

Amin!

 

Siracəddin HACI

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

525-ci qəzet.- 2016.- 19 aprel.- S.6.