Ay sonası...

 

Sona xanım Çərkəzin mərhum ömür yoldaşı, folklorşünas alim Çərkəz Quliyevin doğum gününə

 

 

"Ölüm son demək deyil..." artıq 20 ilə yaxındır ki, ədəbi mühitdə fərqli sanballı yazıları, lirik ictimai-siyasi mövzuda yazdığı təsirli şeirləri ilə tanınan geniş oxucu kütləsi qazanan Sona Çərkəzin çapdan çıxmış sayca 14-cü kitabıdır. bu nəşrlər arasında 20 illik bir məsafə, 20 illik həsrət yüklü, nisgil yüklü uzun ağrılı bir yol var.

 

Onun "Çərkəzli, Çərkəzsiz günlərim" adlı ilk kitabı sədaqətli qayğıkeş ömür-gün yoldaşı, BDU-nun ədəbiyyat müəllimi, folklorşünas alim, dəyərli insan Çərkəz Quliyevin avtomobil qəzası nəticəsində qəfil ölümünün sevimli Sonasında doğurduğu şok sarsıntının məhsulu olaraq yazılmışdısa, ondan sonra sıralanan "Nələr gördüm, dünya, səndə", "Sənin xətrinə", "Sənsiz səninlə", "Bəxtimə düşən dünya", "Taleyim mənim", "Daş olmaq istəyirəm", "Ben dünyayı tanıyorum" sair kitablarındakı yazılar artıq şəxsi kədər qüssədən, həyat yoldaşını, qəlb dostunu, simsarını arxasını itirən bir xanımın ürək ağrılarından, tale ilə giley-güzarından kənara çıxaraq daha geniş müstəvini əhatə edir, fərdi hissləri aşaraq ümumbəşəri hadisələri haqlayır. Nəsr nəzmlə yazılmış bu ədəbi parçalarda valideyn böyüklüyündən ülviliyindən tutmuş övlad qayğısı, nəvə şirinliyi, bacı, qardaş məhəbbəti, qonşu simsarlığı... günümüzün ağrıları acıları, Qarabağ dərdimiz, Xocalı faciəmiz, 20 Yanvar qırğınımız, savaşda evlərindən yurd-yuvalarından perik düşmüş qaçqınlarımız məcburi köçkünlərimiz... hamısı var. Uzun illər hüquq-mühafizə orqanlarında şərəflə çalışmış "Azərbaycan bayrağı" ordenli qardaşı Füzulinin müəmmalı ölümündən tutmuş keçmiş polis işçisi olan atası Məmməd kişinin haqqın dərgahına qovuşduğu günəcən... burada hər bir hadisəyə bir övlad, bacı münasibəti bəsləyən bir ziyalı, bir yazar yanaşması da vardır.

 

"Yazdım hərdən" şeirində onun haqqında yazdıqlarımı tamamilə təsdiqləyir.

 

Giley dolu fikirlərim,

Kədərimdən yol keçiblər...

Tapıb mənim ünvanımı,

Ürəyimdən su içiblər...

 

Yaxud da "Keç dedi..." şeirindəki kimi...

  

Zəhər qatıb şərbətimə

Fələk ölmüş dedi,

Soldurub gül-çiçəyimi

Qəm əkdirib biç dedi.

  

Qəfil girib taleyimə

Gəl bu yolu seç dedi,

Köz ələyib o yollara

Ayaqyalın keç dedi...

 

Türkiyə türkcəsində qələmə aldığı "Sözünü tutmadın"şeirində isə

 

Yorulmuşum bu hayattan,

Dönməm bir daha dünyaya,

Çekdigim öyle dert var ki,

Bir anı benzer bin aya...

 

- deyərək,yorğunluğundan giley-güzar edir, geri çəkilib dinlənmək istəyir, amma bacarmır.

"Əfsus" şeirində bu motiv hakimdi:

 

Məzarımın üstünə sinə daşı qoymayın,

Mən onsuz da yorğunam,

torpağımı yormayın...

 

Əlbəttə, bu şeirlərinə görə Sona xanımı başa düşmək mümkündü. Onun yaradıcılığını təhlil edənlər Sona xanımın dərdlərinin fərqli olduğunu, fikirlərinə, düşüncələrinə rəng qatdığını əbəs yerə söyləmirlər. Amma Sona xanım araya-ərsəyə gətirdiyi 14 kitabla sübut edə bildi ki, ona əlinə qələm götürüb şeir yazdıran əslində yalnız kədər deyil, taledən küskünlük deyil, o ətraf aləmə, hər şeyə poeziya gözü ilə baxıb düşüncələrini muncuq kimi nəzmlə düzə bilir. Elə buna görə şeirlərinin geniş oxucu kütləsi var, yaradıcılığına müraciət edən tənqidçilər əsərlərini peşəkarlıqla təhlil edirlər.

 

Bəzən düşünürəm ki, Sona xanımı ədəbi aləmə atan, bir-birindən maraqlı dərin məzmunlu şeirlər yazdıran yalnız dərd deyil. Onda doğuşdan gəlmə bir istedad, bacarıq var. Sadəcə bunu üzə çıxarmağı gərək bilməmişdi, həm ailə qarışıq ətrafındakıların bitib-tükənməyən istəkləri, problemləri şamın ətrafında dövrə vuran pərvanə timsallı Sona xanımın şeirə olan marağını, digər qabiliyyətlərini arxa plana çəkmişdi. Çərkəz müəllim əbədiyyətə qovuşan günə qədər Sona xanımın həyat qayəsi, yaşam fəlsəfəsi ailəyə, qohum-qardaşa, çalışdığı kollektivə, ümumilikdə desək insanlığa rəğbət qayğıdan yoğrulmuşdu. Başqa heç bir şey! Amma kim olur olsun, heç kəs alnımızdakı yazını poza bilməz, necə deyərlər, əlimizdəkini alarlar, alnımızdakını poza bilməzlər. Sona xanım da məhz belə bir fərqli ömür yaşamalıymış. Həyatını tən ortadan yarı bölən o müdhiş yol qəzası onu tamam başqa bir adama - yazı-pozu əhlinə çevirdi. Yuxarıda sadaladığım yüksək insani keyfiyyətləri özündə daşımaqla yanaşı ədəbi aləmə yeni bir imza da gəldi: SONA ÇƏRKƏZ. Sədaqətli qayğıkeş ömür yoldaşı, həyat arkadaşı Çərkəz Quliyevın ölümündən sonra onun adını soyadına əlavə etdi, yarım qalmış ömrünü öz ömrünə qatdı, beləcə yaşadı, beləcə yazdı-pozdu, beləcə sadiqliyini göstərdi, beləcə həyatını davam etdirir.

 

Dediyim kimi Sona xanım poeziyasında dövrümüzün günümüzün aktual mövzularına müntəzəm yer verir, insanlığı narahat edən olaylardan yan keçmir, əksinə şama möhtac pərvanələr kimi özünü bu hadisələrin içində yandırır. 20 Yanvar faciəsi şəhidlərinin məzarlarına örtük olmuş qərənfilləri Sona xanım poetik dillə belə təsvir edir:

 

Millətimin şəhidinə kəfən olub,

Qan bağlayan qərənfillər...

 

"Ana torpaq" şeirinə diqqət yetirək:

 

İnsafa gəl ana torpaq,

Cavanlara qıyma barı.

Qoyma pöhrə ikən sola,

Milyon-milyon arzuları...

 

Təbii ki, burda illərdir davam edən Qarabağ savaşına işarə olunur, gənc ikən dünyasını dəyişib şəhidlik donunu geyinən cavanlarımıza ağı deyilir.

 

lll

 

Ay sonası, çay gətir mənimçün,

Qələndərəm, pay gətir mənimçün,

Bağ yeridir qəndi çox işlətmərəm,

İstəyirsən, say gətir mənimçün...

 

Ölməz dramaturqumuz Cəfər Cabbarlının dillər əzbəri olan bu misralarını nədən xatırladım, niyə görə bu yazıda ona istinad etdim, dəqiq deyə bilmərəm. İlk öncə Sona adlarının eyniliyi diqqətimi çəkmişdisə, həyat yoldaşından bir çay istəmənin bu qədər məhrəmanə formada,həm poeziya dilində ifadəsinin mümkünlüyü ən başlıcası isə uğurlu alınması hələ orta məktəb illərindən diqqətimi çəkmişdi. Bir dəfə oxumaqla yadımda əzbər qalan misralar idi.

 

Yazımın qəhrəmanı Sona xanımdan isə yalnız çay istəmədilər: ev xanımı, qayğıkeş həyat yoldaşı, mehriban ana, hazırlıqlı və bilikli müəllim, qohum-əqrəbanın ümid yeri, tanışların simsarı, kimsəsizlərin himayədarı, bir sözlə, tanıyıb-tanımamasından asılı olmayaraq ondan kömək umanların ümid dolu ünvanı... Bəlkə də, Sona xanımın çiyninə düşən məsuliyyəti bütünlüklə, yükün çəkisini isə olduğu kimi izah edə bilmədim. Çünki bu mümkünsüz bir şeydi. Elədiklərini heç vaxt dilə gətirməz, birini bilərlərsə, onunu gizli saxlar. Qarşı tərəf dilə gətirməzsə, özü kimsəyə bu barədə söyləməz. Xarakteri belədi. Çünki xeyirxahlığı özünün insani borcu bilir. Amma orası da var ki, ona edilən zərrə qədər yaxşılıq-diqqət, qayğı, haqqında yazılan bir-iki cümlə fikir, üzünə söylənən layiq olduğu tərifli sözlər onu o qədər təsirləndirir ki, təvazökarcasına"bu qədər tərifə gərək yoxdu, mən neyləmişəm ki..." deyərək qarşısındakına sanki giley edir... Amma respublikanın ədəbi mühitinə daxil olduqdan sonra çevrəsini daha da genişləndirən həssas oxucuları, sevimli tələbələri, şeirlərinin və publisist yazılarının, ümumilikdə yaradıcılığının daimi izləyiciləri onu ən azından sadiq dostları qədər, tanışları, qohumları, sirdaşları qədər yaxından tanıyırlar. Çünki S.Çərkəz yaradıcılığı onun özünün həyat manifestidir.

 

Burada ömrünün ən mübhəmanlarından, onu hər an müşayiət edəcək ən kiçik detallardan tutmuş valideyn sevgisi, övladlıq borcu, dost sədaqəti, respublikanın ictimai həyatında baş vermiş müxtəlif hadisələrədək Sona xanımın nəzərindən heç biri yayınmır, diqqətindən kənarda qalmır.Sevimli ömür - gün yoldaşı, folklorşünas alim Çərkəz müəllimin vaxtsız ölümünün sarsıntıları və onda yaratdığı ümidsizliyin, həyatdan küskünlüyünböyük həsrətin acısıyla qələmə sarılan Sona xanım bu gün ən çox oxunan və mütaliə edilən yazarlar səviyyəsinə yüksəlmişdir. Bu da təsadüfi deyildir. Çünki onun baxış bucağından kənarda qalmaq qeyri-mümkündür. Həssas, uzaqgörən və məsuliyyətli, həm də son dərəcə diqqətli bir insan, dövrünün ziyalısı, sanballı söz sahibidir. Ən mühümüodur ki, yazmaqdan usanmayan, dərdlərindən sıyrılmağı bacarmayan, daha doğrusu, bunu istəməyən, içində özününküləşmiş dərdlərinə bir daha qucaq açan Sona xanımın yaradıcılığı da onun oxucularını və ondan bəhs edən yazarları bezdirmir, yormur. Çünki onun qələmə aldıqları yeknəsəq fikirlər, dayaz mövzular deyil, həyatımızın bir-birindən maraqlı və rəngarəng tərəfləridir. Təkrarsızlıq və yeniliklər isə hamını cəlb edir, öz orbitində saxlayır. Sona xanımın qələminin məhsulu olan ondan çox kitab kimi.

 

Əntiqə QONAQ,

Əməkdar jurnalist

525-ci qəzet.- 2016.- 21 aprel.- S.7.