"Sərbəst geyim tərzi", yoxsa milli-mənəvi dəyərlərə etinasızlıq?!

 

 

Böyük yazıçımız Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"  jurnalında belə bir şəkil vermişdi.

 

Yarıçılpaq bir qadın onun yanında donunun ətəkləri, qolları yırtıq-yamaq bir qızcığaz. Qız aşağıdan yuxarı qadına baxaraq deyir:

 

- Xala, sən mənim kimi yetimsən?

 

Böyük satirikin "yetimsən" ifadəsi kinayə ilə verilib, qadının yetimliyinə deyil, sahibsizliyinə, sahibi olsa belə, saya salmayıb, kimsəsizlik, səllimilik etməsinə dəlalət edir.  Səllimi sözü ilə yetim sözü arasında fərq odur ki,yetim kimsəsizdir.

 

Səllimi olanın isə ətrafi var, amma o, heç kəsi hesaba almır, sahibsiz, yiyəsiz kimi hərəkət edir. Məsələn, avtobusda bir qadın ucadan deyir: "İndi kişi  yoxdur, kişilər ölüb gedib". Bəli,görünür, bu qadın öz ərini, qardaşını, atasını da kişi hesab eləmir. Özünə, ailəsinə hörmət qoyan qadın bu səviyyədə danışmaz. Bax bu, səllimilik əlamətidir.

 

Səllimilik şəxsin sadəcə nitqində, geyimində, bəzək-düzəyində, insanlara münasibətində üzə  çıxır.

 

Hər bir xalqın milli geyimləri var. Bir çox xalqlar milli geyimlərini qoruyub saxlayıb, bu gün milli geyimləri ilə fərqlənir tanınır. Bəzi  xalqlarin milli geyimləri isə yalnız muzeylərdə qorunur. Müsbət haldir  ki, televiziya işçiləri Novruz bayramı günlərində milli geyimdə ekrana  çıxırlar. Yaxşı olardı ki, milli geyimi bütün telekanallarımız geyimi kimi qəbul edəydilər.

 

Son illərdə bizdə başqa ölkələrin geyimlərinə baxıb onları təqlid  eləmək dəbə çevrilib. Əlli il bundan əvvəl kəndlərimizdə geyimlərinə görə  uzaqdan gələn qadının qız, gəlin, qarı olduğunu bilmək  olardı. Bu gün isə  sifətini görməsən, 60-70 yaşlarında qadını məktəbli qıza  bənzədirsən. Geyim fərqi tamamilə itmişdir. Bu azmış kimi, qadınlar şalvar geyindikdən sonra bəzən cinsini ayırd etmək çətinləşir.

 

Müxtəlif ölkələrin səhnə adamlarının geyimlərini məişətimizə daxil edən elə qızlar, qadınlar var ki, israrla bildirirlər:  "Mənim geyimimin heç kəsə dəxli yoxdur". Hətta bir yerdə yaşadığı əri belə, ona söz deyə bilmir. Qəribədir, hər bir insan yaşadığı cəmiyyətə uyğun hərəkət etsə, pis olarmı? Belə ananın qızı özünə ləyaqətli həyat yoldaşı tapa bilərmi? Sərbəst olmağı üstün tutan qızlar qayınana, ər məsləhətlərini qəbul etmirlər. Öz tay-tuşları arasında ərli qadın kimi geyinənlərə lağ edir: "Sən lap arvadskoy geyinirsən" - deyirlər.

 

Bəzən belələri əri ilə yanaşı gedəndə tanımayan adam bilmir ki, bu cavan oğlanın yanındakı həyat yoldaşıdır, yoxsa... Çox pis haldır ki, bu fərqi cavan ərlər düşünmürlər. Kişi unutmamalıdır ki, onun həyat yoldaşı bir anadır. Onu övladları modabaz, özü üçün yaşayan bir qadın deyil, qayğıkeş, evini, ərini, övladlarını sevən bir ana kimi görməlidir.

 

Müasir cavanlar "arvad" sözünə bir köhnəlik nümunəsi kimi baxırlar. Həyat yoldaşı ifadəsi üstün tutulur. Diqqət etsək, həyat yoldaşı ifadəsində ailə məsuliyyəti zəifləyir. Ailə məsuliyyəti kişi arvad ifadələrində daha güclüdür. Arvad evinə, uşaqlarına, ərinə himayədar, qayğıkeş, yeri gələndə sahib ola bilən şəxsdir. Bunu bacarmayan ya özü üçün yaşayıb bu məsuliyyəti  öz üzərinə götürmək istəməyən qadın arvad ola bilməz.  Belə qadının  əri əsl kişi kimi tanınmaz. Bu  cür  həyat  yoldaşlarının  çoxunu yalnız cinsi  bağlılıq  bir  araya  gətirir.

 

Qadının səllimiliyi bəzənməsində hiss olunur. Bütün sifəti rənglərlə boyanmış qadını görəndə başa düşürsən ki, bunda gözəllik deyilən heç yoxdur. Gözə görunən ancaq rənglərdir. Bunu özü başa düşür, bu yolla  ört-basdır edir. Böyük şairimiz Molla Pənah Vaqif gözəlin real  gözəlliklərini vəsf edərək deyir:

 

Ənliyi, kirşanı neylər camalın

Sən elə gözəlsən binadan, Pəri.

 

Doğrudan da, bir qadına Allah gözəllik veribsə, ona əlavələr etmək  o  gözəlliyi artırmır, əksinə, xələl gətirir.

 

İstər paltarla, istərsə rənglərlə əndazədən çıxanlar mənəvi kasıblıqlarını üzə çıxarırlar. Qadının gözəlliyi, üstünlüyü qayğıkeş ana, sədaqətli həyat yoldaşı, xoş münasibətli insan Allahını sevən bəndə ola  bilməsindədir.

 

Öz üstünlüyünü bildirmək üçün qadınların istifadə etdiyi üsullardan biri zinət əşyalarıdır. Görkəmli şairimiz B.Vahabzadə müsahibələrinin birində həyat yoldaşı haqqında deyir ki ,o, heç vaxt məndən qızıl, daş-qaş tələb etməyib, ailə quranda almışıqsa, odur.

 

Belə olmalıdır. Böyük bir sənətkarın qadını qızılla, daş-qaşla fəxr  edəcəkdimi? Onun ailəsi ən böyük sərvətdir. Ailəsini qiymətləndirməyi  bacarmayanlar ailəsi ilə deyil, daş-qaşla öyünmək istərlər.

 

Qadınların bir-birinin bəhsinə bəzənmələrini şadlıq saraylarında daha çox görmək mümkündür. Geyimini göstərənlər, zinət əşyalarını nümayiş  etdirənlər, kiməsə acıq verənlər ağılla deyil, nəfsinə uyub hərəkət  edir  bu  heç kimə xoş gəlmir.Ən pisi odur ki, 15-20 il bundan əvvəl bar qızlarının  geyindiyi formanı bu gün dəb sayaraq geyinib əri ilə toya gələnlər var bu, xüsusilə ikrah doğurur.

 

Mənə belə gəlir ki, qadın açıq-saçıq geyimi ilə ilk növbədə özünü aşağılayır. Qadın ailənin isməti, abır-həyası, dəyəridir. İnsan dəyərli olanı qoruyur. Qadını da pis nəzərlərdən, pis gözlərdən həm özü, həm də kişisi qorumalıdır. Bir çox əsərlərdə, "Kitabi- Dədə Qorqud"da oxumuşuq ki, qadının ismətini qorumaq üçün övlad canına qıymış, kişi savaşa girmişdir. Özünü dəyərləndirməyən qadının açıq-saçıqlığı bu ismətin dəyərini heçə endirir, bunun üçün kişi fədakarlığına ehtiyac qalmır. Peyğəmbərimiz buyurur:"Qadınların ən yaxşısı nəcib, mömin, uşaqlarına mehriban, ərinin malına və sərvətinə ürək yandırandır".

 

Milli dəyərlərimizə əskiklik  gətirən səllimiliklərdən biribu gün, xüsusilə telekanallarımızda qadın və kişilərin görüşərkən öpüşməsidir. Yaşlı nəsil buna pis baxır, cavan nəsil isə bunu adi hal kimi qəbul edir. Sovet hakimiyyəti illərində kinoda öpüşənləri görəndə yan-yörəmizdə oturanlardan utanaraq üzümüzü döndərər, özümüzü görməzliyə qoyardıq. Yadıma düşür ki, elə o vaxtlarda qonşu kəndlərin birində yaşayan babanı oğlu şəhərə, qızının toyuna çağırır. Toyda rus dəbli  gənclər "qorko" deyib qışqırır, bəylə gəlini öpüşməyə məcbur edirlər. Bu  vəziyyəti görən baba toyu yarımçıq tərk edib evinə qayıdır, ölənədək oğlu  ilə danışmır.

 

Milli dəyərləri bəzi gənclər arxivə vermək əzmindədirlər. İstər-istəməz adama elə gəlir ki, bir neçə onillikdən sonra tamam başqa "dəyərlər"in diktəsi altında  yaşayacağıq.

 

Tahir HƏSƏNLİ

Quba rayonu, Yerfi kəndi

525-ci qəzet.- 2016.- 21 aprel.- S.7.