Yazıçılar Birliyində hərbi
vətənpərvərlik mövzulu daha bir tədbir
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin
(AYB) "Natəvan" klubunda
Birliyin Hərbi Vətənpərvərlik Komissiyasının
və Mətbuat Xidmətinin təşkilatçılığı
ilə hərbi vətənpərvərlik mövsuzunda
tədbir keçirilib.
Tədbiri AYB katibi Rəşad
Məcid açaraq bu ayın ilk günlərində cəbhədə
gedən döyüşlərin
önəmini vurğulayıb:
"Bu gün buraya
son vaxtlar cəbhə
xəttində baş
verən hadisələrlə
bağlı toplaşmışıq. Azərbaycan yazıçıları
güclü erməni
təbliğatına qarşı
həmişə öz
sözlərini deyiblər.
Ancaq xüsusən Xocalıdan sonra yaranan ovqat,
müvəqqəti məğlubiyyətin
gətirdiyi məyusluq
insanlarımıza öz
təsirini göstərmişdi.
Bəlkə də belə
düşünənlər də var idi
ki, uzun sürən atəşkəs
nəticəsində cəmiyyətimizdə
bir unutqanlıq yaranıb. Lakin son hadisələr də göstərdi ki, yeni nəsil
vətənpərvərlik baxımından daha coşqulu və qaynardır. Cəbhə xəttindəki
son döyüşlər sayəsində
düşmən sarsıldı,
Azərbaycan cəmiyyətində
nikbinlik, ruh yüksəkliyi artdı.
Ancaq bununla kifayətlənə
bilmərik, odur ki, bu sahədə
davamlı təbliğata
ehtiyac var".
Birliyin sədri, Xalq yazıçısı Anar
ordumuzun uğurundan fərəhlə söz açıb: "Bilirsiniz
ki, ədəbiyyat bu məsələlərlə
bağlı həmişə
öndə dayanıb,
xalqı səfərbər
edib. Bugünkü toplantımızın da məqsədi məhz budur. Son zamanlar cəbhədə
baş verən hadisələr göstərdi
ki, düşmən nə qədər lovğalansa da, bizim güclü dövlətimiz, qüdrətli
ordumuz var. Başa düşüldü ki, Azərbaycan öz torpağında vuruşur
və işi haqdır. Ancaq bunu da bilirik ki, düşmənimiz
hələ də güclüdür. Ona görə
çalışmalıyıq ki, əks təbliğatımızı
ardıcıl apara bilək. Bunun üçün ən önəmli silahlardan biri də sözdür".
AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının
sədri Şahin Musaoğlu komissiyanın bu sahədəki tədbirlər planından
danışıb: "Məqsədimiz
bu mövzunu ictimaiyyətin nəzərində
önə çəkmək
və gündəmdə
saxlamaqdır. Silahla yanaşı
informasiya və ideoloji müharibə də olduqca önəmlidir. Xüsusilə,
bilərək yaxud ixtiyarsız şəkildə
dezinformasiyanın leqallaşmasına
şərait yaradan insanların az
olmadığı indiki
çağda. Bu mənada hərbi vətənpərvərlik təbliğatı
həssas və çətin bir sahədir".
Şair
Ramiz Duyğun ədəbiyyat nümayəndələrinin
hərbçilərimizlə birgə düşmənlə
mübarizəyə hazır
olduqlarını qeyd edib: "Mən hərbi jurnalist kimi də fəaliyyət
göstərmişəm. Hərbi vətənpərvərlik
tərbiyəsi yaradıcılığımda
ana mövzudur. Düşünürəm ki, ədəbiyyat
və qələm adamlarımız cəbhə
xəttindəki hərbçilərimizlə
sıx mükalimə
aparmalı, onların
yanında olmalıdırlar.
Məncə, biz buna hazırıq".
Tərxis
Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə
İctimai Birliyinin sədri Emin Həsənli xalqımızın
öz qəhrəman övladları, şəhidlərilə
qürur duyduğunu vurğulayıb: "Şəhidlər
öz canlarını
bizim üçün,
vətən üçün,
Azərbaycan üçün
verdilər. Şəhid olmuş gənclərimizin
göstərdikləri şücaət
hər birimizə nümunə olmalıdır.
Bizim təşkilat, ümumiyyətlə,
bu sahədə fəaliyyət göstərən
hər bir ictimai qurum ədəbiyyat
xadimlərimizə hərbi
vətənpərvərlik təbliğatı ilə
bağlı yaxından
dəstək verməyə,
bu yolda sıx əməkdaşlığa
hazırdır".
Tədbirdə ehtiyatda olan
general-mayor Məmməd Sarıyev,
şair Oqtay Rza, Əməkdar jurnalist İbrahim Rüstəmli, Milli Qəhrəman Asif Məhərrəmov adına
İctimai Birliyin sədri Ədalət Məhərrəmov, "Əsgər
Ailəsi" Cəmiyyətinin
sədri Roza Əliqızı və başqaları da çıxış edərək
hərbi vətənpərvərlik
təbliğatı barədə
düşüncələrini, təkliflərini dilə gətiriblər.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.-
2016.- 21 aprel.- S.3