Azman
Bu
yaxınlarda 8 Mart münasibətilə bir qadın Feysbukda
maraqlı bir status yazmışdı: “Sevgilim, mən bu
gün səndən heç bir hədiyyə gözləmirəm.
Bunun üçün 364 gün var”.
Əslində elə dəyərlər var ki, onu
doğrudan da bir günə sığışdırmaq olmur. Təxminən
iki ay əvvəl məşhur jurnalist Şakir Yaqubovun
növbəti ad günü yaxınlaşanda bu qeydləri
yazmaq qərarına gəldim. Amma tez də
fikrimdən daşındım. Əvvəla,
onun bu barədə kompleksli biri olduğunu lap çoxdan bilirəm.
İkincisi, onu tanıdığım 25 ilə
yaxın müddətdə heç vaxt belə şeylər
üçün nəinki xüsusi canfəşanlıq
göstərdiyini, əksinə, o qədər də
xoşhallıqla qarşılamadığının
şahidiyəm. Ona görə də, belə qənaətə
gəldim ki, onun haqqında yalnız yubiley və ya ad günlərində
deyil, hər vaxt və həmişə söhbət
açmaq olar...
Onsuz da hər
dəfə oxucusu barmaqla sayılan qəzet-jurnallarla, cümləsinin
başı-ayağı bilinməyən saysız-hesabsız
saytlardakı materiallarla tanış olanda,
televiziya və radio verilişlərinə qulaq asanda istər-istəməz
düşünürəm: görəsən, o da bunları
oxuyurmu? Oxuyursa, hansı hissləri keçirir,
necə reaksiya verir? Axı həmin
kütləvi informasiya vasitələrində dərc olunan
qeyri-dəqiq, əksər hallarda həqiqəti əks etdirməyən
və qeyri-səlis ifadələrlə dolu cümlələr
ən adi oxucunu qəzəbləndirirsə, gör onda ustad
jurnalistdə hansı reaksiya doğurur?
Bir
neçə il əvvəl istedadlı
yazıçı Baba Vəziroğlu ad günü ilə əlaqədar
müsahibəsində illər ötdükcə
yaşlanmağı barədə suala cavab verərkən demişdi:
“Əgər rəqəmlərin artmağı heç nəyə
mane olmursa, qoy artsın”. Maraqlı cavabdır,
deyilmi?
Amma
Şakir müəllimin həyatında belə deyil axı... Yaşının artmağı onun üçün
problemlər yaradıb. Bir neçə dəfə
həkim naşılığı ilə üzləşib.
Onun üzərində aparılan bir əməliyyat
uğursuzluqla nəticələnib, digər əməliyyatdan
sonra bir ayağının damarları işləməyə
başlasa da,
digər
ayaq damarlarında tutulma baş verib. Özü
demişkən, apardığı əməliyyatların
yüksək səmərəsi ilə seçilən məşhur
kardioloq-cərrahın ən uğursuz xəstələrindən
olub.
Yeri gəlmişkən, həmin əməliyyatlardan
sonra özünü “ikinci dərəcəli əlil” hesab edən
Şakir müəllimə bir dəfə İctimai Televiziyada
mətbuat haqqında veriliş aparan təcrübəli həmkarı
zəng edərək, verilişinə dəvət etmək istəyir. Telefonla hal-əhval tutmaq istəyən
təcrübəli həmkarının onun səhhəti,
sağlamlığı barədə sualına Şakir müəllim
öz incikliyini özünəməxsus şəkildə ifadə
etmək üçün bir qədər rəngləri
tündləşdirərək cavab verib: “Neçə
vaxtdır ki, ikinci dərəcəli əliləm, araba ilə
gəzirəm...” Əlbəttə ki, həmkarı qələm
dostunun sağlamlıq durumuna görə çox məyus olur
və səhəri günü televiziya efirindən elə bu
cür də deyir: “Biz bu verilişə təcrübəli
jurnalist, əməkdar mədəniyyət işçisi
Şakir Yaqubovu da dəvət etmək fikrində idik. Amma
dünən ona zəng edəndə məlum oldu ki, o artıq
neçə illərdir ki, ikinci dərəcəli əlildir
və araba ilə gəzir...”
Maraqlıdır
ki, Şakir müəllim həmin vaxt ekran
qarşısında əyləşib verilişə tamaşa
edirmiş...
Mərhum xanəndə Hacıbaba Hüseynov
ömrünün ixtiyar çağlarında həmişə
gileylənirmiş ki, həyatda üçüncü bir
adama, ədalətli münsifə çox böyük ehtiyac
duyur. Bir qəzəl oxuyursan, biri deyir olar, biri deyir yox,
onda mən hardan alım Cabbar Qaryağdıoğlunu, Seyid
Şuşinskini ki, ədalətli münsif kimi hər şeyi
yerbəyer eləsin. Yaxud bir qəzəl
yazıram, biri qəbul edir, o biri yox. Onda mən
hardan alım Əkrəm Cəfəri, Əli Fəhmini ki,
münsif kimi nəyin doğru, nəyin yanlış
olduğunu göstərsin. Bu gün Azərbaycan
jurnalistikasının böyük xoşbəxtliyidir ki, onun məhz
Şakir Yaqubov kimi azman bir sənətkarı, ustadı var.
Hər gün sayt və xəbər portallarında,
müxtəlif mətbuat səhifələrində, qəzet və
jurnallarda baş-ayaq cümlələri,
alaşıq-dolaşıq ifadələri, məna və
üslub xətalarını görəndə istər-istəməz
Şakir müəllim yada düşür və onun redaktor qələminin
yeri görünür. Bu gün Azərbaycan
jurnalistikasının bədbəxtliyidir ki, belə bir azman sənətkarın
təcrübəsi, bilik və bacarığı öyrənilmir,
mətbuata qədəm qoyan gənclərin böyük əksəriyyəti
təəssüf ki, onun sənətkarlıq və
yaradıcılıq qabiliyyətindən, demək olar ki, xəbərsizdir.
Halbuki “Şakir Yaqubov məktəbi” açmağa, onun ustad dərslərini
dinləməyə çox böyük ehtiyac var...
Şakir Yaqubovu “səyyar ensiklopediya” adlandıranlar
haqlıdırlar. İndiki dövrdə məlumatları dəqiqləşdirmək
üçün internet, qooql, vikipediya və s. kimi mənbələr
var və müasir dövrdə hansısa məlumatı
çox rahatlıqla oradan əldə etmək
mümkündür. Amma əvvəllər bu mənbələr
yox idi axı?! Hansı plenumun, hansı
sessiyanın nə vaxt keçirildiyini, hansı qərarın
nə vaxt və neçənci ildə verildiyini öyrənmək
üçün gərək arxivləri ələk-vələk
edəydin, kitabları, qəzet-jurnalları vərəqləyəydin.
Məhz belə məqamlarda onun
yaddaşından etibarlı mənbə yox idi. Nəinki
iş yoldaşları, hətta digər qəzet və
jurnallarda işləyən həmkarları da lazımi məlumatı
dəqiqləşdirmək üçün həmişə
ona üz tutublar.
Onun fenomen yaddaşı barədə danışarkən
universal biliyini də qeyd etmək yerinə düşər. Vaxtilə Neft
Akademiyasının Energetika fakültəsində güc-bəla
ilə oxuyan qohumu diplom işini kiməsə yazdırmaq fikrinə
düşür və ondan bu işi bacaran bir nəfər
tapmağı xahiş edir. Şakir müəllim
ondan mövzuya aid ədəbiyyat tapıb gətirməyi
xahiş edir. Gələcək “energetik”
onları tapıb gətirəndən sonra Şakir müəllim
qolunu çırmayıb, bir neçə günə diplom
işini yazır. Əsasən “kafi” qiymətlə oxuyan
tələbə diplom işinin müdafiəsi zamanı
mövzunu hərtərəfli və əhatəli işlədiyinə
görə “əla” qiymətə layiq görülür...
Ustad jurnalist Şakir Yaqubov qəzet işinin,
jurnalistikanın böyük peşəkarı, mükəmməl
bilicisi olmaqla yanaşı, həm də onun “xəstəsidir”. Ötən əsrin
90-cı illərinin axırlarında xəstəxanada
müalicə olunarkən, həkimlər bir müddət ona qəzet-jurnal
oxumağı qadağan ediblər. Lakin bir
gün də olsa mütaliəsiz yaşaya bilməyən
Şakir müəllim bundan da “çıxış yolu”
tapır. Ona zəng edən
dost-tanış, həmkarları və yanına gəlmək
istəyənlərin hərəsinə iki-üç qəzet
almağı xahiş edir. Həkim otağa girəndə
onun çarpayısının yanındakı mizin
üstündə qalaqlanmış qəzetləri görəndə
təslim olmaqdan başqa yol görmür...
Bu gün əvəzsiz redaktor, yüksək səviyyəli
naşir, azman jurnalist kimi tanınan Şakir Yaqubov imzası
dövri mətbuatda ötən əsrin 60-cı illərindən
görünməyə başlayıb. Universitetin
Kitabxanaçılıq fakültəsində oxuya-oxuya “Azərbaycan
gəncləri” qəzeti ilə əməkdaşlıq etməyə
başlayıb. Az sonra həmin qəzetin
redaksiyasında adına əmək kitabçası
açılıb, ədəbi işçi, şöbə
müdiri olub. “Kommunist” (“Xalq qəzeti”) qəzetində
şöbə müdiri, məsul katib, “Həyat”, “Azərbaycan”,
“Səhər” qəzetlərində baş redaktorun birinci
müavini vəzifələrində işləyib. Harda işləyibsə, vicdanla, məsuliyyətlə
çalışıb, hələm-hələm onun redaktor
qayçısından yerinə düşməyən bir ifadə,
bir söz belə yayınmayıb. Çoxlu tərcümələri
ilə tanınan Şakir Yaqubov həm də müxtəlif
vaxtlarda qələmə aldığı “Mən şahidəm
ki...”, “Bizim səfər haçandır?”, “Hakim mərkəzi
göstərir”, “Banışevski olduğu kimi”, “Taleyimdən
keçənlər”, “Yaddaşımın küncündən”
və s. kitabların müəllifidir.
Müasir jurnalistikanın ən peşəkar nümayəndələrindən
olan Şakir Yaqubovun yaradıcı ömrünü
bütünlüklə qəzetçilikdən və qələmə
aldığı kitablardan ibarət hesab eləmək
düzgün olmaz. O, peşəyə könül verən ən
istedadlı və bacarıqlı gənclərin qolundan tutub,
onların ən tələbkar və prinsipial müəllimi,
yolgöstərəni olub. Zəngin bilik və
bacarığı, böyük təcrübəsi sayəsində
Şakir Yaqubov məktəb səviyyəsinə yüksəlib.
Bu məktəbin məzunu olan kifayət qədər peşəkar
jurnalist nəsli yetişib: mərhum Adil Qaçayoğlu,
Müsəllim Həsənov, Elşən Əliyev,
Rövşən Binnətli, Hikmət Sabiroğlu, İmran Bədirxanlı,
Aydın Canıyev...
Vaxtilə ustad qələm sahibinin yaradıcılıq
çeşməsindən su içən gənc həmkarları
daim onunla görüşür, zəngləşir, ünsiyyət
qurur, məsləhət alırlar. Şakir Yaqubov bu gün
onlarca kitabın redaktoru və ya ön sözün müəllifidir.
Zaman keçsə də, informasiya texnologiyaları öz
hökmünü versə də, indinin özündə də
epistolyar formada onunla yazışanlar var. Budur, bir vaxtlar onunla
bir yerdə işləyən, nisbətən gənc həmkarlarından
biri yazır:
“Əzizim Şakir müəllim!
Sizi çox sevdiyimi bilirsiniz - qədərini bilməsəniz də... Ancaq bunu gizlətməyə də ehtiyac görmürəm. Mübaliğəsiz deyirəm ki, sizinlə bir dövrdə, bir zamanda yaşadığım üçün özümü xoşbəxt sayıram. Təbii ki, özünüz məndən də yaxşı bilirsiz - xarakterinizdəki sərtliyə, haqqı nahaqqa verməməyə, istedadsıza “yox” dediyinizə görə çox vaxt sizi bəyənməyib, tükənməz istedad və bacarığınıza baxmayaraq hətta giley-güzar da ediblər. Amma mən belələrinin nə özlərini ciddiyə almışam, nə də arqumentlərini. Axı siz istedadsınız, başqa necə olmalıdır? Qoy onlar necə hesab edir-etsin, amma sizinlə bir neçə il “Səhər”, iki il “Panorama” qəzetlərində işlədiyimi, XXI əsr girəndən həftədə, ayda bir dəfə olan görüşlərimizi ömrümün çox qiymətli və unudulmaz anları hesab edirəm.
Yaxşı bilirəm ki, sizin də tərifdən xoşunuz gəlmir və çox düz də edirsiz. Amma mən bunu həmişə yox, ildə bir dəfə ad gününüzdə söyləməkdən də vaz keçə bilmirəm. Yaxşı ki, varsız, Şakir müəllim! Əgər siz olmasaydız, onda biz nəyi necə yazmağı, kimə nə sual verməyi, hansı sözün, cümlənin necə dəqiq tərcümə olunduğunu, hansı sözün necə yazıldığını kimdən öyrənərdik? Bəlkə də kiməsə çox adi görünür, elə sözlər var ki, özüm bir cürə bilirəm, indiki mətbuat bir cürə yazır, orfoqrafiya lüğətində isə başqa cür verilib. Mən həmin məqamlarda yeganə düzgün qərar sizin dediyinizi hesab edirəm...
Babəkin anasına sual verirlər: oğlunuz hansı at üstündə döyüşüb? Deyir ki, mənim oğlum at üstündə yox, ad üstündə döyüşüb. Bəli, siz də təmiz, ləkəsiz adınızı həmişə qorumusunuz, uca tutmusunuz və o təmizliyin, ucalığın, düzlüyün yanına bir peşəkarlıq da əlavə etmisiniz.
Hərbi xidmətdə olarkən sıraya düzülmüş əsgərlərə “düzlən!” komandası veriləndə hamı özündən soldakı dördüncü əsgərin sinəsinə baxıb düzlənir. Siz bütün vicdanlı və təpərli jurnalistlər, qələm adamları üçün “düzlən!” komandasısınız.
Biz sizi çox sevirik, Şakir müəllim - arada diskussiya və mübahisələrimizə baxmayaraq...
Biz sizi həmişə və hər vaxt xatırlayırıq - bəzən gec-gec zəng etməyimizə baxmayaraq...
Biz sizi heç vaxt unutmuruq - həmişə yadda olanı necə unutmaq olar?..
Arzu edirəm ki, təzələnən zaman sizə ancaq təqvim ili kimi əlamətdar olsun, yaşınız üstünə gələn il sizə ancaq yaş dəyişikliyi gətirsin, canınız həmişə sağ, nəfəsiniz üstünüzdə, əliniz kürəyimizdə olsun!
Şakir müəllim, siz bizim dostumuz, böyük qardaşımız və ağsaqqalımızsınız. Dost kimi sizin zarafatlarınıza, qardaş kimi məsləhətlərinizə, ağsaqqal kimi öyüd-nəsihətinizə həmişə ehtiyacımız var. Allah sizi dostluqdan, qardaşlıqdan və ağsaqqallıqdan əskik etməsin!”
Bu sətirlərin altından məmnuniyyətlə mən də öz imzamı qoyardım.
Süleyman
QARADAĞLI
525-ci qəzet.- 2016.- 23 aprel.- S.19