“Baş” romanında süjet sistemləri: tarixi fon və bədii uydurmalar, personajlar və xarakterlər

 

 

 

 

Süjet bədii forma kateqoriyasından biri kimi

 

“Baş” romanında süjet (əsər də zaman və məkan müstəvisində gedən hadisələrin inkişafı, məzmunu və sairə) əhəmiyyətli mövqedə dayanır. Qeyd edək ki, ədəbiyyatşünaslıqda “süjet” termini Bualo, Kornel və digərlərində, başqa sözlə desək, əsasən fransız ənənəsində daha çox işlənib. Elə bundan sonra bu ənənəyə söykənən, onu mənimsəməyə çalışan rus tənqidi ədəbiyyatı da “süjet” terminini anoloji məzmunda istifadə etməyə səy göstərib. XIX əsrin ikinci yarısından isə böyük rus nəzəriyyəçisi A.Veselovski süjetin rus ədəbiyyatşünaslığında nəzəri baxımdan öyrənilməsi  müstəvisində fundamental tədqiqatlar aparmış, süjeti tərkib elementlərinə, motivlərə bölməklə, onları törədənləri müəyyənləşdirib, mənşəyini izah etməyə çalışıb. A.N.Veselovskinin süjetə verdiyi tərif bizi daha çox maraqlandırır və belə izah süjetin mahiyyəti ilə yaxından səsləşməklə Elçinin “Baş” romanının bu cəhətini daha uyğun xarakterizə edir: “Süjetlər elə mürəkkəb sxemlərdir ki, onların obrazlılığında insan həyatının məlum aktları və məişət gerçəkliyində psixikanın bir-birini əvəzləyən formaları ümumiləşdirilir. Bu ümumiləşdirmələrlə  hərəkət və hadisələr, müsbət və mənfilər birləşmişdir.” A. Veselovski daha sonra süjetdə elə bir sxem gördüyünü qeyd edir ki, burada müxtəlif vəziyyətlərin, motivlərin hazırlandığı ortaya çıxır. B. Tomaşevski isə “Ədəbiyyat nəzəriyyəsi”ndə süjeti aşağıdakı kimi səciyyələndirir: Onun fikrincə “Burada heç də hadisələrin məşğul etdiyi zəncirini başlanğıc və sonla müəyyənləşdirmək kifayət deyil. Bu hadisələri elə paylamaq,elə bölmək, elə sıraya düzmək lazımdır ki, onları izah etmək, fabula materialından ədəbi kombinasiya qurmağa çalışmaq lazımdır. Bədii baxımdan əsərdə qurulmuş hadisələrin bölgüsü süjet adlanır.

 

Bütün bunlar göstərir ki, hər hansı yazıçının süjet arsenalı istənilən qədər geniş ola bilər və onun sərəncamında o qədər süjet priyomları, hadisələrin qurulma və paylanma prinsipləri vardır ki, bu da müəllifə yaradıcı qərarlar qəbul etmək üçün yetərincə geniş imkanlar verir.

 

Elçinin “Baş” romanında çoxsaylı süjet və kompozisiya problemləri ilə rastlaşırıq: burada biz gedən hadisələrin daxilinə müəllifin yeni personajları necə daxil etməsini, onların təhkiyə səhifələrindən necə kənarlaşdırılmasını, yenidən təhkiyəyə cəlb edilməsini, zaman və məkan daxilində necə qruplaşdırmasını görürük. Konstruktiv baxımdan uğurlu təşkil olunmuş “Baş” romanında epizodlar süjet kuliminasiyasının hazırlığında müxtəlif cür iştirak etməklə müxtəlif dərəcəli “aksent” və gərginliyə malikdir:

 

“1800-cü ildə Qacarlardan ehtiyat edən Şimali Azərbaycan xanlıqları- Bakı, Dərbənd, Quba, Lənkəran xanları həmişəki Şərq hiyləsi ilə növbəti bir manevr edərək öz nümayəndələrini Dağıstan hakimlərinin nümayəndələri ilə birlikdə Peterburqa göndərib himayədarlıq istəmişdilər. Onları bədbəxt Pavelin tapşırığı ilə xarici işlər naziri Rastopçin şəxsən qəbul etmişdi və imperatorun sözlərini onlara çatdırmışdı. “ - Siz əvvəlcə öz aranızda ittifaq yaradın bundan sonra bizlə ittifaq yaradarsız”  (s.23).

 

Elçinin təhlilə çəkdiyimiz bu əsərində biz konkret-təhkiyə, cəm-təhkiyə, təsviri epizodları özündə birləşdirərən məqamları və psixoloji epizodları əks etdirən halları görə bilərik. Konkret-təhkiyə epizodlarında biz təhkiyədəki konkret hadisələri, personajların davranışını, onların hərəkətinin necəliyini görürük.Bu epizodlar bəzən səhnə əsərlərində olduğu kimi, gözümüz ( həm tədqiqatçının, həm də oxucunun) qarşısında keçənləri canlandırır. Təhkiyə epizodlarının cəmi kimi  isə biz hadisələrin hazırkı süjet zamanında gedənləri keçmişə lirik ricət və ekskurslarda, müəllif komentariyalarında, izahlarında, bəzi hallara və hadisələrə münasibət söylədikdə, onların səciyyəvi xüsusiyyətlərinə toxunduqda görürük. Məsələn, “1775-ci ilin 10 yanvar günü Moskva qışının şaxtası ülgücün ağzı qədər iti idi, ancaq qar basmış küçə ilə edam meydanına gedən o gənc zabitin bütün bədənini elə bir həyəcan bürümüşdü ki, şaxta elə bil, o həyəcan qatını yarıb onu üşüdə bilmirdi” (s.33).

 

Təsviri epizodlarda isə biz müxtəlif xarakterli mənzərələrin-peyzajın, interyerin, hərəkətin zamanını və yerini, bu və ya digər vəziyyət və situasiyaları görürük. “ Və 1806-cı ilin həmin fevral səhəri sübh tezdən Hacı Muxtar bəy həyətdəki itlərin hürüşməsinə ayılıb, dərhal da Hürü Bəyim xanım ayılmasın deyə, səssiz ayağa qalxdı: pis zəmanə idi- bir tərəfdən, rus soldatları, o biri tərəfdən sərbazlar, bir tərəfdən də öz düşmənlərinin girəvə axtarması və zəmanənin  xofu hətta Hacı Muxtar bəy kimi bir kişinin də içini nigarançılıqla doldurmuşdu” (s.72).

 

“Baş” romanının bütün süjet xəttinə nəzər saldıqda biz burada süjetin heç də “süjetli-konstruksiya”, texniki üsul, hadisələrin, hərəkət və münasibətlərin, ziddiyyət, toqquşma və mübarizələrin sadəcə ardıcıllığı - sistemli düzülüşü olmadığını müəyyənləşdiririk. Həm də burada əsərdə yer almış hisslər, duyğular, detallar, obrazların düşdüyü şərait, təsvirlərdə yer almış insanlar, hadisələrin bir-biri ilə bağlılığı və s. maraqlı şəkildə təqdim olunmalıdır. Məhz buna görə də qeyd etdiklərimizin “Baş” romanının məzmununda relyefli şəkildə özünü nümayiş etdirdiyini söyləmək mümkündür.

 

Əsərin süjetində digər məqamlarla yanaşı, psixoloji epizodlar da yetərincə yer almaqdadır. “Knyaz Sisianov yavəri polkovnik Fon Qrenfaldın az qala yalvarışlarına  - Olmaz, ali-həzrət! Bu vəziyyətdə çölə çıxmaq olmaz! Xahiş edirəm!...” - məhəl qoymadan, özü düşərgədəki vəziyyəti yoxlamaq üçün o sazaqlı sübh çağı düşərgəni nəzərdən keçirməyə çıxdı və çox böyük əhəmiyyət verdiyi Bakı yürüşü zamanı bu xain qızdırmanın gəlib onu tapması sübh çağı yuxudan - əslində bu xəstə olduğu üçün yuxu ilə gerçəklik arasında  növbəti əzablı bir gecə idi - oyandığı dəqiqədən onun bütün ovqatını pozmuşdu (s.95).

 

Elçinin “Baş” romanında personajlar (qəhrəmanlar) süjet vasitəsilə yerbəyer edilməklə  konkret şərait müstəvisində bir - biri ilə təmasa girirlər. Onlar arasında bütün münasibətlər süjetin vasitəsilə yaradılır, inkişaf edir və başa çatır. Belə analoji halla bağlı M.Baxtin özünün “Dostoyevski poetikasının problemləri” adlı fundamental əsərində yazır: “Qəhrəmanlar bir qəhrəman kimi süjetin özü tərəfindən yaradılır. Süjet təkcə onların libası deyil, həm də onların vücudu və ruhudur. Və əksinə onların vücudu və ruhu yalnız süjetdə kifayət qədər açılıb tamamlana bilər” M. Baxtinin qeyd etdiyi bu məqamlar “Baş” romanının süjetində yetərincə aydın görünməkdədir. Eyni zamanda süjet üçün hər bir epizodun, onun qurulduğu hər bir təhkiyə komponentinin elementləri zəruri yer tutur. Bunu da nəzərə almaq lazımdır ki, hər bir süjet epizodunun özünün təsvir formasının kompozisiyası və kombinasiyası mövcuddur. Onlardan da süjetin özü qurulub ortaya çıxır və o da süjet epizodlarının kompozisiyası kimi çıxış edir. Bu tipli epizodların konstruktiv variantları “Baş” romanında rəngarəng və çoxsaylıdır. Onlar bir sıra hallarda təkrarlansa da, əsərin maraqlı qavrayışı üçün şərait yaratmaqla onun ifadəliliyini artırır.

 

“Baş” romanının süjeti ilə tanış olduqda biz onun tədricən yaranaraq, inkişaf edib formalaşdıqdan sonra bitkin hala gətirildiyinin şahidi oluruq. Gözümüz qarşısında - onun çoxsaylı dəyişilməsini, yenidən işlənməsini, personajların həyatı ilə bağlı yeni faktlarla zənginləşdirilməsini (Hüseynqulu xanın, knyaz Sisianovun, Xacə Əbdül Rəhmanın və başqalarının), yeni süjet zəncirləri və motivirovkalarının ortaya çıxmasını və Elçinin bədii təxəyyülündə gələcək variantlara çevrilməsini müşahidə edə bilirik.

 

“Baş” romanın süjetinin yaranmasında yaradıcı ekspessiya və təsvirin emosionallığı da mühüm rol oynayır. Əsərdəki personajlar müəllifin ortaya qoyduğu hadisələrdə özlərini necə aparmaları, onların davranışları diqqəti cəlb edir. Hadisələr zəminində qəhrəmanların sıxıntıları, mühakimələri, davranışları, özü-özünü məzəmmət etməsi (kapitan Suxaryov, Markiza Natalya de Lafonjen və başqalarının əsərdəki  davranış və düşüncələri bu baxımdan zəngin materiallar verir) Elçinin yaradıcı fantaziyası ilə süjetin bu şəkildə təqdim olunması  aparıcı ideya məzmununun ortaya qoyulmasına kömək etməsi ilə yanaşı, həm də onun məzmunla funksional baxımdan əlaqəli olduğunu göstərir.

 

Elçinin “Baş” romanında personajlar (qəhrəmanlar) süjetin köməyi ilə uğurlu yerbəyer edilməklə bərabər, həm də müəyyən, eyni zamanda yazıçının özü üçün ehtiyac olduğu qədər konkret zaman kəsiyində və məkanda əlaqə yarada bilirlər. Onlar arasındakı qarşılıqlı təmaslar süjet vasitəsilə yaradılır və elə süjet vasitəsi ilə də tamamlanır. Bu bizə belə bir fikir vurğulamağa əsas verir ki, uğurlu nəsr əsərlərinin müəllifləri  həm də süjet yaratma ustaları kimi oxucu və tədqiqatçıların diqqətini daha yaxından cəlb edə bilirlər. Belə halı biz F.M.Dostoyevski nəsrində daha çox və aydın müşahidə etmişik. Dostoyevski əsərlərinin poetikasının bütün tərəflərini təhlillərə cəlb etmiş M.Baxtin bu nümunələr üzərində düşüncələrini cəmləşdirərkən xeyli uğurlu mülahizələr irəli sürmüşdü. Bu məqamlar Elçinin adı çəkilən romanının süjet xəttinə bir çox məqamlarda uyğunlaşdırıla bilir. Və biz Elçinin “Baş” romanında da, demək olar ki, analoji mənzərənin ortada dayandığını görürük. Müəllif qəhrəmanına geyindirdiyi libası istədiyi məqamda dəyişir, onu istənilən məcraya yönəldir. Elçinin “Baş” romanında süjet bədiiliyi, dinamikliyi, dəyişkənliyi, çevikliyi ilə yanaşı, həm də ekstremallığı və gözlənilməzliyi ilə (podpolkovnik Elizbar Eristovun və Sərdar Sisianovun güllələnmə epizodlarını və s. məqamları yada salaq) diqqəti məşğul edib, əsərin mahiyyətini və obrazların daxili aləmini açmaq baxımından maraqlı hal ortaya qoyur. Burada süjet xətlərinin gedişi, inkişafı, çevikliyi və şaxələnməsi oxucunun gözləmədiyi və nəzərdə tutmadığı halda birdən-birə elə şəkildə törəyib doğulur ki, bu, bir tərəfdən, hadisələrin gedişatını aramlı, mülayim bir məcraya yönəltmək məqsədini güdürsə, digər tərəfdən, rahat şəkildə gedən, axan hisslərin, emosiyaların, psixoloji gərilmələrin təzahürünə şərait yaradır, oxucu əsərdə gedən hadisələrin aktiv iştirakçısına (bəlkə də personajına) çevrilir.

 

 

 

 

Nizami TAĞISOY

Professor

nizami.mamedov@mail.ru

525-ci qəzet.- 2016.- 23 aprel.- S.14