Dövlətçilik tariximizdə ulu öndər Heydər Əliyev irsinin müstəsna yeri və rolu

 

ndi Azərbaycan Respublikası müstəqil dövlət kimi öz dövlətçiliyinin bütün sahələrində çox iş görməlidir.

 

Dünya miqyasında bir müstəqil dövlət kimi yaşamaq, beynəlxalq aləmdə layiqli yer tutmaq üçün Azərbaycan xalqı həm bugünkü potensialından səmərəli istifadə etməli, həm də öz gələcəyi haqqında düşünməlidir".

 

Heydər Əliyev

 

(Əvvəli ötən sayımızda)

 

30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə ulu öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçdi. 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başlamışdı. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul olunmuşdu. Belə ki, sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, milli istiqlal rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olunmuşdu. Həmçinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət də qaldırmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında müzakirə edilən ən mühüm məsələlər sırasında 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də var idi. 1990-cı ilin 21 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi böyük dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" tarixi qərar qəbul etmişdi. Ümumiyyətlə, həmin vaxt böyük rəhbərimiz Naxçıvanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, xalqımızın demokratiya və müstəqillik uğrunda mübarizəsinə böyük xidmətlər göstərmişdir.

 

Ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi qısa müddət ərzində elə misilsiz və yaddaqalan işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər. Ümummilli liderimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyarı xaricdəki mənfur havadarlarına arxalanan bədnam ermənilərin işğal etməsinə imkan verməmiş, onun müdafiə qüdrətini möhkəmləndirmiş, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirmişdir.

 

31 dekabrın "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi qeyd olunması, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanlarının ləğv edilərək milli maraqlara xidmət edən yeni müvafiq qurumun yaradılması, rus qoşun hissələrinin muxtar respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, Naxçıvan Muxtar Respublikasının tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, "hakimiyyət xalq üçündür" prinsipinə dönmədən əməl edilməsi, aqrar islahatların, özəlləşdirmənin uğurla aparılması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağıryüklü təyyarələrin qəbulu üçün hava limanının yenidən qurulması, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması və digər əhəmiyyətli və tarixi addımlar məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşdirilmişdi. Ölkəmizin ən kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünə aiddir.

 

Xatırlatdığımız sahələrlə yanaşı, humanitar məsələlər də görkəmli dövlət xadimi Heydər Əliyevin prioritet verdiyi məsələlərdən olmuşdur. Naxçıvanlı gənclərin Türkiyənin müxtəlif universitetlərində ali təhsil almaq üçün göndərilməsi, səhiyyənin, ədəbi-mədəni mühitin inkişafına böyük qayğı göstərilməsi və sair tədbirlər buna aid edilə bilər. Yeri gəlmişkən, önəmli faktlardan birini yada salmaq Heydər Əliyenin qeyri-adi böyüklüyünün daha bir təsdiqi olardı. 23 oktyabr 1992-ci ildə Naxçıvanda soyuq hava şəraitində ustad sənətkarımız Hüseyn Cavidin 110 illik yubileyi qeyd olunmuş, ulu öndərimiz Heydər Əliyev tədbirdə iştirak və çıxış etmişdir. Bundan düz 10 il öncə isə - 1982-ci ilin oktyabrında məhz Heydər Əliyevin köməkliyi ilə Hüseyn Cavidin nəşinin qalıqları uzaq Sibirdən, onun dəfn olunduğu torpaqdan Azərbaycana -doğma Naxçıvana gətirilmişdi.

 

Ümummilli liderimiz deyirdi: "Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin".

 

Azərbaycan xalqı ulu Heydər Əliyevi özünün və dövlətin ən ağır günlərində yenidən ölkənin siyasi rəhbərliyinə dəvət etməklə gerçəkdən də müdrik addım atdı. Hamımızın yaxşı xatırladığı 1993-cü ilin təlatümlü yay günlərində Heydər Əliyev ölkə rəhbərliyinin təkidli xahişləri ilə Bakıya gələrək, yaranmış ictimai-siyasi və hökumət böhranını aradan qaldırmaq üçün gərgin fəaliyyətə başlamalı oldu.

 

1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən faciəli anlarını yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, başıpozuqluq, xaos ölkəni iflic etmişdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Surət Hüseynovla hakimiyyət strukturları arasında yaranmış münaqişə, bütövlükdə, dövlətçiliyin taleyini sual altında qoymuşdu. Azərbaycan real vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Qarşıdurmanın aradan qaldırılması və vəziyyətin stabilləşməsinə nail olmaq üçün qəti tədbirlər görmək tələb olunurdu. Lakin hakimiyyətdəki AXC-Müsavat cütlüyü mövcud təhlükələrə son qoymaq üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Siyasi baxımdan təcrübəsiz, dövlət idarəçiliyində  heç  bir  təsəvvürə  malik  olmayan  hakimiyyət  təhlükənin qarşısını almaq üçün güc strukturlarının imkanlarından istifadə etmək haqqında düşünməyə başladı. Bu isə öz ağır nəticələrini verdi və AXC-Müsavat komandasının hakimiyyətdən getməsini sürətləndirən mühüm amillərdən biri oldu. 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi.

 

Ulu öndər 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Müstəqil Azərbaycanın memarı Heydər Əliyev 1993-cü il 15 iyun tarixində  Azərbaycan Respublikası Milli Məclisinin iclasındakı çıxışında ömrünün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyini bildirmişdi: "Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geri qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əmin-amanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır. Ona görə də bu məsələ əsas məsələlərdən biridir. Bundan sonra da bu məsələlər Ali Məclisin diqqət mərkəzində olmalıdır. Sizi bu barədə tam əmin edirəm".

 

Heydər Əliyev Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən, keçmişdə olduğu kimi, xanlıqlara bölünməkdən, bütövlükdə məhv olmaqdan qurtardı. Çox qısa bir müddətdə vətəndaş müharibəsinin alovları söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi.Neft müqaviləsi ilə bağlı müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".

 

Güclü Azərbaycan dövləti quran ümummilli liderimizin müdrik addımları sayəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Şübhəsiz Azərbaycana qarşı törədilən bütün bu anti-milli fəaliyyətlər onun müstəqilliyinə yol verməmək məqsədi daşıyırdı. Oktyabr və mart hadisələrindən sonra keçən illər və aparılan siyasi tədbirlər nəticəsində, dövlət tərəfindən görülmüş, hüquq-mühafizə orqanlarının apardığı işlər və gördükləri tədbirlər həmin illərdə və ondan əvvəlki illərdə respublikanın daxilində olan vəziyyəti daha da aydınlaşdırmışdır.Şükürlər olsun ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik yaradılmış, vətəndaş həmrəyliyi təmin olunmuşdur.

 

1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsaslarını yaratdı. Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət  kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar verdi.

 

Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi.Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin  təmin edilməsi məqsədilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ulu öndər 1997-ci ildə xarici jurnalistlərlə görüşündə müxbirin dövlətçilik ənənələrinin yaranması və hansı göstəricilərlə şərtlənməsi ilə bağlı sualını cavablandıraraq demişdi: "...Bu, ilk növbədə, əhalinin xalqa, xalqın millətə, sakinlərin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir. Dövlətçilik insanlarda vətənpərvərlik duyğusunu, vətən anlamının milli mənə daxil edilməsini nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs təkcə öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə, xalqın taleyinə, ümummilli siyasi və iqtisadi mənafelərə biganədirsə, deməli, burada dövlətçilik ənənələri yoxdur. Gərək hər bir vətəndaş ölkəsinin böyük siyasəti haqqında düşünsün".

 

(Ardı var)

 

İradə HÜSEYNOVA

Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü

525-ci qəzet.- 2016.- 27 aprel.- S.4