Vətənə və dövlətə sədaqətlə xidmət yolu

 

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkənin ayrı-ayrı dövlət hökumət strukturlarında aparılan köklü islahatlar hüquq-mühafizə sistemindən yan keçmədi.

 

Azərbaycanda siyasi kriminogen durumun ağır olduğu bir vaxtda Daxili İşlər Orqanlarında kadr dəyişikliyinin aparılması zərurətə çevrilmişdi.

 

Təbii ki, Heydər Əliyev böyük siyasi təcrübəyə malik lider kimi bunları gözəl bilirdi. H.Əliyev Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçildikdən bir müddət sonra Daxili İşlər Orqanlarında aparılan islahatlar daha da sürətlənməyə başladı. Dövlət başçısı özünün etibar edib güvəndiyi, ən əsası isə peşəkarlığına inandığı təcrübəli zabitləri Daxili İşlər Nazirliyinin rəhbərliyinə gətirdi.

 

Ümummilli liderin özünün bir zamanlar qeyd etdiyi kimi, "Müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi Daxili İşlər Nazirliyi, polis orqanlarıdır". 1990-cı illərdə ölkədə siyasi sabitliyin tam bərpa olunması, kriminogen durumun səviyyəsinin minimuma endirilməsi üçün Azərbaycan polisinin üzərinə böyük məsuliyyət düşürdü. Hüquq-mühafizə orqanlarının daxilində baş alıb gedən pərakəndəlik hərc-mərclik şəraitində belə bir işin öndəsindən gəlmək asan deyildi. Bunun üçün sıravi polis işçisindən tutmuş, DİN-in rəhbərinə qədər hər kəsdən təkcə gərgin zəhmət, sayıqlıq, işə məsuliyyətli peşəkar münasibət yox, həm böyük həyati risk tələb olunurdu. Belə bir ağır vaxtda ölkədə siyasi sabitliyin bərpa olunması, cinayətkarlığın səviyyəsinin azaldılması, vətəndaşların təhlükəsizliyinin tam təmin edilməsi istiqamətində Azərbaycan polisi tərəfindən ciddi qəti addımlar atıldı, mühüm tədbirlər həyata keçirildi. Dövlət başçısının Daxili İşlər Orqanları qarşısında qoyduğu konkret vəzifələri yerinə yetirmək, polis sistemində ciddi nizam-intizam yaratmaq, ən başlıcası ölkə daxilində kriminogen durumu tam şəkildə nəzarətə götürüb dayanıqlı sabitliyə nail olmaq xeyli vaxt apardı. Bu illər ərzində Azərbaycan polisi bir çox ağır sınaqlardan çıxdı, Daxili İşlər Orqanlarının onlarla qəhrəman əməkdaşı öz canından keçməli oldu, lakin sonda, qarşıya qoyulan bu şərəfli məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı.

 

Təsadüfi deyil ki, Daxili İşlər Orqanlarının bu məqsədyönlü fəaliyyəti ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilirdi. 2002-ci ildə Azərbaycan polisinin Peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə iştirak edən ümummilli lider deyirdi: "Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaq. Mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi, sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram". Ümummilli liderin həmin fikirləri deməsindən 14 il keçir. Azərbaycan polisi bu illər ərzindəki peşəkar fəaliyyəti ilə ümummilli liderin öz fikirlərində necə haqlı uzaqgörən olduğunu dəfələrlə təsdiqləyib, Heydər Əliyevin siyasi kursuna, Azərbaycan dövlətçiliyinə sədaqətini əməli işi ilə sübuta yetirib (Təəssüf ki, bu illər heç bütün güc strukturlarının rəhbərləri dövlətçiliyimizə eyni sədaqəti nümayiş etdirə bilmədilər, ya da etdirmədilər. Bu haqda bir qədər sonra).

 

Heydər Əliyev siyasi kursunun davamçısı olan Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan polisi öz ənənəsinə sadiq qalaraq müstəqilliyimizin möhkəmlənməsi, ölkədə təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Prezident İlham Əliyev bir qayda olaraq polisin fəaliyyətini yüksək qiymətləndirib, öz çıxışlarında Daxili İşlər Orqanlarının ölkəmizdə təhlükəsizliyin təmin olunması sahəsində göstərdiyi xidmətləri təqdir edib. Bu ilin mart ayında, Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edən dövlət başçısı çıxışında bu məsələyə xüsusi olaraq toxundu: "Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Bu gün Azərbaycan xalqı yaxşı görür ki, müxtəlif regionlarda, bölgələrdə vəziyyət gərginləşir, yeni münaqişə, müharibə ocaqları yaranır... Azərbaycan isə sabitlik, təhlükəsizlik məkanıdır... Azərbaycan bu sahədə nümunəvi ölkədir. Azərbaycan xalqı rahat, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır... Azərbaycanda kriminogen durum çox yaxşıdır. Bu göstəriciyə görə biz dünya miqyasında liderlər sırasındayıq. Bir sözlə, hər bir ölkənin inkişafı üçün ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, təhlükəsizlik əsas şərtlərdir. Biz qürur hissi ilə deyə bilərik ki, müstəqillik illərində, xüsusilə son illər ərzində Azərbaycanda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin edilir".

 

Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi təkcə dövlətimizin başçısı, ölkənin siyasi rəhbərliyi, Azərbaycan xalqı tərəfindən deyil, ölkəmizə gələn xarici dövlət hökumət rəsmiləri, siyasi xadimlər, eləcə müxtəlif sosial statuslu qonaqlar tərəfindən etiraf təqdir olunur.

 

Təəssüflə qeyd etməliyik ki, dövlətin təhlükəsizliyinin təmin olunması istiqamətində polis bir çox hallarda təkbaşına, fəaliyyət təmayülü bilavasitə bu sahə ilə bağlı olan digər dövlət qurumlarından müvafiq dəstək almadan mübarizə aparmaq məcburiyyətində qalıb. Xüsusilə son 12 ildə Azərbaycan polisi ölkədə sabitliyin qorunub saxlanması istiqamətində mühüm işlər gördüyü halda, dövlətin təhlükəsizliyinin qorunmasına DİN-dən daha çox cavabdehlik daşıyan ovaxtkı Milli Təhlükəsizlik Nazirliyi qurumun rəhbərliyinin yarıtmaz idarəçiliyi ucbatından öz fəaliyyətində xeyli sapmalara yol verib. Bu barədə son aylar çox yazılıb. Korrupsiya hallarının, şəxsi maraqların vəzifə borcunu üstələdiyi inanılmaz faktlarla açıqlanıb. Bu yerdə qeyd etmək yerinə düşər ki,  hələ 2009-cu ilin yanvar ayında qəzetimizdə "MTN-in işi yalnız narkotik tutmaqdırmı?" başlıqlı yazıda bu gün MTN sistemində aşkara çıxan bir çox qüsurlara eyham vurulmuşdu.

 

Onu da qeyd edək ki, son 20 ildə bəzi dövlət qurumları ilə bağlı ictimai rəydə korrupsiya, qeyri-peşəkarlıq, özbaşınalıq kimi iradlar səslənsə , DİN bu cür ittihamlardan həmişə uzaq olub. Ölkəmizdə təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində neçə-neçə polis əməkdaşı qəhrəmancasına həlak olub, onlarla əməkdaş yaralanıb. O dövrlərdə MTN-ə rəhbərlik edən şəxslər isə öz "paqon yoldaşlarının" göstərdiyi fədakarlıqlardan nəticə çıxarmaq, nümunə götürməkdənsə, onlara qara yaxmağa çalışıb, bəzi hallarda hətta DİN-dəki həmkarlarını ləkələməkdən belə çəkinməyiblər. Ən pisi isə o idi ki, MTN-in bəzi yüksək çinli əməkdaşları - generallar dövlət əleyhinə yönəlmiş ciddi təhdidlərin qarşısını almaq əvəzinə, vəzifə səlahiyyətlərinin verdiyi bütün imkan resursları səfərbər edib sahibkarlara divan tutmağa yönəltmişdilər. Bu ərəfədə isə Azərbaycanın baş şəhərində dövlətimiz müstəqilliyimiz üçün böyük bir təhlükə ocağı gündən-günə böyüməkdə idi. Bakının Nardaran qəsəbəsində radikal-dini qruplaşmaların alovlandırdığı bu ocağı söndürmək birbaşa MTN-in vəzifəsi olsa da, bu quruma rəhbərlik edənlərin başı korrupsiyaya qarışmışdı.

 

MTN-in rəhbərlərinin bu çirkin əməlləri üzə çıxandan dərhal sonra dövlət rəhbərliyinin iradə və qətiyyəti sayəsində ciddi tədbirlər görüldü, nazirlik həmin adamlardan təmizlənməyə başladı, bir qrup yüksək rütbəli zabit haqq etdiyi cəzanı alaraq həbs olundu. Amma ölkə üçün ciddi təhlükə mənbəyi olan Nardarandakı o ocaq hələ də alovlanırdı. Həmişəki kimi, bu dəfə də gərgin məqamda Azərbaycan polisi daha da alovlanmaqda olan bu ocağın söndürülməsi üçün var qüvvəsi ilə səfərbər olundu. Azərbaycan Prezidentinin şəxsi nəzarəti altında, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçirilən əməliyyatda polis, Daxili Qoşunlar Nardarandakı radikal-dini qruplaşmanı zərərsizləşdirməyə müvəffəq oldu. Polisin fədakarlığı sayəsində Azərbaycan dövləti Nardaranda asayişi bərpa etdi. Uzun illərdən sonra qəsəbədə radikal-dini qruplaşmalara məxsus olan bayraqlar yığışdırıldı, yerində Azərbaycanın Dövlət Bayrağı asıldı, respublikanın bütün bölgələrində olduğu kimi, Nardaranda da normal həyat qurulmağa başladı. Və bu uğur heçasan, rahat başa gəlmədi: əməliyyat zamanı radikal-dini qruplaşma üzvlərinin açdıqları atəş nəticəsində Azərbaycan polisinin dörd nəfər əməkdaşı həlak oldu. Lakin bütün bunlar daxili işlər orqanlarının əməkdaşlarının qətiyyətini, əzmkarlığını heç bir halda sarsıda bilmədi. Azərbaycan polisi rəhbərliyin qoyduğu tapşırığı layiqincə yerinə yetirdi, ölkədə sabitliyi, təhlükəsizliyi pozmaq istəyən radikal qrupun qarşısını qətiyyətlə aldı.

 

Azərbaycanın Daxili İşlər Orqanları sıralarında bu gün də dövlət və vətən yolunda canından keçməyə hazır olan neçə-neçə belə qəhrəman gənc polis əməkdaşı var. Onlardan bir çoxu polis orqanlarında işə yeni qəbul olunublar - özübirbaşa nazir Ramil Usubovun şəxsən iştirakı ilə baxışdan keçərək. Nazir polis sistemində işləmək istəyən hər bir gəncin fiziki hazırlığı ilə maraqlanır, onlarla söhbət aparır, yalnız bundan sonra norma və tələblərə cavab verən gənclər işə götürülürlər. Bu, bir yandan, işə qəbul zamanı tam şəffaflığın təmin olunmasına, məhz ən layiqlilərin seçilməsinə şərait yaradırsa, o biri yandan da, polis orqanlarına yeni gələn gənclərdə özünə güvən, işinə sevgi aşılayır. Ən əsası da bu yolla Azərbaycanın Daxili İşlər Orqanları üçün gələcəyin peşəkar, Vətənə və dövlətə sədaqətlə xidmət göstərəcək səviyyəli və hazırlıqlı polis əməkdaşları seçilir. Ona görə də Daxili İşlər Orqanları sıralarına qoşulan gənc polislərimiz, öz sələfləri kimi, üzərlərinə düşən məsuliyyəti dərk edir, ölkədə siyasi sabitliyin qorunması, xalqın təhlükəsizliyinin təmin olunması istiqamətində ayıq-sayıq xidmət göstərir, canla-başla Vətənin keşiyində durur, şərəfli peşələrini layiqli şəkildə yerinə yetirirlər.

 

Aydın BAĞIROV

525-ci qəzet.- 2016.- 29 aprel.- S.4