Məhtimqulunun Azərbaycan dilinə çevrilmiş "Divan"ı təqdim olundu

 

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə klassik türkmən şairi Məhtimqulu Fəraqinin Azərbaycan dilinə tərcümə edilmiş “Divan”ının təqdimat mərasimi olub.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA ilə Türmənistan Elmlər Akademiyası (EA) arasında hələ sovet dövründən müxtəlif sahələrdə geniş əlaqələrin olduğunu bildirib. Ölkələrimiz arasında diplomatik münasibətlərdən söz açan akademik bu əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib.

 

AMEA-nın prezidenti qeyd edib ki, eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik Azərbaycan və türkmən xalqlarını eyni dildin də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyət baxımından Azərbaycan xalqına ən yaxın olanlardan biri türkmənlər hesab olunur. Böyük türkmən şairi M.Fəraqinin zəngin və qiymətli irsinin öyrənilməsi, tədqiqi və nəşri ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında böyük əhəmiyyət daşıyır. Şairin seçilmiş əsərlərindən ibarət “Divan”ının ilk dəfə doğma dilimizdə nəşr olunması yüksək səviyyədə inkişaf edən Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə yeni töhfədir.

 

Sonra AMEA-nın rəhbəri M.Fəraqinin Azərbaycan dilinə çevrilmiş “Divan”ının nüsxəsini Türkmənistan EA-nın prezidenti Meret Aşırbayevə təqdim edib.

 

M.Aşırbayev, Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, tədbirin hər iki ölkənin elmi qurumları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə əminliklərini bildiriblər. Natiqlər M.Fəraqinin əsərinin Azərbaycan dilinə tərcümə edilməsini yüksək dəyərləndirib, AMEA-nın rəhbərliyinə, kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

 

Mərasimdə Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, kitabda dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan M.Fəraqinin AMEA-nın Əlyazmalar İnstitutunda yeni tapılan “Divan”ındakı şeirləri toplanılıb. 1914-cü ildə daşbasma üsulu ilə Buxara şəhərində çap edilən bu “Divan”dakı şeirlərin bir çoxu şairin nəşr edilən eyniadlı şeirlərindən fərqli və daha düzgündür. Bir neçə şeir isə böyük sənətkarın bu vaxtadək nəşr edilən kitablarında yoxdur. Yeni tapılan “Divanda M.Fəraqinin dini məzmunlu şeirləri də varbu şeirlərin keçmiş sovet dövründə onun külliyatına daxil edilməsi mümkün deyildi. Görkəmli türkmən klassikinin yeni tapılan “Divan”ını nəşr edib oxuculara çatdırmaq indiki dövrdə Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafında əlamətdar hadisədir. Bu əsərin Azərbaycan dilinə uyğunlaşdırılaraq Bakıda nəşr edilməsi görkəmli sənətkarın yaradıcılığına Azərbaycan alimlərinin növbəti töhfəsi, eyni zamanda, müasir dövrdə hər iki ölkənin ədəbi əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən mühüm hadisədir.

 

Akademik Teymur Kərimli, Türkmənistan Əlyazmalar İnstitutunun əməkdaşları və digər çıxış edənlər kitabın məziyyətlərindən danışıb, onun Azərbaycan dilinə tərcümə olunmasının yüksək dəyərləndiriblər. Bildirilib ki, bu nəşrin ərsəyə gəlməsində AMEA Əlyazmalar İnstitutu direktorunun müavini Paşa Əlioğlunun və Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlının xidmətləri təqdirəlayiqdir. Nəfis tərtibatla “Elm və təhsil” nəşriyyatında çap edilən kitabın elmi redaktoru və “Ön sözün müəllifi akademik İsa Həbibbəylidir. Nəşrin türkməncədən Azərbaycan dilinə çevirəni, qeyd və izahların müəllifi, nəşrə hazırlayan İsmixan Osmanlıdır.

 

Kitab AMEA Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunub.

 

 

525-ci qəzet.- 2016.- 29 aprel.- S.2